Azərbaycan mühacirət ədəbiyyatı — Vikipediya
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Azərbaycan mühacirət ədəbiyyatı Şimali Azərbaycanın mühacirət ədəbiyyatı - Azərbaycanın söz sənətinin mühüm qollarından biri. Azərbaycanın mühacirət ədəbiyyatı qədim tarixə malikdir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Böyük filoloq alim Xətib Təbrizi (1030-1109) indiki İraqa mühacirət etmiş, ömrünün sonunadək Bağdadda yaşayıb-yaratmışdır. XII yüzilin görkəmli Azərbaycan filosofu, şairi və nasiri Şihabəddin Sührəverdi (1154-92) bir çox qürbət elləri gəzib dolaşmış, ömrünün son illərini Hələbdə yaşamışdır. İmadəddin Nəsiminin (1369-1417) də faciəli ömrü Hələbdə bitmişdir. XVI yüzildə Azərbaycan şairlərindən Şahi, Süruri, Tüfeyli, Həbibi, Xəlili, Matəmi, Qasımi, Gülşəni, Bidari, Sahibi, Pənahi, Xəlifə, Xəzani (Əsiri), Bəsiri və başqaları Osmanlı imperatorluğunun müxtəlif bölgələrinə köç etmişlər. XVII yüzil şairlərindən Məsihi (1575-1655), Saib Təbrizi (1601-79), İbrahim Ordubadi bir müddət Hindistanda yaşayıb-yaratmışlar. Əslən Qarabağdan olan XIX əsrin məşhur təriqət şairi Seyid Nigari (1795-1886) həyat və yaradıcılığının mühüm bir dövrünü Anadoluda keçirmişdir. Sonrakı dövrün sənətkarları içərisində də mühacirətdə yaşayanlar az olmamışdır. Lakin Azərbaycan mühacirət ədəbiyyatı məfhumu XX yüzilin siyasi mühacirətinin doğurduğu və formalaşdırdığı ədəbi-estetik anlayışı ifadə edir. Buna görə də Azərbaycan mühacirət ədəbiyyatı dedikdə, əsas etibarilə, XX əsrdə siyasi səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsi nəzərdə tutulur.[1]
Mərhələləri
[redaktə | mənbəni redaktə et]Azərbaycan mühacirət ədəbiyyatının inkişafını 4 mərhələyə ayırmaq olar:
1909-1920
[redaktə | mənbəni redaktə et]1909-1910-cu illərdə çar hökuməti Qafqazda bəzi islahatlar həyata keçirirdi. Bu islahatlarla əlaqədar hökumət Azərbaycanın azad fikirli övladlarının fəaliyyətinə güclü nəzarət edirdi. Bu səbəbdən də bir çox qələm sahibləri Azərbaycanı tərk etməyə məcbur oldular. Sözü gedən mərhələdə Azərbaycan mühacirət ədəbiyyatının əsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı ideologiyasının formalaşmasına böyük təsir göstərdilər. Bu mərhələnin görkəmli nümayəndələri sırasında Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Şərq tarixində ilk demokratik respublika – Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin adını çəkmək olar. Onu da qeyd etmək lazımdır ki, İranda yaşadığı müddətdə Məhəmməd Əmin Rəsulzadə Şərqdə ilk Avropa standartlarına uyğun "İrani-novin" qəzetinin nəşrinə başlamışdı. Bu qəzetdə onun ədəbi məqalələri, şerləri və tərcümələri nəşr olunurdu. Sonralar Azərbaycanda və Türkiyədə nəşr olunmuş bir sıra əsərlərini də məhz ədib İranda olduğu dövrdə qələmə almışdır. 1911-ci ilin mayında Rusiya səfırliyinin təzyiqi ilə Türkiyəyə getməyə məcbur olan ədib İstanbulda yenicə çıxmağa başlayan "Türk yurdu" jurnalında mühüm bir qismi ədəbiyyatşünaslıqla bağlı olan "İran türkləri" silsilə məqalələrini, "Səbilürrəşad" jurnalında isə həmin silsilənin davamı olan "İran tarixçeyi-inqilabı" əsərini nəşr etdirmişdir. Məhəmməd Əmin Rəsulzadə bununla yanaşı, Azərbaycanın və bütün şərqin böyük mütəfəkkiri Cəmaləddin Əfqaninin "Məqalati-cəmaliyyə"sinin "Vəhdəti-cinsiyyə fəlsəfəsi və ittihadi-lisanın mahiyyəti-həqiqiyyəsi" bölümünü fars dilindən türkcəyə çevirərək, "Türk yurdu" jurnalında dərc etdirmişdir.
Həmin dövrdə İstanbulda yaşayan Ə.Hüseynzadə və Ə.Ağaoğlu da "Türk ocağı"ında, "İttihad və Tərəqqi" cəmiyyətində çalışmış, müxtəlif mətbuat orqanlarında ədəbi publisistik yazılarla ardıcıl çıxış etmişlər.[1]
1920-1941
[redaktə | mənbəni redaktə et]Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə mühacirət ədəbiyyatının ikinci dövrü başlamışdır. Təxminən 1920-1940-cı illəri əhatə edən bu mərhələdə Azərbaycanın siyasi xadimləri ilə yanaşı, onlarla vətənpərvər ziyalı, alim, yazıçı ölkəni tərk etməyə məcbur olmuşdur. Bunların içərisində Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Mirzə Bala Məmmədzadə, Almas İldırım, Əbdülvahab Yurdsevər, Kərim Odər, Əhməd Cəfəroğlu, Abbasqulu Kazımzadə, Məhəmmədəli Rəsuloğlu, Hüseyn Baykara, Məmməd Sadıq Aran, Ümmülbanu (Banin) və başqaları kimi görkəmli şəxsiyyətlər vardır.
Mühacirət ədəbiyyatının bu mərhələsi janr baxımından da rəngarəngdir. Onun əsas nümayəndələri poeziya, nəsr, ədəbi tənqid, ədəbiyyatşünaslıq, publisistika ilə məşğul olmuşlar. Almas İldırım, Kərim Yaycılı, Əli Vulkan, Teymur Atəşli və başqalarının poeziya sahəsindəki uğurları diqqəti çəkməkdədir. Xüsusilə, Almas İldırımın yaradıcılıq irsi mühacirət poeziyasının ən kamil örnəklərindən sayılır.
Əhməd Ağaoğlunun, Ümmülbanunun, Ceyhun Hacıbəylinin, Səməd Ağaoğlunun, Qurban Səidin nəsr yaradıcılığı xüsusilə maraq doğurur. Ə.Ağaoğlunun bəzi siyasi-fəlsəfi yazıları, o cümlədən "Sərbəst insanlar ölkəsində", "Mən nəyəm?", "Könülsüz olmaz" əsərləri bədii səpkidə işlənmişdir. Ümmülbanunun "Nami" (1943), "Qafqaz günləri" (1945), "Paris günləri" (1947), "Ernst Yunkerlə görüş" (1951), "Mən tiryəki seçdim" (1959), "Sonra" (1961), "Yad Fransa" (1968), "Son ümidin çağırışı" (1971), "İvan Buninin son höcəti" kimi bədii nəsr nümunələri onu təkcə Azərbaycan mühacirət ədəbiyyatının deyil, həmçinin fransız nəsrinin tanınmış nümayəndələrindən birinə çevirmişdir.
Səməd Ağaoğlunun bədii irsi əsas etibarilə "Strasburq xatirələri", "Zürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Sovet Rusiya İmperiyası", "Qatırın ölümü" kitablarında toplanmışdır. Onun atası Ə.Ağaoğlu haqqında yazdığı "Babamı xatırlarkən" və "Babamın arkadaşları" əsərləri mühacirətdə yaranmış memuar nəsrinin ən dəyərli nümunələrindəndir. Bu dövrdə tənqid, ədəbiyyatşünaslıq və publisistika sahəsində də ciddi uğurlar qazanılmışdır. Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti", "İstiqlal məfkurəsi və gənclik", "Qafqazya türkləri", "İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi", "Çağdaş Azərbaycan ədəbiyyatı", M.B.Məmmədzadənin "Milli Azərbaycan hərəkatı", Hilal Münşinin "Azərbaycan Cümhuriyyəti", Ə.Cəfəroğlunun "Azəri ədəbiyyatında istiqlal mücadiləsi" və s. əsərlər bu qəbildəndir. Azərbaycan folklorşünaslığının, ədəbiyyatşünaslığının, ümumən, filoloji fikrinin dünya miqyasında təmsilçilərindən biri olan Əhməd Cəfəroğlunun tədqiqatlarında qədim türk yazılı abidələri, folklorşünaslıq, ədəbiyyatşünaslıq və nəzəriyyə problemləri, klassik və çağdaş Azərbaycan ədəbiyyatına dair araşdırmalar xüsusi yer tutur.
"Azərbaycan yurd bilgisi", "Türk amacı", habelə İstanbul Universitetinin nəşr etdiyi "Türk dili və ədəbiyyatı" jurnallarının redaktoru olan Ə.Cəforoğlu onların səhifələrində "Azəri xalq ədəbiyyatında sayaçı sözləri", "Gəncə dialektində 75 Azərbaycan bayatısının dil baxımından təhlili", "Dədə Qorqud dastanlarının antroponimlər sistemi" və s. ciddi nəzəri-analitik yazılar dərc etdirmişdir. Alimin mifologiya ilə bağlı araşdırmaları da ("Azəri türk ədəbiyyatında batil etiqadlar", "Anadolu və Azərbaycan uĢaq folklorunda Şamanizm qalıqları", "Azərbaycan və Anadolu folklorunda saxlanan iki şaman tanrısı") diqqətə layiqdir.
Ə.Cəfəroğlu klassik irsimizin və müasir ədəbi prosesin tədqiqi ilə də ardıcıl məşğul olmuşdur. 1932-1933-cü illərdə nəşr etdirdiyi "XIX əsr azəri şairi Siraci", "XVIII əsr azəri şairi Məlik bəy Avçı", "Modern Azərbaycan ədəbiyyatına toplu bir baxış" və s. əsərləri müəllifin bu sahədə elmi uğurudur.[1]
1941-1979
[redaktə | mənbəni redaktə et]Azərbaycan mühacirət ədəbiyyatının üçüncü mərhələsi İkinci Dünya Müharibəsi, əsas etibarilə, 1941-1945-ci illər müharibəsi nəticəsində mühacir ömrü yaşamağa məcbur olan siyasi-intellektual potensialı əhatə edir. Bu dövr yazarlarının əsərləri Almaniyada nəşr olunan "Azərbaycan" qəzetində, həmçinin Türkiyə mətbuatında işıq üzü görürdü. Bu mühacir nəsli artıq yarım əsrə yaxın bir dövrdə formalaşmış olan mühacirət ədəbiyyatının özülü və sütunları üzərində yüksəlmiş, onun ideya məfkurəsini mənimsəmiş, ənənələrini davam etdirmişdir. Müxtəlif ədəbi janrlarda yazmış Süleyman Təkinər, Abay Dağlı, Əbdürrəhman Fətəlibəyli (Düdənginski), Alazan Baycan, Məhəmməd Kəngərli, Məcid Musazadə və başqaları həmin nəsli təmsil etməkdədir. Bu mərhələdə memuar janrı xüsusilə inkişaf etmişdir. Məhəmməd Əmin Rəsulzadənin "Stalinlə ixtilal xatirələri", Məmməd Altunbayın "Hürriyyətə uçan türk", Sürəyya Ağaoğlunun "Bir ömür böylə keçdi", Ə.Yurdsevərin "Azərbaycan istiqlal savaşından xatirələr", Nağı Şeyxzamanlının "Azərbaycan istiqlal mücadiləsi xatirələri" və s. əsərlər bu qəbildəndir. Məhəmməd Əmin Rəsulzadənin "Azərbaycan kültür gələnəkləri", "Azərbaycan şairi Nizami", "Çağdaş Azərbaycan tarixi", Ə.Yurdsevərin "Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri", "Azərbaycan dram ədəbiyyatı", "Sabirin Azərbaycan ədəbiyyatındakı yeri", "Azərbaycan şairlərindən Vaqif və Vidadinin yaradıcılığı", H.Baykaranın "Azərbaycanda yeniləşmə hərəkatları", "Azərbaycan istiqlal mücadiləsi tarixi", M.B.Məmmədzadənin "Qafqaz tarixində türk Albaniya", Kərim Odərin "Azərbaycan" və başqa ədəbi-tənqidi və publisistik tədqiqatları bu dövrün məbsuludur. Mühacirət ədəbiyyatının bu mərhələsinin görkəmli nümayəndələrindən olan Abay Dağlının "Füzuli", "Dədə Qorqud", "Gənc ata", "Sakarya qərargahı", "Malazgirddən Sakaryaya", "Sakaryada 22-ci gün", "Albay", "Natəvan", "Əsir ruhlar", "Okullular" və başqa pyesləri Türkiyə ədəbi-mədəni mühitində maraqla qarşılanmır.
Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya, Həmzə Fəthi, Hökumə Billuri, Balaş Azəroğlu, Mədinə Gülgün, Qulamrza Səbri Təbrizi, Qulamhüseyn Saidi, Məhəmmədəli Mahmud, Həmid Nitqi və başqa yazıçı və şairlər İran hökumətinin despotizmindən yaxa qurtararaq dünyanın müxtəlif yerlərinə, bir hissəsi isə Şimali Azərbaycana mühacirət etmişdilər. Bu proses 1945-1946-cı illərdə Cənubi Azərbaycanda Milli Hökumətin suqutundan sonra baş vermişdi. Bununla da Azərbaycan ədəbiyyatında "Cənub mövzusu" yaranmağa və inkişaf etməyə başladı. İkiyə bölünmüş Azərbaycan dərdi, yurd, el-oba həsrəti bu poeziyanın toxunduğu əsas mövzu hesab olunur.[1]
1979 - indiyədək
[redaktə | mənbəni redaktə et]Mühacirət ədəbiyyatının son mərhələsi Güney Azərbaycanda İslam rejiminin (1979) formalaşması ilə əlaqədar başlamışdır. Təxminən həmin illərdən etibarən keçmiş Sovetlər Birliyində milli azadlıq hərəkatının güclənməsi, "yenidənqurma", "aşkarlıq" və s. kimi siyasi proseslər dəmir pərdənin tədricən aradan götürülməsinə gətirib çıxarmış, bu isə mühacirətin yeni bir dalğasının yaranmasına təkan vermişdir. Bu illərdə mühacirətin yaranmasını şərtləndirən əsas amil, bir tərəfdən, Vətənimizin güneyində yaşayan soydaşlarımızın milli hüquqlarının tapdanması ilə bağlıdırsa, digər tərəfdən, Quzeydə milli-azadlıq hərəkatının güclənməsi, itirilmiş dövlətçiliyin bərpa olunması (Azərbaycan Respublikasının yaranması), azad, demokratik dünya ilə əlaqə və rabitə ehtiyaclarının reallaşmasıdır.
Mühacirət ədəbiyyatının müasir mərhələsinin özünəməxsusluğunu şərtləndirən cəhətlərdən biri onun daha çox Güneydəki ədəbi potensiala söykənməsidir.
Bu mərhələnin özünəməxsusluğunu şərtləndirən əsas amillərdən biri həmin mərhələdə Azərbaycanın hər iki parçasının - həm şimalının, həm də cənubunun ədəbi potensialının birgə iştirakı, istiqlalçılıq, vətənçilik, dövlətçilik dünyagörüşü zəminində Bütov Azərbaycan məfkurəsini formalaşdırmaq cəhdi ilə bağlıdır. Bu, olduqca mühüm əhəmiyyət kəsb edən və mübacirətin keyfiyyətcə yeniləşməsini göstərən siyasi-mədəni amildir.
Azərbaycanın şimalında istiqlaliyyətin bərpasından sonra Azərbaycan türklərinin məskunlaşdığı ayrı-ayrı ölkələrdə təşkilatlanma işləri sürətlənmiş, yeni-yeni mərkəz, ocaq və cəmiyyətlər meydana gəlmişdir. Məhz bu təşkilatlanma nəticəsində Azərbaycan diasporunun güclənməsi milli-mədəni mərkəzlərin yaranması prosesini sürətləndirmiş, bu isə özlüyündə mühacirət ədəbiyyatının inkişafına və yeni mərhələyə qədəm qoymasına ciddi zəmin hazırlamışdır.
Mühacirətin son mərhələsi mətbuatın kütləvi inkişafı ilə də bağlıdır. Əgər əvvəlki illərdə Azərbaycan mühacirət mətbuatı əsas etibarilə Türkiyə və Avropa ölkələrini əhatə edirdisə, hazırda Amerika Birləşmiş Ştatlarından tutmuş Yaponiyaya qədər dünyanın bir çox ölkələrində mühacirət mətbuatı nəşr olunmaqdadır.
Azərbaycan mühacirət ədəbiyyatının son mərhələsindən danışarkən onu təmsil edən bir çox ədəbi şəxsiyyətlərin uzun illik qürbət həyatı yaşasa da, ədəbi-kulturoloji fəaliyyətlərinin müstəqil Azərbaycan dövlətçiliyinin bərpasından sonra genişləndiyini qeyd etmək lazımdır.
Azərbaycan mühacirət ədəbiyyatının çağdaş mərhələsi janr baxımından da zəngin və rəngarəngdir. Mövcud ədəbi nümunələr içərisində poeziya, nəsr, dramaturgiya, tənqid və ədəbiyyatşünaslıqla bağlı əsərlərə təsadüf olunur. Mühacirətin poetik irsi Həmid Nitqi, Məhəmmədəli Mahmud, Turxan Gənceyi, Qulamrza Səbri Təbrizi, Əlirza Miyanalı və başqalarının adları ilə təmsil olunur. Onların poetik və elmi əsərləri ədəbiyyatımıza yeni mövzu və çalarlar gətirmiş, onu üslub baxımından zənginləşdirmişdir. Azərbaycan mühacirət ədəbiyyatının son mərhələsi özünün yayğınlığı və çoxməkanlılığı ilə də diqqəti cəlb etməkdədir. Belə ki, əgər əvvəlki mərhələlərdə mühacirətin fəaliyyəti, başlıca olaraq, Türkiyə, Fransa, Almaniya, Polşa kimi bir neçə ölkə ilə məhdudlaşırdısa, son mərhələdə bu ədəbiyyatın planetimizin əksər dövlətlərində yarandığı müşahidə olunmaqdadır.
Son illərdə Azərbaycan mühacirət ədəbiyyatının digər türk xalqlarının mühacirət ədəbiyyatı ilə əlaqəsi genişlənir. Bu əlaqələr gücləndikcə qürbətdə türk dünyasının vahid mədəniyyət məkanının yaranması daha intensiv səciyyə daşıyır. Bu proses, şübhəsiz ki, ədəbi düşüncədən də yan keçməmiş və qürbətdə yaranan ədəbiyyatına məzmununa, xarakterinə, ruhuna əhəmiyyətli təsir göstərmişdir. Mühacirətdə yaşayan Azərbaycan ədəbi şəxsiyyətlərinin yaradıcılığında türkçülük amilinin güclənməsi, həmçinin bir çox mühacir türk ədiblərinin Azərbaycan ünvanlı yazıları bu təsirdən qaynaqlanmaqdadır.
Azərbaycan mühacirət ədəbiyyatının sonuncu mərhələsini səciyyələndirən digər mühüm və fərqləndirici cəhət vaxtilə vahid ədəbi məkan hesab olunan postsovet regionunun bu gün mühacirətin məskunlaşdığı məkana inteqrasiya olmasıdır. Başqa sözlə, Azərbaycanın istiqlaliyyətə qovuşması sovet imperiyası dövriinün təbii miqrasiyasını birbaşa mühacirətin ədəbi potensialına çevirmişdir.[1]
1990-cı illərdə Azərbaycanı tərk edən və mühacirətdə ədəbi fəaliyyətlə məşğul olan yazıçıların sırasında aşağıdakıları qeyd etmək olar: Nuridə Atəşi, Azər Əbilbəyli, Vüqar Dəmirbəyli (hər üçü Almaniya).
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Tahirli Abid., Azərbaycan mühacirəti B., 2001
- Sultanlı Vaqif., Azərbaycan mühacirət ədəbiyyatı, B., 1998
- Azərbaycan Demokratik Respublikası (məqalələr toplusu), B., 1990
- Çəmənzəminli Y.V., Azərbaycan ədəbiyyatına bir nəzər, "Azərbaycan", 1989, № 9-10
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 220-222. ISBN 9952-417-44-4.