Mustafa Zərir — Vikipediya

Mustafa Zərir
Mustafa Yusif oğlu Zərir
Doğum tarixi XIV əsr
Doğum yeri
Vəfat tarixi 1350[1]
Fəaliyyəti yazıçı, şair, tərcüməçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mustafa Yusif oğlu Zərir (XIV əsr, Ərzurum1350[1]) — XIV əsr Azərbaycan şairi. O, Azərbaycan dilli ədəbiyyatının ilkin inkişaf dövrünün nümayəndələrindən biridir. Mustafa Zərir Suli Fəqih kimi Anadolu ədəbi məktəbinin nümayəndəsidir. M. Zərir sadəcə şair kimi yox, həm də tərcüməçi olaraq da xidmət göstərmişdir. Fuad Körpülü, İsmayıl Hikmət Ərtaylan, Nihad Sami Banarlı, Tələt Onat və başqa türk alimləri müxtəlif səpkili tədqiqatlarında Mustafa Zərirdən "XIV əsr Azəri yazarı" kimi bəhs etmiş, şairin yaratmış olduğu bədii irsin birbaşa Azərbaycan türkcəsində olduğunu dəfələrlə qeyd etmişdirlər.

Şairin Sirətün-Nəbi adlı əsəri türkdilli ədəbiyyatda ilk mövludnamə, yəni Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı iri həcmli epik əsərdir. Əsər "Siyəri-Zərir "və "Siyər kitabı" adları ilə də tanınır.

Mustafa Zəririn həyatı haqqında mənbələrdə kifayət qədər məlumat yoxdur. Zəririn həyatı ilə bağlı bilinən faktlar onun öz əsərlərində verdiyi məlumatlar ilə məhdudlaşır. Şair özünün ərəb dilindən tərcümə etdiyi məşhur "Sirətün-Nəbi" adlı mövludnaməyə yazdığı müqəddimədə həyat və şəxsiyyətinə dair bəzi faktlar vermişdir.[2] Burada müəllif özünü Mustafa ibn Yusif ibn Ömər-üz Zərir-ül Ərzən-ir Rumi, "Fütuhüş-Şam" əsərində isə Zərir-i Hakir Mustafa ibn Yusif ibn Ömər əl-Mövləvi və Şeyx Zərir Əbu Məhəmməd ibn Yusif əl-Ərzənir-Rumi (Ərzən-ir Rumi, yəni Ərzurumlu) — deyə xatırladır.[3] Beləliklə, bəlli olur ki, şairin əsl adı Mustafa, atasının adı Yusif, nisbəsi Ərzurumludur. Fütuhüş-Şam əsərindəki adından bəlli olur ki, şair Mövləvi təriqətinə mənsub imiş. Anadan gəlmə kor olduğu üçün Zərir ləqəbini götürüb. Şeirlərində bəzən Zərir bəzən türkcə qarşılığı olan gözsüz təxəllüslərindən istifadə etmişdir.[3] Şair bunu İbni İshaqdan türkcəyə çevirdiyi "Sirətün-Nəbi" mövludnaməsində bir neçə dəfə xatırladır. Məsələn:

Ümidi budurur bu Gözsüzin kim,
Ümidsiz qomaya ol Gözsüzini

Mustafa Zəririn Ərzurumda doğulub, böyüdüyü ehtimal edilir. Şeirlərini Azərbaycan türkcəsində yazması bunun sübutudur. Belə ki, Fuad Körpülü, İsmayıl Hikmət Ərtaylan, Nihad Sami Banarlı, Tələt Onay və başqa türk alimləri də müxtəlif səpkili tədqiqatlarında Mustafa Zərirdən məhz "XIV əsr Azəri yazarı" kimi bəhs etmiş, şairin yaratmış olduğu bədii irsin birbaşa Azərbaycan türkcəsində olduğunu dəfələrlə qeyd etmişdirlər.[4]

1377-ci ildə Misirə səfər edənədək burada yaşamışdır. Mustafa Zəririn ilkin təhsilini Ərzurumda aldığı düşünür. XIV əsrdə Ərzurum Əhmədiyyə, Sultaniyyə, Yakutiyə və Xatuniyyə kimi böyük və əhəmiyyətli mədrəsələri sayəsində dövrün mühüm elm və mədəniyyət mərkəzi olmuşdur. Onun "Qazı Zərir" adlandırılması səbəbindən Ərzurumda Qazı olması ehtimal edilir. Bundan əlavə, Zəriri Misir Sultanı ilə tanış edən məşhur Hənəfi alimlərindən olan Əkmələddin Məhəmməd əl-Babertidir. Bayburtlu olan Baberti, 710/1310–786/1384-cü illərdə yaşamış, ibtidai təhsilini məmləkəti ətrafında tamamlamışdır. Zərir Misirdə Babertidən təhsil almışdır. Zəririn Baberti ilə əvvəlcədən tanış olduğu və məhz onun dəvəti ilə Misirə səfər etdiyi düşünülür. Çünki Baberti Zərirlə eyni illərdə və eyni bölgədə yaşamışdır. Buna görə də onların ilk təhsil illərini birlikdə keçirdikləri də ehtimal olunur. [5]

Zərir güclü yaddaşı sayəsində İslam elmlərini, ərəb və fars dillərini çox yaxşı öyrənmişdir. Bu, onun yazdığı və tərcümə etdiyi əsərlərin keyfiyyətindən də aydın görünür.[6]

Mustafa Zərir ailə həyatı qurmuş və övladları olmuşdur. Şairin Əbu Məhəmməd ləqəbindən istifadə etməsi onun uşaqlarından birinin adının Məhəmməd olduğunu göstərir. Zərir Sirətün-Nəbi məsnəvisindən Misirdən Anadoluya ailəsi ilə birlikdə qayıtdığını qeyd edir. Lakin şair uşaqları barədə başqa bir məlumat verməyib.[7]

Şairin Sirətün-Nəbi adlı mövludnaməyə yazdığı müqəddimədən aydın olur ki, о hicrətin 779-cu ilində (m.1377) Misirə səfər etmişdir. Məqsədi burada hakimiyyət sürən türk məmlükləri sarayına yaxınlaşmaq olmuşdur. Lakin о, Misirə çatmazdan iki il əvvəl, yəni 1377-ci ildə artıq Misir sultanı Məlik Əşrəf Şaban düşmənləri tərəfindən öldürülmüş və yerinə oğlu Məlik Mənsur Əli ibn Şaban ibn Hüseyn keçmişdi. M. Zərir Məlik Mənsur Əlinin sarayına yol tapa bilir, onun məclislərində iştirak edir.[2][8][9]Zərir gecələlr sultanın məclisində səhabələrin, padşahların və əmirlərin həyat və döyüşlərini, Şam, Misir və İraqın fəthi ilə bağlı müxtəlif tarixi əhvalatları danışmış və bu vəziyyət beş il davam etmişdir. 1381-ci ildə Məlik Mənsur Zərirdən İbn İshaqın "Kitabi-Sirət-ür-Rəsulullah" əsərini tərcümə etməsini xahiş edir. Əsər tamamlanmadan sultan Məlik Mənsur Əli vəfat edir. Çünki M. Zərir onu müqəddimədə "mərhum" — deyə xatırladır.[10] Şair əsəri "Sirətün-Nəbi" adı ilə ərəbcədən türk dilinə çevirməyə başlayır. Hakimiyyətə yeni gələn sultan Bərkük türk dilini rəsmi dil olaraq qəbul edir və bir çox əsərin türkcəyə çevrilməsini əmr edir. Sultan Zərirdən əsəri tez bir zamanda tamamlamağı xahiş edir. Nəticədə tərcümə işi bir neçə il sonra 1388-ci ildə başa çatır.[11] Misirdə baş verən üsyanlar və münaqişələr nəticəsində Sultan Bərkük taxtdan salınır. Himayəsiz qaldığını başa düşən Mustafa Zərir 1388-ci ildə ailəsi ilə birgə Misirdən İsgəndəriyyəyə oradan dəniz yolu ilə Anadoluya üz tutur. Zərir Qaraman şəhərində məskunlaşır. Bu zaman Qaramanda Qaramanoğulları bəyliyi hökm sürürdü. Şairin nə üçün Qaramana səfər etdiyi məlum olmasa da burada 4 il yaşadığı təsdiq edilmiş faktlardandır. Şairin Mövləvi təriqətinə də məhz Qaramanda yaşayarkən qoşulduğu güman edilir.[10]

1392–1293-cü ildə şair yenidən səfərə çıxır. Bu zaman o ailəsi ilə birlikdə Qaramandan Şama orada Hələb şəhərinə gəlir. Burada Hələb əmiri Çulpanın söhbətlərinə qoşulur. Zərir Hələbdə olarkən Əmir Çulpanın əmri ilə "Fütuhüş-Şam "adlı əsərini türkcəyə tərcümə edir və 1393-cü ildə tamamlayır. Son əsəri "Yüz hədis və yüz hekayə" əsərini də Əmir Çulpana təqdim etdiyi ehtimal olunur. Müəllif səyahətlərinin səbəbinin əsərlərini tanıtmaq olduğunu vurğulayıb.[12]

Mustafa Zəririn ölüm tarixi haqqında mənbələrdə məlumat yoxdur. Onun öz ifadələrindən məlum olur ki, o, 790/1388-ci ildə Sirətün-Nəbi əsərini tamamladığı zaman kifayət qədər yaşlı idi. Şair Fütuhüş-Şam əsərini 1393-cü ildə başa çatdırıb. Onunla bağlı bizə məlum olan son tarix budur. Zəririn bundan sonra nə qədər yaşadığı, nə vaxt və harada öldüyü müəyyən edilməyib.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Mustafa Zəririn dili xalq dildir. O, dilinin sadəliyi, xoşluğu və təbiiliyi ilə yanaşı, üslubu ilə də diqqət çəkir. O, nəsrində çox uğurlu üslubdan istifadə etmiş, hər kəs, xüsusilə sultanlar məclisi tərəfindən maraqla dinlənilmiş və oxunmuşdur. Zərir nəsrində xalq ifadəsini, hekayə üslubunu da nəzərdən qaçırmayıb. Nəsrində əcnəbi sözlərdən az istifadə etsə də, şeirlərin də ərəb və fars mənşəli sözlərə çox yerdə rast gəlinir. Şeirlərinin dili nəsrindən ağırdır. Mustafa Zəririn lüğəti olduqca zəngindir. O həm türk, həm də Azərbaycan ədəbiyyatşünaslığında yekdil olaraq Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi qəbul edilir. Baxmayaraq ki, Şərqi Anadoluda yaşadığın-dan onun dilində qərbi oğuz türkcəsinin müəyyən elementləri də özünü büruzə verir. Bir sözlə, Q. Zəririn həm tərcümələri, həm də "Yusif və Züleyxa"sı XIV əsr ədəbi dilimizin əsas xüsusiyyətlərini özündə ehtiva edir. [13]

Qisseyi-Yusif əsəri — Mövzunu Qurani-Kərimdən götürən və Yusifin həyatından bəhs edən bu əsər yazılma tarixinə görə Mustafa Zəririn ilk əsəridir. Zərir əsərini Misirə getməzdən əvvəl 1366–1367-ci illərdə Ərzurumda yazmışdır. Əsər "Yusif və Züleyxa" adı ilə də tanınır. Bilinən yeganə nüsxə İstanbul Universitetinin Kitabxanasında 311 nömrədə yerləşir.[14] Poema 2120 beytdən ibarətdir.[15] Əsərin yazıldığı tarix sonda dəqiq şəkildə göstərilmişdir:

Bən zəif, bən günahkar fəqir,

Söylədüm bu dasitani-binəzir.

Yedi yüz altmış səkizdə söylədüm,

Buncılayın dastan şərh eylədüm.[16]

Fütuhüş-Şam tərcüməsi — Mustafa Zəririn ikinci böyük həcmli əsəridir. Əsər Əbu Abdullah Məhəmməd ibn Vakidi əl-Mədəninin Fütuhüş-Şam adlı əsərinin tərcüməsidir. Mövzusu — Şam və ətrafının İslam ordusu tərəfindən fəthidir. Fütuhüş-Şam tərcüməsi 3 cildən ibarətdir. Şair hələ Misirdə yaşayarkən yazmağa başlamış, 1393-cü ildə Hələbdə olarkən əsəri tamamlayıb Əmir Çulpana təqdim etmişdir.[12] Əsərin nüsxələri aşağıdakılardır:

  1. Prezident Milli Kitabxanası (Türkiyə)
  2. Süleymaniyyə Kitabxanasının Fateh, Ayasofya və Sərəz bölmələrində
  3. İstanbul Universiteti Kitabxanası
  4. Topqapı Sarayı Muzey Kitabxanası
  5. Britaniya Kitabxanası
  6. "Biblioteq and Nationel " və özəl kolleksiyalarda saxlanılan nüsxələri[17]

Sirətün-Nəbi - VIII əsr ərəb alimi Ibni Ishaqın (? – 767) "Kitabü Sirət-ür Rəsulullah" adlı məşhur mövludnaməsinin tərcüməsidir. Ibn Ishaqın bu mövludnaməsinin orijinalı sonralar itmiş və əsər İraq alimi İbn Hişam (IX əsr) tərəfindən yaddaşa əsaslanaraq yenidən qələmə alınmışdır. M. Zərir əsəri hərfən yox, sərbəst şəkildə şərqi oğuz türkcəsində ana dilimizə çevirmişdir. Yəni mətn cümlə-cümlə deyil, oxunduqdan sonra yadda qalan əsas məğz və mətləb əsasında bərpa edilmişdir. Bu əsər türkdilli ədəbiyyatda ilk mövludnamə, yəni Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti ilə bağlı iri həcmli epik əsərdir. Əsər "Siyəri-Zərir" və "Siyər kitabı" adları ilə də tanınır. Şair bu əsəri ilə məşhurluq qazanıb. Azərbaycan türkcəsinə çevirərkən ona nəsrlə müqəddimə də yazmışdı. Burada о, belə bir əsəri tərcümə etməsinin səbəbini aydınlaşdırmış və öz avtobioqrafiyası ilə bağlı bəzi əhəmiyyətli məlumatlar vermişdi. Bu müqəddimə həm də bədii və rəsmi yazı tariximizdə Azərbaycan dilində günümüzə gəlib çıxan ilk rəsmi-publisistik nəsr nümunəsidir. Əsərdəki dil, təhkiyə, üslub axarı, bədii ahəng, leksik-qrammatik çalar "Kitabi-Dədə Qorqud"u xatırladır. Fərq burasındadır ki, bu mətnin dili "Dədə Qorqud"a nisbətən bu gün üçün daha çox anlaşıqlı və başa düşüləndir.[18]

"Sirətün-Nəbi"də mənzum parçalar da vardır. Bunlar daha çox tərci-bənd formasındadır.

Əsərin günümüzə çatan nüsxələrindən bəziləri bunlardır:

  1. Topqapı Sarayı Muzeyi — III Muradın əmri ilə 6 cilddə hazırlanan miniatürlü nüsxənin 1-ci, 2-ci və 6-cı cildləri burada saxlanılır. Əsərin 3-cü , 4-cü və 5-ci cildləri içində 465 minatürlə birlikdə oğurlanıb.
  2. Nyu-York Xalq Kitabxanası — Oğurlanmış cildlərdən 3-cüsü burada Spensr kolleksiyasında aşkar edilib.
  3. Dublin Chester Beatty Kitabxanası — yenə oğurlanmış cildlərdən 4-cüsü burada saxlanılır.
  4. Türk-İslam Əsərləri Muzeyində 4-cü cildin bir nüsxəsi aşkar edilib.
  5. Dil, Tarix və Coğrafiya Fakültəsi Kitabxanası, Ankara Milli Kitabxanası, Ankara Türk Dil Qurumu Kitabxanası, Bursa Orxan Qazi Kitabxanası, İstanbul Arxeologiya Muzeyi, İstanbul Bələdiyyə Atatürk Kitabxanası, İstanbul İslam Əsərləri Muzeyi Kitabxanası, İstanbul Millət Kitabxanası, İstanbul Nuruosmaniye Kitabxanası, İstanbul Səlimiyə Kitabxanası, İstanbul Səlimağa Kitabxanası, İstanbul Süleymaniyə Kitabxanası, İstanbul Universiteti Kitabxanası, Konya Mövlana Muzeyi Kitabxanası, İstanbul Mertal Tulum Kitabxanası, İsmayıl Hikmət Ərtaylanın şəxsi kitabxanası, Avropanın bir çox kitabxana və özəl kolleksiyalarında saxlanılan nüsxələr [19]

Yüz hədis və yüz hekayə — Şairin son nəsr əsəridir. Zərir bu əsərini Əmir Çulpanın xahişi ilə qələmə almışdır. Əsər Fəzlullah ibn Nəsirül Qavri əl-İmadinin "Töhvətül-Məkkiyə və Əxbərün-Nəbəbiyyə" adlı əsərindən istifadə edərək yazmışdır.[20] İmadinin əsəri 159 hədisdən və bu hədislərlə bağlı hekayələrdən ibarət olsa da, Zərir bu əsəri 100 hədis və 100 hekayə şəklində tərcümə edərək yazır. Əsərin ən yaxşı nüsxəsi Türkiyənin Prezident Milli Kitabxanasında saxlanılır. Süleymaniyyə kitabxanasında da 3 nüsxəsi var. Yaxşılıq, gözəllik, həqiqət kimi dəyərlərdən bəhs edilən hekayələrdə əsasən nağıllarda rast gəlinən bəzi folklor elementləri də var.[6]

  1. 1 2 Record #71505636 // VIAF (çd.). [Dublin, Ohio]: OCLC, 2003.
  2. 1 2 Babayev, 2008. səh. 94
  3. 1 2 Erkan, 1986. səh. 4
  4. Xəlilov, Adilov, 2006. səh. 4
  5. Karahan, 2000. səh. 107
  6. 1 2 Karahan, 2000. səh. 108
  7. Karahan, 2000. səh. 110
  8. Erkan, 1986. səh. 6
  9. Xəlilov, Adilov, 2006. səh. 5
  10. 1 2 Erkan, 1986. səh. 7
  11. Babayev, 2008. səh. 95
  12. 1 2 Xəlilov, Adilov, 2006. səh. 6
  13. Babayev, 2008. səh. 96
  14. Erkan, 1986. səh. 10
  15. Babayev, 2008. səh. 99
  16. Xəlilov, Adilov, 2006. səh. 120
  17. Karahanlı, 2000. səh. 22
  18. Babayev, 2008. səh. 95-96
  19. Erkan, 1986. səh. 22-55
  20. Yıldırım, Yıldız, 2001. səh. 15

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Yaqub Babayev. ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ EPİK ŞEİRİN İNKİŞAFI (XIII-XIV ƏSRLƏR). Bakı: ADPU. 2008. səh. 128.
  • Mustafa Zərir. Yusif və Züleyxa. Bakı: "Şərq-Qərb" Nəşriyyat evi. 2006. səh. 128. ISBN 9789952340167.
  • Leyla Karahan. Erzurumlu Darîr’in Hayatı, Eserleri ve Türk Dili Tarihindeki Yeri. Erzurum: Erzurum Kalkınma Vakfı Yay. Hukuk Adamı ve Şair Kadı Darîr Panel. 2000.
  • Mustafa Erkan. Siretün-Nebi (Tercümetüz-Zarir) İnceleme-Metin. Ankara. Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 1986.
  • Selahattin Yıldırım, Necdet Yılmaz. Darîr Mustafa Efendi, Yüz Hadis Yüz Hikaye. İstanbul: Dâru’l-Hadis. 2001.