Mədinə Gülgün — Vikipediya

Mədinə Gülgün
Doğum adı Mədinə Nurulla qızı Ələkbərzadə
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı Balaş Azəroğlu
Təhsili
Fəaliyyəti yazıçı, şairə
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987
"Şərəf nişanı" ordeni — 1980 "Əmək veteranı" medalı "21 Azər" medalı — 1946

Mədinə Gülgün (doğum adı: Mədinə Nurulla qızı Ələkbərzadə; 17 yanvar 1926, Bakı17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987).

Həyatı[redaktə | mənbəni redaktə et]

Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur[1]. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.[2]. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Mədinə Gülgünün uşaq yaşlarından ədəbiyyata böyük həvəsi olmuşdur, xüsusən Aşıq Ələsgəri, M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə etmşdir. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda iştirak edir, bəzən göstərilən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edirdi.[3] Bu gün Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlamışdır.[4] Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda", "Azərbaycan" qəzetində çap etdirmişdir. Mədinə Gülgünün "Təbrizin baharı" adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görmüşdür. Bu kitabda 1945–1949-cu illər ərzində yazdığı şeirlər toplanmışdır. Mədinə Gülgünün ilk yaradıclığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci dünya müharibəsi dövründə ədəbiyyata gələn Mədinə Gülgünün ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi.[5] Vətən sevgisi, azadlıq həsrəti onun yaradıcılığının əsas leytmotivini təşkil edir. Onun şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də əsasən buradan irəli gəlirdi. Mədinə Gülgünün poeziyasının ağır sınaqlarla dolu olan yollarında ilk addımlarını atdığı gündən onun lirasının ötdüyü nəğmələrin baş ahəngini xalqa, doğma vətənə övlad məhəbbəti, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış nidalarını başlıca motivlərini təşkil etmişdir.

Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunmuşdur. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləmiş, kəsərli sözləri ilə onların səsinə səs vermişdir. Şairin BakıdaMoskvada "Təbrizin baharı" (1950), Savalanın ətəklərində (1950); Sülhün səsi (1951); Yadigar üzük (1953); Təbriz qızı (1956); Firudin (poema) (1963); Dünyamızın sabahı (1974); Durnalar qayıdanda (1983); Dünya şirin dünyadır (1989) "Çinar olaydı", "Arzu bir ömürdür", "Yora bilməz yollar məni" (1978), "Könlümü ümidlər yaşadır" və onlarca diğər şeir kitabı dərc olunmuşdur. Bu kitabların başlıca mövzusu insan, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir. Onun lirik şeirlərinə mahnılar bəstələnmişdir.

O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları (1960, 1974, 1986), "Şərəf nişanı" ordeni (1980), "21 Azər" (1946), "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur. Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

Mədinə Gülgün 17 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Təbrizin baharı. Bakı: Azərnəşr, 1950, 81 s.
  2. Seçilmiş əsərləri: Şerlər və poemalar. Bakı: Azərnəşr, 1986, 304 s.
  3. Yadigar üzük. Bakı: Uşaqgəncnəşr, 1953, 58 s.
  4. Pərvanə. Bakı: Uşaqgəncnəşr, 1955, 45 s.
  5. Günlər və xatirələr. Bakı: Yazıçı, 1959, 149 s.
  6. Firidun. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1963, 63 s.
  7. Dünyamızın sabahı. Bakı: 1976, 211 s.
  8. Arzu da bir ömürdür: (şerlər və poemalar). Bakı: Gənclik, 1976.
  9. Ömrün payız dayanacağı. Bakı: Yazıçı, 1983, 236 s.
  10. Dünya şirin dünyadır. Bakı: Gənclik, 1989, 200 s.
  11. Mən bu ömrü yaşadım: (şerlər). Bakı: Tədris, 1997, 87 s.
  12. Yora bilməz yollar məni. Bakı: Azərnəşr, 1978, 302 s.
  13. Çinar olaydı. Bakı: 1985, 285 s.
  14. Qürbət elə qürbətdi; Bir dəli rüzgarım…; Danişım danışmayim…: (Şerlər) //Ədəbiyyat qəzeti.- 1993.- 26 fevral.
  15. Novruz bayramına həsr olunmuş şer / Respublika qəzeti, 2003, 20 mart.
  16. Yaşadı; Sarı bülbül; Ehey…: (şerlər) / Ədəbiyyat qəzeti, 1992, 1 may, s.8.

Haqqında olan ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Nəsib D. Bir şəkil-bir xatirə (M. Gülgün ilə bağlı xatirə). / Ədəbiyyat qəzeti, 1998, 26 iyun, s.2.
  • Azəroğlu B. Mübariz ruhlu ədəbiyyat uğrunda. / "Azərbaycan" jurnalı, N 2, 1966, s.74
  • Dilbazi M. İstedadlı gənc şairə. / "Təbrizin baharı", Azərnəşr, 1950
  • Vahabzadə B. Xitabət kürsümüz Çinar ağacı idi. / Çinar olaydı. Bakı: Azərnəşr, 1969
  • Nəbioğlu S. Susmayan rübab (Mədinə Gülgün haqqında). / Xalq qəzeti, 1996, 14 fevral.
  • Nəbioğlu S. Bir ana səsindən üşüdü dünya… (Mədinə Gülgün haqqında). / Bir ovuc hədiyyə. Bakı: 2005, s.191
  • Yusifli V. Bahrı soraqlayırdı: Mədinə Gülgün-70 / Yeni Azərbaycan qəzeti, 1996, 6 yanvar.
  • Qabil. Sevənlərin ürəyində (Mədinə Gülgün haqqında) / Ədəbiyyat qəzeti, 1993, 26 fevral, s.4.
  • Rüstəmzadə V. Səni (M.Gülgünün əziz xatirəsinə) (şeir) / Ədəbiyyat qəzeti, 1991, 22 fevral.
  • Paşayeva M. Mədinə Gülgünlə ilk tanışlıq və son görüş / Vətən səsi, 1991, 30 aprel.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. III. Bakı: Elm nəşriyyatı. 1988. səh. 258. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  2. Əliqızı A. Azadlıq və istiqlal poeziyası. Bakı-2001, s. 41
  3. Əliqızı Almaz. Azadlıq və istiqlal poeziyası. Bakı: 2001, s.40
  4. Nəbioğlu Sabir. Bir ovuc hədiyyə. Bakı: 2005, s.191
  5. Əliqızı Almaz. Azadlıq və istiqlal poeziyası. Bakı: 2001, s.46

Mənbə[redaktə | mənbəni redaktə et]