Nağı bəy Şeyxzamanlı — Vikipediya

Nağı bəy Şeyxzamanlı
Nağı bəy Saleh bəy oğlu Şeyxzamanlı
avqust 1919 – mart 1920
ƏvvəlkiMəmmədbağır Şeyxzamanlı
Sonrakıvəzifə ləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 1883
Doğum yeri
Vəfat tarixi 1967
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, yazıçı
Atası Saleh bəy
Həyat yoldaşları Səlimə xanım, Həmidə Şeyxzamanlı
Uşaqları Adilə, Yavuz və Saleh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şeyxzamanlı Nağı bəy Saleh bəy oğlu (1883, Yelizavetpol1967, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi.[1]

1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan Difai təşkilatının, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət partiyasının üzvü olub. 1917-ci ilin may ayında Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat adını almış həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. N. Şeyxzamanlı 1919-cu ilin avqust ayında "Əksinqilabla Mübarizə Təşkilatı"nın rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N. Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə AlmaniyaABŞ-də yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan N. Şeyxzamanlının İstanbulda 1957-ci ildə Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, 1963-cü ildə Dərdləşmə və 1964-cü ildə Azərbaycan istiqlal mücadiləsi xatirləri adlı kitabları çapdan çıxıb. N. Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində Saleh bəy Şeyxzamanlının ailəsində dünyaya gəlmişdir. Atası ilahiyyatçı olan Nağı bəyin, əmisi Şeyx İbrahim Şeyx Həsən oğlu Qüdsi isə tanınmış şairlərdən biri olmuşdur. İlk təhsilini burada, Gəncə gimnaziyasında almış, şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O bu fəaliyyətə qardaşı Məmmədbağır bəy Şeyxzamanlı ilə birgə başlamışdır.

Həyat yoldaşı Səlimə xanımla olan evliliklərindən Adilə, Yavuz və Saleh adlı üç övladı dünyaya gəlmişdir. Yoldaşının vəfatından sonra ikinci dəfə Həmidə Şeyxzamanlı ilə nikah kəstirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Nağı bəy, Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan "Difai", 1917-ci ildən isə Nəsibbəy Yusifbəyli tərəfindən təsis edilən "Türk Ədəmi-Mərkəziyyət" partiyasının üzvü olmuşdur.[2]

1917-ci ilin may ayında "Müsəlman Demokratik Müsavat" partiyası ilə birləşərək "Müsavat" adını almış həmin partiyanın üzvü kimi Nağı Şeyxzamanlı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.

Birinci dünya müharibəsi (1914–18) illərində Nağı bəy Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının yaradıcılarından biri olmuşdur. Bu təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş Türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi.

Nağı bəy Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Ələkbər Rəfioğlu, Xudadat bəy Rəfioğlu, Əhməd Cavad kimi vətən və millət fədailərinin mühitində milli və siyasi tərbiyə almış şəxslərdən olub. İlk öncə Difa" firqəsi, daha sonra Türk Ədəmi-Mərkəziyyət partiyası ətrafında fikrən və ruhən yoğrulan bu mühit Azərbaycanın qəlbi və daimi qalası mövqeyində olan Gəncədə 1917–1918-ci illərdə Milli Komitə şəklində təşkilatlanıb. N. Yusifbəyli ilə Məhəmməd Əmin Rəsulzadə arasında Bakıda baş verən tarixi görüşün ardınca Türk Ədəmi-MərkəziyyətMüsavat partiyalarının birləşməsi nəticəsində iki millətçi kadr əl-ələ verərək könül birliyi ilə ümumi Azərbaycan hərəkatının və dolayısı ilə müstəqil Azərbaycan dövlətinin təməlini atıblar.

"Əks-inqilabla mübarizə təşkilatı"nın rəisi vəzifəsində[redaktə | mənbəni redaktə et]

Nağı bəy ADR elan olunduqdan sonra mürəkkəb sahə sayılan təhlükəsizlik orqanına — əks-kəşfiyyata rəhbərlik etmişdir. Türkiyənin hərbi yardımını təmin etmək üçün 1918-ci ilin yanvarında xüsusi göstərişlə ora göndərilmiş, Qafqaz cəbhəsinin komandanı Vehib paşa və digər dövlət rəsmilərilə danışıqlar aparmış. Şamxor hadisəsi zamanı rus əsgərlərinin tərksilah olunmasında yaxından iştirak etmişdir. 1919-cu il avqustun 20-də böyük qardaşı Məmmədbağır Şeyxzamanlının yerinə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətində "Əksinqilabla Mübarizə Təşkilatı"nın rəisi təyin olunmuş, 1920 il martın 6-na qədər bu quruma rəhbərlik etmişdir. Cümhuriyyət dövründə ölkənin təhlükəsizliyinin təmin olunmasında, sərhədlərin qorunmasında mühüm xidmətlər göstərmişdir.

Nağı bəy Şeyxzamanlının ailəsi

XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı onun böyük qardaşı, "Əksinqilabla Mübarizə Təşkilatının"nın ilk rəisi, parlamentin üzvü Məmmədbağır Şeyxzamanlı (1880–1920) bolşeviklər tərəfindən güllələnmiş, Nağı bəy isə vətən xaini elan edilmiş və həbs olunması haqda qərar çıxarılmışdır. Böyük qardaşı İsrafil bəy Şeyxzamanlı həbs edilib, işgəncələrə məruz qalmışdı.

Sonunda bu ailənin bütün mülkləri müsadirə olunub, var-dövlətləri talan edilmişdi.[3]

Mühacirət dövrü[redaktə | mənbəni redaktə et]

Nağı bəy özü isə vətən xaini elan edilmiş və həbs olunması, yaxud da tutulması mümkün olmadığı halda yerindəcə güllələnməsi haqda qəti qərar çıxarılmışdır. Axtarışda olan Nağı bəy Azərbaycandan getmək məcburiyyətində qalmışdır. O, Bakıdan Gəncəyə, Gəncədən Tiflisə, Tiflisdən isə Türkiyəyə getmişdir.

Azərbaycanın istilasından sonra mühacir həyatı sürməyə məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşamışdır.Axtarışda olan Nağı bəy Azərbaycandan getmək məcburiyyətində qalmışdır. Mühacir ömrü yaşayan Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olmuş və onların yaratdığı "Azərbaycan" kültür dərgisinin işində fəal iştirak etmişdir.

Bundan başqa Türkiyənin "Mücahid" jurnalında Nağı Şeyxzamanlının hələ də öyrənilməyən, toplanılmayan maraqlı yazıları, məqalələri dərc olunub.

Mühacirət həyatı yaşayan Nağı bəy uzun müddət Müsavat Partiyasının sıralarında qalaraq, Rəsulzadənin rəhbərliyi altında çalışıb. O, Ankarada və İstanbuldakı dərnəyin fəaliyyətində canla-başla iştirak edib. Almaniyada və ABŞ-də olduğu müddətdə də milli çalışmalar və Azərbaycan mühacirət həyatı ilə yaxından maraqlanıb və əlindən gələn yardımları əsirgəməyib. C. Qasımov yazır ki, mühacir ömrü yaşayan Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olub və onların yaratdığı "Azərbaycan" kültür dərgisinin işində fəal iştirak edib: "Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və onun dövlətçiliyinə daim sadiq qalan Şeyxzamanlı Türkiyədə olduğu zaman Vətəni unutmayıb. Həmişə onun taleyi ilə maraqlanıb. N. Şeyxzamanlı "Azərbaycan" jurnalının daimi müəlliflərindən idi. Nağı bəy Şeyxzamanlı 1967-ci ildə İstanbulda-da vəfat etmişdir. Nağı Şeyxzamanlının evi hazırda Gəncə şəhərində qalır və qorunur.[4]

Əsərləri[redaktə | mənbəni redaktə et]

Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini əks etdirən bir sıra əsərləri nəşr edilib. Həmin əsərlərini Keykurun imzası ilə yazan N.Şeyxzamanlının İstanbulda 1934-cü ildə "Biz və onlar", 1957-ci ildə "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev", 1963-cü ildə "Dərdləşmə" və 1964-cü ildə "Azərbaycan istiqlal mücadiləsi xatirləri" adlı kitabları çapdan çıxmışdır. N.Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilmişdir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan təhlükəsizlik orqanlarının tarixi". 2019-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-18.
  2. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası II cild. Bakı: "Lider" nəşriyyat. 2005.
  3. Yaqublu, Nəsiman. CÜMHURİYYƏT QURUCULARI. Bakı: "Nurlar" nəşriyyatı. 2018.
  4. "Qürbətin doğma məzarları". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.