Azərbaycan–Çağatay ədəbi əlaqələri — Vikipediya

Əlişir Nəvainin portreti. Elmira Şahtaxtinskaya
Teymuri Sultan Hüseyn Bayqaranın portreti. Əlişir Nəvai ilə bir yerdə Herat ədəbi məktəbinin öndəridir. Azərbaycan şairi Kişvəri onun kimi bir hami tapa bilməməsindən şikayətlənirdi.[1]

Azərbaycan-Çağatay ədəbi əlaqələri (az-əbcəd. آزربایجان–چاغاتای ادبی الاقلری[q 1]) — Azərbaycan və Çağatay (qədim özbəkçə) dilləri və ədəbiyyatlarının bir-biri ilə əlaqəsi və bir-birinə təsiri.

Dil[redaktə | mənbəni redaktə et]

Azərbaycan və Çağatay dilləri arasındakı şivə yaxınlıqları Təbriz, Şirvan və digər Azərbaycan mədəniyyət mərkəzləri ilə, başda Herat olmaq üzərə Orta Asiya mədəniyyət mərkəzləri arasında cərəyan edən təmaslar nəticəsində yaranmışdır.[2] Azərbaycan türkcəsi vasitəsilə Çağatay yazı dilinə bir çox qərb oğuz türkcəsi ünsürünün daxil olduğunun tədqiqatlarla sübut olunması mümkündür.[3]

Teymuri dövrü şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına təsirini göstərən ən vacib xüsusiyyət Çağatay dili lüğətləridir. Tarixdə mövcud olan Çağatay dili lüğətlərinin çoxu İran və Azərbaycanda yazılmışdır. Bunlardan biri olan "Bədayi'u'l-Lüğət"də çağatayca ilə birlikdə Azərbaycan və İraq türkçəsi haqqında da qısaca məlumat verilir. Sənglah lüğəti isə Füzuli dilindən nümunələr verir. XIX əsrdə yazılmış Fətəli Qacar lüğəti Azərbaycan və Çağatay dillərini müqayisə etmiş, bəzi qrammatik nəticələr çıxartmış, Azərbaycan dilinin onda birinin çağatayca ilə bir olduğu qənaətinə gəlmişdir.[4]

Bəzi Azərbaycan dialektlərində -imci, -imimci, -iminci şəkilçi formalarına rast gəlinir. Bunun tarixi "Baburnamə" əsərinə qədər gedib çıxır: ikimci(si), ücümci(si), törtümci(si), beşümci(si), altimci(si), yetimci(si) və sekizimci.[5]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

XVI əsrə qədər Azərbaycan, Çağatay və Osmanlı ədəbiyyatları coğrafi olaraq bağlı olduğu ərazidə qalmır, bu ədəbiyyatları sevənlər də ancaq ədəbiyyatın ortaya çıxdığı bölgədən olmurdu.[6] Azərbaycan ədəbiyyatı Osmanlı, Türkmən və Çağatay ədəbiyyatları arasında körpü rolunu oynamışdır.[7] Osmanlı dövlətində paytaxtdan uzaq regionlarda, həcc və ticarət yollarında hərəkət edən karvanlar vasitəsilə Osmanlı şairləri ilə Azərbaycan və Şərqi türk şairləri arasında qəzəl və digər nəzm növlərinin bir növ "mübadilə"si aparılmışdır.[8]

Yazılı ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Mən heç bir ordu göndərmədən, Çin ölkəsindən Xorasana qədər bütün türkləri öz fərmanım altına aldım. Təkcə Xorasan deyil, Şiraz və Təbriz türklərinin də dövrünü, qələmim qənd tökən bir şəkildə şirin elədi.

Fərhad və Şirin, Çağatay (özbək) şairi Əlişir Nəvai.[9]

Kişvəri Divanının hər beyti əhl-i dərd üçün
Sanki bir peyk-i Nəvayidir Xorasandan gəlib.

— Azərbaycan şairi Kişvəri.[1]

XIV-XV əsr Çağatay Şairi Lütfinin təsiri digər linqvistik ərazilərin, xüsusilə Azərbaycan və Osmanlı mühitlərinin şairlərində hiss edilirdi.[10] Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Çağatay və Osmanlı ədəbiyyatlarına keçmişdir.[11]

XV əsrdə Azərbaycanda böyük inkişaf yolu keçən ədəbiyyatın nümayəndələrinin bir qismi Orta Asiyada Əlişir Nəvai çağatay məktəbinin şagirdləri olmuşdur. Səfəvilər dövləti qurulandan sonra Təbriz Azərbaycanın mədəniyyət mərkəzinə çevriləndə, onlar öz ölkələrinə qayıtmış və Nəvainin təsiri altında, təhsil gördükləri məktəbin dil və üslubuna sadiq qalaraq ədəbi fəaliyyətlərini davam etdirmişlər. Azərbaycan şairləri Osmanlı və Çağatay ədəbiyyatlarının inkişaf etdikləri ərazilərin ortasında yerləşdiyi üçün həm öz dillərini, həm bu dilləri istifadə etmiş, hətta onlarda iki yazı dilini təbii və təsadüfi bir şəkildə birləşdirən qarışıq dil müşahidə edilmişdir. Nəsimi, Kişvəri, XətaiƏmani kimi şairlərin əsərlərində çağatay-qıpçaq elementləri görülür.[12]

Əbdüləzəl Dəmirçizadə Azərbaycan yazı dilində şərqi türk ləhcələri ünsürlərinin mövcud olduğunu qeyd edir. Bu xüsusiyyətlər daha çox dini əsərlərdə vardır. Bunun səbəbləri uyğur dilindəki "Bəxtiyarnamə" və "Rübabnamə" əsərlərinin, həmçinin Əlişir Nəvainin əsərlərinin təsiri, Səfəvilər dövlətində qeyri-azərbaycanlı türk boylarının yaşamasıdır. Roza Eyvazova XV əsr Azərbaycan şairləri Bəsiri, Kişvəri, Ziyayi, Hülqi, Allahı, daha sonra Şah Qulu bəy, Süsəni bəy, Pəri Peykər və digər başqa şairlərdə görülən çağatay təsirini, bu şairlərin Əlişir Nəvai və Hüseyn Bayqara liderliyindəki Herat ədəbi məktəbində yetişmələri ilə əlaqələndirir.[12]

Nəvai və Çağatay təsiri ilə yazmış şəxslər arasında Şamaxı qazısı Yusif Ziya Məhdum, Nəqşibəndiyəyə məxsus Baba Nemətullah Mahmud Naxçıvani, təbib Məmməd Dilşad Şirvani, din alimi Şirvanlı Seyid Yəhya Cəmaləddin, Şirvanlı Fəthullah, Nəvai məclislərində olmuş Hülqi, Allahi, Ziya vardır. Bundan başqa Şah İsmayıl Xətai sarayına yaxın şəxslər arasında Şərq türk ləhcəsi təsiri görülür. Həmçinin Sadıq bəy Əfşar "Məcməül-Xəvas" adlı təzkirəsini Nəvai dilinə yaxın bir dil ilə yazmışdır.[4]

Əlişir Nəvainin İmadəddin Nəsimini tərifləməsi Mərkəzi Asiyanın Türk dünyasında onun vacib şəxs hesab edildiyini göstərir.[13] Azərbaycan şairi Füzulinin yaradıcılığı həm Anadolu, həm də Çağatay ədəbiyyatına təsir göstərmişdir. Hər iki ənənəyə mənsub olan, sonrakı dövrlərdə yaşamış yazıçılar Füzulinin yaradıcılığından onun öz poeziyası vasitəsilə ənənəvi mövzu və ideyaları yenidən şərh etmək bacarığına görə istifadə etmişdilər. Bu, iki ədəbi ənənəni bir-birinə yaxınlaşdırmışdır.[14]

Şifahi ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yarandı. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir. Bu lirik və epik romansların türk ədəbiyyatının Osmanlı və Çağatay qolları ilə müqayisədə Azərbaycan ədəbiyyatının xarakterik bir xüsusiyyəti hesab edilə bilər.[15]

İrsin qorunması[redaktə | mənbəni redaktə et]

Nəvai əlyazmaları[redaktə | mənbəni redaktə et]

AMEA Əlyazmalar İnstitutunda bir çox Nəvai əlyazması qorunur:

  • M-274. 1644-1645-ci illərə aiddir, Mərvdə köçürülmüşdür, Füzuli və Nəvainin əsərləri daxildir.
  • M-114/3010. 1484-cü ildə köçürülmüşdür. Naxçıvanlı Məhəmmədqulu ibn Həsənə məxsus Nəvai divanı əlyazmasıdır.
  • M-107-2996. Şairin “Məcalisün–nəfais” əsərinin ən qədim əlyazmasıdır (1557-ci il).
  • 1632-ci ilə aid əlyazma. Şair Mirzə Xəlilə məxsusdur. Nəvainin “Nəvadirün-nihayə” divanı “Bədayeül-bidayə” əsəri ilə birlikdə cildlənmişdir.
  • 1642-ci ilə aid əlyazma. Mirzə Adıgözəl bəyə məxsusdur (1821-ci ilə aid qeyd).
  • 1537 və 1694-cü ilə aid əlyazmalar. AMEA-da qorunan bu 2 əlyazma Abbasqulu ağa Bakıxanovun kitabxanasında olmuşdur. Nəvainin “Leyli və Məcnun” poemasının da Bakıxanovun kitabxanasında olması haqqında məlumatlar vardır.[16]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. özb. Ozarbayjon-chag‘atoy adabiy aloqalari

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Demirci, 1998. səh. 8-9
  2. Caferoğlu, A. (1948). ÇAĞATAY TÜRKÇESİ VE NEVAÎ . Türk Dili ve Edebiyatı Dergisi , 2 (3-4) , 141-154 . Retrieved from https://dergipark.org.tr/tr/pub/iutded/issue/17038/177874 Arxivləşdirilib 2023-06-30 at the Wayback Machine (page 152)
  3. KEMAL ERASLAN. "ÇAĞATAY EDEBİYATI". İslam ansiklopedisi. 2023-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-27.
  4. 1 2 Demirci, 1998. səh. 6-7
  5. Rona-Tas, 1976. səh. 176
  6. Berengian, 1988. səh. 15-16
  7. Akpınar, 1994. səh. 17
  8. AY, Ümran. “KLASİK TÜRK ŞİİRİNDE ‘GİDELÜM BÂRİ ŞEHRÜŊDEN’ REDİFLİ GAZELLER ÜZERİNE BİR İNCELEME”. Eski Türk Edebiyatı Araştırmaları Dergisi [Journal Of Old Turkish Literature Researches], c. 6, sy. 4, 2023, ss. 902-23, doi:10.58659/estad.1389967.
  9. Togan, 1981. səh. 88
  10. Birnbaum, E., “Luṭfī”, in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN: 9789004161214, 1960-2007
  11. Köprülü, 2000. səh. 28
  12. 1 2 Demirci, 1998. səh. 3-4
  13. Bilgin, Üzüm, 2007
  14. Macit, 2014; Encyclopædia Iranica, 2000.
  15. Berengian, 1988. səh. 20
  16. Kərimov, Paşa. Əlişir Nəvai əlyazmaları AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondlarında. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Əlavə oxu[redaktə | mənbəni redaktə et]