Əncüməni-şüəra — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
"Əncüməni-şüəra" Məlumdur ki, XIX əsrdə Azərbaycanın bir sıra yerlərində ədəbi məclislər yaranmışdı. Həmin dövrdə Bakıda "Məcməüş-şüəra", Şamaxıda "Beytüs-Səfa", Qubada "Gülüstan", Lənkəranda "Fövcül-füsəha", Qarabağda "Məclisi-üns" və "Məclisi-fəramuşan" adlanan ədəbi məclislər fəaliyyət göstərirdilər. Belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış "Əncüməni-şüəra" ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Akademik Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərsliyində və Nəsrəddin Qarayevin "XIX əsrdə Azərbaycanda ədəbi məclislər" adlı namizədlik dissertasiyasında Şeyxəli Naibin məclisin təşkilatçısı kimi yalnız adı çəkilmiş, onun kimliyi haqqında heç bir məlumat verilməmişdir. Tədqiqatlar göstərir ki, həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. XIX əsrin birinci yarısından başlayaraq Şeyxəli xan Ordubadın naibi-canişini təyin olunmuş, şeir və sənət aləminə maraq göstərdiyi üçün orada "Ənçüməni-şüəra" adlı ədəbi məclis yaratmışdır. Təsadüfi deyildir ki, XIX əsrin görkəmli şairlərindən olan Əndəlib Qaracadaği özünün "Ordubadın vəsfi" adlı müxəmməsində Ordubadın və onun Əylis kimi səfalı kəndlərinin tərənnümü fonunda Şeyxəli xan Kəngərlini də oranın hakimi kimi yad etmiş, onun səxavət və şücaətindən danışmışdır:
Ordubadın, nə deyim, vəsfi gülustanə dəyər.
Bir əcəb guşədi ki, cənnəti-Rizvanə dəyər.
Hər dəm Əylis səfəri Hindu İsfahanə dəyər.
Eylə şahidləri var huriyü qılmanə dəyər.
Müxtəsər, abü havası bütün İranə dəyər.
Hakimi Şeyxəli xan-kani-səxavət, nə deyim.
Yoxdu Kəngərli kimi mərdi-şücaət, nə deyim,
Görmədim bir belə sultani-ədalət, nə deyim.
Sahibi-təblü ələm, özgə qiyamət, nə deyim.
Çıxsa cənk eyləməyə, Nadiri-dövranə dəyər.
Çox güman ki, Əndəlib Qaracadağinin Ordubada və Əylisə gəlişi vaxtlarında Şeyxəli xan Kəngərlinin təşkil etdiyi "Əncüməni-şüəra" ədəbi məclisi fəaliyyətdə olmuşdur. XIX əsrin 70-80-ci illərində məclisə Haçı ağa Fəqir Ordubadi, sonralar isə Məhəmməd Tağı Sidqi rəhbərlik etmişlər. Məclis müxtəlif fasilələrlə fəaliyyət göstərmiş, bu görkəmli sənətkarların rəhbərliyi dövründə mütərəqqi yol tutmuşdur. Fəqirin vəfatından və Sidqinin Naxçıvana köçməsindən sonra məclis başsızlıq üzündən zəifləmiş, 1890-1895-ci illərdə öz fəaliyyətini dayandırmışdır. Ədəbi məclisinin 25-ə yaxın üzvü və bir çox həvəskar dinləyiciləri olmuşdur. Fəqir Ordubadi, M. T. Sidqi, Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, Usta Zeynalabdin Nəqqaş, Hacı Molla Hüseyn Bikəs, Məşədi Həsən Dəbbağ, Əhməd Ağa Şəmi, Məşədi Möhsün Saətsaz, Kəblə Əliqulu Müznib, Ağa Rəsul Əttar, Məhəmmədqulu Salik, Aslanxan Kövhər, Nədim və başqaları məçlisin fəal üzvləri idilər.
"Əncüməni-şüəra" ədəbi məclisinin üzvləri yaradıcılıq prinsipi etibarı ilə iki qismə bölünürdülər. Bunlardan bir qismi Sədi, Hafiz, Xəyyam, Nizami, Füzuli, Qövsi Təbrizi kimi klassik Şərq şairlərinin mütərəqqi ənənələrini davam və inkişaf etdirir, ikinci bir qismi isə M. P. Vaqif, Heyran xanım, Q. Zakir, B. Şakir, Bakıxanov Qüdsi və başqa realist sənətkarların ədəbi irsindən bəhrələnərək zamanın tələbindən doğan aktual mövzulara müraciət edirdilər. Bunların yaradıçılığında maarifçiliyə və realizmə meyl daha qüvvətli idi. Bu çəhətdən məclisin M. T. Sidqi, Fəqir Ordubadi, Qüdsi Vənəndi, Məhəmmədqulu Salik, Nəqqaş, Aslanxan Kövhər kimi üzvləri xüsusilə fərqlənirdilər. M. T. Sidqi özünün "Heykəli-insana bir nəzər", "A. S. Puşkin" və başqa əsərlərində ictimai-fəlsəfi problemlərə, rus ictimai fikrinə meyl edir, Fəqir Ordubadi isə lirik şeirlərlə yanaşı, satirik mənzumələr də qələmə alırdı. Məclisin fəal üzvləri klassik poeziyanın bütun formalarına müraciət edir, aşiqanə qəzəllərlə bərabər, realist-tənqidi mahiyyət daşıyan mənzum səfərnamələr, qoşma, gəraylı, bayatı, müxəmməs, müstəzad, qəsidə və məsnəvilər də qələmə alırdılar.
"Əncüməni-şüəra"nın layiqli üzvlərindən biri Usta Zeynalabdin Nəqqaş idi. O, şairliklə yanaşı, nəqqaşlıq sənəti ilə də məşqul olmuş və öz peşəsi ilə əlaqədar olaraq əsərlərində "Nəqqaş" təxəllüsünü işlətmişdir. Onun işlədiyi nəqş və rəsmlər Ordubad, Naxçıvan, Tbilisi, Təbriz və başqa şəhərlərdə indi də mühafizə edilməkdədir.
Bundan başqa "Əncüməni-şüəra" ədəbi məclisində dövrünün ictimai ziddiyyətlərini qələmə alan və realist məzmunlu əsərləri ilə seçilən şairlərdən biri də Qüdsi Vənəndi olmuşdur. Hazırda Qüdsinin iki əlyazma divanı mühafizə olunmaqdadır. Bu divanların hər ikisi ərəb, fars və Azərbaycan dillərində yazılmışdır. Şairin ədəbi irsinin böyük əksəriyyəti qəzəl, qəsidə, mənzum səfərnamə, müstəzad, bayatı, qoşma, gəraylı, təxmis, müxəmməsi-müstəzad və başqa poetik formalarda yazılmış realist məzmunlu ictimai-lirik əsərlərdən ibarətdir. Onun şeirlərinin müəyyən qismində din xadimləri, vaizlər, mollalar, varlı bəylər və xanlar, hətta şəhər qazıları tənqid olunurlar. Şair Naxçıvana, Dərbəndə, Şirvana, Təbrizə etdiyi səfərləri zamanı gördüyü hadisələri, ictimai bərabərsizlikləri qələmə almış, yaşadığı tarixi dövrün tənqidi mənzərəsini vermişdir.
"Əncüməni-şuəra"nın üzvləri Azərbaycanın bir sıra şəhər və rayonlarında yaranan ədəbi məclislərlə də əlaqə saxlayırdılar. Qudsi Vənəndi bu münasibətlə məşhur Qarabağ şairlərindən olan Baba bəy Şakirə mənzum məktubunu yazmış, M.T.Sidqi isə məclisin üzvlərinə məktub göndərərək onlara olan hörmət və məhəbbətini bildirmişdir.
"Əncüməni-şüəra"nın üzvləri öz müasirləri ilə ədəbi əlaqələr yaratdıqları kimi, XIX əsrin Aşıq Rəcəb, Masazırlı Aşıq Həsən, Dilqəm, Əndəlib Qaracadaği kimi aşıq və şairləri də Naxçıvana və Ordubada gəlir, şeirlərində bu yerlərin təbii gözəlliklərini nəzmə çəkirdilər.
Digər tərəfdən məclisin hər hansı bir üzvünün ayrı-ayrı ölkələrə səfəri zamanı qələmə aldığı əsərlər də səfərdən qayıtdıqdan sonra məclisdə oxunur və həmin əsərlərə məclisin digər üzvləri bənzətmə və nəzirələr yazırdılar. Bu cəhətdən Qüdsi Vənəndi ilə Fəqirin yaradıçılıq əlaqələrini xüsusilə qeyd etmək lazımdır. Belə ki, Fəqirin əlyazma divanındakı "Ey bivəfa, qılıb məni divanə gözlərin", "Məcnun kimi qılıb məni divanə tellərin", "Tökülüb zülfi-siyah, arizi-gülnarə dəyər", "Bir pərişan xəmi-zülfündə düşüb darə könül", "Düşmüşəm seyd kimi damdə səyyad əlinə> və s. misralarla başlayan qəzəlləri ilə Qüdsi Vənəndinin səfəri zamanı qələmə aldığı "Könül", "Gözlərin", "Tellərin", "Dəyər", "Əlinə" və s. rədifli şeirləri arasında mövzu cəhətdən yaxınlıq çoxdur. Hətta hər iki şairin şeirlərdə işlətdikləri rədiflər də əsasən eynidir. Lakin maraqlıdır ki, Fəqir mövzu yarışında təqlidçi mövqedə dayanmamış, poetik formalar baxımından orijinal yolla getməyə çalışmışdır. Belə ki, Qüdsinin qoşma şəklində müraciət etdiyi mövzuların müəyyən bir qismini Fəqir qəzəl janrında qələmə almışdır. O, başçılıq etdiyi ədəbi məclisdə özünə tələbkar olmaqla bərabər, başqalarının da əsərlərində yüksək sənətkarlıq arzulayır və bəzən xoşu gəlməyən şeirləri açıqçasına tənqid edirdi. "Dərməzəmməti-Əttar" sərlövhəli qəzəlində şair "Əncüməni-şüəra"nın gənc üzvlərindən olan Ağa Rəsul Əttarı şeir və sənət aləmindəki səriştəsizliyinə görə məzəmmət etmişdir. Bu qəzəldən Fəqirin sənət haqqındakı nəzəri görüşləri barədə də müəyyən məlumat əldə etmək olur. Şairə görə əsl sənət əsəri formalizmdən uzaq olub, məna və məzmun gözəlliyilə poetik ətrə və təravətə malik olmalıdır. Məsələn, o, "Əttar qoymuş adını, şerinin ətri yox"-deyə, Əttarın şerini bəyənmir, onu formalizmdən uzaqlaşmağa sövq edirdi.
Üzüvləri
[redaktə | mənbəni redaktə et]Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əncüməni-şüara Arxivləşdirilib 2008-01-23 at the Wayback Machine