Əsli və Kərəm — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əsli və Kərəm — Azərbaycan məhəbbət dastanları arasında orijinallığı və qeyri-adi sonluğu ilə seçilən "Əsli və Kərəm" dastanı da əsasən məzmun və mahiyyət etibarilə yad təsirə məruz qalmış Azərbaycanın xalq ədəbiyyatı nümunələrimizdən sayıla bilər. Tədqiqatçıların rəyinə görə, "Əsli və Kərəm" dastanı əsasən XVI əsrin əvvəllərində yaranmış və həmin əsrdə də formalaşmağa başlamışdır. "Əsli və Kərəm"in Orta Asiya, Kiçik Asiya və Yaxın Şərqdə orijinal variantları mövcuddur.
H. Araslı, M. Təhmasib, X. Koroğlu, N. Boratav və başqa tədqiqatçılar dastanın Azərbaycanda yarandığını göstərmişlər. Anadolu türk alimlərindən M. F. Köprülü, V. M. Qocatürk, V. C. Aşkun, habelə, Azərbaycanda S. Mümtaz, M. H. Təhmasib və digərləri Kərəmi tarixi şəxsiyyət hesab etmişlər. Amma Kərəmin tarixi şəxsiyyət olmaması haqqında da fikirlər mövcuddur.
Dastanın qısa məzmunu
[redaktə | mənbəni redaktə et]Deyirlər, çox keçmiş zamanlarda bir xan olur, bir də vəziri. Bu vəzirin adı Qara keşiş imiş. Xanın Kərəm adlı oğlu, Qara keşişin də Əsli adında qızı varmış. Onlar böyüyüb bir-birlərini sevirlər. Qara keşiş bu sevgidən xəbər tutan kimi fikrə dalır, iki ayağını bir başmağa qoyub olmaz ki, olmaz deyir. O, hara, mən hara. Mən öz qızımı dinimdən olmayan adama ərə vermərəm.
Xan oğlunun dərdindən hali olub çox sevinir. Qara keşişə sifariş göndərir. Qara keşiş işi belə görüb aradan çıxmağı qərara alır. Gecə ikən barxanasını yığıb külfəti ilə bərabər oradan uzaqlaşır. Ay dolanır, il keçir. Kərəm öz sevgilisindən əl çəkmir. Nəhayət, Qara keşiş onların evlənməsinə icazə verir. Qəlbindəki kinini gizlədib Kərəm üçün bir toy xalatı tikir və ona deyir:
– Kərəm, oğul, mən sənə çox əzab vermişəm, bağışla. Al bu xalatı, toy gecəsi qızın yanına getməzdən əvvəl geyinib öz əlinlə düymələrini açarsan. Ondan sonra qızımla xoşbəxt olarsan.
Toy vurulur. Toy gecəsi Kərəmlə Əsli tək-tənha qalıb birbirinə sarmaşırlar. Kərəm əl atır ki, xalatın düymələrini açsın, düymələr Kərəmin əli dəyən kimi öz-özünə açılır, axırıncıya çatanda təzədən hamısı düymələnir. Kərəm işi başa düşür. Bilir ki, Qara keşiş nə isə onların başına bir bədbəxtlik gətirəcək. Əsli də Kərəmə kömək edir. Bu dəfə isə düymələr açılıb Kərəmin sinəsinə düşür. Kərəm alışıb yanır. Bir göz qırpımında kül olur. Əsli hay-həşir salır, saçlarını süpürgə eləyib Kərəmin külünü ağlaya-ağlaya yığışdırmağa başlayır. Həmin küldən bir qığılcım da qalxıb Əslinin üstünə düşür. O da yanıb külə dönür. Bu vaxt səs-küyə el-oba adamları tökülüşüb gəlirlər. Otaqda bəylə gəlin əvəzinə ikicə topa kül tapırlar. Bilirlər ki, bu, Qara keşişin işidir. Hamı göz yaşı töküb ağlayır, hər iki nakam gənci basdırırlar.
Bir az keçməmiş Qara keşiş də azarlayıb ölür. Onu da Əsli və Kərəmin yaxınlığında basdırırlar. Nakam gənclərin qəbrinin üstündən gül kolları bitib bir-birinə sarmaşır, Qara keşişin də qəbrindən qaratikan boy verib güllərin arasına soxulur. Deyirlər gül kolları Əsli ilə Kərəmin ruhudur ki, o biri dünyada qovuşmaq istəyirlər. Qara keşişin ruhu isə qaratikana çevrilib onların qovuşmalarına mane olmaq istəyir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 219-225.
- Ceyhun Bayramlı, "Dastanlarımıza edilən yad təsirlər", Kitab, Bakı, 2007-ci il.
- Elnur Heydərov. "Folklorşünaslıq məsələləri", BDU Folklor kafedrasının nəşri, V buraxılış, Bakı, 2002