Tərzi Avşar — Vikipediya

Tərzi Avşar
Doğum yeri Tərzlu, Urmiya
Vəfat tarixi 20 mart, 1678
Vəfat yeri Nəcəf
Fəaliyyəti yazıçı, şair
Əsərlərinin dili Azərbaycan dili
Vikimənbənin loqosu Tərzi Avşar Vikimənbədə

Tərzi Avşar Azərbaycani – şair.

Şairin sonrakı tədqiqatçıları əsasən Rzaqulu xan Hidayətin "Məcməül-füsəha"dakı məlumatına istinad etmişlər. Tərzinin poetik irsinin öyrənilməsi və geniş araşdırma dairəsinə daxil edilməsi sahəsində ən mühüm xidmət, şübhəsiz, İran alimi M.Təməddünə məxsusdur. Hələ 1920-ci illərdə o, Berlində çıxan "İranşəhr" jurnalında Tərzi haqqında məqalə ilə birlkidə onun şeirlərindən bəzi nümunələri də dərc etdirmişdir. Şairin divanı üzərində araşdırmalarını davam etdirən M.Təməddün onun bir neçə nüsxə əsasında hazırladığı mətnini müfəssəl giriş sözü ilə 1931-ci ildə Urmiyada çap etdirmişdir. 1959-cu ildə Tehranda həmin divanın ikinci nəşri işıq üzü görmüşdür. Tərzi divanının birinci nəşri tezliklə Y.E.Bertelsin diqqətini cəlb etmiş və o, "Tərzi Əfşar və onun yaradıcılığı" adlı geniş oçerk yazmışdır. Sonralar alimin seçilmiş əsərlərinin beşinci cildinə daxil edilmiş bu oçerk Tərzi yaradıcılığının bəzi mühüm cəhətlərindən (o cümlədən, şairin ana dilində yazdığı şeirlərdən) yan keçməsinə və müəyyən ziddiyyətli məqamlarına baxmayaraq, hələlik şərqşünaslıqda şair haqqında az-çox dolğun təsəvvur verən yeganə mənbə olaraq qalır. Həmid Araslı "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabında Tərzi haqqında verdiyi qısa məlumatı, görünür, məhz bu mənbədən əxz etmişdir.

Tərzinin divanı ilə tanışlıq zamanı diqqəti cəlb edən başlıca cəhətlərlən biri şeirlərinin güclü avtobioqrafik səciyyə daşımasıdır. Məhz bunun sayəsində, yəni şeirlərində olan məlumatları sistemləşdirməklə, onun bioqrafiyasının ümumi mənzərəsini bərpa etmək mümkündür. Əsərlərindən belə məlum olur ki, Tərzi Avşar Səfəvi hökmdarlarından Şah Səfi (1629-1642) və II Şah Abbas Səfəvinin (1642-1666) müasiri olmuşdur. Elə bu da onun XVII əsrin birinci yarısında yaşayıb-yaratdığını söyləməyə əsas verir. Nəsrabadi təzkirəsindəki məlumat XVII əsrin 70-ci illərində şairin artıq həyatda olmadığını göstərir. İstər şairin adından, istərsə də əsərlərindəki çoxsaylı faktlardan onun qədim türk tayfalarından olan Avşar elinə mənsubluğu aydınlaşır. M.Təməddün onun Urmiya yaxınlığındakı Tərzlu kəndindən olduğunu yazır. Lakin bu ehtimal yalnız ad uyğunluğuna əsaslanır. Y.E.Bertels buna şübhə ilə yanaşıb, öz növbəsində əsaslı bir dəlil gətirmədən şairin Təbrizdən olması ehtimalını irəli sürür. Bəzi tədqiqatçıların fikrincə isə "Tərzi" təxəllüsü, şairin "ixtira etdiyi" yeni "tərzlə" – ifadə manerası və üslubla bağlıdır.

Tərzinin əsərlərindən aydın olur ki, onun mənsub olduğu tayfaya münasibəti o qədər də müsbət deyilmiş. Görünür, şairin təbiəti bu tayfada hökm sürən "vurub-yıxmaq" mühitini qəbul etməmiş, odur ki, gənc yaşlarında paytaxt İsfahana köçə bilməsini özü üçün böyük uğur sanmışdır. Sonralar fars dilində yazdığı bəhri–təhvildə bu hissini açıqca bildirmiş, yalnız olduqca səmimi və emosional bir parça ilə vətəndə qalmış qoca atasının həsrətini çəkdiyini ifadə etmişdir: "Ürəyimdə heç bir dərdim yoxdur, qoca atamdan ayrı düşməyimdən savayı. Görəsən, elə bir gün gələcəkmi ki, onun nurani simasını görüm, əlini öpüm və üzr diləyim?! Ey səhər yeli, get, mənim salamımı atama yetir və de: "Tərzi Avşar sənin fərağından o qədər ağlayıb ki, göydəki buludları xəcil edib!"".

Şairin atası ilə görüşüb-görüşmədiyi əsərlərindən məlum olmur. Məlum olan budur ki, saraya yol tapa bilməyən Tərzi saysız-hesabsız səfərlərə başlayır. Bu səyahətlərin xəritəsi müasir oxucunu da heyran qoyur: şair demək olar ki, bütün İranı, Ərəbistanı, Qafqazı gəzmiş, Hindistana, Ruma (Kiçik Asiyaya), hətta Avropaya da gedib çıxmışdır. Bütün bu səfərlər, onlardan alınan təəssüratlar, hətta bəzən onların tarixi şairin şerlərində dəqiq əksini tapıb. Tərzi Gəncədə (burada o, Nizaminin qəbrini ziyarət edib), "Dəşti-ədəm" adlandırdığı Muğan düzündə, bir neçə dəfə Şamaxıda olub, dəfələrlə Ərdəbilə, Təbrizə gedib və bütün səyahətlərinin sonunda İsfahana qayıdıb. O dövrdə bir çox şairlər Hindistana köçdükləri halda, Tərzi İsfahanı üstün tutub, özünün dediyi kimi, "dünya malına görə" Hindistana getməyib.

Tərzi, demək olar ki, bütün ömrünü maddi ehtiyac içərisində keçirmiş, lakin qürurunu sındırmayıb öz yoxsulluğuna ironik münasibətini ifadə edən şeirlər yazmışdır. Bu cəhətdən şairin yaradıcılığı daha bir maraqlı bioqrafik faktı əks etdirir: Tərzinin ağır maddi vəziyyətini görən Şah Səfi ona ayda 9 tümən məbləğində təqaüd kəsir. Şair bu 9 tüməni almaq üçün müvafiq idarələrə düz 9 ay ayaq döyür. (Burada 9 ağca təqaüdünü almaq istərkən övqaf idarəsinin süründürməçiliyi ilə qarşılaşan Füzuli yada düşür). Nəhayət, onuncu ay şair bu vəziyyəti açıqlayan bir rübai ilə Şah Səfiyə müraciət edir və özünəməxsus hazırcavablıqla artıq 9 tüməni 10 tümənlə əvəz etmək vaxtı çatdığını vurğulayır. Bu dəfə Tərzinin bəxti gətirir və o, ayda 10 tümən təqaüd almağa başlayır. Lakin o, bununla kifayətlənməyib tezliklə şaha daha bir rübai göndərir və təqaüdünün 12 tümən məbləğində müəyyənləşdirilməsini xahiş edir. Şair bu istəyini uğurlu bir tərzdə sitayiş etdiyi imamların sayı ilə əlaqələndirmiş və görünür, məqsədinə nail olmuşdu.

II Şah Abbas Tərziyə qarşı daha lütfkar olmuş, şairin özünün yazdığı kimi, "sonsuz səfərlərinə son qoymaq üçün" onu evləndrmiş və sarayda işə təyin etmişdi. Təsadüfi deyil ki, Tərzi II Şah Abbasa çoxlu şeirlər həsr etmiş və onu minnətlarlıqla tərifləmişdir.

Tərzi yaradacılığının ən mühüm və orijinal cəhəti onun özünəməxsus dili, ifadə tərzidir. Şairin yaşadığı əsr, ümumiyyətlə, poeziyada yeni üslub axtarışları dövrü idi. Həmin axtarışlar son dərəcə intensiv, ardıcıl və şüurlu səciyyə daşıyırdı. Tərzinin müasirlərindən Kəlim Kaşani, Saib Təbrizi, Qəni Kəşmiri və b. şairlərin əsərlərində dönə-dönə işlətdikləri "tərz-e noy" və "tərz-e taze" ifadələri məhz bu məqsədin açıqlanmasına xidmət edirdi. Bu ifadələrə Tərzinin şeirlərində də tez-tez təsadüf olunur. Lakin araşdırma göstərir ki, Tərzi yaradıcılığında həmin ifadələr nisbətən fərqli məna yükünə malik idi. Adı çəkilən şairlərin poeziyasında yeni üslub yaradıcılığı daha çox tematik və estetik istiqamətlərdə aparılırdısa, Tərzi həmin işi sırf linqvistik planda həyata keçirirdi. Şairin irsinin ən qabarıq xüsusiyyəti – onun qeyri-adi söz yaradıcılığı da həmin seçimin bilavasitə nəticəsi idi.

Məsələn, şairin Avşarları məzəmmətlə yazdığı məsnəvisində və digər şerlərində Duraq bəy, Qarlı ağa, Yağmur, Çavğun, Gökcə, Yarmış, Daşdəmur, Atluxan, Yoloğlu, Qılınc bəy, Xəncər bəy və s. kimi şəxs adları işlənmişdir.

Tərzinin divanında Azərbaycan dilində bütöv şeirlər də vardır – bunlar bir qəsidə, bir qitə və üç rübaidən ibarətdir.

Tərzi Avşar 20 mart 1678-ci ildə vəfat edib.


Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • Tərzi Əfşar. Divan. Tehran: 1338.
  • Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan. Bakı: 1987.
  • Rzaqulu xan Hidayət. Məcməül-füsəha. Tehran, 1295.
  • Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 132-139.
  • Е.Э.Бертельс. История литературы и культуры Ирана. М.: 1988.
  • Çingizoğlu Ə., Avşar A. Avşarlar. Bakı: "Şərq" nəşriyyatı, 2008, s. 308. ISBN 9757698148