Azərbaycan dilinin qərb dialekti — Vikipediya

Azərbaycan dilinin qərb dialekti
Orijinal adı musurman dili, müsəlman dili, musurmanca, müsəlmanca
Ölkələr Azərbaycan, Gürcüstan, Rusiya
Regionlar

Azərbaycan Azərbaycan:

Rəsmi status yoxdur
Danışanların ümumi sayı 5.000.000
Təsnifatı
Kateqoriya Avrasiya dilləri

Altay dilləri

Türk dilləri
Oğuz dilləri
Azərbaycan dili
Yazı latın əlifbası, lakin yazma norması yoxdur
Dil kodları
Glottolog west2924

Azərbaycan türkcəsinin qərb ləhcəsi, Gəncəbasar ləhcəsi, ya da Azərbaycan dilinin qərb dialekti (yerli ləhcədə danışdıqları dili sadəcə "musurmanca", "musurman dili" adlandırırlar) — hal-hazırda Azərbaycan Respublikasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq bölgələrində işlənən danışıq dili. Azərbaycan dilinin daxilində bir ləhcədir. Qazax, QarabağQarapapaq dialektləri qərb ləhcəsinə aiddir.

Gəncəbasar ləhcəsi Azərbaycan, Gürcüstan, Rusiya ərazisində istifadə olunur.

Bu dialektin cüzi fərqlənən 4 subdialekti var:

"Azərbaycan dialektologiyasının əsasları" kitabına görə qərb ləhcəsinin ədəbi Azərbaycan dilindən fərqləndirən bir sıra xüsusiyyətləri var (subdialektə görə cuzi fərqlər ola bilər)[1]:

  • Çox vaxt sözün birinci hecasında və ərəb, fars mənşəli sözlərdə ə səsinin a səsi ilə əvəzlənməsi: xavar, zayıf, idara, tasdıx və s.
  • Sözün birinci və sonrakı hecasında i sesinin ı səsi ilə əvəzlənməsi: ışıx, ılıx, sıçan, bıldırçın, bıldır, qıymat, qıryat və s.
  • Dodaq ahənginin möhkəmliyi (-ayıb, -əyib yerinə -uyuf, üyüf): qurmuyuf (qurmoyuf), görmüyüf (görmöyüf), üydürüh (üydörüh), otduyurdu (otdordu), burduydu (burdoydu), görsöydü, göröydü və s.
  • Sağır n (Göytürkcə: 𐰭, Əbcəd əlibası: ڭ (Kafi Nun), Kiril əlibası: ң, Latın əlifbası: ñ, ŋ) səsinə geniş yer verilməsi: ataŋ, maŋa, saŋa, aldıŋız və s.
  • Söz ortasında və təkhecalı sözlərin axırında b sesinin v səsi ilə əvəzlənməsi: çovan, qavax, bava, qavır, qav, civ, div və s.
  • Söz ortasında və təkhecalı sözlərin axırında c səsinin j səsi ilə əvəzlənməsi: bajı, baja, qoja, gejə, alajam, gedəjəm, saj, qaj, aj və s.
  • Söz axırında samitlərin karlaşması: boşqap (boşqaf), kənt, papax, almax, ilih, gəlməh, ağaş və s.
  • Söz axırında partlayan b səsinin zaifləşərək sürtünən f səsinə keçməsi: kitaf, alıf, gəlif, taf, saf və s.
  • Söz ortasında və söz axırında v səsinin y səsi ilə əvəzlənməsi: oyçu, toyla, doyşan, yoyşan, buzoy, oxloy və s.
  • Sözün əvvəlində qapalı saitdən əvvəl yh səslərinin düşümü: üh, urd, umrux, umax, uxarı, örməh, ürməh, ışqırmax, ülkməh və s.
  • Saitlə bitən isimlərin təsirlik halda -yı, -yi, -yu, -yü şəkilçilərini qəbul etməsi: qapıyı, kişiyi, quzuyu, sürüyü və s.
  • II şəxs təkdə mənsubiyyət şəkilçili isimlərin yiyəlik halda -yıŋ, -yiŋ, -yuŋ, -yüŋ kimi ifadəsi: atıyıŋ, burnuyuŋ, ütüyüŋ və s.
  • Sifətin müqayisə dərəcəsini bildirən arxaik -rax, -rəh şəkilçilərinin işlənməsi: cındırrax, uzunrax (uzunarax), köhnərəh, gödərəh və s.
  • İndiki zamanın xüsusi -er (-ēr), -or (-ōr), -ör (-ȫr) şəkilçilər ilə ifadəsi: (Bu xüsusiyyətə daha çox Ayrım-Qarapapaq subdialektində təsadüf edilir) aler (alēr), gəler (galēr), quror (qurōr), görör (görȫr) və s.
  • Felin bacarıq şəklinin inkarının -amma, -əmmə şəkilçiləri ilə ifadəsi: yazammadı, görəmmədi, qaçammaz, üzəmməz və s.
  • Sual cümlələrinin əsasən sual şəkilçiləri (-mı4) ilə ifadəsi: oxudunmu? getdinmi? və s.
  • Bu qrup dialekt və şivələr üçün səciyyəvi olan sözlərdən nümunə olaraq aşağıdakıları qeyd etmək olar: arğalı (maral, vəhşi qoç), gap eləməh (danışmaq), təyəlğa, ləvədə (ləqəb), yazı pişiyi (vəhşi pişik), şennih (kənd), muroul (taya), malaza (xirtdək), toy (dümbək), qəlbi (hündür), sōrux (döşəkağı), qorava (üzüm şirəsindən hazırlanan mürəbbə), badağon (pilləkən), tuş (yuxu) və s.
Sözün ortasında və təkhecalı sözlərin axırında C, yoxsa J səsi işlənilir?
Qara: C — bacı, gecə, qoca, bic, ac
Qırmızı: J — bajı, gejə, qoja, bij, aj (Azərbaycan dilinin dialektoloji atlası, 1990)

Türkiyə türkcəsinə oxşarlığı

[redaktə | mənbəni redaktə et]
Azərbaycanca Türkcə Gəncəbasarca
biş- piş- piş-
ye- yi- yi-
çeynə- çiğne- çiynə-
öskür- öksür- öhsür-
asqır- aksır- axsır-
çünki çünkü çünkü
ümid umut umut (umud, ümüd)
radio radyo radyo
iyirmi yirmi yirmi
yəhudi yahudi, cuhut yahudi, cuhut
teatr tiyatro tiyatr
qış kış kış
quş kuş kuş

Başqa türk dilləri ilə oxşarlığı

[redaktə | mənbəni redaktə et]
Ə səsinin A səsi ilə əvəzlənməsi
Ədəbi Azərbaycanca Gəncəbasar ləhcəsi Qumuqca Qırğızca Qazaxıstan Türkcəsi Qaraçay-Balqarca Noğayca
xəbər xavar, xəvər хабар (xabar) кабар (kabar) хабар (xabar) хапар (xapar) хабар (xabar)
zəif zayıf, zəif зайып (zayıp) зайып (zayıp) зайып (zayıp) зайып (zayıp) зайып (zayıp)
xəmir xamır хамур (xamur) камыр (kamır) қамыр (kamır) - камыр (kamır)
təsdiq tasdıx, təstih тасдыкъ (tasdık) тастык (tastık) растық (rastık) тасдыкъ (tasdık) тастык (tastık)


İ səsinin I səsi ilə əvəzlənməsi
Ədəbi Azərbaycanca Gəncəbasarca Türkcə (Türkiyə) Türkməncə Krımtatarca Qaqavuzca
işıq ışıx ışık yşyk ışıq ışık
siçan sıçan sıçan syçan sıçan sıçan
sifət sıfat sıfat sypat sıfat sıfat
qismət kısmət, kısmat kısmet kysmat qısmet kısmet
Sağır N işləməsi (ڭ ,𐰭, ң, ñ, ŋ, ng)
Azərbaycanca Gəncəbasarca Göytürkcə Tatarca Başqurdca Qazaxca Türkməncə
tanrı taŋrı 𐱅𐰭𐰼𐰃 (teŋri) тәңре (təñre) тəңре (təñre) тәңірі (təñiri) taňry
dəniz dəŋiz teŋiz[2] диңгез (diñgez) диңгеҙ (diñgeð) теңіз (teñiz) deňiz
sənin səniŋ 𐰾𐰤𐰃𐰮 (seniŋ)[3] синең (sineñ) Һинең (hineñ) сенің (seniñ) seniň
yeni yeŋi 𐰖𐰮𐰃 (yaŋa/yaŋı)[4] яңа (yaña) яңы (yañı) жаңа (jaña) yaňy
donuz doŋuz 𐱃𐰆𐰮𐰔 (toŋuz)[5] дуңгыз (duñğız) дуңғыҙ (duñğıð) доңыз (doñız) doňuz

Ayrıca qeyd etmək olar ki, /ŋ/ səsini daşıyan bir hərf bütün türk dillərində işlənilir. İstisna yalnız 4 dildir:

  • Ədəbi Azərbaycan türkcəsi: 1938-ci ildən /ŋ/ səsini daşıyan Ŋ ŋ hərfi işlənmir.
  • Türkiyə türkcəsi: Osmanlı əlifbasından latın əlifbasına çevirmə nəticəsində 1 yanvar 1929-cu ildən /ŋ/ səsini daşıyan hərf yoxdur, osmanlı əlifbasında ڭ (ñef) kimi yazılırdı.
  • Qaqavuzca: kirill əlifbası ilə yazılan 1895-ci ildə qaqavuzca ilk mətndə bu səs işlənməyib, ondan əvvəl yazı dili olmayıb.
  • Çuvaşca: kirill əlifbası ilə yazılan 1768-ci ildə çuvaşca ilk mətndə bu səs işlənməyib, ondan əvvəl yazı dili olmayıb.
/B/ səsinin /V/ səsinə dəyişməsi
Azərbaycanca Gəncəbasarca Uyğurca Özbəkcə
sabun savın sovun sovun
xəbər xəvər, xavar xəvər xabar, xavar
baba bava bova buva
qabırğa qavırğa qovurğa qovurg'a
çibin çivin çivin chivin
С hərfinin J hərfinə dəyişməsi Makedoniya türklərində də var:
Makedoniya Türkcəsi bajanak, geje, olajak, gidejek, durajak, okunajak[6]
Gəncəbasar ləhcəsi bajanax, gejə, olajax, gedəjəh, durajax, oxunajax
Ədəbi Azərbaycanca bacanaq, gecə, olacaq, gedəcək, duracaq, oxunacaq

Həmçinin qeyd etmək olar ki bir sıra türk dillərdində (qazax, tatar, başqurd, sibir, qumuq, noğay, qaraqalpaq və s.) C səsi əvəzinə daha çox J səsi işlənilir və ya ümumiyyətlə C səsi yoxdur.

Yiyəlik -yı, -yi, -yu, -yü şəkilçiləri Türkiyə türkcəsində-mı4-nı4 olan şəkilşilərin yiyəsiz analoqu kimi işlənir:
Türkiyə Türkcəsi kapıyı kapa, ölüyü diriltmek, o ayakkabıyı al
Ayrım-Qarapapaq şivəsi qapıyı qayır, ölüyü diritməh, o əkkavıyı al
Ədəbi Azərbaycanca qapını bağla, ölünü diriltmək, o ayaqqabını al
Müqayisə dərəcəsini bildirən -rax, -rəh şəkilçiləri Qıpçaq dillərində (misal üçün, Tatarcada) indi də işlənir:
Tatarca yaxşıraq, ozınraq, iŋleräk
Gəncəbasar ləhcəsi yaxşırax, uzunrax, eŋnirəh
Ədəbi Azərbaycanca daha yaxşı, daha uzun, daha enli
Ayrım-Qarapapaq şivələrini -er (-ēr), -or (-ōr), -ör (-ȫr) şəkilçiləri Qaqavuzcanın -êr/-er şəkilçilərinə oxşarlığı var:
Qaqavuzca o yazêr, o verer[7]; Allaha inanêêrım, popaza inanmêêrım
Ayrım-Qarapapaq o yazēr, o verēr; Allaha inanēram, rahivə inanmēram
Azərbaycanca o yazır, o verir; Allaha inanıram, rahibə inanmıram
Felin bacarıq şəklinin inkar edən -amma, -əmmə şəkilçiləri:
Gəncəbasar Türkcəsi bajarammadı, yazammadı, görəmmədim, üzəmmədin
Türkiyə Türkcəsi beceremedi, yazamadı, göremedim, yüzemedin
Ədəbi Azərbaycanca bacara bilmədi, yaza bilmədi, görə bilmədim, üzə bilmədin
Söz fərqliyi
Azərbaycanca Gəncəbasarca Tatarca Türkməncə Qumuqca Noğayca
mişar pışkı pıçkı byçgy bıçğı pışkı
payız güz köz güýz güz küz
Rusiya Ərəsey, Ursyet Rəsəy Orsýet Aresey (Əresey) Resey
sahib yiyə iyə eýe yes (ye) iye
şərab çaxır şərab çakyr, şerap çağır şağır
əqrəb çayan çayan açýan çayan şayan
xətt sızıx/cızıx sızık çyzyk sızık sızık
çirk kir ker kir kir kir
ev öy öy öý üy üy

Ümumdünya İnsan hüquqları Bəyannaməsi I maddəsinin yazısı Azərbaycan dilinin ədəbi normasında və Gəncəbasar ləhcəsində:

Ədəbi Azərbaycanca Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar.
Gəncəbasar ləhcəsi Pütün insannar ləyəğətnən hüquklarıŋa görə azat həm də baravar doğulullar. Olarıŋ (onnarıŋ) şuurrarınnan vijdannarı var, bir-birrərinə də munasibəttə qardaştıx ruhunda davrammalıdılar.

Məna sürüşməsi

[redaktə | mənbəni redaktə et]

Məna sürüşməsi (bir sözün fərqli mənası) Gəncəbasarcada bir neçə sözdə görünür:

Semantik Dəyişmələr Nümunələri
Gəncəbasar ləhcəsində söz

(Mötərizədə lazımsa ədəbi variantı yazılır)

Sözün Gəncəbasar ləhcəsində mənası Ədəbi dildə işlənən mənası
ayna pəncərə güzgü
gəvə (gəbə) xalça (bütün xalça növləri) böyük xalça
məhrəva (məhrəba) qətfə dəsmal
tel alının üstünə düşən saçlar tük, saç dənəsi
sərgi paltar qurutma asılqanı eksponatların nümayiş edilən yeri
intası (intəhası) lakin axırı, qurtaranı, nəhayət, xülasə

Ləhcə lüğəti

[redaktə | mənbəni redaktə et]

Gəncəbasar lüğətində ədəbi dildə olmayan, olsa da başqa məna daşıyan bir sıra işlənən xüsusi sözlər var:

bılıx inəyin yeni doğulmuş balası
boyl 1) sonra 2) deməli, deyəsən
bozdamaş doğramac
cələ boğaz xəstəliyi
cələf arıq, zəif
coyğa tayfa, nəsil
çalası provokator
çayan əqrəb
çəkuzandı sapand, quşatan
çığnamax tapdalamaq, ayaqlamaq
elti (qardaşların həyat yoldaşları bir birinə "elti" olur)
əpbəh çörək
fəşmi əsas, qanun
hənd divar
qulax istiqamət
mığı ağcaqanad
şeytan ilbiz

Hal-hazırda Gəncəbasar ləhcəsini və bu ləhcədə danışan kəsləri qoruyan qanun yoxdur. 2003-cü ilə kimi, Orfoepiya lüğətinin çıxmasına qədər el içində dil iki yerə ayrılırdı: loru dilikitab dili, lakin orfoepiya lüğəti çıxandan sonra loru dili ədəbi Azərbaycan dilinə zidd oldu. Televiziyada ləhcələrə qarşı propaqanda başladı, Kinematoqrafda satira kimi çox vaxtı ağıllı olmayan qəhrəmanlar Gəncəbasar dilində danışır və nəticədə ələsalmadan qaçaraq təziq altında Azərbaycan əhalisi bu ləhcədən az işlədir, lakin Rusiyada bu ləhcədə danışan adamlar Azərbaycan televiziyasına baxmadığına görə bu propaqandaya uğramırlar. Başqa dövlətlər təcrübəsində ləhcə diskriminasiyası əşkarlanması var, beynəxalq hüquqda buna "linguisticism" deyirlər və bir sıra ölkələrdə, misal üçün ABŞ-də, ləhcə diskriminasiyasına görə cinayətkarlar 5 ilə kimi azadlıqdan məhrum edilirlər.

Rəsmiləşdirmə çalışmaları

[redaktə | mənbəni redaktə et]
  • 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası, Folklor İnstitutu Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələrini yerli dillərlə yazılaraq çap etdi[8]
  • 10 dekabr 2018-ci ildə Pavel Durovun Telegram mesajlaşma uyğulamasında (messenger) özəl dillər (custom languages) funksiyası təqdim olundu[9], və bir sıra uydurulmuş dillər (Kliqon, Yuxarı Valerian və s.), ləhcələr, həmçinin, Gəncəbasar Türkcəsində ("gencebasarca" kodu ilə[10]) də tərcümə başlandı. Hal-hazırda Telegram'ı Gəncəbasar ləhcəsində işlətməsi mümkündür[11]
  1. Məmmədağa Şirəliyev, Azərbaycan dialektologiyasının əsasları, 2008
  2. http://altaica.ru/LIBRARY/turks/dts.pdf Arxivləşdirilib 2021-05-10 at the Wayback Machine Древнетюркский словарь, 1969, s.552
  3. http://bitig.org/index.php?lang=k&mod=1&tid=3&oid=72&m=0 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine Талас VIII бітіктасы, Börtil esiz seniŋ (e) Özüge q…
  4. http://bitig.org/index.php?l=J&wi=818&lang=k&mod=3 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine Новый 𐰖𐰮𐰃
  5. http://bitig.org/index.php?l=T&wi=162&lang=r&mod=3 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine toŋuz — кабан, свин
  6. Ünal ŞENEL, III. ULUSLARARASI BALKANLARDA TÜRK VARLIĞI SEMPOZYUMU BİLDİRİLERİ, I. CİLT, 2012
  7. http://knowledge.su/g/gagauzskiy-yazyk Arxivləşdirilib 2019-07-17 at the Wayback Machine По закону гармонии гласных (смотри Сингармонизм), аллофон ê является коррелятом гласного е в глагольном аффиксе настоящего времени -êr/-er: yazêr ‘пишет’, verer ‘даёт’
  8. Azərbaycan Folkloru Antologiyası, Bakı – "Nurlan" – 2012
  9. https://telegram.org/blog/translations-iv2 Arxivləşdirilib 2020-12-09 at the Wayback Machine Custom Languages, Instant View 2.0 and More
  10. https://translations.telegram.org/gencebasarca/ Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine Anyone can switch their Telegram interface to Turkish (Ganjabasar) by following this link
  11. https://t.me/setlanguage/gencebasarca Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine Change Language: Turkish (Ganjabasar) Opening this link will translate the interface of Telegram to a different language. You can change the language back in Settings.