Nəbi Xəzri — Vikipediya

Nəbi Xəzri
Nəbi Ələkbər oğlu Babayev
Doğum adı Nəbi Ələkbər oğlu Babayev
Təxəllüsü Nəbi Xəzri
Doğum tarixi 10 dekabr 1924(1924-12-10)
Doğum yeri
Vəfat tarixi 15 yanvar 2007(2007-01-15) (83 yaşında)
Vəfat yeri
Vəfat səbəbi insult
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti şair, yazıçı, ssenarist, dramaturq, publisist, tərcüməçi, nasir
Fəaliyyət illəri 1945–2007
Janr poema
Üzvlüyü
Mükafatları
"Azərbaycan SSR xalq şairi" fəxri adı — 1984 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1979 SSRİ Dövlət mükafatı — 1973 Azərbaycan SSR Dövlət mükafatı — 1982 Ümumittifaq Lenin komsomolu mükafatı — 1968
"İstiqlal" ordeni — 2004 "Şöhrət" ordeni — 1995
"Lenin" ordeni — 1984 "Qırmızı əmək bayrağı" ordeni — 1974
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) (10 dekabr 1924, Xırdalan, Bakı qəzası15 yanvar 2007, Bakı) — Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı.

Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873–1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882–1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. 20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. O, 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür. 1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957–1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958–1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965–1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971–1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur.

Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.

Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr vermişdir. Poeziyasının dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə bəstəkarların müraciət etmələri üçün zəmin yaratmışdır. Xalqımızın tanınmış sənət ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi mədəniyyətinin inciləri sırasına daxil olmuşdur.

Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.

Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə — "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.

"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir.

Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək, Tehranda nəşr edilmişdir.

Şeirlərinə yazılmış mahnılar

[redaktə | mənbəni redaktə et]

● 1972-ci ildə Nəbi Xəzrinin yaradıcılığına Zirvə buludu adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

Bakı, Sumqayıt, Şirvan, Beyləqan, YevlaxXankəndi şəhərlərində küçələrdən biri Nəbi Xəzrinin adını daşıyır.

● 9 sentyabr 2024-cü ildə Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.[4][5]

  1. Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
  3. N.Ə.Babayevin "Şöhrət" ordеni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 dеkabr 1995-cü il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  4. "Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM". Report İnformasiya Agentliyi (az.). 2024-09-09. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.
  5. "Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-09.