Əbdürrəhim bəy Haqverdiyev — Vikipediya

Əbdürrəhim bəy Haqverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 17 (29) may 1870[1][2]
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1933(1933-12-11) (63 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti yazıçı, dramaturq, tərcüməçi, siyasətçi, publisist

Təltifləri "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1929
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (17 (29) may 1870[1][2], Ağbulaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası11 dekabr 1933, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı və dramaturqu, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1929). Azərbaycan ədəbiyyatının klassiki hesab olunan Əbdürrəhim bəy Haqverdiyev Birinci Rus Dumasının Azərbaycandan deputatı, Gürcüstan Parlamentinin deputatı, "Leyli və Məcnun" operasının premyerasında ilk dirijor, Teatr Şurasının təsisçisi və birinci rəhbəri, Yazıçılar İttifaqının üzvü, "Molla Nəsrəddin" jurnalının yazarlarından biri olmuşdur.

Əbdürrəhim bəy Haqverdiyev 4 may 1870-ci ildə Şuşa şəhərindən 20 km məsafədə yerləşən Ağbulaq kəndində anadan olmuşdur. Atası Əsəd bəy, qəza idarəsində katib kimi çalışırdı. O rus və fars dillərini bilən, savadlı bir adam idi. Əbdürrəhim bəy üç yaşında olarkən atası vəfat edir. Onu əmisi Əbdülkərim bəy öz himayəsinə götürür. Anası Hüsnü Cahan xanım isə üç il sonra kənd məmuru Həsənəli bəy Sadıqbəyovla evlənir. Əbdülkərim bəy bu evliliyə qarşı çıxmış, bu səbəbdən Əbdürrəhimi uzun müddət anasından uzaq tutmuşdur. Əsəd bəyin böyük qardaşı olan Əbdülkərim bəy də varlı və savadlı bir şəxs idi.1875-ci ilin payızında Əbdülkərim bəy də dünyasını dəyişir. Əmisinin faciəli ölümü Əbdürrəhimi çox təsirləndirmişdir. Əmisinin evində olarkən artıq yengəsi və onun qardaşının əziyyətinə məruz qalan Haqverdiyev, bir gün evdən qaçaraq anasının yanına getmiş və ögey atası Həsənəli bəy onu öz doğma oğlu kimi qəbul etmişdir. Haqverdiyev bu barədə xatirələrində belə deyir:

“Neçə sənə əmimin evində qalmaq mənim üçün əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaşa anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu.”

Həsənəli bəy Əbdürrəhimin təhsili ilə şəxsən özü məşğul olmuşdur. Rus dilini bildiyi üçün Əbdürrəhimə Rus əlifbasını da ilk dəfə özü öyrətmişdir. Əbdürrəhimin ailədə özündən başqa Nabat adlı bir bacısı da var idi. Nabat hələ uşaq ikən çayda boğularaq ölmüşdür.

Yazıçının ilk bioqraflarından olan Kamran Məmmədov yazır:

“Əbdürrəhimin səkkiz yaşı vardı... İsti yay günlərindən biri idi. Həsənəli bəy Sadıqbəyovun ailəsi qonşu ailələrlə bir neçə gün idi ki, Şuşadan yaxın yaylağa, çay kənarına köçmüşdülər. Günortaya az qalmışdı. Kişilər böyürtkən yığmağa getmişdilər. Kişilərin getməsindən istifadə edən qadınlar və uşaqlar çayda çimirdilər. Əbdürrəhimlə Nabat da bunların arasında idi... Birdən-birə hava qaraldı, göyün üzünü qara buludlar bürüdü, şıdırğı yağış yağmağa başladı. Az keçmədi ki, nərilti ilə gələn güclü sel hər tərəfi bürüdü... Bir əli ilə kiçik Nabatın, o biri əli ilə Əbdürrəhimin əlindən yapışan Hüsnücahanı süpürləyib çaya saldı. Qadın özü də bilmədən uşaqların əlini buraxıb qışqırmağa başladı... Kişilər özlərini yetirib hər üçünü güc-bəla ilə cilovsuz selin-suyun ağzından qurtardılar. Nabat boğulmuşdu...Bacısının faciəli ölümündən sonra Əbdürrəhim heç bir uşaqla oynamır, həmişə tək gəzirdi. Bəzən də atalığı Həsənəli bəy hara getdi, onu özü ilə aparırdı.”

1880-ci ilin may ayında Həsənəli bəy müflis olduğu üçün ailəsi ilə birgə Şuşa şəhərinə köçür. Əbdürrəhim burada Yusif bəy Məlikhaqnəzərovun müvəqqəti yay məktəbində təhsil almağa başlayır. Buradaki təhsil məktəbə hazırlıq məqsədi daşıyırdı. Yusif bəy ögəy atası Həsənəli bəydən sonra Haqverdiyevin təhsilində əsas rol oynayan ikinci şəxsdir. Əbdürrəhim həmin ilin sentyabr ayında imtahan verərək şəhər məktəbinə daxil olur və bir il müddətinə burada oxuyur. 1881-ci ilin oktyabr ayında Şuşada yeni açılan rus dilli realni məktəbə daxil olur və burada rus dilində təhsil almağa başlayır. Bu zaman Yusif bəy də burada müəllim işləyirdi. Onun teatra böyük marağı varidi və hər yay Şuşaya dincəlməyə gələn müəllim və tələbələrin köməyi ilə teatr tamaşaları təşkil edirdi. Haqverdiyevin teatrla ilk tanışlığı da məhz bu tamaşaların birində olmuşdur. O öz xatirələrində bu barədə yazır:

“1884-cü ildə, 14 yaşında ikən bir dəfə teatra getdim. Mirzə Fətəlinin ‘Xırs quldur basan’ piyesini oynayırdılar. Teatrda pərdə açılmayınca, mən bu əqidədə idim ki, fokus göstərəcəklər. Pərdə açıldı. Bir də baxdım ki, müəllimlik Yusif Bəy əynində çuxa, başında Buxara papağı, belində xəncər, əlində tüfəng səhnədə dayanb igidlikdən dəm vurur. Get-gedətanıdığım müəllimlərin birini arvad libasında, birinin polis libasında görüb, teatrın və komediyanın nə olduğunu anladım.”

Tamaşadan təsirlənən Haqverdiyev Mirzə Fətəli Axundovun Hacı Qara əsərinə bənzər kiçik həcmli Hacı Daşdəmir hekayəsini yazıb müəllliminə təqdim edir. Yusif bəy əsəri oxuyub öz məsləhətlərini vermişdir.

1890-cı ilin avqust ayında Əbdürrəhim bəy Haqverdiyev Tiflisə getmiş, burada "Realni Məktəb"in son sinfində təhsilə başlamışdır. Həmin dövrdə Qafqazın mədəniyyət mərkəzi olan Tiflis, Rusiya İmperiyasının məşhur teatr şəhərlərindən birinə çevrilmişdir. Haqverdiyev Tiflis teatr səhnəsində rus və Avropa dramaturqlarının əsərlərini izləmiş və peşəkar teatrla tanış olmuşdur. Haqverdiyevin ədəbi fəaliyyətə başlamasında Tiflis mühitinin böyük təsiri olmuşdur. 1891-ci ildə Tiflisdə "Realnı Məktəb"i bitirən Haqverdiyev ali təhsil almaq üçün Peterburqa getmişdir. O, sənədlərini Dövlət Əmlakı və Torpaqşünaslıq Nazirliyinin Dağ – mədən İnstitutuna vermiş, lakin 1891-ci ildə ali məktəbə qəbul ola bilməmişdir. Əbdürrəhim bəy Peterburqda qalaraq şəhərin mədəni həyatı ilə yaxından tanış olmağa başlamış və 1894-cü ildə sənədlərini yenidən Dağ-mədən İnstitutuna vermişdir. Bu dəfə Dağ-mədən İnstitutunun direktoru Ə.Haqverdiyevin sənədlərini “1894-cü il avqust ayının 27-də 1675№-li təliqə ilə Yol Mühəndisləri İnstitutunun direktorunun adına göndərmiş və Əbdürrəhim bəy II Aleksandrın Yol Mühəndisləri İnstitutuna qəbul edilmişdir. Beləliklə, Peterburqda II Aleksandr Yol Mühəndisləri İnstitutunda təhsilə başlasa da, onun ədəbiyyata olan marağı təhsilini yarımçıq qoymasına səbəb olur. Bundan sonra Haqverdiyev Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin dinləyicisi kimi dərslərdə iştirak etmişdir. O, Peterburqda olduğu səkkiz il ərzində dil və ədəbiyyatla bağlı mövzularda ciddi tədqiqatlar aparır. Peterburq ədəbi mühiti Haqverdiyevin özünü inkişaf etdirməsi baxımından çox mühüm rol oynamışdır. Burada "Aleksandrinski" teatrında izlədiyi tamaşalar onun teatra olan marağını daha da artırmışdır. Ədib tərcümeyi-halında yazırdı: “1891-ci sənədə Peterburqa gedib orada birinci dəfə mükəmməl teatro gördüm. O vaxt Aleksandrinski teatrosunun ən parlaq vaxtı idi. Davıdov, Varlamov, Komissarjevskaya, Dalski kimi dahilər işləyirdilər. Aleksandrinski teatrosu bilmərrə məni öz kamına çəkdi. Bir həftə olmazdı ki, mən teatroya getməyəydim. Bəzən həftədə iki dəfə gedirdim. Teatro ucuz idi. Otuz iki qəpiyə mükəmməl tamaşa edib həzz almaq olurdu”.

Gənc yazar burada özünün ilk teatr əsərlərini "Yeyərsən Qaz Ətini, Görərsən Ləzzətini" (1892) və "Dağılan Tifaq" (1896) yazmışdır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bəzi hekayələri

Ata və oğul, Ayın şahidliyi, Xortdanın cəhənnəm məktubları, Mozalanbəyin səyahətnaməsi, Bomba, Marallarım, Müqəddimə əvəzinə, Mütrüb dəftəri, Şikayət, Dəccalabad, Yaşılbaş sona, Qiraət, Şəbih, Pir, Tənqid, Acından təbib, Şeyx Şəban, Həmşəri pasportu, Röya, Mirzə Səfər, Keçmiş günlər, Uca dağ başında, Seyidlər ocağı, Qəndil, Çeşmək, Haqq Mövcud, İt oyunu, Diş ağrısı, Qoca tarzən, Kapitalizmlə mübarizə, Qaban, Söhbət, Müsibət, Ovçu Qasım, Qisas, Pristav və oğru, İanə, Yeni təbabət, Sarı toyuq, Koroğlu.Ümumi 80-dən çox hekayəsi var.

Bəzi məqalələri

Bizim yabılığımız, Tənqidə tənqid, İki il, Təcəttüri-nisvana dair, Müsəlmanlarda teatro, Beş il, "Pəri cadu" haqqında qeydlər, Artistlik sənəti haqqında, Abbas Mirzə Şərifzadə haqqında, Mirzə Fətəlinin faciəsi, Ədəbi dilimiz haqqında.

Filmoqrafiya

  • Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Əbdürrəhim bəy Haqverdiyevin ictimai və fəlsəfi fikirləri (http://dx.doi.org/10.13140/RG.2.2.28522.75203)
  • "Qarabağın görkəmli şəxsiyyətləri:Əbdürrəhim bəy Haqverdiyev (1870-1933)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
  • Əbdürrəhim bəy Haqverdiyevin seçilmiş hekayələri macar dilinə tərcümə edilib Arxivləşdirilib 2014-10-09 at the Wayback Machine
  • Ədəbi-ictimai və pedaqoji fikir tariximizdə müstəsna yer tutan ədib — Haqverdiyev — 150