Azərbaycan atalar sözləri və məsəlləri — Vikipediya

Azərbaycan atalar sözləri[1] və məsəlləriAzərbaycan şifahi xalq ədəbiyyatının ən qədim və zəngin növlərindən biri.

Tarixi[redaktə | mənbəni redaktə et]

Atalar sözləriməsəllər danışdıqda çox işlənən qısa, dərin mənalı və bitkin ifadələrdir. Bunlar xalq müdrikliyinin, xalq zəkasının, xalqın həyat təcrübəsinin bədii ifadəsidir. Azərbaycan dilinin aydınlığı, qısa, yığcam şəkildə dərin məna ifadə etmək kimi gözəl xüsusiyyətləri atalar sözlərində özünü yaxşı əks etdirir. Başqa növlər kimi, atalar sözləri də müxtəlif dövrlərdə, müxtəlif şəraitdə yaranmışdır. Buna görə də o, müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Ona görə də atalar sözü və məsəllərə ruslar ibrətamiz söz, qanadlı söz, qızıl söz, yunanlar və romanlılar hakim fikirlər, italyanlar xalq məktəbi, ispanlar ruhu təbiəti, ingilislər və fransızlar təcrübənin barı və s. adlar vermişlər.

Atalar sözü və məsəllər bir-birinə çox yaxındır. Bunları biri-birindən ayırmaq çox vaxt hətta çətin olur. Lakin bunları fərqləndirən cəhətlər də vardır. Bəzi tədqiqatçılar bu fikirləri onların qrammatik quruluşunda görmüş, bəziləri həcmdə kiçik və böyük olmalarını qeyd etmişlər. K.D.Uşinski, M.A.Rıbnikova kimi məşhur pedaqoq və metodistlərin, İ.V.Dal, F.J.Buslayev və Q.Sokolov kimi məşhur rus alim və folklorşunasların fikrincə məsəllərdə atalar sözündəki kimi dərin, hikmətli fikirlər vardır, lakin bu hələ bitməmiş, püxtələşməmiş, kamilləşməmişdir. Xalq ifadəsi ilə demiş olsaq, məsəllər hələ "çiçək" olduğu halda, atalar sözləri meyvədir. Məsələn: "Aranda tutdan, dağda quruddan" - məsəldir. "Aranda tutdan olduq, dağda quruddan" - atalar sözüdür; "Elə bil tünd sirkədir" - məsəldir, "Sirkə nə qədər tünd olsa, öz qabını çatladar" - atalar sözüdür.

Məlum olduğu üzrə hələ XIX əsrin ortalarından başlayaraq ibtidai məktəbin ana dili və qiraət kitablarında atalar sözü və məsəllərə olduqca geniş yer verilmişdir. Onu da qeyd etməliyik ki, hətta atalar sözləri və məsəllər hələ sistemli şəkildə toplanana qədər çox qədim zamanlardan başlayaraq yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin diqqətini cəlb etmişdir. Nizami Gəncəvi, Xaqani Şirvani, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa sənətkarların əsərlərində bu və ya digər dərəcə külli miqdarda Azərbaycan atalar söz və məsəlləri işlətmişdir. Eləcə də bir sıra klassik yazıçılarımız öz əsərlərinin adlarını atalar sözləri və məsəllərdən götürmüşdür. Məsələn: Nəcəf bəy Vəzirovun "Arxadan atılan daş topuğa dəyər", "Sonrakı peşmançılıq fayda verməz", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Yeyəsən qaz ətini, görərsən ləzzətini", Rəşid bəy Əfəndiyevin "Qonşu-qonşu olsa, kor qız ərə gedər" və s.

Şifahi xalq ədəbiyyatının ən yığcam janrlarından biri olan atalar sözü və məsəllər təlim-tərbiyə nöqteyi-nəzərindən olduqca qiymətli materialdır. Tərbiyənin əsasını təşkil edən bütün cəhətlər (vətənpərvərlik, əməyə məhəbbət, kollektivçilik, mübarizlik, sədaqət, böyüklərə hörmət, elmə, biliyə həvəs və s.) üçün yüzlərlə atalar sözləri vardır. Atalar sözləri və məsəllərin çoxu zəhmətkeş xalq tərəfındən yaradılmışdır. Buna görə də onlarda xalqın keçmişlərindəki ağır əməyi və yoxsulluğu haqqında daha çox danışılır, hakim siniflərə, istismarçılara qarşı dərin nifrət və etiraz ifadə edilir:

" Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş. "
" Bəylə bostan əkənin tağı çiynində bitər. "

Şifahi xalq ədəbiyyatının başqa növlərində olduğu kimi, atalar sözləri və məsəllərdə də xalq öz düşmənlərini çox zaman ilan, əjdaha, qurd sifətində göstərmişdir:

" İlanın ağına da lənət, qarasına da "

Atalar sözləri və məsəllərdə namərdlik, ikiüzlülük, hiyləgərlik, paxıllıq, tamahkarlıq, xəsislik kimi murdar-pis sifətlər pislənir, mərdlik, doğruçuluq, igidlik təriflənir:

" Tazıya tut deyir, dovşana qaç "
" Artıq tamah baş yarar, Daş qayıdar baş yarar "
" İgid basdığını...kəsməz "
" Əmanətə xəyanət yoxdur "
" İgid ölər adı qalar, müxənnətin nəyi qalar? "

Atalar sözləri ilə məsəllər bir-birinə oxşayır. Çox zaman bunları bir-birindən seçmək çətin olur. Lakin atalar sözləri ilə məsəllər arasında fərqlər vardır. Əsas fərq bundan ibarətdir ki, atalar sözləri bitmiş bir fikir ifadə edir, tərbiyəvi-əxlaqi nəticə verən bir cümlə və ya hökm şəklində olur: Aşıq qoşmalarından, bayatılarından, lətifələrindən də atalar sözləri sırasına keçmiş misra və cümlələr vardır. XI əsrin yadigarı olan "Kitabi-Dədə Qorqud" dastanlarından da atalar sözlərinin nümunələri vardır: "Kül təpəcik olmaz" ; "Əski pambıq bez olmaz"; "Ölən adam dirilməz"; "Qarı düşmən dost olmaz"; "Çıxan can geri gəlməz"; "Yer qatı, göy iraq". Böyük sənətkarlar öz əsərlərinin çox zaman xalq yaradıcılığından istifadə edərək zənginləşirlər .Atalar sözlərindən yazıçılar fikri yığcam, mənalı ifadə etmək bacarığını öyrənirlər. Nizami Gəncəvi öz əsərlərində dastan və nağıllarımızdan çox istifadə etmişdir. Onun əsərlərində yüzlərcə atalar sözləri vardır. Nizaminin əsərlərində aşağıdakı atalar sözlərinə rast gəlmək olar:

" Özgəsinə quyu qazan özü düşər "
" Əyri oturaq, düz danışaq "
" İsinmədim istisinə, kor oldum tüstüsünə "
" Pişik balasını istədiyindən yeyər "
" Heç kəs öz ayranına turş deməz" "

İstifadə olunması[redaktə | mənbəni redaktə et]

Atalar sözləri müxtəlif yerlərdə, müxtəlif zamanlarda yaranıb ağızlarda dolaşdığı üçün hər kəs onu bir cür söyləyir, danışıq zamanı öz sözünü qüvvətləndirmək üçün ondan məqsədəuyğun şəkildə istifadə edir. Atalar sözləri və məsəllərin yaranması və inkişafı bu gün də davam etməkdədir. Məktəblərdə aşağı siniflərdə iş-əmək, böyüklərə, şikəstlərə hörmət, səliqə-təmizlik, doğruçu olmaq və s. öyrədilirsə, yuxarı siniflərdə və adi məktəblərdə bu iş daha da mürəkkəbləşir. Burada atalar sözlərinin mənşəyi, bədii xüsusiyyətləri və s. haqqında verilən məlumat canlı misallarla əyaniləşdirilməli və gənclərin özləri fəal işə cəlb olunmalıdır. Yəni əmək, bəzi din formasına qarşı mübarizə, istismarçı sinfə qarşı etiraz, qadınlara müsbət və ya mənfi münasibət və başqa mövzularda çox maraqlı dərs təşkil etmək olar. Nəzər salsaq bəzi atalar sözü və məsəllərdə xalqın din nümayəndələrinə münasibəti necə də aydınlaşır. Xalqı çapıb talayan, şəriət pərdəsi altında iyrənc işlər görən fırıldaqçı mollalar, seyidlər kəsgin tənqid atəşinə tutulur. Məsələn: "Mollanın qarnı beşdir, həmişə biri boşdur", "Aşığınkı haynan, mollanınkı vaynan", "Molla çörəyi, ilan ayağı görünməz", "Molla xana qoşuldu, xalqın evi yıxıldı", "Aşı mollanın, başı mollanın, altından da beşi mollanın", "Molla halvanı gördü, Quranı unutdu", "Mollanın evi o vaxt yıxılır ki, iki yerə qonaq çağırırlar" və s. Atalar sözləri və məsəllərdə biz xalqın əməyə, zəhmətə, namusla işləməyə böyük səy və həvəsinin ifadə olunduğunu görürük. Məsələn: "İşləməyən dişləməz", "İş adamın cövhəridir", "Əldən qalan əlli il qalar", "Zəhmət çəkməyən bal yeməz", "Könlü balıq istəyən ayağını suya salar", "El gücü, sel gücü", "Cəfa çəkməsən, səfa görməzsən" və s. Vətənə məhəbbət mövzusu da Azərbaycan atalar sözlərində mühüm yer tutur. Məsələn: "Vətənə gəldim, imana gəldim", "Hər kəsə öz vətəni əzizdir", "Doğma yurd şirin olar", "Vətən viranə olsa, yenə cənnətdir", "Qürbət cənnət olsada, yenə vətən yaxşıdır" və s. Atalar sözlərində dostluq, qardaşlıq, mehribanlıq kimi gözəl keyfiyyətlər təbliğ olunur: "Duz çörək, düz çörək", "Bir görən yoldaş, iki görən qardaş", "Tikə ilə dost olan aylarla küsülü olar", "Dil var bal gətirər, dil var bəla", "Dost yaman gündə tanınar", "Köhnə dost düşmən olmaz", "Dost yolunda boran olar, qar olar", "Dost gəlişi bayram olar", "Dost min isə azdır, düşmən bir isə çoxdur" və s. Atalar sözlərinin çoxusu həyatı təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi nümunələrdir. Bunlar əsrlər boyu pis, yaxud yaxşı işlər görülərkən çıxarılan nəticələrdir. Atalar sözlərində nadanlıq, paxıllıq, xəyanət, ikiüzlülük, qorxaqlıq pislənir, elmə, sənətə, anaya məhəbbət, dostluq hummanizmə ağıllılıq kimi gözəl keyfiyyətlər isə təbliğ edilir: "Elm ağılın çırağıdır", "Savadsız adam kor kimidir", "Sənət insanın xəzinəsidir", "Bir ağıllı baş, min baş saxlar", "Uşaq əziz, tərbiyəsi ondan əziz", "Ağıl yaşda deyil, başdadır", "Tək əldən səs çıxmaz", "Yüz ölç, bir biç", "Hər şeyin təzəsi, dostun köhnəsi", "Anlayana qul ol, anlamayana ağa olma", "Acıqlı başqa ağıl olmaz" və s. Bu tipli atalar sözləri üzərində gəncləri düşündürmək, xalqın yaratdığı bu ağıllı sözlərdən düzgün nəticə çıxarmağa onları alışdırmaq lazımdır. Eyni zamanda bilavasitə məktəb həyatı, gənc nəslin tərbiyəvi təlimi ilə əlaqədar olan atalar sözlərinin üzərində aparılan planı iş gənclərin daha ədəbli, daha nəzakətli, ataya-anaya və ümumiyyətlə böyüklərə qarşı daha mehriban olmalarına, pis adamlardan uzaq qaçmalarına, yalan danışmalarına, daha səylə oxumalarına səbəb olar.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Atalar sözü, toplayanı Ə. Hüseynzadə, Bakı, 1949,1956, 1981.
  2. Atalar sözü, ağlın gözü, Bakı 1976.
  3. Hikmətli sözlər, Uşaqgəncnəşr, 1961.
  4. İraq-Kərkük atalar sözləri, Bakı 1978.
  5. Azərbaycan filologiyası məsələləri, III buraxılış, Bakı 1991.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. А. П. Векилов. Народная поэзия Азербайджана / Под ред. Ф. Я. Прийма. — Л.: Советский писатель., 1978. — Т. 2. — С. 31-34. — 448 с.