Nəriman Həsənzadə — Vikipediya

Nəriman Həsənzadə
Doğum tarixi 18 fevral 1931(1931-02-18) (93 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti yazıçı, şair, dramaturq, nasir, tərcüməçi, redaktor
Mükafatları "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 2005 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1981
"Şərəf" ordeni — 2011 "Şöhrət" ordeni — 2001 "İstiqlal" ordeni — 2021 "Heydər Əliyev" mükafatı — 2017"Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Şərəf nişanı" ordeni
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017),[1] "İlin şairi" makafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir.

Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il burada təhsil alıb, Bakıya qayıdır. 1962–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1965-ci ildə "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976–1990) vəzifələrində işləmişdir. 1975-ci ildə Belarusiya SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı və medal ilə təltif olunmuşdur. SSRİ yazıçıları Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olmuşdur. 1991–2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 221 saylı sərəncamı ilə Mətbuat və İnformasiya nazirini əvəz etmişdir. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının "Humanitar fənlər kafedrası"nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında katibliyin qərarı ilə Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilmişdir (2004). 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. Müstəqil Azərbaycan Respublikasının "Şərəf" ordeni (2011)[2] ilə təltif olunmuş və 2002-ci ildə Fərdi prezident təqaüdünə layiq görülmüşdür.[3]

18 fevral 2021-ci ildə ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif edilib.[4]

Bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır. 1992-ci ildə Türkiyənin Böyük Millət Məclisində və Beynəlxalq konqresində xalq deputatı kimi nümayəndə heyəti adından çıxışlar etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülmüşdür. Xalq şairi Nəriman Həsənzadənin xarici mətbuat səhifələrində "Vətənsiz" (Rumıniya, 2009) və "Nuru Paşa" (Türkiyənin 9 jurnalında) poemaları dərc edilmişdir.

"Kayseri poeziya günləri"ndən (Türkiyə, 2009) şair yüksək təəssüratlar və ödüllərlə qayıtmışdır. N. Həsənzadə ilin şairi elan olunmuş, ona "Uğur — 2009" diplomu verilmişdir. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.[5][6]

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.[7] 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.[8]

2023-cü ilin iyun ayında gözündən əməliyyat olunub.[9]

  1. Dostlar gözləyir məni. Bakı: Uşaqgəncnəşr, 1956
  2. Qız ürəyi. Bakı: Uşaqgəncnəşr, 1957
  3. Haradasan. Bakı: Uşaqgəncnəşr, 1959
  4. Qaraca Çobanın hekayəti. Bakı: 1960
  5. Sizdən ayrılmadım. Bakı: Uşaqgəncnəşr, 1961
  6. Könlüm şer istəyir. Bakı: Azərnəşr, 1964
  7. Yadına düşəcəyəm. Bakı: Azərnəşr, 1966
  8. Nəriman. Bakı: Azərnəşr, 1968
  9. Niyə demədiniz. Bakı: Gənclik, 1970
  10. Zümrüd quşu. Bakı: Gənclik, 1973
  11. Mənim gecəm-gündüzüm. Bakı: Gənclik, 1973
  12. Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1974
  13. Zümrüd quşu. Bakı: Gənclik, 1976
  14. Nəriman. Bakı: Yazıçı, 1978
  15. Sən bağışladın. Bakı: 1979
  16. Bir az möhlət istəyirəm ömürdən. Bakı: 1981
  17. Fikir eləmə. Bakı: Gənclik, 1982
  18. Kimin sualı var. Bakı: Gənclik, 1984
  19. Nabat xalanın çörəyi. Bakı: Gənclik, 1986
  20. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987
  21. Mənim nikahımı pozdu təbiət. Bakı: Yazıçı, 1989
  22. Bütün millətlərə. Bakı: Yazıçı, 1991
  23. Taleyin töhfəsi. Bakı: Gənclik, 1993
  24. Gəlimli-gedimli dünya. Bakı: Şərq-Qərb, 1995
  25. Pompeyin yürüşü. Bakı: "Azərbaycan ensiklopediyası", 1995
  26. Seçilmiş əsərləri. Bakı: Şərq-Qərb, 2004
  27. Poylu beşiyim mənim. Bakı: 2007
  28. Nəriman. Bakı: 2009
  29. Seçilmiş əsərləri. Bakı: 2010
  30. Nuru Paşa. Bakı: 2010
  • Nəriman
  • Zümrüd quşu
  • Kimin sualı var?
  • Atabəylər[10]
  • Pompeyin Qafqaza yürüşü
  • Midiya sarayı
  • Bəyanət
  • Həsrət
  • Vətənsiz
  • Heybədə gəzən şeir
  • Şahid ol, günəş
  • Rəsul Həmzətova məktub
  • Şəhid atası Şərif qağaya məktub
  • Qafqaz
  • Cavid
  • Qaçaq Kərəm
  • Səfirə
  • Xarıbülbül
  • Nə qəribədir
  • Azadlıq himni.
  • Nabat xalanın çörəyi
  1. Nəriman Həsənzadə (film, 2006)
  2. Qəmbər Hüseynli (film, 2007)
  3. Mən Hüseyn Arifəm… (film, 2010)
  4. Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
  1. "N. Ə. Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-10.
  2. "Nəriman Həsənzadə "Şərəf" ordeni ilə təltif edilib". 2013-05-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-19.
  3. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
  4. "N.Ə.Həsənzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-18.
  5. TTV. "Cəfər Cabbarlı mükafatı - 2016 laureatları" (az.). Youtube.com. 24.05.2016. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.
  6. report.az. "Cəfər Cabbarlı mükafatı qaliblərə təqdim olunub - FOTO" (az.). Report.az. 24.05.2016. 2018-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-25.
  7. ""Kaspi"nin əməkdaşına mükafat verilib" (az.). www.kaspi.az. 2021-12-28. 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-08.
  8. AzərTAc. "Деятелям культуры и искусства вручена юбилейная медаль «100-летие Гейдара Алиева (1923–2023)»" (Turoyo). AzərTAc. 07.05.2024. İstifadə tarixi: 2024-05-08.
  9. "Nəriman Həsənzadə əməliyyat olundu". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-07.
  10. Afaq Qasımova. Yeniyetmələrin tarixi şəxsiyyətlərin nümunəsində tərbiyə edilməsi. Bakı: Nurlan, 2006. — səh. 142.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]