Azərbaycan Televiziyası — Vikipediya

AzTV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Xarici dillər (azərbaycanca subtitr ilə)
Baş qərargah Mehdi Hüseyn küçəsi 1, Bakı, Azərbaycan
Yaranma tarixi 14 fevral 1956
Sahibi Azərbaycan Televiziya və Radio Verilişləri QSC
Rəhbərlik Rövşən Məmmədov[1] (2019 — hal-hazırda)
Keçmiş adları Bakı televiziya studiyası (1958-1968)
AzTV 1 (1992-2005)
Qardaş kanallar Naxçıvan TV (1963-2003)
AzTV 2 (1992-2005)
İdman TV
Mədəniyyət TV
Azərbaycan Radiosu
Beynəlxalq Radio
Sayt aztv.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Televiziyası və ya qısa adı ilə AzTVAzərbaycanın ilk milli televiziya kanalı.[2] Dövlət (hökumət) nəzarətində və idarəçiliyində olan televiziya kanalıdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Başlanğıc[redaktə | mənbəni redaktə et]

Azərbaycan televiziyası radiodan 30 il sonra – 1956-cı il fevralın 14 — də fəaliyyətə başlayıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanıldı.[3] Tikintidən ötrü yer Bakının ən hündür məkanlarından birində – Mehdi Hüseyn 1 adlanacaq ünvanda seçilmişdi. Azərbaycanlı inşaatçı və mütəxəssislərin moskvalı, leninqradlı həmkarları ilə birgə ucaltdıqları və müvafiq avadanlıqla təchiz etdikləri telemərkəzin binası 1955-ci ilin sonunda təhvil verildi. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanırdı. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova göründü.[4] Çıxışını "Göstərir Bakı!" kəlməsi ilə açan Nəcibə Məlikova tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik etdi. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirildi.

AzTV-nin binası

Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başladı və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırıldı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artmışdı. 70-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ilin yanvarından isə televiziya 24 saatlıq fasiləsiz yayıma keçdi.

Televiziyanın statusu[redaktə | mənbəni redaktə et]

1956-cı ildə Bakı televiziya studiyası və Radioinformasiya idarəsi ayrılıqda fəaliyyət göstərirdi. 1957-ci ilin oktyabrında Mədəniyyət nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı. 1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi. 2003-cü ilin iyun ayından Azərbaycan Dövlət Televiziyasının tərkibində olan Naxçıvan Televiziyası müstəqil yayımçı kimi fəaliyyət göstərməyə başladı. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrildi.[5]

İlk diktorlar[redaktə | mənbəni redaktə et]

Gültəkin Cabbarlı efirdə, 1956

1956-cı ilin mayında ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva və Nizami Məmmədov var idi.[6]

Sonradan televiziyada istedadlı diktorlar nəsli meydana gəldi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Rafiq Həşimov və başqaları.[7]

Teleqüllə[redaktə | mənbəni redaktə et]

1956-cı ildə teleqüllənin inşası hələ başa çatmamışdı. Ona görə də Bakı studiyasının ötürücüsü 44 metrlik adi neft buruğunda quraşdırılmışdı. 1957-ci ildə hündürlüyü 180 metr olan qüllə istifadəyə verildi.[8] O zaman qüllənin vasitəsilə ötürülən verilişlərə yalnız paytaxtda və onun ətrafında baxmaq mümkün idi. 1960-cı ildə BakıAğstafa radiorele xəttinin istismara verilməsi ilə televiziya retranslyasiya stansiyaları GöyçayGəncəAğstafa məntəqələrində fəaliyyətə başladı. Bunun nəticəsində Azərbaycanın əksər rayon mərkəzlərində və yaşayış yerlərində televiziyaya baxmaq mümkün oldu. 1961-ci ildə Gəncədə, GöyçaydaŞuşada güclü televiziya stansiyalarının işə düşməsi Bakıdan yayılan verilişləri Göygöl, Goranboy, Yevlax, Mingəçevir, AğcabədiDağlıq Qarabağda maneəsiz qəbul etməyə imkan verdi. 1962-ci ilin yanvarında Naxçıvanda qurulan kiçik televiziya stansiyasının sayəsində Muxtar Respublikanın da əhalisi televiziya verilişlərini izləyə bildi. 1963-cü il martın 12-də işə düşən Naxçıvan studiyası öz proqramlarını bu stansiyanın vasitəsi ilə yerli əhaliyə nümayiş etdirməyə başladı. 1964-cü il yanvarın 31-də BakıMoskva radiorele xəttinin istifadəyə verilməsi ilə Azərbaycan əhalisi Moskvadakı Mərkəzi televiziyanın proqramlarına, "Intervideniye" və "Evrovidenie"nin verilişlərinə baxmaq imkanı əldə etdi.[9]

Proqram saatının artırılması, qabaqcıl texnologiyanın rabitə və telekommunikasiya sistemində tətbiq olunması yeni teleqüllənin ucaldılmasını tələb edirdi. 1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başladı. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verildi. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edildi. Bu məqsədlə Teleradio İstehsalat Birliyinin mütəxəssisləri teleqüllə kompleksində yeni rəqəmsal TV – Up-link stansiyasını quraşdırdılar. İndi Azərbaycan televiziyasının verilişləri həmin stansiyadan Avropaya "Hot Bird", Şimali Amerikaya "Galaxy 25", Asiyaya isə "Azerspace-1" peykləri vasitəsilə yayılır.[10]

2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası "Avropa keyfiyyəti" medalına layiq görülmüşdür. 6 noyabr 2013-cü ildə 16:9 təsvir formatlı yayıma keçmişdir. "Azərbaycan Televiziyası 2020-ci ildən HD formatına tam keçəcək. Proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadalıqlar alınıb. Bu, 63 illik Azərbaycan Televiziyası tarixində böyük bir mərhələdir". Bu fikirləri "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Bədii Şuranın növbəti iclasında səsləndirib. Qeyd edib ki, verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüteri alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə "Baku s Nadejdoy", "Hüquq və mən" verilişləri efirə çıxacaq. İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, "Mədəniyyət" kanalı və "İdman TV"-də nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Bədii Şuranın növbəti iclası 2020-ci ilin yanvar ayında keçirilmişdir.[11]

31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb.[12][13]

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi.

Tamaşaçı üçün, bəlkə də, sadə görünən televiziyanın modenləşdirilməsi prossesi texniki heyətə yuxusuz gecələr, böyük zəhmət, yüksək peşəkarlıq hesabına başa gəldi.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Texniki İstehsalat Birliyinin Direktoru Elnur Əlizadə bildirib ki, texniki personal bir neçə gün boyunca gərgin çalışıb: "Texniki personal dünən, bu gün, ümumiyyətlə bu prosses boyunca çox gərgin əmək sərf edib. Bundan sonra da hədəflərimiz texniki bazamızı möhkəmlətməkdir".[14]

Baş mühəndis Yolçu Əliyev qeyd edib ki, bu, hələ başlanğıcdır: "Bizdə 3 kanal olduğu üçün çətin idi, amma görüləcək işlər bundan sonra başlayır".[15]

28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.[16]

Texniki imkanları[redaktə | mənbəni redaktə et]

1956-cı il sentyabrın 2-nə qədər Bakı studiyası artıq 100-ə qədər bədii film göstərmişdi. Bakılılar televiziya ilə "Sovet Azərbaycanı", "Elm və texnika", "Xarici xronika", "Pioner" adlı kino jurnallarına baxa bilirdilər. MoskvadanSSRİ-nin digər 13 respublikasından ölkəmizə qonaq gələn sənət adamları tez-tez Bakı studiyasından çıxış edirdilər. İlk dövrdə Bakı studiyası 30 kvadrat metrlik iki otaqdan ibarət idi. Yarıdan bölünmüş otaqların birində kino aparatları quraşdırılmışdı, o birindən isə diktorların və kiçik musiqi qruplarının çıxışları efirə verilirdi.[17] Studiyada yalnız 1 studiya telekamerası, eləcə də kinofilmlər və diapozitivlər nümayiş etdirmək üçün kinoproyeksiya zalında iki kamera yerləşdirilmişdi. Üç kameradan biri diktor, yaxud çıxışçı, digər ikisi isə film üçün idi. Studiyadakı kamera sıradan çıxdıqda, diktorun təsviri və mətni kinoproyeksiya otağından verilirdi. 1957-ci il iyunun 9-da ilk dəfə Respublika Stadionundan futbol oyunu translyasiya edildi. Stadiondan reportajı radiojurnalist Valid Sənani aparırdı. İyunun 28-də isə həmin stadiondan tələbə və gənclərin festivalı göstərildi. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Filarmoniyası və digər konsert salonlarından birbaşa yayımlara başlanıldı.[18]

1958-ci ildə Leninqraddan (indiki Sankt-Peterburq) o dövr üçün müasir texniki vasitə sayılan səkkiz kanallı avadanlıq alındı, televiziya mərkəzində yenidənqurma işləri başlanıldı. 60-cı illərin ortalarından studiyalarda yeni texnologiya tətbiq edildi. 1965-ci ildən çəkiliş pavilyonunda istifadə olunan KMZI-4 videoyazı texnikası tamaşaların videomaqnit lentinə köçürülməsinə şərait yaratdı. 1970-ci ilə qədər yerli efir məkanında video texnikasının olmaması televiziyanın inkişafını ləngidirdi. Yalnız 1970–1972-ci illərdə çəkilişlər kinokameranın 16 millimetrlik lenti ilə aparıldıqdan sonra informasiya proqramlarında reportajların göstərilməsinə başlanıldı. 1971-ci ildə istifadəyə verilən təkmilləşdirilmiş "Kadr-2" video sistemi isə montaj üçün əlverişli şərait yaratdı.

1970-ci ildən Moskva televiziyası proqramları rəngli yayımlamağa başladı. Azərbaycan televiziyası isə 1973-cü ildən yalnız Bakıda rəngli yayıma keçə bildi. 70-ci illərin ortalarından KADR-3R videmaqnitofonundan istifadəyə başlanılması keyfiyyətli elektron montajına şərait yaratdı. 1970–1980-ci illərdə videotexnika efirə yol açdı.

1985-ci ildə Azərbaycan Televiziyası texniki təchizatına, film istehsalı və müxtəlif proqramlarla Mərkəzi televiziyadakı çıxışlarına görə SSRİ-də 4-cü yerə çıxdı.[19]

1981-ci ildən 1991-ci ilə qədərki vaxtı əhatə edən dövrdə o zaman üçün ən qabaqcıl sayılan texniki vasitələr televiziya məkanına yol açdı. Texniki imkanların genişlənməsi verilişlərin keyfiyyətini ildən-ilə yüksəltdi, yeni formalar axtarıb tapmaqda kömək etdi. Video kameralarının vasitəsilə çəkilişlər aparmaq, montaj etmək, həm də birbaşa efirə çıxmaq mümkün oldu.

Verilişlər[redaktə | mənbəni redaktə et]

İlk illərdə "Azərbaycan bəstəkarlarının portretləri", "Ədəbiyyat və incəsənət", "Azərbaycan ədəbiyyatının klassikləri", "Görkəmli səhnə ustaları", "Bakının teatr və konsert salonlarında", "Lenin mükafatı laureatları", "Məktəb və həyat", "Xalq drujinaçısı", "Bizim qonaqlarımız", "Festival qarşısında" və s. bu kimi verilişlər efirə çıxırdı.

1958-ci ildən başlayaraq proqramlarda publisistik janra üstünlük verildi, reportajların sayı artdı. Bayram tədbirlərindən, iclaslardan, görüşlərdən birbaşa yayımlar reportajları zənginləşdirən amilə çevrildi.

60-cı illərin sonundan proqramların texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları da nəzərə çarpırdı.

Azərbaycan televiziyası xəbərlər buraxılışını 1960-cı ildən efirə verməyə başlayıb. Ilk dövrdə bu veriliş "Günün yenilikləri" adlanırdı. Həmin ilin aprelindən informasiya buraxılışı "Son xəbərlər" adı ilə həftədə 5 dəfə efirdə göstərildi. İri həcmli xəbərlər proqramının nümayişi isə Mərkəzi Televiziyanın "Время" ("Zaman") informasiya proqramının yaranışından sonraya təsadüf edir. 1967-ci ildə "Günün ekranı" xəbərlər proqramı efirə çıxdı. Bu proqram ölkədə və dünyada cərəyan edən ən mühüm hadisələri, rəsmi məlumatları və görüşləri tamaşaçılara çatdırırdı.

1960–70-ci illərdə yerli televiziyada "Odlar diyarı", "Dostluq", "Zaman və biz", "Yaddaş: Tarixin səsi" "Sənayemizin üfüqləri", "Tələbə klubu", "Şən və hazırcavablar klubu" kimi verilişlər yaranmışdı.

1960-cı il dekabrın 31-də ilk dəfə "Sizinlə birlikdə" Yeni il proqramı nümayiş olundu. Canlı efirdə 2 saatdan artıq davam edən verilişdə musiqi, müsahibə, təbriklər, səhnəcik, bir neçə müəssisədən çəkilmiş süjet və söhbətlərdən istifadə edildi. Proqramın müəllifi və rejissoru Kərim Kərimov, aparıcısı isə xalq artisti Möhsün Sənani idi.

70-ci illərin sonunda ekranda "İnsan və qanun", "Ədəbiyyat və zaman" "Valideynlər, sizin üçün", "Hünər", "Tələbə klubu" "Sağlamlıq", "İncəsənət", "Hekayə axşamı", "Yumoristik novellalar", "Necəsən, gənc dost?", "Yeddinci qitə", "Yaşıdlar", "Məktəblilərin rəqs salonu", "Kamillik" kimi maraqla izlənən verilişlər vardı.

70–80-ci illərdə televiziya jurnalistikası sahəsində Ələkbər Abbasov, Tofiq Axundov, Zeynal Məmmədli, Nadir Abdullayev, Qərib Əhmədli, Telman Qafarov, Tamilla Aşumova, Nadejda İsmayılova, Telli Əliyeva, Tofiq Abbasov, Ilqar Qasımov, Osman Mirzəyev, Samir Əsgərxanov, Famil Ismayılov kimi jurnalistlər fəaliyyət göstərirdilər. Onlar yeni forma və üslub nümayiş etdirməyə çalışırdılar.

80-ci illərdə Azərbaycan televiziyasında 50 adda veriliş yayımlanırdı. Onların arasında "Günün ekranı", "Aşkarlıq", "Sizin istəyinizlə", "Arzular", "Səhər görüşləri", "Komediyalar aləminə səyahət", "Dialoq", "Dalğa", "Açıq-aşkar", "Aktual söhbət", "Publisist", "Inam", "Dünyaya pəncərə" "Çay dəstgahı" və s. verilişlər var idi. Vaqif Səmədoğlunun "Caz aləmində", Mehdi Məmmədovun "Rampa", Xudu Məmmədovun "Evrika", Kamal Abdullanın "Qoşma", Ayaz Salayevin "Retro" Aleksandr Qriç və Intiqam Qasımzadənin "Bayatı" ədəbi almanaxı kimi verilişlər tamaşaçılar arasında böyük rəğbət doğurmuşdu.

80-ci illərdə AzTV-də İdman verilişləri baş redaksiyası yaradıldı. AzTV-də futbol oyunlarından reportajlar hazırlayan şərhçi nəsli yetişdi. Onların arasında Çingiz Ismayılov, Aydın Əliyev, Aqşin Kazımzadə, Ələkbər Abbasov, Nicat Rəhimov kimi idman jurnalistləri var idi. Bundan başqa, efirə "Şahmat məktəbi", "Səhər gimnastikası" adlı proqramlar çıxdı. Gimnastika hərəkətləri tanınmış pianoçular Gülarə Əliyeva və Zaur Rzayevin ifası ilə müşayiət olunurdu. Zaman ötdükcə AzTV səhər idman proqramlarını təkmilləşdirdi. Mərkəzi televiziyada olduğu kimi, studiyaya müxtəlif gimnast qrupları dəvət edilirdi. Keçən əsrin sonlarında isə hətta aerobika məşğələləri təşkil olundu. Səhər gimnastikasına maraq bu gün də nəzərə alınır və "Səhər" proqramında gimnastika hərəkətlərinə həsr olunmuş ayrıca bölüm həftə ərzində tamaşaçılara təqdim olunur.

Hazırda İdman redaksiyası "Şahmat klubu", "İdman icmalı" və digər proqramlarla tamaşaçıların idmana olan marağını əhatə etməyə çalışır.

Sədrləri[redaktə | mənbəni redaktə et]

  • 1956-cı ildə Bakı televiziya studiyasına Ənvər Əlibəyli, Radioinformasiya idarəsinə isə İsrafil Nəzərov rəhbərlik edirdilər.
  • 1957-ci il mayın 16-da Teymur Əliyev Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri, Nəsir Imanquliyev isə sədrin birinci müavini təyin edildi.
  • 1965-ci ildə T. Əliyev Azərbaycan KP MK-da işə keçdiyi üçün Teleradio Komitəsinin sədri Ənvər Əlibəyli oldu.
  • 1969-cu ildə qəfildən dünyasını dəyişən Ənvər Əlibəylini İmran Mirzəyev əvəz etdi. Onun sədrliyi 11 ay çəkdi.
  • 1970-ci ilin yanvarında Teleradio Komitəsinin sədri vəzifəsinə Bakı Ali Partiya Məktəbinin kafedra müdiri Qurban Yusifzadə təyin edildi. O, bu vəzifəni 1982-ci ilə qədər icra etdi.
  • 1983-cü ildə sədr vəzifəsinə Elşad Quliyev təyin olundu. 1990-cı il 20 Yanvar hadisəsindən sonra Quliyev vəzifəsindən istefa verdi.
  • 1990-cı il yanvarın 27-də onu Qeysər Xəlilov əvəzlədi. O, bu vəzifəni 1991-ci ilin noyabrına qədər icra etdi.
  • 1991-ci ilin noyabrından 1992-ci il martın 6-na kimi Teleradio Şirkətinə Məmməd Murad rəhbərlik etdi.
  • 1992-ci il martın 7-də Elşad Quliyev yenidən Teleradio Şirkətinə sədr təyin olundu və o, 1992-ci il mayın 14-nə qədər bu quruma başçılıq etdi.
  • 1992-ci il martın 14-də hakimiyyətə 1 günlük müddətə qayıtmış Ayaz Mütəllibov Şirkət rəhbərliyinə yenidən Məmməd Muradı qaytardı, amma o, həmin postda yalnız 1 gün qala bildi.
  • 1992-ci il mayın ortalarında hakimiyyətə gəlmiş Xalq Cəbhəsi Teleradio Şirkətinə şair Məmməd İsmayılı sədr təyin etdi.
  • 1993-cü ildə Məmməd İsmayılı Babək Məmmədov əvəz etdi. O, 1996-cı il sentyabrın 5-də tutduğu vəzifədən azad edildi.
  • 1996-cı ilin sentyabrında Teleradio Şirkətinin sədri Nizami Xudiyev təyin edildi. 2006-cı ilin iyununda ölkə prezidenti Ilham Əliyevin əmri ilə N. Xudiyev "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edildi.
  • 2006-cı il avqustun 16-da prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov təyin edildi. 2019-cu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri seçdiyi Arif Alışanov vəzifədən azad edildi.
  • 2019-cu il yanvarın 15-də prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri "Həftə" analitik-informasiya proqramının, "Günün nəbzi" və "Əsas məsələ" tok-şousunun teleaparıcısı Rövşən Məmmədov təyin edildi.[20]

Teleteatr[redaktə | mənbəni redaktə et]

1956-cı ilin iyulunda Nəriman Nərimanovun "Şamdan bəy" əsərindən rejissor Rauf Kazımovskinin ekran quruluşu verdiyi bir neçə epizod göstərildi. Daha sonra Məhərrəm Əliyevin "Sən gözəlsən", Süleyman Sani Axundovun "Laçın yuvası" pyesi və Mehdi Hüseynin "Səhər" romanı əsasında hazırlanmış tamaşalar təqdim edildi.

1960-cı illərin ortalarında "Şəlalə" televiziya teatrı yaradıldı. Həmin dövrdə Adil Isgəndərov, Məhərrəm Haşımov, Rauf Kazımovski, Ağəli Dadaşov, Arif Babayev, Kamil Rüstəmbəyov, Lütvi Məmmədbəyov, Ağakişi Kazımov, Ismət Səfərəlibəyov, Tahir Tahirov, Kərim Kərimov kimi rejissorlar ekranda sanballı tamaşalar yaratmaqla televiziya teatrının inkişafına xidmət göstərdilər.

Bir sıra ekspertlərin televiziya incəsənətinin "Paqanini"si adlandırdıqları Arif Babayev isə tamaşanı televiziya üslubunda hazırlayan ilk rejissor sayılır. O, bunun əsasını Konstantin Paustovskinin povesti üzrə hazırladığı "Qar" teletamaşası ilə qoydu.

Rauf Kazımovskinin 1975-ci ildə M. F. Axundovun əsəri əsasında çəkdiyi "Aldanmış kəvakib" tamaşası ictimaiyyət arasında böyük maraq doğurdu.

70–80-ci illərdə Azərbaycan televiziyasında Bünyad Məmmədov, Ramiz Həsənoğlu (Mirzəyev), Tariyel Vəliyev və digər rejissorlar öz fəaliyyətləri ilə diqqəti cəlb etdilər. Ramiz Həsənoğlu Anarın "Ötən ilin son gecəsi", "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", Ruhəngiz Qasımovanın "Yollar kəsişəndə", Hüseyn Cavidin "Topal Teymur", Rauf və Zəminə Hacıyevlərin "Ordan-burdan", Anarın "Evləri köndələn yar", Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam" əsərlərinə quruluş verdi. Tariyel Vəliyevin Aslan Qəhrəmanovun əsərləri əsasında çəkdiyi "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" tamaşa serialı cəmiyyətdə maraq doğurdu.

80-ci illərdə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Atayevlər ailəsi", Mehdi Hüseynin "Alov", M. Cavaxişvilinin "Günahsız Abdulla", I. Məlikzadənin "Qatarda", Aleksey Dudarevin "Astana", M. Süleymanlının "Kökdən düşmüş piano", Karlo Qoldoninin "Mehmanxana sahibəsi", Aleksey Arbuzovun "Köhnə dəbli komediya" kimi tamaşalara da ekran həyatı verildi.

1993-cü ildə televiziya teatrının inkişaf etdirilməsi məqsədilə "Sabah" yaradıcılıq birliyi yaradıldı. Birliyə rejissor Ramiz Həsənoğlu rəhbər təyin olundu. "Sabah" ilkin olaraq Cəlil Məmmədquluzadənin "Kamança" pyesinin motivləri əsasında televiziya tamaşası hazırladı. Daha sonra "Ac həriflər", "Anamın kitabı", "Yurd yeri", "6№-li palata", "Məhbus", "Şəkilçi", "Bala, başa bəla", "Kral ölür", "Gecə", "Qayalarda qalan səs", "Yarımştat", "Kleopatra", "Fatehlərin divanı", "Nigarançılıq", "Dədə Qorqud", "Yumurta", "Nekroloq", "Dəvətnamə" kimi populyarlıq qazanan əsərlərə quruluş verildi.

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyi[redaktə | mənbəni redaktə et]

Artıq 1958-ci ildən başlayaraq Bakı Televiziyasında çalışan rejissor və operatorlar sənədli televiziya filmləri çəkməyə başladılar. 1960-cı ildə kinorejissor Kamil Rüstəmbəyov Səməd Vurğunun eyniadlı poemasının ssenarisi əsasında "Aygün" bədii televiziya filminin çəkilişinə başladı. Filmin operatoru Əlihüseyn Hüseynov, rəssamı Fikrət Əhmədov, bəstəkarı Zakir Bağırov, səs operatoru Ağahüseyn Kərimov idi. Film ilk dəfə 1961-ci ildə Bakı televiziyasında nümayiş etdirildi. Kamil Rüstəmbəyov Azərbaycan kino tarixinə ilk bədii televiziya filminin rejissoru kimi daxil oldu.

1965-ci ildə rejissor Rasim Ismayılov "Danışan işıqlar" adlı ilk cizgi televiziya filmini çəkdi. Filmin operatoru Vaqif Behbudov, rəssamı Rafiz Ismayılov, bəstəkarı Ruhəngiz Qasımova idi.

1968-ci ildə fəaliyyətə başlayan "Ekran" yaradıcılıq birliyi həmin illərdə bədii, sənədli, portret, çizgi filmlərinin yaradılmasında mühüm rol oynadı. Birliyinin baş redaktoru Firudin Ağayev, baş rejissoru Rüfət Şabanov olmuşdular. 1973-cü ildə bu qurumun adı dəyişdirilərək "Azərbaycantelefilm" Yaradıcılıq Birliyi oldu.

Daha sonra "Xəzərdə möcüzə", "Üzeyir Hacıbəyov", "Xalq nəğməkarı", "Toğrul Nərimanbəyov", "Dənizdə şüa" və s. filmlər yarandı. Telefilmin ilk dövrlərində yaradıcılıq uğurlarının qazanılmasında A. Babayev, K. Rüstəmbəyov, R. Kazımovski, N. Həsənov, N. Şıxəliyev, A. Çeçikov, S. Əliyev, I. Kərimov, A. Qazıyev, E. Ibrahimov kimi rejissor, ssenarist, kinooperator və səs rejissorlarının rolu olmuşdur.

Rauf Kazımovski "Bəşir Səfəroğlu" və "Aktrisanın təbəssümü", Arif Qazıyev "Toy" etnoqrafiya, F. Əmirov, Q. Qarayev, Z. Xanlarova haqqında portret, Teymur Bəkirzadə T. Salahov haqqında "Axtarış həvəsi", Ramiz Axundov "Bu, Səttar Bəhlulzadədir" qısametrajlı, Nazim Abbasov "Müşfiq" filmlərini lentə aldılar. Daha sonra "Buxta üzərində günəş", "Abşeron mahnıları", "Bakı arxipelaqı", "Həyat romansı", "Şövkətin mahnıları" kimi filmlər yaradıldı.

Rejissor Nazim Rzayevin Xəzərin ekologiyasından bəhs edən "İnsan Xəzəri xilas edir" filmi 1969-cu ildə Klaypeda, 1970-ci ildə isə Riqada keçirilmiş sənədli televiziya filmləri festivalında xüsusi mükafatlara layiq görüldü.

1970-ci ildə Heydər Əliyevin göstərişi ilə televiziyanın maddi-texniki təchizat bazasını möhkəmləndirmək məqsədilə kinokompleks inşa olundu. Kinobazanın mövcudluğu çoxlu sayda sənədli televiziya filmlərinin çəkilişinə şərait yaratdı.

Müstəqillik dövründə ölkəmizin ekran salnaməsini yaradan "İşğal", "Qaçqınlar", "Azərbaycan faciəsi" kimi sənədli filmlər çəkildi. Hər üç filmin rejissoru Nazim Abbas oldu. Heydər Əliyev, Süleyman Dəmirəl kimi siyasi xadimlərə, Şövkət Ələkbərova, Xəlil Rza, Cövdət Hacıyev kimi sənətkarlara həsr olunmuş portret filmlər çəkildi.

2008-ci ilə kimi Birlikdə 800 saat həcmindən çox sənədli televiziya filmləri istehsal olunub. Müxtəlif janrlarda hazırlanmış bu televiziya filmlərinin əksəriyyəti kinolentə çəkilib, qalan hissəsi isə videolentə alınıb. Hazırda televiziyanın fondunda xalqımızın tarixinə, etnoqrafiyasına, mədəniyyətinə, incəsənətinə, elm və sənət xadimlərinə həsr olunmuş yüzlərlə sənədli televiziya filmləri qorunub saxlanılır.

2019-cu ilə kimi burada 1500 saat həcmindən çox sənədli televiziya filmləri istehsal olunmuşdur. Müxtəlif janrlarda olan bu televiziya filmlərinin əksəriyyəti kinolentə çəkilmiş, qalan hissəsi isə videolentə alınmışdır.[21]

Müstəqilliyə aparan yol[redaktə | mənbəni redaktə et]

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanması Azərbaycan televiziyası üçün əsl sınağa çevrildi. Kommunist Partiyasının nəzarəti altında fəaliyyət göstərdiyindən və SSRİ daxilində başlayan münaqişəyə hazır olmadığından Azərbaycan televiziyası informasiya siyasətini qura bilmirdi. Separatçıların Xankəndidə keçirdiyi fasiləsiz mitinqlər barədə qısa xəbəri Azərbaycan televiziyası yalnız 10 gündən sonra – hökumətin icazəsi ilə "Qarabağda yaranmış vəziyyət" adı altında efirə verdi. Bakıda başlayan kütləvi nümayişlər zamanı da meydandan birbaşa yayıma TV iki gün gec başladı. Bu isə AzTV rəhbərliyinin Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirovun iradəsinin əleyhinə çıxması nəticəsində mümkün oldu. Azərbaycan televiziyasının əməkdaşları da xalqla birlikdə Qorbaçovun addımlarına qarşı çıxaraq Azərbaycan Konstitusiyasına, beynəlxalq hüquq normalarına əməl edilməsini, erməni separatçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirdi. Azərbaycan televiziyası ilə çıxış edən siyasi icmalçılar Kremlin Azərbaycana qarşı apardığı siyasətin mahiyyətini, respublikamızda yaranmış idarəolunmaz ictimai-siyasi vəziyyəti, xalqın haqlı tələblər irəli sürdüyünü cəsarətlə dilə gətirirdilər. Moskvadan gələn emissarların Azərbaycan televiziyası vasitəsilə Kremlin Bakıya qoşun yeritməyəcəyi və fövqəladə vəziyyət elan etməyəcəyi barədə vədlərinə baxmayaraq, 1990-cı il yanvarın 19-da saat 19:26-da Azərbaycan televiziyasının enerji bloku partladıldı.

Azərbaycan televiziyasının yayımını yalnız yanvarın 28-də bərpa etmək mümkün oldu. Qara kostyumda və qalstuksuz efirə çıxan diktor Rafiq Hüseynov 138 dinc sakinin qətlə yetirilməsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi,

lakin televiziya hərbçilərin nəzarəti altında fəaliyyət göstərdiyi üçün efirə yalnız hərbi senzorun "qayçı"ladığı məlumatlar, veriliş və proqramlar gedirdi. Bu cür vəziyyət 1991-ci ilin sentyabrına qədər davam etdi. Moskvada baş verən QKÇP-dən sonra isə prezident Ayaz Mütəllibov Sovet Ordusunun dəstəyindən məhrum oldu və postsovet məkanında respublikaların müstəqil dövlətə çevrilməsi qarşısıalınmaz proses halı aldı.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan televiziyası əyalət telekanalından müstəqil dövlətin əsas televiziyasına çevrildi.

Müstəqilliyin çətin yollarında Azərbaycan Televiziyası da itkiyə məruz qaldı. 1991-ci il noyabrın 20-də Qarabağın Qarakənd kəndi yaxınlığında Azərbaycan rəsmilərinin içərisində olduğu vertolyot partladılarkən Azərbaycan televiziyasının jurnalisti Alı Mustafayev, operatoru Fəxrəddin Şahbazov və 19 yaşlı işıqçısı Arif Hüseynzadə də həlak oldular. Daha sonra ilk addımlarını Azərbaycan televiziyasında atan reportyor Çingiz Mustafayev cəbhə bölgəsində aldığı güllədən dünyasını dəyişdi.

1991-ci ilin sonlarında telekanalda Rusiya teleməkanında gedən proseslərin təsiri altında islahatlar aparıldı: redaksiyaları studiyalar, diktorları isə aparıcılar əvəz etdi; "24 saat" İnformasiya proqramının məzmun və formasında dəyişikliklər edildi; "1000 saniyə" adlı gecə informasiya proqramı, "215 KL təqdim edir", "Xoş gördük", "Qulp" və sair verilişlər efirə çıxdı.

1992-ci ilin əvvəlindən ölkədə ictimai-siyasi vəziyyətin ağırlaşması, Dağlıq Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatların miqyasının genişləndirilməsi, Rusiya hərbçilərinin bilavasitə iştirakı ilə Xocalı soyqırımının törədilməsi, Şuşanın işğalı, Laçının gözlənilən işğalı, 1992-ci il mayın 15-də Ayaz Mütəllibovun AXC hakimiyyəti ilə əvəzlənməsi AzTV daxilində gedən proseslərə də öz təsirini göstərdi. Təkcə onu demək kifayətdir ki, 1991-ci ilin sonundan 1992-ci il mayın sonuna qədər olan müddətdə AzTV-də 4 sədr dəyişdirilmişdi.

Bu dövrdə müxtəlif siyasi qüvvələrin tələbi ilə efir vaxtı istənilən an dayandırılır və bəyanatlar verilirdi. 1993-cü il martın sonunda televiziyada baş nazir Pənah Hüseynlə AMİP təmsilçilərinin debatı zamanı Daxili işlər naziri İsgəndər Həmidovun birbaşa efirə gələrək müxalifət nümayəndələrini və televiziya əməkdaşlarını təhqir etdi. Bu hadisə ictimaiyyətin böyük narazılığına səbəb oldu. 1992–1993-cü illərdə hərbi-vətənpərvərlik ideyalarına, eləcə də milli dəyərlərə bəsit yanaşma tərzi televiziyanın nüfuzunun getdikcə aşağı düşməsinə gətirib çıxardı.[mənbə göstərin]

1993-cü il iyunun 4-də Gəncədə cərəyan edən hadisələr zamanı əhalinin düzgün məlumatlandırılması baxımından televiziya çox mühüm rol oynadı. Məlum hadisələr zamanı Bakıya dəvət olunmuş Heydər Əliyev müsahibələrinin, bəyanatlarının, Milli Məclisin iclaslarının canlı yayımına üstünlük verdi. "Talış–Muğan Muxtar Respublikası" separatizmi, 1994-cü il oktyabr, 1995-ci il mart hadisələri zamanı da Heydər Əliyev Azərbaycan televiziyası vasitəsilə ictimaiyyətlə birbaşa ünsiyyət qurdu. 1994-cü il oktyabrın 4-də Heydər Əliyevin televiziya ilə xalqa müraciət etməsi nəticəsində yüzlərlə insan, o cümlədən müxalifətçilər də Prezident Aparatının qarşısına yığışdılar. Ertəsi gün Azərbaycan televiziyasının səyyar kameraları Azadlıq meydanında davam edən mitinqi bütün ölkəyə yayımladı.

Televiziyada yeni verilişlər yaradılmağa başlandı: "Postskriptum", "Bura Vətəndir", "Milli qəhrəmanlarımız", "Bakı studiyası təqdim edir", "Həyat", "Gizli və aşkar", "TV kuryer", "Məmləkətim", "Avtoqraf" və s.

2006-cı ildə ölkə başçısının fərmanı ilə Azərbaycan televiziyasının rəhbərliyində dəyişiklik edilməsi televiziyanın həyatında mühüm mərhələnin başlanmasına təkan verdi. Ekranda dəyişiklik öncə "Xəbərlər", "Günün nəbzi" və "Həftə" analitik-informasiya proqramlarında özünü göstərdi. Azərbaycan televiziyasının xarici ölkələrdəki müxbir məntəqələrinin sayı artırıldı. Hazırda onlar Kanada, Rusiya, İran, Türkiyə, UkraynaQazaxıstanda fəaliyyət göstərirlər.

2007-ci il isə Azərbaycan televiziyası üçün yeniliklər ili oldu: ciddi kadr islahatları aparıldı, yeni proqramlar, verilişlər, tamaşalar meydana gəldi, gənc aparıcı və reportyorlar müsabiqə yolu ilə işə cəlb edildilər, planlı şəkildə efirə və kanalın infrastrukturuna kapital qoyuluşu həyata keçirilməkdədir. AzTV yenidən Azərbaycan teleməkanında ən peşəkar televiziya olmağa və televiziya dəbinin qanunvericisinə çevrilməyə çalışır.[22]

Hazırda Azərbaycan televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli filmlər nümayiş etdirilir. Tamaşaçıların rəğbətini qazanan verilişlər sırasında "Telesəhər", "Günə davam", "Düşən pullar", "Texnoxəbər", "Oralar", "Döyüşçü", "Sözümüz imzamızdır", "Əsrlər, nəsillər", "Qazan-Manqal", "Obyektiv", "Parlament saatı", "Çöl adamı", "1aztv", "Kinoman", "Görüş yeri", "2x2" və digərlərini göstərmək olar.

Nailiyyətlər[redaktə | mənbəni redaktə et]

Azərbaycan teleradiosuna peşəkar televiziyaçılardan və menecerlərdən ibarət komanda rəhbərlik edir. Təsadüfi deyil ki, Azərbaycan televiziya və radiosunun yarıməsrlik yubileyi ərəfəsində bir çox telejurnalist və rejissor müxtəlif dövlət mükafatlarına — fəxri adlara, orden və medallara layiq görüldülər.

Yalnız 2006–2007-ci illərdə göstərdiyi fəaliyyətə görə Azərbaycan televiziyası müxtəlif dövlət strukturlarının, ictimai təşkilatların mükafat və diplomlarına layiq görülüb.

Türkiyənin Yıldırım bələdiyyəsinin təşkil etdiyi Aşıqlar bayramının, Uluslararası Yunus Əmrə kültür və sənət həftəsinin işıqlandırılmasına, Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində İğdır vilayətinin inkişafı ilə bağlı "Gələcəyə aparan yol" sənədli filminin ərsəyə gəlməsində əhəmiyyətli xidmətlərinə görə AzTV Yıldırım və İğdır bələdiyyələrinin, Əskişəhər valiliyinin rəsmi təşəkkürünü qazanıb.

Teleməkanda yeri[redaktə | mənbəni redaktə et]

Azərbaycan televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Televiziya məkanının Birincisinin izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq şəkildə göstərib.

1991-ci ildə məhz Azərbaycan televiziyası rəhbərliyinin təşəbbüsü ilə ölkə teleməkanında ilk özəl studiya kimi tarixə düşən, milli qəhrəman Çingiz Mustafayevin yaradıcısı olduğu "215 KL" adlı qrup fəaliyyətə başladı. Həmin studiya Azərbaycan televiziyasının tərkibində və onun daxili vəsaiti hesabına yaradılmışdı.

Hazırda özəl kanallardan biri sayılan ANS TV də Nazirlər Sovetinin qərarı ilə məhz Azərbaycan televiziyasının binasında müstəqil studiya kimi fəaliyyətə başladı. 1991-ci ilin noyabr ayının 26-da bu studiyanın ilk proqramı olan "Xəbərçi" Azərbaycan televiziyasının proqramları tərkibində efirə çıxdı. Yalnız 1994-cü ilin mayında ANS müstəqil kanala çevrildi.

Sonrakı illərdə Azərbaycan televiziya və radiosunda yetişən peşəkar televiziyaçılar Space TV, Lider TV, İTV kanallarının yaradılması prosesində yaxından iştirak etmişlər.

Studiya və birlikləri[redaktə | mənbəni redaktə et]

Televiziya haqqında çəkilən film[redaktə | mənbəni redaktə et]

Azərbacanda televiziyanın yaranma tarixi ilə bağlı 2010-cu ildə ANS TV "Dövlət güzgüsü" adlı sənədli film hazırlanaraq efirə verilmişdir. Filmin müəllifi ANS TV-nin əməkdaşı Namiq Hüseynov dur.

Kanalın fəaliyyətinə münasibət[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Televiziyası"nın fəaliyyətinə tənqidi münasibət də mövcuddur. İsmayıl İsmayılovun fikrincə, AzTV birmənalı şəkildə dövlət hakimiyyətinin maraqlarını ifadə edir, bu telekanalın xəbər siyasətində heç bir balans yoxdur.[23] Həmçinin televiziyanın bir qrup sabiq işçisi mətbuat konfransı keçirərək AzTV-də yaradıcı mühitin yoxluğu və maaşın azlığı barədə şikayət etmişlər. AzTV-nin Müəllif Proqramları və Xüsusi Layihələr Departamentinin keçmiş əməkdaşı Tahir Əliyev sənədli filmlər çəkdiyini, filmlərin keyfiyyətinə, sənətkarlıq işinə diqqət verilmədiyini, yalnız xronometraja (nə uzunluğunda lent işlənməsi) önəm verilməsini normal saymadığını vurğulayıb. O, AzTV sistemində maaş olmadığını deyib və rəhbərliyin bu addımı yaşlı işçiləri uzaqlaşdırmaq üçün atdığını bildirib.[mənbə göstərin]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "President.az – R.R.Məmmədovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-06.
  2. "Azərbaycan televizyası". 2022-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-13.
  3. "14 fevral Azərbaycanın ilk televiziyasının ad günüdür". www.trt.net.tr. 14 fevral 2020. Archived from the original on 2022-10-18.
  4. "AzTV-nin yaranmasından 67 il keçir - FOTO". 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-09.
  5. "Azərbaycan Televiziyası - 60". news.milli.az. 14 Fevral 2016. Archived from the original on 2016-02-15.
  6. "Azərbaycanda ilk televiziya yayımından 58 il ötür". sia.az. Archived from the original on 2022-10-19.
  7. "14 fevral Azərbaycanın ilk televiziyasının ad günüdür". www.trt.net.tr. Archived from the original on 2022-10-19.
  8. "Azərbaycan Televiziyası – 60". az.trend.az. Archived from the original on 2022-10-19.
  9. "Azərbaycan Televiziyasının 65 yaşı tamam olur". medeniyyet.az. Archived from the original on 2022-10-19.
  10. "Azərbaycanda televiziyanın yarandığı gün..." modern.az. Archived from the original on 2021-04-23.
  11. "Arxivlənmiş surət". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-16.
  12. "MTRŞ: Azərbaycanın televiziya kanalları HD formatda yayıma başlayacaq". azertag.az. 25 yanvar 2022. Archived from the original on 2022-04-13.
  13. "AzTV, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başladı". aztv.az. 31 may 2022. Archived from the original on 19 October 2022.
  14. "İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib". president.az. Archived from the original on 2022-02-03.
  15. "Arxivlənmiş surət". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-31.
  16. "Sabahdan Azərbaycanın televiziya kanalları yeni yayım formatına keçir". report.az. 27 yanvar 2022. Archived from the original on 2022-08-27.
  17. "Azərbaycanı dünyaya, dünyanı xalqımıza tanıdan telegüzgü". xalqqazeti.com. 14 fevral 2021. Archived from the original on 2021-02-13.
  18. "Azərbaycan televiziyasının ilk efir ili – 1956". modern.az. 14 Fevral 2020. Archived from the original on 2022-10-13.
  19. "Bu gün Azərbaycan Televiziyasının yaranmasından 66 il ötür". insanoid.com. 13 oktyabr 2022 tarixində arxivləşdirilib.
  20. "Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri təyin edildi". 2021-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  21. "AzTV: Azərbaycan teleməkanının 64 yaşlı avanqardı". www.anl.az. 14 fevral 2022. Archived from the original on 2022-10-19.
  22. "Azərbaycan Televiziya və Radio Verilişləri haqqında". oneclick.az. Archived from the original on 2022-10-13.
  23. "Televiziyalarımızın min dərdi var. Min dərdin min bir dərmanı da olsun gərək". 2015-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.