Bülbülün ev-muzeyi (Şuşa) — Vikipediya

Bülbülün ev-muzeyi
Muzey 2022-ci ildə restavrasiyadan sonra
Xəritə
39°45′41″ şm. e. 46°45′28″ ş. u.
Ölkə
Status Ölkə əhəmiyyətli abidə
Yerləşir Şuşa, Azərbaycan
Tikilmə tarixi 31 avqust 1982
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bülbülün ev-muzeyi — Azərbaycan müğənnisi Bülbülün yaşadığı ev. 1992-ci ilə qədər Şuşada yerləşən ev muzeyi onun Bakı şəhərindəki memorial muzeyinin filialı olmuşdur. Ev iki otaq və eyvandan ibarət idi.[1] Bülbül bu evdə anadan olmuş və uşaqlıq illərini burada keçirmiş, burada ilk dəfə musiqi aləminə qədəm qoymuş, məşhur xanəndə və musiqiçilərə qulaq asmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Divarın üzərində yeni aşkar olunmuş yazıda göstərilir ki, bina 1788-ci ildə inşa edilmişdir.

Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edilmişdir. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilmişdir.[2]

Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırmış və 2020-ci ilədək erməni işğalı altında olmuşdur.

2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bülbülün Şuşadakı ev-muzeyinin yenidən açılışı baş tutmuşdur[3]. 1 il müddətində muzeyi 40.000 ziyarətçi seyr edib[4].

Mədəniyyət naziri Anar Kərimovun 02.09.2021-ci tarixli əmri ilə ev-muzeyinin direktoru vəzifəsinə telejurnalist Fəxrəddin Hacıbəyli təyin edilmişdir.[5]

Eksponatlar[redaktə | mənbəni redaktə et]

Bülbülün Şuşada anadan olduğu evin maketi

Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər saxlanılırdı.[6] Muzeydə onun şəxsi əşyalarından bəziləri, o cümlədən, onun qavalı da nümayiş etdirilirdi.[7] Divarda Bülbülün 1925–1926-cı illərdəki konsert afişaları asılmışdı.

Ekspozisiyada Bülbülün Azərbaycanda 20-ci illərdə Gəncədəki fəaliyyəti, mədəni inqilab illərində Azərbaycanda musiqi quruculuğunda fəal iştirakı əks etdirilmişdi. Vitrinlərdə Bülbülün komsomol və həmkarlar ittifaqındakı fəaliyyətindən danışan sənədlərin foto surətləri, Bakıdakı ifaçılıq fəaliyyəti, Azərbaycan Dövlət Konservatoriyasında və İtaliyada təhsili haqqında sənəd və materiallar, italyan jurnalı "Arte Nostra"da Bülbülün böyük portreti və onun haqqında məqalə, dostları və ailəsi ilə şəkilləri nümayiş etdirilirdi. Foto şəkillərlə yanaşı burada Bülbülün əlyazmaları, dərc edilmiş məqalə və məruzələri də var idi.[7]

İkinci otaqda Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri ekspozisiya edilmişdi. Vitrinlərdə Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, eləcə də xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.[1] Burada Bülbülün iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkilləri, məruzələri, onun iştirak və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi məktubların əsli və fotosurətləri göstərilmişdi.[1] Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tuturdu. Həmin otaqda Bülbülün əmək adamları, sərhədçilər, uşaqlarla görüşlərinin fotoşəkilləri nümayiş etdirilirdi.[7] Burada həmçinin Bülbülün ailəsi, dostları, həmkarları ilə şəkilləri sərgilənirdi.

İkinci otaqda düzəldilmiş vitrinlərdə Azərbaycanda yeni vokal məktəbinin yaradılmasında, eləcə də xalq musiqisinin öyrənilməsi və təbliğində Bülbülün çoxillik səmərəli yaradıcı işini təsdiq edən materiallar nümayiş etdirilirdi.[8] Burada Bülbülün iştirak etdiyi opera tamaşalarının afişaları, yaratdığı obrazları, ayrı-ayrı premyera və yubiley tamaşalarından səhnələri əks etdirən şəkillər, məruzələri, onun iştirakı və redaktəsi ilə nəşr edilmiş toplu və dərsliklər, rəsmi məktubların əsli və fotosurətləri yer almışdı. Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedoqoji, ictimai fəaliyyəti haqqında nadir, çox qiymətli sənədlər də burada geniş yer tuturdu. Muzeyin fasadında vurulan memorial lövhələrin arasında Bülbülün heykəltaraş Xanlar Əhmədov tərəfindən bürüncdən hazırlanmış uşaqlıq illərinin portreti yer almışdı.[8]

Bərpadan sonra[redaktə | mənbəni redaktə et]

Şuşa işğaldan azad ediləndən sonra bir dənə də olsun Bülbülün xatirəsini özündə əks etdirən hansısa əşyaya rast gəlinməyib. Onların hamısını ermənilər məhv edib. Burada sərgilənən hər əşya Bülbülün Bakıdakı ev muzeyinə məxsusdur, eksponatlar Bülbülün Bakıdakı ev muizeyindən gətirirlərək, bura təhvil verilib.[9]

Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olunub. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

Hazırda ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.

Evin həyəti də ilkin görkəmi saxlanılmaqla bərpa olunub. Muzeyin həyətində 250-300 nəfərlik yay konsert salonu yaradılıb. İlk tədbir Bülbülün 125 illik yubileyi münasibətilə həyata keçirilmişdi. Tədbir Bülbül adına Beynəlxalq VIII Vokal müsabiqəsi çərçivəsində baş tutub. Müsabiqə Bülbülün doğulub-böyüdüyü evdə təntənəli şəkildə yekunlaşıb.

Binada Bülbülün muzey ekspozisiyası yenidən quruldu. Şuşadakı ev-muzeyin ekspozisiyasının qurulması, eksponatların düzümü, nümayişi üçün müvafiq yerlərin seçilməsini Bülbülün Bakıdakı ev-muzeyinin direktoru Fərqanə Cabbarova və əməkdaşları həyata keçirmişdir.

Bülbülün irsi haqqında daha geniş məlumatlar vermək üçün monitorda Bübülün həyatı, yaradıcılığı, uşaqlığından ömrünün sonuna qədər lent yazıları, haqqında deyilmiş sözlər və digər materiallar azərbaycan və rus dillərində nümayiş olunur.

Qalereya[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 1905.az. "Bülbülün ev muzeyinin Şuşa filialı" (az.). Vüqar Tofiqli. 19.11.2014. 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  2. "Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı olub" (az.). AZƏRTAC. 29.08.2021. 02.03.2023 tarixində arxivləşdirilib.
  3. President.az. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bülbülün ev-muzeyinin açılışında iştirak ediblər" (az.). Youtube.com. 29.08.2021. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  4. AzTV. "Dahi Bülbülün ev-muzeyinin açılışından bir il ötür" (az.). Youtube.com. 31.08.2022. 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-01.
  5. Şahpəri Abbasova. (az.). Sputnik Azərbaycan. 23.09.2021 https://sputnik.az/20210923/-Blbln-uadak-ev-muzeyin-direktor-tyin-olunub-427997512.html (#bare_url_missing_title). 02.03.2023 tarixində arxivləşdirilib.
  6. map.virtualkarabakh.az. "Bülbülün ev muzeyi" (az.). İstifadə tarixi: 2018-07-13.[ölü keçid]
  7. 1 2 3 kataloq.gomap.az. "Bülbülün ev-muzeyi" (az.). 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  8. 1 2 portal.azertag.az. "Bülbülün ev muzeyinin Şuşa filialı" (az.). 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  9. "Şuşanın 270 illiyi Bülbülün ev muzeyində keçiriləcək" (az.). 15.02.2022. 02.03.2023 tarixində arxivləşdirilib.