Mehmandarovların evi — Vikipediya

Mehmandarovların evi
Kompleksə daxil olan Kiçik ev binası restavrasiyadan sonra
Xəritə
39°45′23″ şm. e. 46°45′12″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Şuşa rayonu
Memar Kərbəlayi Səfixan Qarabaği[1]
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti 2021-2023-cü illərdə bərpa edilib, Mehmandarovların ev muzeyi kimi fəaliyyət göstərir[2]
Rəsmi sayt
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.347
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Kiçik evin birinci və ikinci mərtəbəsinin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehmandarovların evi — Şuşa şəhərində yerləşən saray tipli tarixi yaşayış kompleksi. Azərbaycanın XVIII əsr mülki memarlığının ən maraqlı nümunələrinən biridir.[3] Vaxtilə Mehmandarovlar ailəsinə məxsus olmuş yaşayış kompleksinə Böyük yaşayış binası, Kiçik yaşayış binası və ailə məscidi daxildir. Kompleks daş divarlarla əhatələnmişdir. Mehmandarovların böyük yaşayış binası sovet dövründə Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərmişdir. İşğaldan sonra böyük bina tamamilə dağıdılıb. Mehmandarovların kiçik yaşayış binası isə işğalçılar tərəfindən Şuşa Tarix Muzeyi kimi istifadə edilib. Kompleks ərazisindəki məscid həm də məhəllə məscidi funksiyasını yerinə yetirmişdir. Şuşa işğal edildikdən sonra məscid də işğalçılar tərəfindən Geologiya Muzeyi kimi istifadə edilib. 2020-ci ildə Şuşa işğalçılardan azad edildikdən sonra Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.[4]

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Ev, planda kvadrat formaya malikdir.[5] İkinci mərtəbənin dörd otağından üçü evin yan tərəfindəki verandaya, qonaq zalı funksiyasını yerinə yetirən erkerli böyük otaq isə lakonik əsas fasada açılır.[5]

Simmetrikliyin olmamasına baxmayaraq, evin əsas fasadı hissələrin harmonikliyi təəssüratını yaradır, yüngül erker və və girişin yaxşı işlənmiş portalı isə fasadı tamamlayır.[5] Binanın yan fasadında yerləşən pilləkən və taxta veranda onun ümumi görünüşünü ağırlaşdırmır. Binanın memarlığında geniş pəncərələri vasitəsiylə yaxşı işıqlandırılmış və zəngin bəzədilmiş qonaq zalı xüsusi yer tutur.[5]

Divar rəsmləri[redaktə | mənbəni redaktə et]

Binanın arxa həyətə açılan fasadları restavrasiya işlərindən sonra

Böyük yaşayış binası və ailə məscidinin interyerləri Usta Qəmbər tərəfindən çəkilmiş və Şəki xan sarayının divar rəsmlərini xatırladan rəsmlərlə bəzədilmişdir.[6] Kompleksə daxil olan Kiçik yaşayış binasında SSRİ dövründə Şuşa Tarix Muzeyi yerləşirdi.

Mehmandarobların evinin kiçik otağının panellərində Usta Qəmbər özünəməxsus və başqa heç yerdə təkrarlamadığı[6] bir motiv işləmişdir. Şpaler rəsm (təkrarlanan naxış) prinsipinin əsas götürüldüyü bu rəsmdə panelərin sütunlarla ənənəvi sektorlara bölünməsi müşahidə edilmir. Burdakı zəngin kompozisiyada bitki budaqları üzərində oturmuş müxtəlif quşlar təsvir edilmişdir. Kompozisiya Şəki xan sarayının ikinci mərtəbəsindəki zalın nişlərindəki rəsmləri xatırladır. Açıq rənglərdən istifadə etməklə yaradılmış bu panel rəsmləri divarın aşağı hissəsində yerləşdiyinə görə zamanla korlanaraq dövrümüzə yaxşı çatmamışdır (həmin otağın digər divar rəsmləri ilə müqayisədə).[6]

Otaqların düzbucaqlı niş təsvirlərində süjetli rəsmlərə yer verilmişdir ki, bu da Şəkixanovların evinin dekorunu xatırladır.[7]

Evin zallarından birinin interyeri restavrasiya işlərindən sonra

Frizlərdə isə Şəki xan sarayında olduğu kimi kompozisiya və rəng baxımından stilləşdirilmiş nəbati naxışlar yer almışdır.[7] Evin divar rəsmlərini tədqiq etmiş sənətşünas alim N. M. Miklaşevskaya bildirir ki, "Həm Şəki xan sarayında, həm də Mehmandarovların evində friz təsvirləri Usta Qəmbərin rəhbərliyi ilə işlənsə də, Mehmandarovların evinin təsvirləri daha yaxşı alınmışdır. Onlar otağın ümumi təsvirləri ilə daha yaxşı əlaqələndirilmişdir."[7] Şəki xan sarayının frizində əsas gümüşü budaqları realistik təfsirə malik güllər əhatə edir; burada rənglər daha açıq olmaqla, çoxlu miqdarda gümüşü rəngdən istifadə edilmişdir.[7] Mehmandarovların evində isə naxışlar tünd onda verilmişdir.[7] Frizdəki naxışlar panno timpanlarında da təkrarlanır.[7]

Mehmandarovların evinin parad zalında adətən stalaktitlərin yerləşdiyi hissədə tavan boyunca uzanan və maraqlı frizlə bəzədilmiş oyuq vardır. Bu friz, çiçək və quş kompozisiyasından formalaşdırılmış böyük medalyon formalı maraqlı naxışlarla bəzədilmişdir.[8]

Mehmandarovların evinin plafonu ümumi kompozisiya baxımından Şəki xan sarayı və Şəkixanovların evinin plafonlarını xatırlatsa da, onun naxışları rəmg və kompozisiya baxımından xalçaçılıq motivlərinə daha yaxındır. Qarabağ xalçaçılıq məktəbinə xas mərkəzi medalyonlu və zəngin bəzədilmiş künc naxışlı xalçalarda həmin kompozisiyanın analogiyasını görmək mümkündür.[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977. səh. 60.
  2. "İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 09 may 2023. 10 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2023.
  3. Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 487.
  4. "Mehmandarovların malikanə kompleksi ilə bağlı Mədəniyyət Nazirliyinin məlumatı" (az.). mct.gov.az. 28 sentyabr 2021. 6 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2021.
  5. 5,0 5,1 5,2 5,3 Саламзаде, 1964. səh. 172
  6. 6,0 6,1 6,2 Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 488.
  7. 7,0 7,1 7,2 7,3 7,4 7,5 Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 489.
  8. Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 493.
  9. Миклашевская, Н. М. Стенные росписи Азербайджана XVIII - XIX вв (Архитектура Азербайджана (очерки)). Баку. 1952. 494.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.
  • Фатуллаев, Ш. С. Памятники Шуши. Баку. 1970.
  • Саламзаде, А. В. Архитектура Азербайджана XVI-XIX вв. Баку. 1964.