İmam Mustafayev — Vikipediya

İmam Mustafaev
İmam Mustafayev.jpg
bayraqAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibibayraq
16 fevral 1954 — 8 iyul 1959
Sələfi Mir Teymur Yaqubov
Xələfi Vəli Axundov
bayraqAzərbaycan Kommunist Partiyası Gəncə vilayəti Partiya Komitəsinin birinci katibibayraq
aprel 1952 — aprel 1953
bayraqAzərbaycan SSR kənd təsərrüfatı naziribayraq
yanvar 1947 — mart 1950
Xələfi İlyas Abdullayev
bayraqAzərbaycan SSR dövlət nəzarəti xalq komissarının birinci müavinibayraq
fevral 1942 — yanvar 1947
Şəxsi məlumatlar
Doğum tarixi 12 (25) fevral 1910
Doğum yeri
Vəfat tarixi 10 mart 1997(1997-03-10) (87 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Elmi fəaliyyəti
Elmi dərəcəsi aqrar elmlər üzrə fəlsəfə doktoru[d], biologiya elmləri doktoru

Təltifləri "Şöhrət" ordeni — 1995
"Qırmızı əmək bayrağı" ordeni "Xalqlar Dostluğu" ordeni "Şərəf nişanı" ordeni

İmam Daşdəmir oğlu Mustafayev (12 (25) fevral 1910, Qax, Zaqatala dairəsi10 mart 1997, Bakı) — biologiya elmləri doktoru (1964), Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, 1954–1959-cu illərdə Azərbaycan SSR Kommunist Partiyası MK-nin birinci katibi, Azərbaycan EA-nın həqiqi üzvü (1950).

Həyatı[redaktə | mənbəni redaktə et]

İmam Mustafayev 25 fevral 1910-cu ildə Azərbaycanın Qax rayonunun Qax-Muğal kəndində, kasıb kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1932–1934-cü illərdə həmin institutda Genetika, seleksiya və toxumçuluq kafedrasında aspirant olmuşdur.[1]

İmam Mustafayev 1938-ci ildə Moskva KT Akademiyasında dissertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə namizədlik, 1964-cü ildə Leninqrad ÜRBİ (VİR)-də "Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. 1950-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmşidir.[1]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1934–1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-cı ildə Ümumittifaq Kommunist (b) Partiyası üzvlüyünə qəbul olunmuşdur. 1950–1952-ci illərdə Azərbaycan EA Elmi katibi, "Azərbaycan EA Məruzələri" və "Azərbaycan sosialist kənd təsərüfatı" jurnallarının redaktoru olmuşdur. Habelə "Azərbaycan EA Xəbərləri" jurnalının redaksiya heyətinin üzvü, Bakı şəhəri və Azərbaycan üzrə deputatı vəzifələrini icra etmişdir.[1]

1940–1954 illərdə Azərbaycan SSR Dövlət Nəzarəti Komissarının I müavini, Azərbaycan Xalq Torpaq Komissarının I müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin I katibi, Azərbaycan Kommunist Partiyası katibi, Gəncə Vilayət Komitəsinin I katibi, 1954–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifələrində çalışmışdır.[1]

Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə "bacarıqsızlıq" bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır. Alim 1959–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda Dənli və dənli-paxlalı bitkilərin genetikası və seleksiyası şöbəsinin müdiri işləmişdir. 1970–1985-ci illərdə həmin institutda direktor vəzifəsini icra etmişdir. 1963-cü ildən SSRİ EA Əlaqələndirmə Şurasının üzvü, Genetika və seleksiya problemlərinə dair Elmi Şuranın sədri olmuşdur.[1]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İmam Mustafayev Zaqafqaziya respublikalarının ərazisində 2000-dən çox arpa, çovdar, vələmir, egilops və on mindən çox buğda və başqa dənli bitkilərin nümunəsini toplamışdır. Onun elmi tədqiqatı məhz bu dənli bitkilərin toplanması və öyrənilməsinə, həmçinin yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunmuşdur.[1]

O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər becərmişdir. "Sevinc", "Cəfəri", "Zoğal-buğda", "Arzu", "Gürgənə-1", "Turanikum-186", "Qızıl buğda", "Turgidum-7", "Bol buğda", "Kəhrəba", "Zərdabi", "Qrekum 75/50", "Birlik" və s. buğda sortları ilə bərabər, "Pallidum 596" arpa sortu, "AP-317" pambıq sortu, "Cəlilabad I" sarımsaq sortu, "Zəfərani", "Şəfa" və "Tozlayıcı" çaytikanı sortlarının müəllifidir.[1]

Alimin kadrlar hazırlanmasında böyük xidmətləri olmuşdur. İmam Mustafayevin rəhbərliyi altında 75 elmlər namizədi və 4 elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. O, 332 elmi məqalə və tezislərin, habelə 5 monoqrafiyanın müəllifidir. Bu məqalələr bitkiçilik, seleksiya, genetikanın müxtəlif istiqamətlərinə həsr olunmuşdur.[1]

İmam Mustafayev Avropa Seleksiyaçılar Assosiyasiyasının üzvü olmuşdur. Eyni zamanda "Mutantlar, yabanı bitən formaların, becərilən bitkilərin yerli populyasiya və sortlarının genofondunun toplanılması, öyrənilməsi, saxlanması", "Əsas kənd təsərrüfatı bitkilərinin xüsusi seleksiyası" və uzaq hibridləşdirmə işlərinin rəhbəri və koordinatoru olmuşdur.[1]

Sovet İKP 19–21, Azərbaycan Kommunist Partiyası 17–22-ci qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin (3–5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (4–5-ci çağırış) deputatı olmuşdur. N.İ.Vavilov adına Qızıl medal, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin üç böyük qızıl medalını almışdır.[1]

Vəfatı[redaktə | mənbəni redaktə et]

İmam Mustafayev 10 mart 1997-ci ildə vəfat etmişdir.[1]

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Azərbaycanda buğdanın seleksiyası. Bakı: 1956;
  • Azərbaycanda buğda, çovdar, arpa və egilopsların öyrənilməsi haqqında materiallar. Bakı 1961;
  • Azərbaycanın buğda kolleksiyası. Bakı: 1962;
  • Azərbaycan bir çox buğda növlərinin vətənidir. Bakı: 1964.
  • Şeyx Şamil. Bakı: Vətən, 1993, 240 səh. (Sadıq Murtuzayev ilə ortaqlı)

Mükafatları[redaktə | mənbəni redaktə et]

İmam Mustafayev "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", "Xalqlar Dostluğu" ordenləri, o cümlədən 5 medal, akademik S.İ. Vavilov adına qızıl medalla təltif olunmuşdur. Habelə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin 3 böyük, 1 kiçik qızıl, 1 gümüş medalı ilə təltif olunmuşdur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Əli Hüseynov, Məcnun Babayev. Məşhur biologiya alimləri. Bakı: Maarif, 2002, səh.151

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Mustafayev İmam Daşdəmir oğlu" (Azərbaycan). science.gov.az. 11-8-2021 tarixində arxivləşdirilib.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]