Həsən Seyidov (siyasətçi, 1910) — Vikipediya

Həsən Seyidov
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı naziri
bayraq2
9 mart 1954 – 10 mart 1959
Əvvəlkiİlyas Abdullayev
SonrakıMöhsün Poladov
bayraq
Azərbaycan SSR Dövlət Plan Komissiyasının sədri
bayraq2
18 aprel 1953 – 9 mart 1954
ƏvvəlkiƏli İbrahimov
SonrakıƏli İbrahimov
bayraq
Bakı Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
30 aprel 1952 – 17 aprel 1953
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
27 may 1950 – 15 aprel 1952
SədrTeymur Quliyev
iyun 1946 – may 1950
1959 – 1962
Şəxsi məlumatlar
Doğum tarixi 25 sentyabr 1910(1910-09-25)
Doğum yeri
Vəfat tarixi 8 iyun 1999(1999-06-08) (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Həsən Əli oğlu Seyidov (25 sentyabr 1910, İrəvan8 iyun 1999, Bakı) — Azərbaycan ictimai-siyasi və elm xadimi. 1946–1950-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olmuş, 1950-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Bakı Vilayət ZDS İcraiyyə Komitəsinin sədri, Dövlət Plan Komissiyasının sədri, kənd təsərrüfatı naziri və SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi vəzifələrində çalışmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən həyatı və elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Həsən Əli oğlu Seyidov 1910-cu ildə İrəvan şəhərində tacir ailəsində anadan olmuşdur. Bəzi mənbələrdə isə doğum tarixi 1908-ci il kimi göstərilmişdir. Doğum haqqında şəhadətnaməsində isə səhvən 1906-cı il olaraq qeyd edilmişdir.[1] Əslən Qəmərlinin Seyidzadələr nəslindəndir.[2]

Həsən Seyidov 1918-ci ildə İrəvanın Körpübulaq məhəlləsindəki məktəbin birinci sinfinə getmiş, ermənilərin azərbaycanlılara qarşı qırğın törətdiyi dövrlərdə yaranmış vəziyyətlə əlaqədar olaraq ailəsi ilə birlikdə İğdıra, Kağızmana, sonra isə Qarsa gəlmişdir. Atası Qarsda sətəlcəm xəstəliyinə tutularaq orada vəfat etmişdir. Bundan sonra Həsən Seyidov əmisinin himayəsi ilə əvvəlcə Tiflisə sonra isə Gəncəyə gəlmişdir. 1921-ci ildə yenidən Tiflisə qayıdaraq buradakı beşillik Əncümən məktəbində təhsilini davam etdirmişdir. 1925-ci ildə Tiflisdəki 97 saylı Sovet məktəbində 7-ci sinfi bitirib Bakıya gələn Həsən Seyidov burada işçi məktəbində oxumuşdur. Buranı başa vurduqdan 1928-ci ilədək oxumuşdur.[1] Bu dövrlərdə o, Lenin adına fabrikdə toxucu, sonralar isə çəkici, tabelçi və kantor işçisi olaraq çalışmışdır.[3] 1928-ci ilin payızında Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuş və 1931-ci ildə oranı bitirmişdir.[1]

İlk ali təhsilini başa vurduqdan sonra Həsən Seyidov Vartaşen rayonunda aqronom işləməyə göndərilmiş, bir müddət orada çalışdıqdan sonra bir qrup azərbaycanlı kənd təsərrüfatı mütəxəssisi ilə birlikdə Moskvaya, aspirantura pilləsində oxumağa yollanmışdır. Orada Ümumittifaq Gübrəçilik və Torpaqçılıq İnstitutunda aspirant vəzifəsində çalışmış və 1934-cü ilin aprel ayında "Torpaqlarda kalium maddəsinin yuyulması" mövzusunda dissertasiyanı müdafiə edərək kənd təsərrüfatı üzrə ilk azərbaycanlı elmlər namizədi kimi Bakıya qayıtmışdır. Aspirantura dövründə bir il Tatarıstanda Nijni-Novqorod vilayətində Torpaqşünaslıq Ensiklopediyasına rəhbərlik etmişdir.[1]

Moskvadan qayıtdıqdan sonra Həsən Seyidov Azərbaycan Kimyalaşma Stansiyasına işə göndərilmiş və 3 il stansiyanın aqrokimya bölməsinə rəhbərlik etmişdir. 1937-ci ildə onun məhsuldarlığın artırılması sahəsindəki elmi-tədqiqat işinin nəticələri dərc edilmişdir. Elə həmin ilin iyun ayında o, Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru təyin edilmiş və 1941-ci ilədək bu müəssisəyə rəhbərlik etmişdir.[3] 1941-ci il iyun ayının 22-də Böyük Vətən müharibəsinin başlanmasından bir həftə sonra isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun rəhbərliyi ona həvalə edilmişdir.[1]

Siyasi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1942-ci ilin əvvəllərində Həsən Seyidov Kirovabad Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1943-cü ilin may ayında isə partiya işinə keçirilərək Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1944-cü il aprelin 1-də o, Azərbaycan K(b)P Mərkəzi Komitəsinin üçüncü katibi, 1946-cı ilin yanvar ayında isə Mərkəzi Komitənin ikinci katibi vəzifələrinə yüksəlmişdir.[1]

1950-ci ilin ortalarında Həsən Seyidov növbəti vəzifəyə — Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin olunmuşdur. Bir il işlədikdən sonra Moskvaya Sov. İKP MK-nın xüsusi əhəmiyyətli birillik kursuna ezam edilmişdir. 1952-ci ilin aprel ayında o, Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad edilərək Bakı Vilayət İcraiyyə Komitəsinin sədri təyin olunmuş, 1953-cü il aprel ayında Bakı və Gəncə vilayətlərinin ləğv edilməsindən sonra Dövlət Plan Komissiyasının sədri vəzifəsinə keçirilmişdir. Bir ildən sonra Azərbaycan SSR kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilmiş və 1959-cu ilə qədər həmin vəzifədə işləmişdir.[1]

1959-cu ildə Həsən Seyidov SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSR Nazirlər Sovetinin daimi müvəkkili vəzifəsinə təyin edilmiş, 1960–1961-ci illərdə Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru vəzifəsində çalışmışdır. Sonra isə 2 il yarım respublika Dövlət Plan Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. 1970-ci ilə qədər isə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Tərəvəzçilik və Meyvəçilik İstehsalat Komitəsinin sədri vəzifəsində çalışmışdır.[1]

Həsən Seyidov dörd dəfə SSRİ Ali Sovetinin deputatı (II, III, IV, V çağırış) seçilmiş, SSRİ Ali Sovetinin Millətlər Palatasının iqtisadi komissiyasının sədri vəzifəsində işləmişdir. Üç çağırış (II, III və VII çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Uzun müddət Azərbaycan MK-nın tərkibinə və 10 il MK-nın büro üzvlüyünə seçilmişdir.[1]

Təqaüddən sonrakı dövrdə fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Həsən Seyidov 1970-ci ildə təqaüdə çıxmış və 1972-ci ildə "Respublikada faraş tərəvəzçiliyin inkişafına dair" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və professor adına layiq görülmüşdür. 1972-ci ildən Azərbaycan Dövlət Yerquruluşu Layihəsi İnstitutunda texniki şöbə rəisi, eyni zamanda texniki şuranın sədri kimi çalışmışdır. 70-ә qədər elmi əsərlərin müəllifi olmuşdur.[1]

1999-cu il iyun ayının 8-də vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 Əsgər Zeynalov. İrəvan ziyalıları. Bakı: Oğuz eli. 1999.
  2. "Tam məxfi" (araşdırma) // "İrəvan" qəzeti. 2–8 oktyabr 2011-ci il. S. 12.
  3. 1 2 Һәсән Сейидов // Коммунист. № 21 (7203). 29 январ 1946-ҹы ил. С. 2.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]