Ozan məscidi — Vikipediya

Ozan məscidi
Xəritə
40°40′18″ şm. e. 46°20′56″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Ozan küç ilə Ruhulla Axundov küç kəsişməsi.
Tikilmə tarixi 1884
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti stabil
İstinad nöm.3989
KateqoriyaMəscid
ƏhəmiyyətiYerli əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ozan məscidiAzərbaycanın Gəncə şəhərində yerləşən 1884-cü ildə tikilmiş məscid və tarix-memarlıq abidəsi.

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Ozan məscidi 1884-cü ildə Ozan məhəlləsinin sakinlərinin hesabına Gəncə şəhərində tikilib.[1][2] Lakin abidənin giriş tağının üzərindəki kitabədə isə onuntikinti tarixi kimi 1786-cı il göstərilib.[3][4] Tikilinin ümumi sahəsi 357,8 m², yararlı sahəsi isə 223,8 m² dir. Məscidin əsas hissəsi günbəzlə örtülmüş kvadrat şəkilli ibadət salonudur. Yan tərəflərdə 2 köməkçi otaq var.

"Molla Nəsrəddin" jurnalının 1907-ci il buraxılışının 12-ci sayında Ozan məhəlləsində yaşayanların köməyi ilə 1906-cı ildə məscidin təmirinə 2000 manat pul toplanması haqda məlumat verilib.[2] 1920-ci ildə Gəncə üsyanında şəhəri mühasirəyə alan bolşeviklər tərəfindən açılan top atəşi ilə məscidin bir hissəsi dağılıb. Bundan başqa üsyan yatırılarkən məscidə sığınan yerli əhali məscidin içərisində diri diri yandırılıblar. Əslən gəncəli olan hərbi pilot və mühacir Məmməd Altunbay məsciddə baş vermiş hadisəyə özü şahid olub və bu haqda 1989-cu ildə Ankarada çapdan çıxmış kitabında yazıb. Öz kitabında o qeyd edir ki:

" Ozan camisinin ortasında yüzlərlə insanın yanğından qıvrılıb qalan cəsədi qorxunc bir mənzərə yaradırdı... Diri-diri yandırılan məsum insanların qanı və yağı kömürləşən qapının altından çölə axırdı. Cəsədlər arasında necə olubsa yanmayan, fəqət, qaralıb qalan üzlər, əl və ayaq parçaları, saç hörükləri faciənin böyük dəhşətini daha da artırırdı. Küçənin o biri başında beş-altı erməni akkardion çalırdı. "

Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[5] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[6] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[6][7] Ozan məscidi də bu dövrdə ibadətə bağlanıb, binasında korlar üçün artel daha sonra isə ərzaq mağazası yerləşib.[2] Məscidin binası 1979-cu ildə bərpa edilib.[4] Daxili divarlarına rəssam Rüstəm Hüseynquliyev tərəfindən rəsmlər çəkilib. Burada Nizami xatirə muzeyi və kitab mağazası fəaliyyət göstərib.[2]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[8] Hazırda məsciddə kitabxana fəaliyyət göstərir.[9][10]

  1. Məmmədov, Mərdan. Gəncə abidələri (az.). Bakı: Azərnəşr. 2021. 32. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-17.
  2. 1 2 3 4 Əhmədov, Fərrux. Gəncənin tarix yaddaşı (az.). Bakı: Şirvannəşr. 1998. 158. 2024-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.
  3. "Gəncə şəhəri Ozan məscidi". sirat.az. 2022-03-14. İstifadə tarixi: 2024-09-18.
  4. 1 2 "Gəncə Daşların yaddaşı - Ozan məscidi". Trend.Az (az.). 2020-03-13. İstifadə tarixi: 2024-09-18.
  5. Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  6. 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  7. Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
  8. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  9. Hacıyev, Rauf. "Ozan məscidi: Qanlı tarixin daş yadigarı". Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2016-05-18. İstifadə tarixi: 2024-09-18.
  10. "Gəncənin qanlı tarixinin lal şahidi: Ozan məscidi". gencexeber.az (az.). 2021-08-13. 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]