Heydərxanlı məscidi — Vikipediya

Heydərxanlı məscidi
Ölkə Azərbaycan Azərbaycan
Status yerli əhəmiyyətli abidə
Yerləşir Cəhri, Babək
Tikilmə tarixi XV əsr
Vəziyyəti Sonuncu dəfə XIX əsrdə restavrasiya olunub
KateqoriyaMəscid

Heydərxanlı məscidiNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində yerləşən XV əsrə aid məscid.

Babək rayonunu Cəhri kəndində zəmanəmizədək beş məscid binası gəlib çatmışdır. Bu məscidlərdən bəzisi yarımuçuq vəziyyətdə olsa da nisbətən salamat qalanları da olmuşdur. Ancaq onlardan sovet hakimiyyəti illərində təsərrüfat məqsədilə anbar kimi istifadə olunmuşdur. Belə məscidlərdən biri kənd əhalisi arasında "Heydərxanlı məscidi" kimi tanınan məsciddir. Kəndin mərkəzində, Heydərxanlı məhəlləsində yerləşən bu məscidin divarları kvadrat formalı çiy kərpicdən inşa olunmuş, fasadı bişmiş kərpiclə üzlənmişdir. Məscid qoşa mehrablıdır. Qeyd etmək lazımdır ki, Naxçıvan bölgəsində qoşa mehrablı məscidlərə demək olar ki, rast gəlinməmişdir.

Sovet hakimiyyəti illərində Heydərxanlı məscidindən anbar kimi istifadə edilmişdir. Son illərdə bura taxıl yığılırdı. Buna görə də məscidin uçub tökülən yerləri, xüsusi ilə qərb divarı kobud şəkildə bərpa edilmişdir. Məscidin cənub tərəfdən iki giriş qapısı vardır. Qərbdəki qapı kişilər, şərq tərəfdəki qapı isə qadınlar üçün nəzərdə tutulmuşdur. Binanın içərisi üç sıra ağaç sütunlarla dörd yerə ayrılmışdır. Məscidin daxilində şimal və şərq divarların qarşısında kərpic hörgü ilə geniş səki düzəldilmişdir. Bu hissə qadınların oturması üçün nəzərdə tutulmuşdur. Mehrab cənubda yerləşən iki dərin uzunsov taxça və onları birləşdirən tağşəkilli ornamentdən ibarətdir. Məscidin üstü ağac tirlərlə örtülmüşdür. XV əsrə aid olan məscid son dəfə XIX əsrdə əsaslı şəkildə bərpa edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: "Əcəmi" Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s., s. 60