Təbii birliklər — Vikipediya

Təbii birliklər Meşə, çəmən, bataqlıqda olan canlılar qrup halında birgə yaşamağa uyğunlaşmışlar. Müəyyən ərazidə birgə yaşamağa uyğunlaşan müxtəlif canlılar qrupu təbii birliklər əmələ gətirir. Təbii birliklərdə canlı orqanizmlər birbiri ilə və cansız təbiət amillərilə (torpaq, su və s.) əlaqədədirlər.

Ekoloji sistem[redaktə | mənbəni redaktə et]

Təbii birliklər və onları əhatə edən mühit vahid sistem – ekoloji sistem adlanır. İstənilən ekoloji sistemdə əsas yeri üzvi maddə “istehsalçıları” olan yaşıl bitkilər tutur. Ekoloji sistemlərdə bir orqanizm digəri ilə qidalandığı üçün bunlar arasında müəyyən əlaqə – qida zənciri yaranır.

Sadə qida zəncirləri[redaktə | mənbəni redaktə et]

Sadə qida zəncirləri, adətən, bir-biri ilə birləşərək mürəkkəb şəbəkə əmələ gətirir. Təbii birlikləri təşkil edən canlılar arasında birgə yaşamağı təmin edən müxtəlif münasibətlər formalaşır: Rəqabət münasibətləri. Oxşar həyat tərzi keçirən eyni və ya müxtəlif növə mənsub olan fərdlər arasında gedən mübarizə rəqabət adlanır. Rəqabətə dözə bilməyənlər isə məhv olurlar.

Yırtıcı–şikar münasibətləri[redaktə | mənbəni redaktə et]

Təbii birliklərdə yırtıcı–şikar münasibətlərinə də rast gəlinir. Əlverişli şəraitdə (məsələn: qida bol olduqda) şikarların sayı artarsa, buna müvafiq yırtıcıların da miqdarı artır. Yırtıcılar həm də sanitar rolunu oynayaraq xəstə heyvanları tutub yeyir və bununla xəstəliklərin yayılmasının qarşısını alırlar.

Parazit – sahib münasibətləri[redaktə | mənbəni redaktə et]

Təbii birliklərdə bəzən bir orqanizm digər orqanizmdən yaşayış məskəni kimi istifadə edir və onun hesabına qidalanır. Belə orqanizm – parazit, parazitin yaşadığı orqanizm isə sahib adlanır.

Əlverişli qarşılıqlı münasibətlər[redaktə | mənbəni redaktə et]

Təbii birliklərdə birgə yaşamaqla əlaqədar bitkilər və heyvanlar, bitkilər və mikroorqanizmlər, bir heyvan növü ilə digəri arasında əlverişli qarşılıqlı münasibətlər formalaşır. Məsələn, kəpənəklər çiçəklərin tozlanmasında iştirak edir, özləri isə nektarla qidalanırlar.