Mitoz bölünmə — Vikipediya
Eukariot hüceyrələrin əsas bölünmə üsullarından biridir. Fasiləsiz surətdə davam edən bu prosesin öyrənilməsini asanlaşdırmaq üçün onu şərti olaraq 4 hissəyə ayırırlar: Profaza, Metafaza, Anafaza, Telofaza. Mitoz bölünmə prosesi İnterfazadan sonra başlayır.
Profaza
[redaktə | mənbəni redaktə et]Mitozun birinci fazasıdır. Bu fazada hüceyrənin nüvəsi həcimcə böyüyür, nüvə şirəsinin qatılığı azalır. Spirallaşma nəticəsində nüvə şirəsində olan sapşəkilli xromosomlar qısalır, yoğunlaşır və işıq mikroskopunda daha aydın görünür.
Bu zaman ikiləşmiş sentriollar (sentriola malik hüceyrələrdə) qütblərə çəkilir. Sentriollar qütblərə çəkildikdən sonra bölünmə vətərləri yaranmağa başlayır. Profazanın sonunda nüvə pərdəsi (qılafı) ayrı-ayrı hissıciklərə parçalanaraq əriyir. Həmin hissəciklər endoplazmatik şəbəkənin membranlarına birləşir. Profaza boyu xromosomların qalınlaşması davam edir, sonra nüvəcik itir. Nüvə pərdəsi və nüvəcik itdikdən sonra xromosomlar sərbəst şəkildə sitoplazmada yerləşir.
Bu dövrdə hər bir xromosomun həm sayı, həm də iki xromatidli olması müəyyənləşdirilə bilər.
Metafaza
[redaktə | mənbəni redaktə et]Xromosomların spirallaşması ən yüksək səviyyəyə çatır və qısalmış xromosomlar hüceyrənin ekvator hissəsinə doğru irəliləyərək, metafaza lövhəsini əmələ gətirir. Hər bir xromosoun sentromerinə qütblərdən bir vətər teli birləşir. Metafazada bölünmə vətərlərinin yaranması başa çatır və xromosomlar qütblərdən bərabər məsafədə yerləşir. Bu dövrdə xromosomların ikixromotidli olmaları daha aydın görünür. Onlar yalnız sentromer hissədə bir-biri ilə birləşmiş vəziyyətdə olurlar. Bu səbəbdən metafazada xromsomları saymaq və morfoloji xüsusiyyətlərini təyin etmək daha asan olur.
Anafaza
[redaktə | mənbəni redaktə et]Anafazada xromosomların xromotidləri bir-birindən tam ayrılaraq qütblərə çəkilirlər. Bu vaxtdan etibarən xromotidlər sərbəst xromosomlar hesab olunur. Xromotidlərin ayrılması anafazada xromosomların sayını iki dəfə artırır.
Telofaza
[redaktə | mənbəni redaktə et]Mitoz bölünmə telofaza ilə başa çatır. Qütblərə çəkilmiş xromosomların spiralları açılır, onlar görünməz olurlar. Sitoplazmanın membran strukturundan yenidən nüvə qılafı əmələ gəlir və nüvəcik formalaşır. Nüvə bölünməsinin ardınca sitoplazma da ikiyə bölünür. Heyvan hüceyrəsində qılaf nazik olduğu üçün o, ortadan bölünərək iki qız hüceyrə əmələ gətirir. Bu hüceyrələrin hər biri ana hüceyrədə olduğu kimi diploid xromosom yığımına malik olur. Bitki hüceyrələrində qalın hüceyrə divarı olduğu üçün hüceyrələrin orta hissəsində eninə yerləşmiş lövhə əmələ gəlir və o, kənara doğru uzanaraq hüceyrəni ortadan ikiyə bölən plazmatik membran yaradır. Membranın yaranmasından sonra sellüloza mənşəli hüceyrə divarı əmələ gəlir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]11-ci sinif dərslik kitabı səh. 4-5 (Bakınəşr 2005)