Ədliyyə Nazirliyi (Azərbaycan) — Vikipediya

Ədliyyə Nazirliyi
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 22 noyabr 1918
Baş qərargah Bakı Bakı
Ünvan İnşaatçılar prospekti 1
Rəhbərlik
Nazir Fərid Əhmədov

Rəsmi saytı justice.gov.az

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı, bəşəri inkişafın yaratdığı mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin nəhəng Şərqdə təməli atıldı.


Şərqdə yaranan bu ilk respublika həm də milli mədəniyyətimizin üzərində qurularaq, xalqımızın milli şüurunun inkişafını, milli varlığımızın qorunub saxlanmasını öz siyasətində prioritet məsələyə çevirdi.

Xalq Cümhuriyyəti yarandığı ilk dövrdən dövlət mexanizmini sürətlə formalaşdırılmağa başladı. Cümhuriyyətin ilk parlamenti və hökuməti yaradıldı. Eyni zamanda, yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirə bildi. Bu istiqamətdə hökumətlə yanaşı, parlamentin gördüyü işlər dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə parlament tərəfindən ictimai həyatın müxtəlif sahələri üzrə münasibətləri tənzimləyən, iqtisadiyyatın, mədəniyyətin, bütövlükdə cəmiyyətin inkişafını ehtiva edən 230-a yaxın qanun qəbul olundu.

Hüquq sisteminin inkişafına verilən əhəmiyyətə görədir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olundu. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməl əsasında müasir dövlətçilik ənənələrinə və konsepsiyasına söykənən Azərbaycan ədliyyəsinin tarixi yazılmağa başlandı.

Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmişdir. Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur.

Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir.

Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında" "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və digər qanunlar parlamentdə müzakirəyə çıxarılması da nazirliyin dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində apardığı işlərin mühüm göstəricilərindəndir.

Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 13 may 1920-ci il tarixdə Ədliyyə Nazrliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər Komissarlığa həvalə olunmuşdur. 1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə Komissarlığın fəaliyyəti bir xeyli məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etmişdir. 7 dekabr 1959-cu il tarixdə isə Ədliyyə Komissarlığı ləğv edilərək səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürülmüşdür.

Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin yenidən inkişafı Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamış və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini vermişdir. O dövrdən başlayaraq ədliyyə sistemi dövlət mexanizminin mühüm elementi kimi öz rolunu artırmış, hüquq-mühafizə fəaliyyəti, struktur formalaşması, digər orqanlarla qarşılıqlı əlaqənin səmərəli və operativ təmin edilməsi istiqamətində işlərin normativ və praktiki təşkili üzrə mühüm təcrübə formalaşmışdır. Həmin bu təcrübə Azərbaycanda müstəqilliyin ilk illərində ədliyyə sisteminin gələcək inkişafını qura bilmək üçün mühüm baza rolunu oynamışdır.

SSRİ-nin dağılması ilə yenidən müstəqilliyə nail olmuş Azərbaycan xalqı tez bir zamanda dövlətçiliyin itirilməsi, Azərbaycanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıqda Ümummilli liderin yenidən hakimiyyətə gəlməsinə zərurət yaranmışdır. Azərbaycanda müstəqil dövlətin mövcud ola bilməsi və cəmiyyətin xaosdan qurtulması Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsində görülürdü. Beləliklə, anarxiya və müharibə şəraitində Heydər Əliyev hakimiyyətə qayıtdı. Ümummilli liderin yenidən hakimiyyətə gəlməsi ilə cəmiyyətin və dövlətin həyatında sürətli dəyişikliklər, quruculuq işləri başladı. Müstəqil dövlət quruculuğu istiqamətində görülən işlər, aparılan islahatlar bir-neçə il ərzində sabit və dinamik inkişaf xəttini tuta bilən dövlət aparatının formalaşmasına, bu inkişafa imkan verən qanuvericlik bazasının, hüquq sisteminin yaradılmasına səbəb oldu. Bu cür dinamik dəyişikliklər nəticəsində Ədliyyə Nazirliyi zəngin və şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin həyatında qanunçuluğun, hüququn aliliyinin, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində əsas rol oynayan orqanlardan birinə çevrildi.

Ümummilli liderin islahatların sürətlə aparıldığı bir dövrdə ədliyyə sisteminin dövlət mexanizmininin işləkliyinin təmin olunmasında oynadığı rola verdiyi əhəmiyyətə görədir ki, 11 noyabr 2000-ci il tarixli sərəncamla 22 noyabr-Ədliyyə Nazirliyinin ilk Əsasnaməsinin təsdiqləndiyi gün, Respublikamızda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunmağa başlanmışdır. Bu sərəncamla dövlət başçısı özünün və dövlətimizin siyasətində mütərəqqi tarixi ənənələrin qırılmazlığına, milli şüurun, müstəqillik ideyasının inkişafına verdiyi diqqətin bir nümunəsini sərgiləmiş, ədliiyyə işçilərinin peşə fəaliyyətinin xalqımızın tarixində yer alan qürur verici hadisələrlə və ənənələrlə qırılmaz əlaqəsini hüquqi müstəvisinə ötürmüşdür. 16 avqust 2001-ci ildə Azərbaycanın Ədliyyə tarixi ilə bağlı muzeyin yaradılması da dövlət başçısı tərəfindən ədliyyəyə verilən dəyərin göstərici idi. Ümummilli liderin təşəbbüsü əsasında muzeyin açılışı Xalq Cümhuriyyəti zamanından bu günə qədər gəlib çıxan ədliyyəmizin tarixi ənənəsinə varisliyin dövlət tərəfindən qəbul edilməsi adına atılmış önəmli və dəyərli addım olmuşdur.

Ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmış, nüfuzu və mövqeyi möhkəmlənmişdir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi bu gün böyük səlahiyyətlərə malik olan Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin, onun qarşısında duran mühüm vəzifələrin miqyasının ciddi şəkildə genişlənməsinin hüquqi təsbiti, dövlətin hüquq siyasətini həyata keçirən orqan kimi cəmiyyətdə ciddi nüfuza malik olmasının göstəricisidir. 26 may və 17 avqust 2006-cı il tarixlərində dövlət başçısı tərəfindən müvafiq Fərmanlar imzalanmaqla "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafı haqqında" Qanunlar qəbul olunmuşdur. Həyata keçirilmiş islahatlar nəticəsində Ədliyyə orqanlarına qəbul prosesi durmadan inkişaf etdirilmiş və 2006-cı ildən sonra isə ədliyyə orqanlarında xidmətə qəbul prosesi şəffaf müsabiqə yolu ilə aparılmağa başlanmışdır. Sənədlərin qəbul edilməsi prosesinin optimallaşdırılması və imtahan prosesinin internet üzərindən canlı yayımlanması ədliyyə orqanlarında qulluğa qəbulun təkmilləşdirilməsinin təzahürüdür. "Açıq hökumət" prinsiplərinin ədliyyə sistemində geniş tətbiqi, nazirliyin internet saytlarının interaktiv rejimdə fəaliyyəti, ədliyyə saytlarının mobil versiyalarının istifadəyə verilməsi, əhaliyə göstərilən elektron xidmətlər də ədliyyə fəaliyyətində şəffaflığın artırılmasına yönələn mühüm tədbirlərdəndir.

Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamına əsasən isə Azərbaycanda ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiq olunmuş və icra edilməyə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işinin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynamışdır. Eyni zamanda, Azərbaycan Respublikasında aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri dərinləşmiş, dövlətimiz nüfuzlu beynəlxalq qurumlarda böyük uğurlara nail olmuşdur.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ[2]

8. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

8.1.    ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

8.2.    ədliyyə sahəsinin inkişafını təmin edir;

8.3.    hüquq-mühafizə fəaliyyətini həyata keçirir;

8.4.    qanunvericilik aktlarının layihələrini hazırlayır, layihələr üzrə rəy verir, normativ hüquqi aktların və normativ xarakterli aktların hüquqi ekspertizasını, dövlət uçotunu və dövlət qeydiyyatını aparır;

8.5.    vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılmasını təşkil edir;[3]

8.6. notariat fəaliyyətini təşkil edir;

8.7. qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, habelə təhsil müəssisələrinin dövlət qeydiyyatını həyata keçirir və qeyri-kommersiya hüquqi şəxslərin, “xarici qeyri-kommersiya hüquqi şəxslərin nümayəndəlik və filiallarının, habelə təhsil müəssisələrinin dövlət reyestrini aparır;[4]

8.7-1. sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrini aparır;[5]

8.8. Azərbaycan Respublikası əhalisinin dövlət reyestrini aparır;

8.8-1. dəfnlərin vahid dövlət reyestrini aparır;[6]

8.8-2. daimi arbitraj təşkilatı kimi fəaliyyət göstərmək üçün qeyri-kommersiya hüquqi şəxslərini akkreditasiyadan keçirir;[7]

8.9. qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

8.10.  məhkəmə qərarlarının icrasını təmin edir;

8.10-1. probasiya nəzarətinin həyata keçirilməsini təmin edir;[8]

8.11.  penitensiar müəssisələrin fəaliyyətini təşkil edir və nəzarəti həyata keçirir;

8.12.    bələdiyyələrin işinin təşkilinə kömək edir və onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir;

8.13.  qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır;

8.14.  hüquq sahələrinə dair elmi tədqiqat işlərini aparır;

8.15.  tabeliyində olan məhkəmə ekspertizası idarəsində məhkəmə ekspertizası fəaliyyətini təşkil edir;[9]

8.15-1. özəl məhkəmə eksperti şəhadətnaməsini verir; [10]

8.15-2. Məhkəmə Ekspertlərinin Reyestrini, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrini və Məhkəmə Ekspertizasının Elmi-Metodiki Fondunu aparır;

8.16. hakimlərin, ədliyyə işçilərinin, vəkillərin əlavə təhsilini, habelə müxtəlif sahələrdə çalışan işçilərin hüquq peşəsi üzrə əlavə təhsilini təmin edir;[11]

8.16-1. ilk dəfə ədliyyə, prokurorluq orqanlarına qulluğa qəbul edilən namizədlərin, habelə vəkilliyə namizədlərin icbari təliminin həyata keçirilməsini təmin edir;[12]

8.16-2. hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin həyata keçirilməsini təmin edir;[13]

8.17. hüquqi maarifləndirmə işini həyata keçirir;

8.18. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir;

8.19. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

Strukturu[redaktə | mənbəni redaktə et]

Ədliyyə Nazirliyinə 5 müavini olan ədliyyə naziri (hazırda Fərid ƏHMƏDOV) rəhbərlik edir.


STRUKTUR[3]

1.      Rəhbərlik

Nazir

Nazir müavini

Nazir müavini

Nazir müavini

Nazir müavini[5]

Nazir müavini - Penitensiar xidmətin rəisi


2.      Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı [6]

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Ədliyyə sahəsində xidmətlər baş idarəsi

İcra baş idarəsi

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

İnsan resursları baş idarəsi

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və kommunikasiya idarəsi

İstintaq idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi


3.      Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar


Penitensiar xidmət (baş idarə səlahiyyətli)

Ədliyyə Akademiyası (baş idarə səlahiyyətli)

Məhkəmə Ekspertizası Mərkəzi (baş idarə səlahiyyətli)

Tibb baş idarəsi

Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti (idarə səlahiyyətli)

Regional, yerli və digər qurumlar [7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  2. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]