Asiya — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Asiya | |
---|---|
43°40′52″ şm. e. 87°19′52″ ş. u.HGYO | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə uzanır. sahəsi 43,4
mln kv. km-dir. Əhalisinin sayı təxminən 4.3 mlrd nəfər təşkil edir. Onlardan 52,1 % kişilər, 47,9 %-ni qadınlardır. Şəhər-kənd əhalisinin nisbəti 37,6:62,4-ə olan kimidir. Əhalinin hər kv.km-də orta sıxlığı 84,7 nəfərdir. Ən çox sıxlıq Sinqapurda-6742 nəfərə çatır. Ən az əhali sıxlığı Monqolustanda hər kv.km-də 1,72 nəfərdir. Təbii artıma gəldikdə, illik orta artım −1,1% ən cox artımda Yəməndə −3,40%, ən az artım isə Gürcüstanda −0,31%-dir. Əhalinin orta ömur müddəti kişilər üçün — 68,8 il, qadınlar üçün isə 66,4 ildir. Uzunömürlük kişilərdə isə −77,7 il (Yaponiyada), qadınlar yenə Yaponiyada — 84,2 ilə çatır. Ən az ömür müddəti isə Əfqanıstanda müşahidə edilir. Asiyada savadlılığın orta göstəricisi 71% olmaqla Yaponiyada 99%-ə, ən az Nepalda 26% təşkil edir.
Asiyada 48 dövlət, iki xüsusi statusa malik olan ərazi var. Sakit okeanda Britaniya ərazisində və Fələstindən ibarətdir. İdarə olunma formasına görə 34 respublika,14 monarxiya mövcuddur. Deyilənlərdən 4-ü federativ quruluşa, 9-u konstitusiyalı monarxiya, 5-i isə mütləq monarxiyaya malik olan dövlətlərdir. Asiya əhalisinin irqi, milli və dil tərkibi çox mürəkkəbdir. Burada bəşəriyyətin 4 aparıcı irqi mövcuddur. Bu monqoloid, avropoid, avstrolid və neqroid irqləridir. Regionda mindən artıq xalq yazır ki, onlar da 200-dən artıq dil və dialektə aiddirlər. Hindistan, indoneziya Filippin, İran, Əfqanıstan, Pakistan, Malaziya və digərləri çoxmillətli dövlət sayılırlar. Banqladeş, Yəmən, Kampuçiya, Çin, Koreya Xalq Demokratik Respublikası, Maldiv, Yaponiya azsaylı milli tərkibə malik olan dövlətlərdir. İslam, induizm, buddizm dinləri aparıcı sayılır[1].
Asiya Avropa ilə birlikdə 54 mln. km²-lik sahəsi ilə dünyanın ən böyük qitəsidir. Əsasən şərq yarımkürəsində yerləşir. O, Avrasiya materikinin 4/5-dən çoxunu əhatə edir. Asiyanın sahəsi Cənubi Amerika, Antraktida və Avstraliyanın birgə götürülmüş sahəsindən daha çoxdur. Bu qitə Avrasiya materikinin şimal-şərq, şərq, cənub və cənub-şərq hissələrini əhatə edir. Asiya qərbdən şərqə doğru 10.200 km, şimaldan cənuba doğru 7.000 km məsafədə uzanır. Avropa ilə Asiyanın şərti sərhədi Ural dağlarının şərq ətəkləri, Ural və ya Emba çayı, Xəzər dənizinin şimal sahilləri, Kuma-Manıç çökəkliyi, Don çayının aşağı axını, Azov dənizi, Kerç boğazı, Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Egey dənizi olaraq qəbul edilmişdir. Afrika ilə Asiyanı bir-birindən Süveyş kanalı, Qırmızı dəniz, Babülməndəb boğazı və Ədən körfəzi ayırır.
Asiya Yer kürəsinin yeganə qitəsidir ki, onun sahillərini dörd okeanın suları əhatə edir. Asiyanın qərb və cənub-qərb sahilləri daha çox girintili-çıxıntılıdır. Asiyanın şərq sahillərini Sakit okeanın suları əhatə edir. Materikin cənub və cənub-qərb sahillərini isə Hind okeanının suları əhatə edir. Burada nəhəng Ərəbistan yarımadası Ərəbistan və Hindistan yarımadası Hindistan yarımadaları, onları ayıran Ərəbistan dənizi və Benqal körfəzi yerləşir. Qırmızı dəniz Asiya sahillərində yerləşən ən isti dənizdir. Asiyanın cənub sahillərində adalar azdır. Şri-Lanka buradakı ən iri adadır. Hind okeanı sahillərində musson cərəyanları çox böyük təsir göstərir.
Atlantik okeanı suları Asiyanın ucqar cənub-qərb qurtaracağı olan Kiçik Asiya yarımadasını əhatə edir. Bu yarımadanı qərb sahilləri olduqca girintili-çıxıntılıdır. Kipr adası Asiyanın Atlantik okeanı hövzəsinə aid olan ən böyük adasıdır. Asiyanın bir qrup böyük ada və yarımadaları olan Yamal, Taymır, Çukot yarımadaları və Novosibirsk adaları Şimal Buzlu okeanında yerləşir. Berinq boğazı Asiyanı Şimali Amerikadan ayırır. Şimal Buzlu okeanındakı dənizlərin hamısı qışda donur.
Etimologiya
[redaktə | mənbəni redaktə et]Tarix, mədəniyyət və elmin inkişafında böyük rol oynayan assuriyalılar e.ə. iki min il əvvəl Aralıq dənizindən şərqdə olan ölkələri Asu adlandırmışlar. "Asiya" etimologiyası Assuriya dilində "asu" sözündən əmələ gəlib "günçıxan", "şərq" mənasını daşıyır. Qurunun təqribən 30 %-ni təşkil edir. Şimal yarımkürəsinin coğrafi qurşaqlarını tutur. Şimaldan cənuba 8200 km, şərqdən qərbə 8500 km-ə qədər uzanır.[2]
Relyef
[redaktə | mənbəni redaktə et]Asiya qurunun ən yüksək qitəsidir. Yer kürəsinin ən uca dağ silsilələri və iri düzənlikləri onun ərazisində yerləşir. Asiyanın ən ucqar dağ zirvəsi olan Everest ilə ən dərin çökəkliyi Ölü dəniz arasındakı hündürlük fərqi 9.200 metrdən artıqdır. Qitənin əsasını qədim Avrasiya litosfer tavası təşkil edir. Həmin tava Sibir, Çin-Koreya, Cənubi Çin, Hindistan, Ərəbistan platformalarından ibarətdir. Müxtəlif geoloji dövrlərdə baş verən dağəmələgəlmə prosesləri bu platformaları birləşdirərək qitənin ərazisini xeyli genişləndirmişdir. Paleozoy erasında Altay, Sayan, Tyanşan dağlarının ətəkləri, Böyük Xinqan dağları formalaşmışdır. Asiyanın Lena çayından şərqdə yerləşən dağları Mezozoy qırışıqlığı dövründə əmələ gəlmişdir. Avrasiya və Hind-Avstraliya tavalarının birləşdiyi sahələrdə Kaynozoy erasının əvvəllərində güclü dağəmələgəlmə prosesləri baş vermiş, nəticədə nəhəng Alp-Himalay qurşağı yaranıb. Bura Kiçik Asiya, İran yaylası, Qafqaz, Hinduquş, Pamir, Tyanşan, Kunlun, Himalay dağları, Hindçin yarımadasının qərbi, Zond adaları daxildir. Asiyanın şərqində Sakit okean tavasının Avrasiya tavasının şərq kənarları ilə qovuşduğu sahədə zəncirvarı ada qövsləri və dərin ada çökəklikləri əmələ gəlmişdir. Bu qurşağa Kamçatka yarımadası, Kuril, Yapon, Filippin adaları daxildir. Ona Sakit Okean "odlu halqası" da deyilir. Asiyanın qeyd edilən hissəsində Yer qabığı çox fəaldır, relyefin inkişafı indi də davam edir. Bu sahələrdə tez-tez vulkan püskürmələri və zəlzələlər baş verir.
Vulkan rayonlarında çoxlu qaynar bulaqlar – qeyzerlər də fəaliyyətdədir. Zəlzələlər Asiyanın cənubundakı seysmik qurşaqda da xeyli fəaldır. 1902-ci ildə Şamaxı şəhərində baş vermiş 9 bal gücündə zəlzələ nəticəsində şəhər tamamilə dağılmışdı. 1911-ci ildə Alma-Ata, 1948-ci ildə Aşqabad, 1966-cı ildə isə Daşkənd şəhəri zəlzələ nəticəsində viran qalmış, on minlərlə adam həlak olmuşdu. Asiyanın seysmik qurşaqlarında çoxlu sayda fəaliyyətdə olan və sönmüş vulkan var. Qitənin fəaliyyətdə olan ən uca vulkanı Kamçatka yarımadasındakı Klyuçi Sopkasıdır (4750 m). Böyük Zond adalarında yerləşən Krakatau vulkanı dəhşətli püskürmələri ilə məşhurdur. Abşeron yarımadası və Qobustanda çoxlu sönmüş və fəaliyyətdə olan palçıq vulkanları var. Hazırda vulkan və isti bulaqlardan müxtəlif məqsədlər üçün istifadə edilir. Yerin dərinliklərindən çıxan isti buxar və sulardan elektrik enerjisi alınır, evlər və istixanalar qızdırılır. Yerin daxili enerjisindən Yaponiyada, Rusiyada, İndoneziyada və digər ölkələrdə geniş istifadə edilir.
Asiyanın müasir relyefinin formalaşmasında qədim materik buzlaşmasının böyük rolu olub. Qədim buzlaqlar Taymır yarımadası və Uralın şimal qurtaracağından cənuba hərəkət edərək geniş sahələri basmışdır. Bəzi sahələrdə buzların qalınlığı 1,5–2 kilometrə çatırdı. Qədim buzlaşmalar Asiyanın relyefini kəskin dəyişdirmişdir. Şimalda buzlaqların əriməsi nəticəsində müxtəlif ölçülü süxur qalaqları olan morenlər səthdə qalın örtük yaradıb.
Asiya ərazisinin yarıdan çoxunu dağlar və yaylalar tutur. Düzənliklər kimi dağlar da mənşəyinə və yaşına görə fərqlənir. Burada həm cavan, həm də qədim dağlar var. Cavan qırışıq dağlar qitənin şərq və cənub kənarlarında iki nəhəng qurşaq əmələ gətirir. Alp-Himalay qurşağı Atlantik okeanı sahillərindən Sakit okeana qədər davam edir. Bu qurşağa Asiyanın qırışıq-faylı Qafqaz, Pamir, Hindiquş, Himalay dağları aiddir. Himalay dağları qövsvari şəkildə Hindistan yarımadasının şimalı ilə qərbdən şərqə doğru 2400 km məsafədə uzanır. Onun ən hündür nöqtəsi Everest dağıdır (8848 m). Əksər zirvələri qar və buzlaqlarla örtülüdür. Himalay dağlarından şimalda 2 milyon km² sahəni əhatə edən dünyanın ən hündür yaylası olan Tibet yaylası yerləşir. Tibet yaylasının şimalında bəzi zirvələrin hündürlüyü 7000 metrə çatan, qar və buzlaqlarla örtülü Kunlun dağları yerləşir. Onun uzunluğu 2000 km-dən artıqdır.
Daha şimalda Mərkəzi Asiyanın yüksək düzənlikləri geniş əraziləri əhatə edir. Onlardan ən böyükləri Qobi, Tarım və Cunqar yüksəklikləridir. Qeyd olunan yüksək düzənliklərdə quru iqlim şəraitində geniş səhralar yaranıb. Təklə-məkan və Qobi səhraları buna misaldır. Himalay dağları qərbdə Hindiquş dağları ilə, onlar isə Pamirlə qovuşur. Pamir dağlarının hamar, yüksək səthindən 7000 metrə qədər ucalan çılpaq zirvələri diqqəti cəlb edir. Hamar səthlər və zirvələr buzlaqlarla örtülüdür. Qara dəniz və Xəzər dənizi arasında 1500 km məsafədə uzanan Qafqaz dağları da cavan qırışıqlığa aiddir. Dağ əmələgəlmə prosesi burada hələ də davam edir. Böyük və Kiçik Qafqaz dağları arasında Kür-Araz və Kolxida ovalıqları yerləşir.
Asiya Yer kürəsinin ən mürəkkəb iqlim şəraitinə malik hissəsidir. Bunun səbəbi Asiya ərazisinin böyüklüyü, xüsusilə onun şimaldan cənuba və qərbdən şərqə doğru geniş ərazi boyu uzanmasıdır. Şimal yarımkürəsinin ən soyuq sahəsi Asiyada yerləşir (Oymyakon, −71 °C). Yer kürəsində ən yüksək rütubət də Asiya qitəsindəki Himalay dağlarının cənub-şərq ətəklərindədir. Asiyanın iqliminin formalaşmasına coğrafi enlik, hava kütlələri, okean və dənizlər, səth örtüyü çox böyük təsir göstərir. Asiyanın cənub əraziləri günəşdən şimal ərazilərə nisbətən iki dəfə çox istilik alır. Tropik enliklərdə günəşdən Yer səthinə gələn istilik enerjisi (günəş radiasiyası) 80–200 kkal/sm², şimal qütb dairəsində isə 100 kkal/sm² təşkil edir. Ərəbistan yarımadası Yer kürəsinin ən çox günəş radiasiyasına malik sahəsidir (220 kkal/sm²). Asiya iqliminin qərbdən şərqə doğru kəskin dəyişilməsi okeanların, dənizlərin və hakim küləklərin təsiri ilə bağlıdır. Asiyanın mülayim enlikləri Avropaya nisbətən az rütubətlidir. Asiyanın şimal rayonları az yağıntını qəbul etməklə yanaşı, kəskin kontinentallığı ilə də fərqlənir. Qışda Asiyanın şimal rayonlarının çox hissəsi qarla örtülüdür, bu da günəş şüalarının bir qismini əks etdirir və havanın temperaturunu aşağı salır.
İqlimin formalaşmasında atmosfer dövranının da böyük rolu var. Şimaldan Asiyaya daxil olan Arktika hava kütlələri geniş məsafədə materikin daxili hissələrinə təsir göstərir. Qitənin şərq hissələrinin iqliminə yayda Sakit okeandan gələn rütubətli dəniz hava kütlələri, qışda isə qitənin daxili hissələrindən gələn kontinental hava kütlələri təsir edir. Kurosio cərəyanı tropik enliklərdə Asiyanın mülayim enliklərinə, xüsusilə Sakit okean adalarına istilik və rütubət gətirir. Asiyanın cənub-şərq hissələrinin iqlimi mussonlardan çox asılıdır. Okeanlardan quruya doğru əsən yay mussonları özü ilə çoxlu yağıntı, qış mussonları isə quru, aydın hava gətirir. Musson iqlimi Hindistan və Hind-Çin yarımadaları üçün xüsusi səciyyəvidir. Hind okeanından materikə doğru əsən mussonlar olduqca çox yağıntı gətirir. Qışda mussonlar materikdən dənizə doğru əsir. Yalnız yay aylarında materik üzərində alçaq təzyiq əmələ gəldikdə bura okeanlardan ekvatorial hava kütlələri daxil olur. Asiyanın okean və dəniz sahillərindən mərkəzi hissələrinə doğru getdikcə demək olar ki, bütün ərazilərində yağıntıların miqdarı azalır, eyni zamanda temperatur rejimi də dəyişilir.
Asiyanın rəngarəng relyef formaları iqlim əmələgəlmədə misilsiz rol oynayır. Burada qərbdən şərqə doğru əsasən enlik istiqamətində uzanan Himalay, Kunlun, Tyanşan, Qafqaz, Altay, Sayan dağları soyuq Arktika hava kütlələrinin cənuba keçməsinə imkan vermirlər. Atlantik okeanı üzərindən gələn hava kütlələri Ural dağlarına qədər bütün Avropanı əhatə etsə də, Asiyanın mürəkkəb relyefi onların Asiyada yayılmasına imkan vermir. Hind okeanından materikə daxil olan mussonların qarşısını Himalay və digər dağlar yüksək sədd şəklində kəsir. Ona görə də dağətəyi hissələrdə illik yağıntının miqdarı bəzən 10.000 mm-dən artıq olur. Yer kürəsinin ən çox yağıntı olan ərazisi Çerapunci məntəqəsi burada, Himalay dağlarının cənub-şərq ətəklərində yerləşir. Qafqaz dağlarının qərbindəki Kolxida ovalığında və Azərbaycanda Talış dağlarının ətəklərində də dağların sədd şəklində hava kütlələrinin qarşısını kəsməsi ilə əlaqədar rütubətli subtropik iqlim yaranır.
Əhalinin təsərrüfat fəaliyyətinə iqlimin təsiri böyükdür. Asiyanın soyuq şimal hissələrində kənd təsərrüfatının inkişafına iqlim mane olduğu halda, tropik və subekvatorial qurşaqlarda iqlim şəraiti ildə 2–3 dəfə məhsul yetişdirməyə imkan verir. Lakin bəzi ərazilərdə rütubət çatışmazlığı problem kimi qarşıya çıxır. Musson iqlimi olan ərazilər kənd təsərrüfatı üçün olduqca əlverişlidir. Ona görə də həmin ərazilər lap qədim zamanlardan mənimsənilib. Aralıq dənizi iqlimi subtropik bitkilər, mülayim iqlim, taxıl, şəkər çuğunduru, üzüm, meyvə, musson iqlimi isə (həm tropik və həm də subekvatorial) şəkər qamışı, çay, çəltik və digər bitkilərin yetişdirilməsi üçün əlverişlidir.
İqlim
[redaktə | mənbəni redaktə et]Asiya iqlimi Vikipediya, azad ensiklopediya
Ümumdünya iqlim təsnifatı Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad.
Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir.
Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir. Tropik iqlim qurşağı Ərəbistan yarımadası, Mesopotamiyanın cənubunu, İran yaylasının cənub kənarını; tropik musson rejimli subekvatorial iqlim qurşağı Cənubi Çini, Hindistan və Hind-Çin yarımadalarını, Yava adasının şərqini və Kiçik Zond adalarını; ekvatorial iqlim qurşağı isə Malakka yarımadasının cənub hissəsini, Böyük Zond adalarını, Şri-Lankanın cənub-qərb hissəsini və Filippin adalarının cənub hissəsini əhatə edir. Qışda iqlim hava kütlələrinin qərb istiqaməti və geniş antisiklon sahəsinin formalaşması ilə, qitənin cənubunda və cənub-qərbində isə passat sirkulyasiyası ilə müəyyən olunur.
Kəlküttə üzərində musson buludları Cənubi Sibir dağları və Monqolustan üzərində 40–60° şimal enliyi arasında oktyabrdan martadək davam edən Asiya (Sibir) antisiklonu yaranır. Aydın və soyuq hava hökm sürür; mütləq minimum temperatur Oymyakonda −71 °C (şimal yarımkürəsinin soyuq qütbü), Verxoyanskda −68 °C və Yakutskdə −64 °C qeydə alınmışdır[1]
Asiya antisiklonunun soyuducu təsirindən 0 °C izotermi Asiyada Avropaya nisbətən xeyli cənubdan (Səmərqənd-Tokio xətti boyu) keçir. Yayda Asiyanın daxili hissələrində yüksək təzyiq sahələri yox olur və bur çox qızır. Tropiklərin qurşaq sahələrində maksimum temperatur (53 °C)[2] Ceykobabad şəhərində (Pakistan) qeydə alınmışdır. Bu, dünya göstəricisindən (Liviya, Tripoli şəhəri) 5 °C dərəvə aşağıdır. Qitənin şərq və cənub hissələri rütubətli dəniz mussonlarının təsiri altında qalır. Himalay dağlarının cənub, Qərbi Qat, Arakan-Yoma və Tanentaunci dağlarının küləktutan yağıntının illik miqdarı 3000 mm və daha çox olur. Hindistanın cənub-şərqində[3][4][5] (Çerapuncidə) Yer kürəsinin mütləq maksimum yağıntısı (22900 mm) qeydə alınmışdır (burada orta illik yağıntı 13000 mm-dən çoxdur). Yayda musson yağışları mövsümündə Cənubi və Cənub-Şərqi Asiyada illik yağıntının 75–90 %-i, Şərqi Asiyada isə 60–65%-i düşür. Tropik mussonlar yalnız Cənubi Çin (23–26° şimal enliyi) üşün səciyyəvidir. Mərkəzi və Orta Asiyanın daxili rayonlarında quru tropik iqlim hakimdir. Havanın quru temperaturu 30 °C təşkil edir. 20 °C izotermi kontinental ərazilərdə 55–60 °C şimal enliyinə çatır. Ön Asiya yaylaları üzərində alçaq təzyiq sahələri yaranır və az rütubətli, yüksək temperaturlu tropik kontinental hava formalaşır. Ərəbistan yarımadası üzərində də kontinental quru tropik hava hökm sürür, aydın və çox isti hava yaranır. Malayya arxipelaqının cənub-şərq hissəsi Avstraliya antisiklonunun, qalan hissəsi isə ekvatorial qərb küləklərinin təsiri altında olur. Asiyanın dağlarında qar xətti Avropaya nisbətən yüksəkdədir. Tibet yaylasında isə o, xüsusilə yuxarıdan keçir; dünyada qar xəttinin "yüksəklik qütblərindən" biri (6200 m) buradadır. Müasir buzlaşmanın iri mərkəzləri Asiya qitəsində yerləşən Qaraqorum, Himalay, Hindiquş, Kunlun, Nanşan, Tyanşan, Pamir, Qafqaz, Altay dağlarındadır. Mərkəzi Asiya və Himalay dağlarında buzlaqların sahəsi təqribən 97 min kv. kilometrdir. Arktika adalarında örtük buzlaşması qalmışdır.
Geologiya
[redaktə | mənbəni redaktə et]Fanerozoyda blokların Qondvananın kənarından qopması, onların litosfer plitələri ilə birlik də şimala doğru dreyfi və toqquşma (kolliziya) prosesində əvvəlcə Lavrasiyaya, Mezozoyun ortalarından isə Avrasiyaya birləşməsi (tektonik akkresiya) baş vermişdir. Bu zaman qədim okeanlar (Paleoasiya, Paleotetis, Mezotetis və Neotetis) dövri olaraq açılmış və qapanmışdır. Asiyada şimal (Lavrasiya) blokları sırasına qədim Sibir platforması, kembriyəqədərki kiçik massivlər, cənubda (Qondvana) blokları sırasına isə Hindistan, Ərəbistan, Çin-Koreya, Tarim, Cənubi Çin platformaları, Hind-Çin, Şimali və Cənubi Tibet və s. qədim massivlər aid edilir. Blokları bir-birindən ayıran Son Proterozoy və Fanerozoy qırışıqlıq sahələri və sistemləri 3 mütəhərrik qurşaq əmələ gətirir: qədim okeanların qapanması zamanı əmələ gəlmiş Ural-Oxot və Aralıq dənizi qurşaqları, həmçinin Asiya ilə Sakit okean sərhədində inkişaf edən Qərbi Sakit okean qurşağı. Mütəhərrik qurşaqların qırışıqlıq strukturlarının bir hissəsi cavan platformaların (Qərbi Sibir, Turan və s.) çöküntü qatı ilə örtülmüşdür. Platformaların və qırışıqlıq sahələrinin ayrı-ayrı hissələri Kaynozoyda orogenezə məruz qalmış və törəmə dağ qurşaqları (Mərkəzi Asiya və s.) formalaşmışdır. Müasir rift əmələ gəlmə prosesi Baykal gölü rayonunda və Şimali Çində fəal təzahür edir. Qırmızı dənizin yaranmağa başlayan okean rifti Ərəbistan platformasını Afrika platformasından ayırır. Asiyanın şimal ucqarında, onun passiv kənarının şelf dənizləri geniş inkişaf etmişdir; cənub passiv kənarında Fars körfəzi istisna olmaqla şelf zonası xeyli ensizdir. Şərqdə və cənub-şərqdə Sakit və Hind okeanları litosfer plitələrinin Asiyanın kontinental litosfer plitəsinin altına keçdiyi (subduksiya) yerlərdə aktiv kənarlar üstünlük təşkil edir.
Sibir platforması Rifey və Devon dövrlərində əmələ gəlmiş paleoriftlərlə (avlakogenlərlə) parçalanmış Arxey – Alt Proterozoy yaşlı kristallik bünövrəyə malikdir. Üst Proterozoy Fanerozoy örtüyü kəsilişində dayaz dəniz terrigen və karbonatlı çöküntüləri, daşduz və kalium duzları, kömürlü kontinental çöküntülər və trapp kompleksi iştirak edir. Platformanın mərkəzində kimberlit boruları zolağı, şimalda və cənub -şərqdə əsasi və qələvi süxur plutonları inkişaf etmişdir.[2]
Çin-Koreya platforması
Çin-Koreya platformasının özülü Arxey və Alt Proterozoy yaşlı süxur komplekslərindən, örtüyü isə Rifeyin yuxarılarının – Fanerozoyun karbonatlı-terrigen dəniz, kömürlü sahil-dəniz və qırmızı rəngli kontinental çöküntülərdən təşkil olunmuşdur. Mezozoyda örtük süxurlarının deformasiyası və qranit intruziyası baş vermişdir. Tarim platforması özülünün çıxışları onun kənarlarında müşahidə edilir, mərkəzi hissəsi isə əsasən Mezozoy və Kaynozoyda intensiv gömülməyə məruz qalmışdır.[3]
Cənubi Çin platforması — Cənubi Çin platformasının (Yanszı) Arxey və Alt Proterozoy blokları məlumdur, lakin bütövlükdə o, Üst Proterozoy dövrünün vulkanogen çökmə kompleksinin Son Rifeydə deformasiyası və qranitləşməsi zamanı formalaşmışdır. Örtük kompleksi kəsilişinin fərqli cəhəti burada Üst Rifey – Kembri dövrünün buzlaq çöküntülərinin, Üst Perm yaşlı trappların iştirak etməsidir. Özülün və örtüyün Mezozoyun sonlarında fəallaşması qranit və qələvi süxurların intruziyasında və riftogen strukturların əmələ gəlməsində təzahür etmişdir.
Hindistan platforması
Hindistan platformasının çox hissəsini Arxey özülünün çıxışları tutur; bunlar şimaldandan və şərqdən Alt Proterozoyun metamorfikləşmiş süxur qurşaqları ilə əhatə olunur. Kontinental, o cümlədən, buzlaq və kömürlü çöküntülərlə təmsil olunmuş Rifey-Fanerozoy örtüyü ayrı-ayrı çökəkliklərdə və qrabenlərdə inkişaf etmişdir. Şimalda – Himalay zonasında Rifeydə və Fanerozoyda dəniz çöküntüləri toplanmışdır. Dəkkən yaylasında trapplar Tabaşirin sonu və Paleogendə püskürülmüşdür. Kaynozoyun ortalarında Hindistan və Avrasiya plitələrinin kolliziyasından sonra platformanın şimalındakı çökmə zonası Himalayın qalxmasına cəlb olunmuşdur. [4]
Ərəbistan platforması — Ərəbistan platformasının özülündə Orta-Üst Proterozoy yaşlı kontinental qabıqda formalaşmış və Proterozoyun sonlarında qırışıqlığa uğramış adalar qövsü və aktiv kənar kompleksləri üstünlük təşkil edir. Platforma örtüyü Fanerozoyun kontinental və dayaz-dəniz çöküntülərindən təşkil olunmuşdur. Şərqi Afrikada riftogenezlə əlaqədar qələvi bazalt püskürmələri Kaynozoyda baş vermişdir.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Asiya iqtisadiyyatı, 49 müxtəlif dövlətdə yaşayan 4.4 milyarddan artıq insandan (dünya əhalisinin 60̬%̠-i) meydana gəlir.[2] Altı dövlətin qismən Asiyada olmaqla, iqtisadi və siyasi baxımdan başqa bir bölgəyə aid olduğu güman edilir. Asiya iqtisadiyyatı dünyada ən sürətli böyüyən iqtisadi zona və AQP görə ÜDM baxımından ən böyük kontinental iqtisadiyyatdır. Çin, Yaponiya və Hindistan dünyanın ən böyük on iqtisadiyyatı sırasındadır. Bundan başqa, Asiya, Yapon iqtisadi möcüzəsidən (1950–1990) başlayaraq, Cənubi Koreyadakı Xan Çay Möcüzəsi (1961–1996) və Çindəki iqtisadi partlama (1978–2013) ilə dünyanın ən böyük iqtisadi partlamasının mərkəzidir.
Bütün dünya regionlarında olduğu kimi, Asiyanın zənginliyi də ölkələr arasında və içərisində fərqlilik göstərir. Bunun səbəbi, böyük mədəni müxtəliflikləri, mühitlər, tarixi bağlılıqlar mənasına gələn və hökumət sistemləri kimi geniş bir ölçüyə malik olmasıdır. Asiyada AQP ümumi daxili məhsul (ÜDM) baxımından ən böyük iqtisadiyyatlar Çin, Yaponiya, Cənubi Koreya, Rusiya, Hindistan, İndoneziya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Tayvan, Tailand, Pakistan, Malayziya və Filippin və nominal ÜDM baxımından da yenə Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Rusiya, İndoneziya, Türkiyə, Filippin, Səudiyyə Ərəbistanı, Tayvan, Tailand, İran. Malayziya, Banqladeş və Sinqapur ən böyük iqtisadiyyatlardır.
Zənginlik (adambaşı ÜDM ilə ölçülürsə) əsasən Şərqi Asiyada Çin, Yaponiya, Cənubi Koreya, Honq Konq, Makao, Sinqapur və Tayvan torpaqları ilə Qərbi Asiyadakı neft zəngini Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İran, Küveyt və Oman (məsələn, Səudiyyə Ərəbistanı) kimi ölkələrdə intensivləşir. İsrail və daha az dərəcədə Türkiyə istisnadır: hər ikisi də əsasən belə sayılmamasına baxmayaraq Asiya ərazilərində yerləşir. İsrail (şaxələndirilmiş sənayelər üzrə sahibkarlıq) inkişaf etmiş bir ölkə ikən Türkiyə (İƏİT-nin qurucu üzvü) inkişaf etmiş yüksələn bir ölkədir. Yaponiya (ağır sənaye və elektron işkol-unda inkişaf etmişdir), Cənubi Koreya (ağır sənaye və informasiya və kommunikasiya texnologiyası), Tayvan (yüngül sənaye və yüksək texnologiya hissələrin emalı), Honq Konq (maliyyə sənaye və xidmətlər) və Sinqapur istisna olmaqla dünyanın ən sürətli böyüyən iki ana iqtisadiyyatı Çinin (emal və DYY ilə qabaqcıl böyümə).[3] və Hindistan (əmtəə, xarici mənbə istifadə hədəfi və kompüter proqramları) Asiyada sürətli inkişaf və sənayeləşmə baş verir. Şərqi Asiya və Cənub-şərqi Asiya ölkələri ümumi olaraq emal və ticarətə (və sənaye və ticarətdə)[4] böyümək üçün irəli texnologiya sənayelərə və maliyyə sənayesinə yönəldirlər, Orta Şərqdəki ölkələr isə istehsal üzərində daha çox İqtisadi artım üçün əsas olaraq xam neftə bağlıdırlar. İllər keçdikcə, sürətli iqtisadi artım və dünyanın digər ölkələri ilə böyük ticarət çoxluğu səbəbindən Asiyada, 4 trilyon ABŞ dolları üzərində valyuta ehtiyatı – Dünyanın ümumi həcminin yarısından çoxu – yığılmış vəziyyətdədir, iqtisadiyyatın üçüncül işkol-u və iqtisadiyyatın dördüncül işkol-u Asiya iqtisadiyyatının payını genişləndirəcəkdir.
Daxili suları
[redaktə | mənbəni redaktə et]Asiya planetimizin zəngin su ehtiyatına malik sahələrindən biridir. Yer kürəsinin bir sıra iri çay və gölləri burada yerləşir. Lakin Asiyanın mürəkkəb relyef və iqlim şəraitindən asılı olaraq, çay və göllər ərazidə olduqca qeyri-bərabər paylanıb. Səth sularının 2/3 hissəsi qitənin cənub-şərq hissəsində cəmlənib. Mərkəzi və Orta Asiyada su ehtiyatları olduqca azdır. Asiyanın çayları dörd okean hövzəsinə aiddir. Bundan başqa qitə ərazisinin 1/3 hissəsindən çoxu axarsız hövzəyə aiddir.
Çaylar
[redaktə | mənbəni redaktə et]Asiyanın ən mühüm çayları Yanszı, Xuanxe, Qanq, Hind, Ob, Lena, Amur, Yenisey, Amudərya, Sırdərya, Brahmaputra, Mekonq, Dəclə və Fəratdır. Yansızı Asiyanın ən uzun çayıdır, onun uzunluğu 5800 km-dən çoxdur. Musson yağışları zamanı daşan bu çay, Kunlun dağlarının cənub-şərq hissələrindən başlayır və Şərqi Çin dənizinə tökülərək iri delta əmələ gətirir. Çayın aşağı axarı gəmiçilik üçün yaralıdır, ondan suvarmada geniş istifadə olunur. Yansızı çayının aşağı axarı hələ qədimdən mənimsənilib. Hazırda Çin əhalisinin 25%-dən çoxu Yansızı çayının hövzəsində yaşayır. Qanq çayı Asiyanın ən gursulu çayıdır. O, su axımının həcminə görə təkcə Amazon, Konqo və Parana çaylarından geri qalır. Qanq öz mənbəyini Himalay dağlarından götürür və Asiyanın ən rütubətli musson iqlimi zonası boyunca axır. Benqal körfəzinə töküldüyü yerdə, Brahmaputra çayı ilə birgə nəhəng delta əmələ gətirir. Musson yağışları ilə qidalandığından yay aylarında daşır.
Qanq çayının suları dağlardan çoxlu miqdarda çöküntü materialları gətirir. Hind çayı isə Himalay dağlarının buzlaqlarından və musson yağışlarından qidalanır, quraq ərazilərlə axaraq Ərəbistan dənizinə tökülür. Şimal Buzlu okeanı hövzəsinin ən uzun çayı Lena (4.400 km), ən bolsulu çayı isə Yeniseydir. Lena Baykal dağlarından öz mənbəyini götürür, Sibir tayqası ilə axaraq Laptevlər dənizinə tökülür. Əsasən yağış və qar suları ilə qidalanan bu çay qışda uzun müddət buz bağlayır. Asiyanın axarsız hövzəsində çaylar azdır. Buradakı ən mühüm çaylar Sırdərya, Amudərya, Tarım, Narın və Zərəfşandır. Onlar yüksək dağlardan başlayır, quru səhra və yarımsəhralardan keçərək, əsasən axarsız göllərə tökülür. Bu çaylar quraq, susuz Orta və Mərkəzi Asiyanın həyatında mühüm rol oynayır. Onlar cansız torpağa həyat verir. Bu çayların hesabına vahələr, iri yaşayış məntəqələri salınır. Axarsız hövzənin çayları başlıca olaraq qar və buzlaqlarla qidalanır.
Göllər
[redaktə | mənbəni redaktə et]Asiya ərazisində çaylar kimi göllər də qeyri-bərabər paylanıb. Qitənin şimal-şərq hissələrində buzlaq mənşəli göllər yaranıb. Qədim buzlaqlar minlərlə göl çökəklikləri əmələ gətirmiş və həmin sahələrə şirin sular toplanmışdır. Quraq və isti rayonlarda, həmçinin axarsız sahələrdə göllər azsulu və şordur. Balxaş, Lobnor, Ubsu-Nur, Urmiya gölü belə göllərdəndir. Dünyanın ən böyük gölü olan Xəzər dənizi və həmçinin Aral dənizi vaxtilə Dünya okeanı ilə əlaqədə olmuş, qurunun qalxması nəticəsində bu dənizlərin Dünya okeanı ilə əlaqəsi kəsilmişdir. Dağlıq ərazilərdə tektonik mənşəli göllər əmələ gəlmişdir. Asiyanın ən böyük tektonik mənşəli gölü Baykaldır. O həm də dünyanın ən dərin gölüdür (1720 m). Yer kürəsindəki içməli suyun 20%-i Baykal gölündədir. Tyanşan dağlarında yerləşən İssık-Kul gölü də tektonik çökəklikdə yerləşən, şəffaf, təmiz suya malikdir. Asiyanın ən böyük göllərindən biri də Ərəbistan yarımadasının şimal-qərbindəki, okean səviyyəsindən 400 m aşağıda yerləşən Ölü dənizdir. Onun orta duzluluğu 260 ‰-dir.
Asiya əhalisi 4 milyard nəfərə yaxındır. Yer kürəsi əhalisinin 2/3 hissəsinə yaxını Asiyada məskunlaşıb. Dünyada ən çox əhaliyə malik ölkələr olan Çin və Hindistan burada yerləşir. Bunların birgə əhalisi 2,5 milyard nəfərdən artıqdır. Asiya ölkələrində əhali sürətlə artır. Əksər ölkələrədə əhalinin təbii artımı hər min nəfərə 20 nəfərdən çoxdur. Asiyada çoxlu xalq yaşayır, onlar 600-ə yaxın dildə danışırlar. Dünyanın ən böyük xalqlarından olan çinlilər, hindlilər, benqallar, yaponlar burada yaşayırlar. Asiya xalqları 10-a yaxın dil ailəsinə və 20-dən artıq dil qrupuna mənsubdurlar. Onlar dünyada mövcud olan insan irqlərinin üçünü də təmsil edirlər. Kiçik Asiya yarımadasında və İran yaylasında türklər, farslar, Ərəbistan yarımadasında ərəblər, Hindistan və Hindçin yarımadasında hindlilər, birmalılar, vyetnamlılar, benqallar, Şərqi Çin düzənliyində çinlilər, Mərkəzi Asiyanın yayla və düzənliklərində monqollar, uyğurlar, tibetlilər, türklər yaşayırlar. Türk və fars xalqları üçün qara saçlar, dərinin qarabuğdayı olması səciyyəvidir. Çinlilərin, yaponların, vyetnamlıların boyu nisbətən alçaq olur, onlar tünd, qara saçları, qıyıq gözləri ilə fərqlənirlər.
Asiyanın əhalisi qyeri bərabər yerləşmişdir. Qitə əhalisinin 80%-ə yaxını ərazisinin 20%-də cəmlənib. Dünyanın ən yüksək əhali sıxlığına malik əraziləri buradadır. Əhalinin sıx yerləşməsinin əsas səbəbi həm Asiyanın əlverişli coğrafi şəraitə, zəngin təbii ehtiyatlara malik olması, həm də məskunlaşmanın qədimliyidir. Asiyanın subtropik mülayim və subekvatorial qurşaqları yaşayış üçün daha əlverişlidir. Hələ uzaq keçmişdə insanlar Hindistan yarımadasında, Şərqi Çin düzənliyində, Kiçik Asiya yarımadasında məskən salıblar. Hazırda Çinin şərqində, Qanq çayı deltasında, Hindistanın bəzi yerlərində əhalinin sıxlığı 1 km²-də 1000–1500 nəfərə çatır. Yapon adalarında, Koreya yarımadasının əksər hissələrində, Yava adasında 1 km²-də 300 nəfərdən çox əhali yaşayır. Qafqaz dağlarının ətəklərində, iri çay dərələrində, Mesopotamiya ovalığında da əhali sıxlığı yüksəkdir. Asiyanın çox yerində əhali olduqca azdır. Qitənin soyuq şimal rayonlarında əhalinin sıxlığı 1 km²-də 10 nəfərdən azdır. Tayqa və tundra zonalarının əksər hissələrində 1 km²-də hətta 1 nəfərdən də az əhali yaşayır. Arktika adalarının əksəriyyətində demək olar ki, əhali yaşamır.
Region adı[3] | Ərazi (km²) | Əhali (1 iyul 2008 göstəriciləri) | Əhali sıxlığı (insan/km²) | Paytaxt |
---|---|---|---|---|
Mərkəzi Asiya: | ||||
Qazaxıstan | 2.724.927 | 15.666.533 | 5,7 | Astana |
Qırğızıstan | 198.500 | 5.356.869 | 24,3 | Bişkek |
Tacikistan | 143.100 | 7.211.884 | 47,0 | Düşənbə |
Türkmənistan | 488.100 | 5.179.573 | 9,6 | Aşqabad |
Özbəkistan | 447.400 | 28.268.441 | 57,1 | Daşkənd |
Şərqi Asiya: | ||||
Honkonq | 1.092 | 7.008.300[4] | 6.417,9 | |
Yaponiya | 377.835 | 127.767.994 | 336,1 | Tokio |
Makao | 25 | 460.823 | 18.473,3 | |
Monqolustan | 1.565.000 | 2.996.082 | 1,7 | Ulan Bator |
KXDR | 120.540 | 23.479.095 | 184,4 | Pxenyan |
ÇXR | 9.640.821 | 1.322.044.605 | 134,0 | Pekin |
Çin Respublikası | 35.980 | 22.920.946 | 626,7 | Taybey |
Cənubi Koreya | 98.480 | 51.446.201 | 490,7 | Seul |
Şimali Asiya: | ||||
Rusiya | 17.075.400 | 142.200.000 | 26,8 | Moskva |
Cənub-Şərqi Asiya: | ||||
Bruney | 5.770 | 381.371 | 66,1 | Bandar Seri Begavan |
Myanma | 676.578 | 47.758.224 | 70,3 | Naypyida |
Kamboca[5] | 181.035 | 13.388.910 | 74 | Pnompen |
Şərqi Timor | 15.007 | 1.108.777 | 73,8 | Dili |
İndoneziya | 1.919.440 | 230.512.000 | 120,1 | Cakarta |
Laos | 236.800 | 6.677.534 | 28,2 | Vyentyan |
Malayziya | 329.847 | 27.780.000 | 84,2 | Kuala-Lumpur |
Filippin | 300.000 | 92.681.453 | 308,9 | Manila |
Sinqapur | 704 | 4.608.167 | 6.545,7 | Sinqapur |
Tailand | 514.000 | 65.493.298 | 127,4 | Banqkok |
Vyetnam | 331.690 | 86.116.559 | 259,6 | Hanoy |
Cənubi Asiya: | ||||
Əfqanıstan | 647.500 | 32.738.775 | 42,9 | Kabil |
Banqladeş | 147.570 | 153.546.901 | 1040,5 | Dəkkə |
Butan | 38.394 | 682.321 | 17,8 | Thimphu |
Hindistan | 3.287.263 | 1.147.995.226 | 349,2 | Dehli |
Maldiv adaları | 300 | 379.174 | 1.263,3 | Male |
Nepal | 147.181 | 29.519.114 | 200,5 | Kətməndu |
Pakistan | 803.940 | 167.762.049 | 208,7 | İslamabad |
Şri-Lanka | 65.610 | 21.128.773 | 322,0 | Kotte |
Ön Asiya: | ||||
Azərbaycan | 86.660 | 9.552.500 | 102,736 | Bakı |
Ermənistan | 29.800 | 3.299.000 | 280,7 | İrəvan |
Bəhreyn | 665 | 718.306 | 987,1 | Manama |
Kipr | 9.250 | 792.604 | 83,9 | Nikosiya |
Gürcüstan | 69.700 | 4.636.400 | 65,1 | Tbilisi |
İraq | 437.072 | 28.221.181 | 54,9 | Bağdad |
İran | 1.648.195 | 70.472.846 | 42,8 | Tehran |
İsrail | 20.770 | 7.112.359 | 290,3 | Qüds |
İordaniya | 92.300 | 6.198.677 | 57,5 | Əmman |
Küveyt | 17.820 | 2.596.561 | 118,5 | Küveyt |
Livan | 10.452 | 3.971.941 | 353,6 | Beyrut |
Oman | 212.460 | 3.311.640 | 12,8 | Maskat |
Fələstin Dövləti | 6.257 | 4.277.000 | 683,5 | Ramallah |
Qətər | 11.437 | 928.635 | 69,4 | Doha |
Səudiyyə Ərəbistanı | 1.960.582 | 23.513.330 | 12,0 | Ər-Riyad |
Suriya | 185.180 | 19.747.586 | 92,6 | Dəməşq |
Türkiyə | 783.562 | 77.695.904 | 93 | Ankara |
BƏƏ | 82.880 | 4.621.399 | 29,5 | Əbu-Dabi |
Yəmən | 527.970 | 23.013.376 | 35,4 | Səna |
Total | 43.810.582 | 4.162.966.086 | 89,07 |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ R. H. Məmmədov, Tofiq Bəhrəçi, V. Z. Mehdiyüva, T. Quliyev
- ↑ Heydər Əliyev. Müstəqilliyimiz əbədidir: (Çoxcildliyin I–IX cildlərinin köməkçi aparatı).- Bakı, 2008.- 339 səh.
- ↑ Continental regions as per UN categorisations (map), except 12. Depending on definitions, various territories cited below (notes 6, 11–13, 15, 17–19, 21–23) may be in one or both of Asia and Europe, Africa, or Oceania.
- ↑ "HK Census and Statistics Department". Censtatd.gov.hk. 2008-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-08-28.
- ↑ "General Population Census of Cambodia 2008 – Provisional population totals, National Institute of Statistics, Ministry of Planning, released 3rd September, 2008" (PDF). 2012-02-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-06-01.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Asiya ölkələri Arxivləşdirilib 2010-01-21 at the Wayback Machine