Latın Amerikası — Vikipediya
Latın Amerikası | |
---|---|
0° şm. e. 70° q. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Latın Amerikası — Amerika qitəsində bölgə. ABŞ-dən cənubda yerləşən Latın Amerikası regionuna 200 İEOÖ (İnkişaf etməkdə olan ölkə)-lər və 18 asılı ərazi daxildir. Latın Amerikası əhalisinin böyük əksəriyyəti roman (latın) dil qrupuna aid ispan (62%), portuqal (34%) və fransız dilində danışırlar. Regionu məhz bu cəhətinə görə Latın Amerikası adlandırırlar. Regiona daxil olan ölkələr ya respublikalar, ya da Ingiltərə birliyinə aid quruluşa malikdirlər. İqtisadi inkişafına görə bu region Asiya Afrikanın İOÖ-lərindən irəlidə olsa da, digər İOÖ-lər kimi bu region da dünya bazarına xammal çıxarır. ABŞ özünə zəruri olan xammalın 70%-ni məhz bu regiondan idxal edir. Regionun İCM (İqtisadi coğrafi mövqe)-nin başlıca xüsusiyyəti Atlantik və Sakit okeanları arasında yerləşməsi və ABŞ ilə qonşu olmasıdır. Bu amil regionun ABŞ-dən asılılığını artırır.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi — yerli hindu; Ispaniya və Portuqaliyadan gələnlərin nəsillərindən (bunlara kreollar deyilir) və Afrikadan gətirilmiş qulların hesabına formalaşmışdır. Bu xalqların qaynayıb-qarışması nəticəsində metis, mulat və sambo kimi aralıq irqləri formalaşmışdır. Latın Amerikasının əhalisinin dil və din tərtibi nisbətən- əhalinin sayı 300 mln nəfərdən artıq olan 18 ölkənin dövlət dili ispan dilidir. Sakinlərin 90%-i xristian dininin katolik qoluna etiqad edirlər. Əhalinin təzələnməsinin II tipinə aid olduğundan işsizlik hökm sürür.
Əhali okean sahillərində, Vest-Hind adalarında çox sıx; Orinoko, Amazon, Paraqvay çaylarının geniş hövzəsində isə seyrək məskunlaşmışdır. Urbanizasiyanın səviyyəsinə görə (70%) Latın Amerikası digər IOÖ (İnkişafda olan ölkə)-lər arasında I yeri tutur. Hər birinin əhalisi 10 mln. nəfərdən artıq olan Mexiko, San-Paulu və Buanes-Ayres "dünya şəhərləri" sırasına daxildir. Lakin kəndlərdən kütləvi sürətdə axışan əhali şəhərlərdə iş və mənzil tapa bilmədiklərindən "yalançı urbanizasiya" prosesini yaradırlar.
Təsərrüfatı
[redaktə | mənbəni redaktə et]Argentina, Braziliya, Meksika regionunun daha güclü inkişaf etmiş ölkələri sayılır. Latın Amerikası dünyanın digər regionlarına nisbətən torpaq, su, meşə və mineral resurslarla daha yaxşı təmin olunmuşdur. Neft-Meksika və Venesuelada, qaz- Boliviya, Venesuela, Argentina, kömür-Kolumbiya, uran- Braziliyada cəmləşmişdir. Paraqvay və Braziliya sərhəddi arasında, Parana çayında dünyanın ən iri hidroenerji kompleksi (IES) Itaypu tikilmişdir.
Latın Amerikası filiz resursları ilə də zəngindir. Dəmir filizi-Braziliya, Venesuela, Çili və Meksikada, əlvan metal ehtiyatları (xüsusilə mis) And ölkələrində və Meksikadadır. Qviana yaylası və Yamayka boksit, Boliviya isə qalay resursları ilə zəngindir. Mineral resurslarla bolluq son illər regionda hasiledici sənaye ilə yanaşı emaledici sənayenin də sürətli inkişafına səbəb olmuşdur. Latın Amerikasında sənaye istehsalının böyük hissəsi dəniz sahilində, paytaxtlarda və iri limanlarda təmərküzləşmişdir. Sənayenin yerləşməsi monosentrik (təkmərkəzli) strukturu ilə səciyyəvidir.
Demək olar ki, bütün təbii zonalara malik Latın Amerikasında kənd təsərrüfatının bütün bitkilərini yetişdirmək mümkündür. Latın Amerikası-sı bərpa olunan təbii resurslarla olduqca zəngindir. Əvvəla, bu torpaq resurslarıdır. Cənub yer kürəsinin La-Plata ovalığında yerləşən məhsuldar qara torpaqları əhatə edən pampa dünyada məşhurdur. Ifrat rütubət və istiliyə malik Amazon və Orinoko ovalıqlarında hələ də istifadə olunmayan torpaq sahələri qalmaqdadır. Latın Amerikasının digər resursları – su, meşə və aqroiqlim resurslarıdır.
Latın Amerikası ölkələri kənd təsərrüfatının başlıca sahəsi əkinçilik olub, bütün kənd təsərrüfatı məhsulunun 2/3 –ni verir. Regionun kənd təsərrüfatını 2 qrupa ayırmaq olar: 1. Əsas ixracat üçün məhsul istehsal edən sahələr. Bura qəhvə, kakao, banan, şəkər qamışı və pambıq bitkiləri daxildir. 2. daxili bazar üçün məhsul istehsal edən sahələr: bura maniok, kartof, yağlı və paxlalı bitkilər aiddir. Latın Amerikasında xüsusi sahibkara və ya şirkətə məxsus olan geniş torpaqlara-latifundiyalar adlanır. Bu cür torpaq sahələrindən çox az miqdarda istifadə edilir.
Nəqliyyat zəif inkişaf etmişdir. Regionun dağlıq sahələrinidə dəmir yol xətləri yoxdur. Quruda əsas nəqliyyat yolu–avtomobil nəqliyyatıdır. ABŞ sərhəddindən bir sıra ölkələrin paytaxtlarından keçməklə Buenos-Ayres şəhərinədək uzanan Panamerika və Transamazon avtomobil nəqliyyatının böyük əhəmiyyəti var. Neft çıxaran Meksika və Venesuelada boru kəməri zəif mənimsənilmiş daxili rayonlarda, ölkə paytaxtları və iri şəhərlərdə isə hava nəqliyyatı inkişaf etmişdir. Latın Amerikası xammal və kənd təsərrüfatı məhsulları ixrac edir, əvəzində isə hazır sənaye məhsulları alır. Başlıca ticarət ortaqları ABŞ, Qərbi Avropa və Yaponiyadır.
Ekoloji problem
[redaktə | mənbəni redaktə et]əhalinin sayının artması, urbanizasiya prosesinin sürətlənməsi, təbii ehtiyatlardan getdikcə daha çox istifadə edilməsi, IEÖ (İnkişaf etmiş ölkə)-lərdən çirkli sənaye sahələrinin bura köcürülməsi nəticəsində daha da kəskinləşmişdir. Latın Amerikasının başlıca sənaye mərkəzləri San-Paulu, Mexiko və Buenos-Ayres regionunun ekoloji cəhətdən ən çirkli sahələrdindəndir.
Daxili fərqləri
[redaktə | mənbəni redaktə et]Geniş əraziyə malik Latın Amerikası 5 regiona ayırırlar.
1. Mərkəzi Amerika — ABŞ və Cənubi Amerika arasında olduqca əlverişli ICM (iqtisadi coğrafi mövqe)-ə malikdir. Atlantik və Sakit okeanları birləşdirən Panama kanalı bu regiondur. Bu regiona 8 ölkə- Meksika, Honduras, Salvador, Qvatemala, Nikaraqua, Panama, Kosta-Rika və Beliz daxildir. Regionun iqtisadiyyatında kənd təsərrüfatı, xüsusilə əkinçilik inkişaf etmişdir. Bu regiondakı ölkələri, (Meksika istisna olmaqla), "banan ölkələri" adlandırırlar. Meksika regionu ən güclü inkişaf etmiş ölkəsi olub, faydalı qazıntılarla (neft, qaz, müxtəlif metal filizləri və s) zəngindir. ICM (iqtisadi coğrafi mövqe)--nin başlıca xüsusiyyəti onun ABŞ ilə qonşuluğudur. Dağlıq relyefə malik olduğundan, bu ərazinin mənimsənilməsini çətinləşdirir və rayonlararası əlaqəyə mane olur.
2. "Vest-Hind regionu"- Karib dənizindəki adalardan ibarət 13 müstəqil və 13 asılı ərazidən təşkil olunmuşdur. Vest-Hind ölkələrinin ICM(iqtisadi goğrafi mövqe)-yi Şimali, Mərkəzi və Cənubi Amerikanın qovşağında, ABŞ-nin və Panama kanalının nisbətən yaxınlığında, mühüm beynəlxalq ticarət yolları üzərində yerləşməsi ilə müəyyən edilir. Faydalı qazıntıları kasıbdır. Yalnız Yamayka və Haitidə iri boksit ehtiyatları hesabına alüminium istehsalını planlaşdırilmışdır. Regionun ən inkişaf etmiş ölkəsi Yamayka, ən geri qalmış ölkəsi isə Haitidir.
3. Cənubi Amerikanın Mərkəzi və Şimal-Şərqi: Bu regiona Qayana, Surinam və Braziliya daxildir. Bu ölkələrdə yerli boksit resursları əsasında dünya əhəmiyyətli alüminium oksidi istehsalı yaranmışdır. Braziliya nəinki bu regionu, həm də bütün IOÖ (İnkişafda olan ölkə)-lər arasında sürətli inkişafına görə liderlik edir. Ərazinin böyüklüyünə və əhalisinin sayına görə dünyanın 5-ci ölkəsi olan Braziliya su, meşə, torpaq, dəmir, boksit, manqan ehtiyatları ilə zəngindir. Neft daxili təlabatı ödəmədiyindən ölkə avtomobillərinin yarıdan çoxu yanacaq kimi ölkədə yetişdirilən şəkər qamışından alınan texniki spirtdən istifadə edir. Ölkədə maşınqayırma, neft-kimya və qara metallurgiya sənayesi nkişaf edib. Lakin bu nailiyyətlər ona baha başa gəlib. O, dünyanın borclu ölkələri arasında liderdir. Ölkənin "iqtisadi ürəyi" Cənub-Şərqdə San-Paulu-Rio-de Janeyro-Belu-Orizonti üçbucağıdır. San-Paulu ştatı sənaye məhsulunun 50%-dən çoxunu verdiyindən, onu "dövlət icərisində dövlət" adlandırırlar. Buna səbəb ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan 1 mln yaponun 800 mininin San-Paulada fəaliyyət göstərməsidir. Kənd təsərrüfatında tropik bitki əkinləri — qəhvə, şəkər qamışı, banan, soya və portağal — ixracat xarakteri daşıyır. Braziliyanın daxili rayonları, xüsusilə Amazon hövzəsi zəif mənimsənilmişdir. Bu məqsədlə Braziliya bu hövzədə "transamazon avtomobil magistralı" çəkib. Bütün bunlar meşələrin sürətli azalmasına səbəb olduğundan Braziliyada ekoloji vəziyyət kəskinləşmişdir.
4. La-Plata hövzəsi regionuna–Argentina, Uruqvay və Paraqvay dövlətləri daxildir. Bu ərazi Latın Amerikasının yeganə regionudur ki, əsasən subtropik və mülayim iqlim qurşağında yerləşir. Cənub yarımkürəsinin ən iri məhsuldar qaratorpaqları olan Pampa (çöl zonası) bu regiondadır. Pampanın düzən relyefi və əlverişli iqlim şəraiti bu ərazidə buğda və qarğıdalı əkin sahələrinin, həm də ətlik — südlük heyvandarlığın güclü inkişafına səbəb olmuşdur. Məhz bu səbəbdən Argentina Pampasında IOÖ (İnkişafda olan ölkə)-lərin ən iri Aqrar-sənaye kompleksləri yaranmışdır. Son illər regionun vaxtilə əsas ticarət ortağı olmuş Qərbi Avropa ölkələri artıq özünü ərzaqla təmin etdiklərindən regionun inkişafı durğunluq keçirir. Paraqvay regionu ən geri qalmış aqrar ölkəsidir.
5. And ölkələri qrupuna Çili, Boliviya, Peru, Ekvador, Kolumbiya, Venesuela daxildir. Cavan yaşlı And dağları ölkələrarası təsərrüfat əlaqələrini zəiflədir və burada baş verən dağıdıcı zəlzələlər təsərrüfata güclü ziyan vurur. Regionun iqtisadiyyatında hasilat sənayesində kənd təsərrüfatı məhsullarının ixracatı əsas yer tutur. Çili və Venesuela regionunun ən inkişaf etmiş dövlətləri olduğu halda, Boliviya və Ekvador çox zəif inkişafı ilə fərqlənir.
Iqtisadi cəhətdən geri qalan Meksikanın Şimal, Venesuelanın- Şərq, Argentinanın –cənub, Braziliyanın-qərb və Amazon hövzəsində inkişaf sürətini artırmaq üçün dövlət tədbirləri görülür. Braziliya, Meksika, Argentina və Venesuela-federativ, qalan Latın Amerikası ölkələri isə unitar dövlət quruluşuna malikdir. Latın Amerikasında Nepotizm (kapital, imtiyazlar, iş yerləri şəxsi və qohumluq və digər əlaqələrə görə bölüşdürülür) siyasəti üstünlük təşkil edir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Coğrafiya ensiklopediyası. II cild. Bakı,2012.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |