Nailə Sultan (II Əbdülhəmidin qızı) — Vikipediya

Nailə Sultan
osman. نايله سلطان‎
Şəxsi məlumatlar
Doğum tarixi 9 yanvar 1884(1884-01-09)
Doğum yeri Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 25 oktyabr 1957(1957-10-25) (73 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Yəhya Əfəndi məzarlığı, İstanbul
Fəaliyyəti Əsilzadəlik
Atası II Əbdülhəmid
Anası Dilpəsənd xanım
Həyat yoldaşı Arif Hikmət Paşa
Ailəsi Osmanlı xanədanı

Nailə Sultan (9 yanvar 1884, Konstantinopol25 oktyabr 1957, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Nailə Sultan 9 yanvar 1884-cü ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun gürcü əsilli beşinci xanımı Dilpəsənd xanımdır. Adını gənc yaşda vəfat edən bibisi Nailə Sultandan almışdır. Hələ 17 yaşında ikən anası uzun sürən xəstəliyin ardından vəfat etmiş, bu səbəblə atası onun təlim-tərbiyəsinə önəm vermişdir. Mükəmməl saray təhsiliylə yanaşı, piano, arfaskripka dərsləri də alan Nailə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Şadiyə Sultan və atasıyla birlikdə iştirak edirdi.

Sultan Əbdülhəmid daha öncə qızı Zəkiyə Sultanı Qazi Osman Paşanın oğlu Nurəddin Paşayla, daha sonra isə digər qızı Naimə Sultanın paşanın kiçik oğlu Kəmaləddin Paşayla evləndirmişdi. Bu səbəblə evlilik yaşına çatan Nailə Sultanı da paşanın bir digər oğlu olan Cəmaləddin bəylə evləndirmək niyyətində idi. Ancaq Osman Paşanın ani vəfatı, daha sonra isə qızı Naimə Sultanın çıxan eşq skandalından sonra boşanması ilə bu evlilik planı pozuldu. Nailə Sultan üçün seçilən ikinci namizəd isə keçmiş sədrəzəmlərdən Əbdürrəhman Nurəddin Paşanın oğlu Arif Hikmət bəy (d. 1872 - ö. 23 aprel 1942) oldu. 27 fevral 1905-ci ildə Ulduz sarayında baş tutan toy mərasiminin ardından Beşiktaş-Ortaköy sahilindəki köşkdə yaşamağa başlayan cütlüyün övladı olmadı. Sultan Əbdülhəmidin ən sevimli kürəkəni olan Arif Hikmət Paşa nigahdan öncə müxtəlif əyalətlərdə xidmət etmiş, sarayla qurulan qohumluq əlaqəsinin ardından sürətlə yüksələrək Dövlət şurasına üzv seçilmişdi. Hətta, Sultan Əbdülhəmidin onu sədarətə gətirmək istədiyi ancaq anidən baş verən taxt çevrilişinin buna mane olduğu qeyd edilir. Bir neçə dəfə Ədliyyə naziri olan Arif Hikmət Paşa, Balkan müharibəsi səbəbilə həbs tutulduğu Salonikidən Bəylərbəyi sarayına gətirilən qaynatası Sultan Əbdülhəmidi müşayiət etdi.

Olduqca qapalı həyat yaşayan Nailə Sultan və Arif Hikmət Paşa 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi sürgünə göndərildi. Sürgündə Beyrutda məskunlaşan Nailə Sultan saray xidmətçilərindən Kəmalizər, Kamuran və Vildan kalfalarla hərəm ağası Emin ağanı da özüylə birlikdə apardı. İstanbuldakı saray yaşantısını Beyrutdakı evlərində də davam etdirən Nailə Sultan evinin hərəm bölümündən heç vaxt çıxmadı. Bu dönəmdə əmisi Sultan Vahidəddinin dəfn edildiyi Dəməşqdəki Süleymaniyyə təkyəsinin qəbiristanlığı məzarlıq bölümünü təmir etdirdi. Əri Arif Hikmət Paşa da 23 aprel 1942-ci ildə vəfatının ardından məhz burada dəfn olundu.

1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıdan Nailə Sultan 25 oktyabr 1957-ci ildə vəfat etdi və cənazəsi Yəhya Əfəndi məzarlığında anasının yanına dəfn olundu. Vaxtilə ərinin yanında satın aldığı məzar yerinə isə qardaşı Abid Əfəndi dəfn edildi.

Mənbə[redaktə | mənbəni redaktə et]