Azərbaycan Universiteti — Vikipediya

Azərbaycan Universiteti
Loqonun şəkli
Xəritə
40°23′43″ şm. e. 49°50′36″ ş. u.
Şüar Gələcəyini bu gün seç
Əsası qoyulub 1991
Tip özəl
Rektor Səadət Əliyeva
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Ceyhun Hacıbəyli küç., 71
Sayt au.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Universiteti və ya qısaca AUAzərbaycanda fəaliyyət göstərən ilk özəl universitet.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycanda özəl ali təhsilin bünövrəsi Azərbaycan Universiteti tərəfindən qoyulmuşdur. İlk özəl universitet – Azərbaycan Universiteti 1991-ci ildə fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov tərəfindən təsis olunmuşdur.

Azərbaycan Universiteti Dövlət Ali Ekspert Komissiyasının 3 mart 1993-cü il tarixli, Təhsil Nazirliyi Kollegiyasının 8 aprel 1993-cü il tarixli qərarları ilə dövlət qeydiyyatına alınmış, 01 saylı Dövlət reyestrinə qəbul edilmiş və ona sertifikat verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 mart 1995-ci il tarixli 72 saylı qərarı ilə Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının rəyinə əsasən, tərkibində orta ixtisas kolleci və ingilis dilli gimnaziya olmaqla, qeyri-dövlət Azərbaycan Universiteti Dövlət qeydiyyatına alınmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Komissiyasının qərarına əsasən 24 fevral 2009-cu il tarixli 213 saylı əmri ilə ali təhsil müəssisəsi kimi təkrar akkreditə olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirinin 10.07.2009-cu il tarixli 929 saylı əmri ilə fəaliyyətinə verilmiş xüsusi razılığın müddəti daha 5 il uzadılmışdır.

2016-cı il fevralın 24-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi "Azərbaycan Universiteti" Məhdud Məsuliyyətli Cəmiyyətinə Ali təhsil fəaliyyətini müddətsiz davam etdirməyə icazə vermişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən Nazirliyin 20 iyul 2018-ci il tarixli, F-520 nömrəli əmri ilə özəl ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə təkrar akkreditə olunmuşdur.

Tədrisin təşkili[redaktə | mənbəni redaktə et]

Universitet 2006-cı ildən başlayaraq Bolonya bəyannaməsinin tələbləri əsasında fəaliyyət göstərir. Tədrisin təşkili, tələbələrin qiymətləndirilməsi Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə uyğunlaşdırılmışdır.

Ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığı aparılır.

Tədris Azərbaycan və ingilis dillərindədir. İngilis dilində tədris olunan ixtisaslara qəbul olan tələbələr üçün bir il dil hazırlığı proqramı tətbiq olunur. Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır.

Universitet kompüter biliklərini beynəlxalq səviyyədə təsdiq edən ECDL sertifikat proqramının (European Computer Driving Licence) Azərbaycandakı rəsmi Akkreditasiya Olunmuş Test Mərkəzi olaraq, eyni zamanda ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunmuşdur.

2019-cu ildə ISO 9001:2015 "Keyfiyyət İdarəetmə Sistemi" sertifikatını əldə edən Azərbaycan Universitetində tədris və idarəetmə beynəlxalq standartlar əsasında təşkil olunur.

Tələbə və məzun sayı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Universitetində bakalavriat pilləsində 16 ixtisas, magistraturada 13, doktoranturada 13, dissertanturada 11 ixtisaslaşma üzrə 1305 bakalavriat, 93 magistrant, 29 doktorant və 30 dissertant təhsil alır.

1995–2019-cu illər ərzində bakalavriat pilləsi üzrə 4302, 1999–2019-cu illər ərzində magistratura pilləsi üzrə 564 məzunu olmuşdur.

Rektorlar[redaktə | mənbəni redaktə et]

Səlahəddin Xəlilov 2007-ci ilə qədər Azərbaycan Universitetinin rektoru olmuşdur.

Akif Musayev 2007-ci ildən 2011-ci ilədək[2] Azərbaycan Universitetinin rektoru vəzifəsini icra etmişdir.

Aslan Qəhrəmanlı 2011–2012-ci illərdə Azərbaycan Universitetinin rektoru olmuşdur.

1 may 2012-ci il tarixindən 26 yanvar 2015-ci il tarixinədək Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov olmuşdur.

28 yanvar 2015-ci il tarixindən 13 mart 2017-ci il tarixinə qədər Azərbaycan Universitetinin rektoru vəzifəsini hüquq üzrə fəlsəfə doktoru Fərid Əhmədov icra etmişdir.

13 mart 2017-ci il tarixindən isə Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin olunmuşdur.

Fakültələr[redaktə | mənbəni redaktə et]

Azərbaycan Universitetində 4 fakültəMagistratura-doktorantura şöbəsi fəaliyyət göstərir.

1. Biznes və iqtisadiyyat fakültəsi

2. Humanitar fənlər fakültəsi

3. İnformasiya — kommunikasiya texnologiyaları fakültəsi

4. Magistratura və doktorantura şöbəsi

Beynəlxalq əlaqələr[redaktə | mənbəni redaktə et]

Azərbaycan Universiteti "Erasmus+", "Mevlana", DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür. "Erasmus+" proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. "Mevlana" proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.

Mübadilə proqramı ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən icra olunur.

Tələbə həyatı[redaktə | mənbəni redaktə et]

Beynəlxalq İkili Diplom Proqramı[redaktə | mənbəni redaktə et]

Azərbaycan Universiteti və Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə tətbiq olunan beynəlxalq ikili diplom proqramım bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir. İkili diplom proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsabiqə yolu ilə aparılır. Proqrama müraciətləri qəbul olunan bakalavriat tələbələri birinci və ikinci tədris ilini Azərbaycan Universitetində, üçüncü və dördüncü tədris ilini isə Xarkov Milli Radioelektronika Universitetində oxuyurlar. Magistratura tələbələri isə birinci tədris ilində Azərbaycan Universitetində, ikinci tədris ilində isə Xarkov Milli Radioelektronika Universitetində təhsil alacaqlar. Təhsil müddəti bakalavriat pilləsi üçün 4, magistratura pilləsi üçün isə 2 təqvim ilidir. Fənlərin tədrisi ingilis və ya rus dillərində aparılır. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunur.

Universitetdaxili İki Diplom Proqramı[redaktə | mənbəni redaktə et]

Universitet Daxili İki Diplom Proqramı (UDİD) tələbələrə 4 ildə 2 ayrı ixtisas üzrə 2 diplom alma imkanı yaradır. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85–100 bal arasında olan tələbələr müraciət edə bilərlər.

Karyera Mərkəzi[redaktə | mənbəni redaktə et]

Karyera Mərkəzi tələbələrin karyeralarının planlaşdırılmasına məsləhət xidməti və istiqamət vermək, onları iş dünyasına hazırlamaq məqsədiylə fəaliyyət göstərir. Mərkəz tərəfindən gənclərin məşğulluq problemlərinin həlli istiqamətində təşkilati və maarifləndirmə tədbirləri, təlim və seminarlar həyata keçirilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "İlk özəl Universitet" (az.). au.edu.az. 2022-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2021.
  2. "Musayev Akif Fərhad oğlu" (az.). binegedi-ih.gov.az. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyun 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]