Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Vikipediya

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Xəritə
40°23′46″ şm. e. 49°52′24″ ş. u.
Əsası qoyulub 2002
Tip Dövlət ali təhsil müəssisəsi, akademiya
Rektor Natiq Əliyev
Tələbə sayı 800-dən çox
Şəhər Bakı Bakı
Ölkə
Ünvan AZ1029, Bakı ş., H. Əliyev pr. 26 [1]
Sayt adra.edu.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Dövlət Rəssamlıq AkademiyasıAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi.

Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır.[1]

Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.[2]

Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 800-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir.[3][4][5]

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.[1]

Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir.

Strukturu[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. 2001-ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam — memar” kadrları hazırlığına başlanır. Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir. Bakalavr pilləsi üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika ixtisasları üzrə təhsil 5 il, dekorativ — tətbiqi sənət, memarlıq, dizayn və sənətşünaslıq ixtisasları üzrə 4 ildir. Magistratura pilləsində isə təhsil 2 ildir. Həm bakalavr, həm də magistrlara diplom işini yerinə yetirmək üçün fərdi emalatxanalar ayrılır. Rəngkarlıq, heykəltaraşlıq, qrafika ixtisasları üzrə tələbələr II kursu bitirdikdən sonra ixtisas dərslərini öz seçimlərinə görə akademik, professor və ya Xalq rəssamlarının rəhbərlik etdiyi yaradıcılıq emalatxanalarında (studiyalarda) davam etdirirlər . Rəngkarlıq, rəsm, kompozisiya fənləri ilə bərabər hər yaradıcılıq emalatxansının (studiyanın) fərdi, xüsusi proqramı var. Studiyalarda canlı model ilə işə üstünlük verilir. “Memarlıq və dizayn” fakültəsində ixtisaslaşma seçimi II kursdan başlayır. Akademiyada dərslər yaxşı təchiz olunmuş auditoriyalar, emalatxana, laboratoriya və studiyalarda aparılır . Tələbələr müəllimlərin rəhbərliyi ilə plenerdə işləyir, Milli İncəsnət muzeyi, Muzey Mərkəzi, digər muzey və qalereyalarda, Botanika bağında təcrübə keçirlər. Hər semestrin sonunda tələbələrin bilik və bacarıqları əvvəlcə kafedra tərəfindən, sonra isə rektor baxışında qiymətləndirilir.[1]

Akademiyada doktorantura və dissentantura üzrə də kadr hazırlığı aparılır. Akademiyanın Elmi və yaradıcılıq işləri üzrə prorektoru, Xalq Rəssamı prorfessor Fuad Salayevin təşəbbüsü ilə akademiyada Elm şöbəsi və Müdafiə Şurası yaradıldı, Müdafiə Şurasına akademiyanın professorları ilə yanaşı Milli Elmlər Akademiyasının mütəxəssisləri də daxildir . Akademiyada tədris prosesinə tanınmış sənətkarlar, təcrübəli mütəxəssis və müəllimlər: 9 Xalq rəssamı, 2 Əməkdar incəsənət xadimi, 16 Əməkdar rəssam, 3 Əməkdar memar, 2 Əməkdar mədəniyyət işçisi, akademik, 35 elmlər namizədi, 2 elmlər doktoru, 25 professor və 57 dosent cəlb edilib . Akademiyanın rəhbərliyi kadr seçimində ən istedadlı məzunlarımızın pedaqoji fəaliyyətə cəlb edilməsinə üstünlük verir.[1]

Muzey-sərgi kompleksi[redaktə | mənbəni redaktə et]

Muzey-sərgi kompleksi - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksi 2008-ci ildən fəaliyyət göstərir. 2012-ci ildə Rəssamlıq Akademiyasının muzeyi dəyişilərək Muzey-sərgi kompleksi ilə əvəz olunmuşdur. Rəssamlıq Akademiyasının tərkibinə daxil olan Muzey — sərgi kompleksinin nəzdində yaradıcılıq studiyaları və istedad hazırlıq kursları fəaliyyət göstərir . Akademiyanın bu illər ərzində tələbə və məzunların ən yaxşı işləri toplanmış metodik fondu mövcuddur.[1]

Kitabxanası[redaktə | mənbəni redaktə et]

2003-cü ildə yaranan ADRA–nın kitabxanası öz işini sıfırdan qurmağa başladı. Kitabxanaçıların və ADRA –nın rəhbərliyinin təşəbbüsü ilə Akademiyanın profilinə uyğun kitabların toplanmasına başlanılmışdır. İlk öncə kitabxanaya ADRA–nın rektoru, akademik Ö. Eldarov, Elm və Yaradıcılıq işləri üzrə prorektor F.Salayev, həmin dövrdə Tədris və Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra edən C.Hüseynov öz şəxsi kitabxanalarının qiymətli kitablarını kitabxanaya hədiyyə etdilər. Sonra ADRA–nın bütün kollektivi bu təşəbbüsə qoşuldu. Hazırda kitabxananın fondu 16000 nüsxəyə yaxındır. Kitabxananın 927 nəfər oxucusu var.[1]

Kitabxanaların kitab fondunun zənginləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004–cü il tarixli sərəncamının əhəmiyyətli rolu vardır. Bu sərəncama əsasən 500 addan artıq kitab hər biri 25000 nüsxə tirajla, ümumiyyətlə 10000000 nüsxə çap edilərkən ölkə kitabxanalarına, o cümlədən ADRA-nın kitabxanasına da daxil olmuşdur. Azərbaycan Prezidentinin sonrakı sərəncamları ilə Dünya Ədəbiyyatı kitabxanası 100 cildli Azərbaycan ədəbiyyatı kitabxanası seriyasından olan kitablar kitabxananın latın qrafikalı ədəbiyyatla zənginləşməsini formalaşdırmışdır.[1]

Əməkdaşlıq etdiyi universitetlər[redaktə | mənbəni redaktə et]

Akademiya aşağıda qeyd olunan universitetlərlə əməkdaşlıq edir:[6]

  • Memar Sinan İncəsənət Universiteti
  • Hacettepe Universiteti
  • Diclə Universiteti
  • Uludağ Universiteti
  • Sinop Universiteti
  • Novosibirsk Dövlət Memarlıq və İncəsənət Akademiyası
  • Ural Dövlət Memarlıq və İncəsənət Akademiyası
  • Latviya İncəsənət Akademiyası
  • Şimali Kipr Türk Respublikasının Girne Amerikan Universiteti
  • Yaxın Şərq Universiteti
  • Özbəkistan Milli İncəsənət və Dizayn Universiteti
  • Helvan Universiteti
  • Buxarest Milli İncəsənət Universiteti
  • Veysensi Berlin İncəsənət Akademiyası
  • Tbilisi Dövlət Rəssamlıq Akademiyası

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 "AZƏRBAYCAN DÖVLƏT RƏSSAMLIQ AKADEMİYASI" (az.). https://adra.edu.az. Archived from the original on 2023-01-10. İstifadə tarixi: 3 yanvar 2023.
  2. "Azərbaycan Dövlət Rəssamlıq Akademiyası" (az.). https://kataloq.gomap.az. Archived from the original on 2023-01-10. İstifadə tarixi: 3 yanvar 2023.
  3. "Akademiya haqqında". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-10.
  4. "Azerbaijan State Academy of Arts".
  5. "Ilham Aliyev reviewed the newly commissioned building of the Azerbaijan State Academy of Fine Arts". 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-10.
  6. "Azerbaijan State Academy of Fine Arts, Berlin Weissensee School of Art sign cooperation agreement". 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-10.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]