Qədim Roma — Vikipediya
Qədim Roma tarixi | |
Dövrlər | |
Roma çarlığı | |
Roma Respublikası | |
Roma İmperiyası ( e. ə. 27 — 1453-cü illər) | |
Respublika konstitusiyası | |
Magistratlar | |
Fövqəladə magistratlar | |
Titullar | |
Sülalələr | |
| |
Əhali, inzibati və sosial tərkib | |
Qədim Romada hüquq | |
Qədim Roma — əvvəlcə şəhər-dövlət, sonralar (təxminən e.ə. III əsrin sonundan) Avropanın qərb və cənub-şərq hissələrinin, Kiçik Asiyanın, Şimali Afrika sahilinin, Suriya və Fələstinin daxil olduğu dövlət. Rəvayətə görə, Roma şəhəri e.ə. 754/753 ildə Eneyin varisləri Romul və Rem tərəfindən salınmışdır. Amma bu dövlətə ad qoyulanda 2 qardaş arasında mübahisə yaranır və Romul Remi öldürür.Ən sonda ölkənin adı Roma olur. Romanın tarixi ənənəvi olaraq dörd dövrə bölünür: çarlıq (e.ə. 754/753-e.ə. 510/509), respublika (e.ə. 510/509-e.ə. 30 və ya 27), imperiya və ya prinsipat dövrü (e.ə. 30 və ya 27-eramızın 193 ili) və dominat. Roma dövlətinin tarixində ordu böyük rol oynamışdır. Romalılar əvvəlki quldarlıq dövlətlərinə nisbətən daha mükəmməl, nizami ordu yarada bilmişdilər. Onun əsas qüvvəsi koqorta və manipulalara bölünmüş legiondan ibarət olan piyada idi. Süvari qoşunu yardımçı rol oynayırdı.
Çarlıq və erkən Respublika
[redaktə | mənbəni redaktə et]Ən qədim çarlıq dövrünün yeddi çarının adı məlumdur (Romul, Numa Pompili, Tull Qostili, Ank Marsi, Tarkvini Prisk, Servi Tulli və Məğrur Tarkvini). Çarlıq dövrünün başlanğıcında cəmi 300 qəbilədən ibarət olan əhalidən hər 10 qəbilə bir kurianı, hər 10 kuria isə tribanı təşkil edirdi. Üç triba (latın, sabin, etrusk) var idi. İcmanın ən mühüm işlərinə qəbilə ağsaqqallarından seçilən senat baxırdı. Senata ağsaqqalları tədricən hər qəbilənin eyni ailəsindən seçməyə başladılar. Bu qayda əhalinin imtiyazlı təbəqəsinin (patrisilərin) yaranmasına səbəb oldu; əhalinin qəbilə təşkilatından kənarda qalan hissəsi plebeylər adlanırdı. Senatdan başqa, kurialar üzrə toplanan xalq məclisi də mövcüd idi (yalnız patrisilər iştirak edirdilər). Əvvələr çarın hakimiyyəti qəbilə başçısının səlahiyyətinə yaxın idi. Müəyyən müddətdən sonra çarlar senat üzvlərini yalnız məhdud dairələrdən təyin etməyə başladılar. Beləliklə, senat Roma əyanlarının qanalı orqanına çevrildi. Patrisilərdə plebeylərin mübarizəsi şəraitində plebeylər icmada patrisilərlə bərabər vətəndaşlıq hüququ qazandılar. E.ə. 5 əsrin 1-ci yarısında xalq tribunu vəzifəsi təsis olundu. E.ə. VI əsrin ortalarında Romada cəmiyyəti varlı və yoxsul siniflərə bölünən islahatlar keçirildi. Əmlak senzindən asılı olaraq, hər sinif qoşun üçün müəyyən sayda döyüşçü verirdi. Senturiyalar üzrə səsvermə xalq məclisində səslərin patrisilərin xeyrinə təmin edirdi. Bu şəraitdə çar hakimiyyətinin süqutu və respublikasının qurulması başa çatdı.
Plebeyin patrisiatla mübarizəsi
[redaktə | mənbəni redaktə et]E.ə 5 əsrdə Qədim Romanın iki əsas zümrə arasında baş verən mübarizə. Bu plebsin iqtisadi, ədliyyə və siyasi haqları uğrunda mübarizəsi idi. Patrisiat bu vəziyyətdə öz haqlarını paylaşmamaq məqsədi güdürdü, lakin o müəyyən kompromislərin qaçılmaz olmasını anlayırdı, çünki plebs romalı qoşunun əsas hissəsini təşkil edirdi. Beləliklə bu həm Romanın daxili həm də xarici siyasətinin gələcəyini müəyyən edən çox vacib bir məsələ idi.
Respublika
[redaktə | mənbəni redaktə et]Respublikada keçmiş çar səlahiyyətini hər il seçilən iki vəzifəli şəxs (əvvəlcə pretorlar, sonra konsullar) icra edirdi. Ali hakimiyyət orqanı formal olaraq xalq məclisi sayılsa da, əslində dövlətin idarəsində aparıcı rol senata məxsus idi. Senat maliyyə, dövlət əmlakı, xarici siyasət və hərbi işlərə baxırdı. İcraedici orqanlar magistratlar idi. E.ə. 5-ci əsrdə Roma yeni ərazilər əldə etmək uğrunda yaxın qonşuları olan etrusklar, latınlar və başqa tayfalarla müharibələr aparırdı. Qalların hücumundan (e.ə. 390 və ya 387) sonra plebeylər ilə patrisilər arasında sosial mübarizə kəskinləşdi. E.ə. 326 ildə borc köləliyi ləğv edildi. E.ə. 4 əsrin ortalarında qazandığı qələbələr nəticəsində Roma Orta İtaliyada güclü dövlətinə çevrildi. Onun latınlar (e.ə. 340–338), samnitlər, Epir çarı Pirr üzərində (e.ə. 280–275) qələbələri ilə Apennin yarımadasının 200 il davam edən işğalı başa çatdı. Romaya tabe olan tayfaların federasiyası yarandı. Daxili işlərində isə diktator Hortenzinin verdiyi qanundan (e.ə. 237) sonra plebeylərin triblər üzrə qəbul etdikləri qərarlar qanun qüvvəsi aldı və onları senatın bəyənməsinə ehtiyac qalmadı. İtaliyada hakimiyyətini möhkəmləndirən Roma Aralıq dənizinin qərbində Karfagenlə mübarizəyə girişdi. Pun müharibələrində (e.ə. 264–241, 218–201, 149–146) Roma Karfageni məhv edib Aralıq dənizinin qərbində hegemonluğu ələ keçirdikdən sonra Balkan yarımadasına və Asiyaya doğru irəlilədi. E.ə. 2 əsrin ortalarında Aralıq dənizi sahilinin bir çox ərazisi Roma tərkibinə qatıldı və Roma əyalətləri yarandı. Lakin sinfi ziddiyyətlərin hədsiz kəskinləşməsi böyük üsyanlara — Siciliyada qul üsyanlarına və Kiçik Asiyada Aristonikin üsyanına səbəb olmuşdu. Kəndlilərin torpaq uğrunda mübarizəsinə Qrakx qardaşları başçılıq etdilər. E.ə. 133 ildə xalq yığıncağı ictimai torpaqların tutulmasını məhdudlaşdırmaq haqqında qanun qəbul etdi. Siyasi qruplaşmalar — optimatlar ilə populyarlar arasında silahlı mübarizə şiddətləndi. Xarici siyasətdə Yuqurta müharibəsinin (e.ə. 111–105) əvvəlində Roma ordusu məğlubiyyətə uğradı. Müttəfiqlər müharibəsi (e.ə. 90–88) nəticəsində Roma italiklərə vətəndaşlıq hüququ verməyə məcbur oldu. Sulla və Mari tərəfdarlarının mübarizəsi (e.ə. 87–82) köhnə siyasi quruluş formalarının yeni şəraitə uyğun gəlmədiyini göstərdi. E.ə. 82 ildə Sulla müddətsiz diktator oldu; xalq yığıncağının və xalq tribunlarının rolu heçə endirildi. Sullanın rejimi geniş müxalifət doğurdu və o, e.ə. 79 ildə səlahiyyətindən əl çəkməyə məcbur oldu. Qədim dövrün ən böyük qul üsyanlarından olan Spartak üsyanı (e.ə. 74 və ya 73–71) Romada ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermişdi. Siyasi qruplaşmalar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. E.ə. 60 ildə Qney Pompey, Mark Lisini Krass və Yuli Sezar ittifaq bağlayaraq birinci triumvirat yaratdılar. Lakin onların arasında təfriqə düşdü və yeni mübarizə Sezar diktaturasının qurulması ilə nəticələndi. O, yeni əraziləri (Qalliya, Britaniya və s.) işğal etdi. Sezar öldürüldükdən (e.ə. 44) sonra ölkədə bir neçə il vətəndaş müharibəsi davam etdi və Oktavianın qələbəsi ilə qurtardı.
Pun müharibələri
[redaktə | mənbəni redaktə et]Pun müharibələri (e.ə. 264–146, adı punlardan, yəni karfagenlilərdən gəlir) — Karfagenlə Qədim Roma arasında əvvəlcə Siciliyada, sonra Aralıq dənizinin bütün qərb sahilində hökmranlıq uğrunda müharibələr. 1-ci Pun müharibəsi (e.ə. 264–241) Siciliya uğrunda aparılırdı. Romalılar dənizdə bir sıra qələbələr (e.ə. 260, 256, 251, 241) qazandılar. E.ə. 241 ildə Roma Siciliyanı (Sirakuza və ətrafından başqa) və bəzi adaları, sonra isə Sardiniya və Korsikanı ələ keçirdi. 2-ci Pun müharibəsi (e.ə. 218–201) Karfagenin qisas cəhdindən doğmuşdu. E.ə. 218 ildə Hannibalın ordusu Alpı keçirdi və Po dərəsinə daxil oldu. Trazimen gölü (e.ə. 217) və Kann (e.ə. 216) yaxınlığındakı vuruşmalarda Roma ordusu darmadağın edildi. E.ə. 212 ildən romalılar təşəbbüsü ələ keçirdilər. Metavr çayı yaxınlığında (e.ə. 207) qələbə qazanan romalılar Zama yaxınlığındakı həlledici vuruşmada Hannibalın ordusunu darmadağın etdilər (e.ə. 202). E.ə. 201 ildə bağlanmış müqaviləyə görə Karfagen Afrikadakı ərazisi ilə kifayətləndi, donanmadan məhrum oldu, böyük təzminat verməyə məcbur edildi. 3-cü Pun müharibəsində (e.ə. 149–146) Karfagen məğlub oldu və dağıdıldı (e.ə. 146), sakinləri isə kölə kimi satıldı. Pun müharibələr nəticəsində Roma Aralıq dənizinin ən güclü dövlətinə çevrildi.
Qrakx qardaşlarının islahatı
[redaktə | mənbəni redaktə et]Tiberi Semproni Qrakxus (e.ə.162 — e.ə.133) — məşhur Qədim Romanın siyasi xadimi idi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biridə o idi. Qay Semproni Qrakxusun qardaşının öldürülməsindən 10 il sonra (e.ə.123 ildə) onun yerinə keçdi.
Vətəndaş müharibələri dövrü
[redaktə | mənbəni redaktə et]İçtimai-sosial münasibətlərdə baş verən dəyişkliklərin nəticəsində Qədim Romada respublika quruluşundan imperiya üsul-idarəsinə keçidi müşayət edən vətəndaş müharibələri.
Mari və Sulla
[redaktə | mənbəni redaktə et]Sezar
[redaktə | mənbəni redaktə et]Roma imperiyası
[redaktə | mənbəni redaktə et]Prinsipat
[redaktə | mənbəni redaktə et]Oktavian Avqust imperiya dövrünün başlanğıcını qoymuş prinsipat sistemini (e.ə. 27 ildən) yaratdı. Dövlətin sərhədləri xeyli genişləndirilmiş, Misir, Şimali İspaniya işğal edilmiş, Ermənistan, Qara dəniz sahilinin xeyli hissəsi asılı vəziyyətə salınmışdı. Avqustun xələfləri Tiberi (14–37), Kaliqula (37–41), Klavdi (41–54), Neron (54–68) əyalətlərdə xalq kütlələrinin üsyanları yatırır, respublika qaydalarını bərpa etməyə can atan Roma aristokratiyasına qarşı şiddətli mübarizə aparırdılar. Bu zamanda xristianlıq yaranmağa başladı. Roma imperiyasının yüksəlişi Antoninlər sülaləsi dövrünə (96–192) təsadüf edir. Trayanın dövründə (98–117) Roma dövlətinin əraziləri maksimum genişlənmiş, daxili ticarətin və sənətkarlığın inkişafına şərait yaranmışdı. İtaliyada başlanan sosial-iqtisadi böhran ("3 əsr böhranı") quldarlığı aradan qaldırdı. Markoman müharibəsində Roma barbarların hücumunu güclə dəf edə bildi. İmperator Karakallanın 212 ildə bütün azad əyalət adamlarına Roma vətəndaşlığı vermək haqqında qanunu da vəziyyəti yüngulləşdirmədi. 3 əsrin ortalarında Roma imperiyası əslində dağıldı.
Dominat
[redaktə | mənbəni redaktə et]İmperatorlardan Diokletian (284–305) və I Konstantinin (306–337) dövründə imperiya bərpa edilmiş, dominat rejimi bərqərar olmuşdu. 313 ildən sonra hakim kilsə olan xristian kilsəsi dövlətin sədaqətli müttəfiqi idi. 4 əsrdə ticarətin, sənətkarlığın tənəzzülü ilə yanaşı, orduda və inzibati idarələrdə barbarların mövqeyinin xeyli güclənməsi də müşahidə edilirdi. 378 ildə Roma ordusunda xidmət edən vestqotlar üsyana qalxdılar. Adrianopol yaxınlığında üsyançılar imperator Valentinin ordusunu darmadağın etdilər. 395 ildə imperiya iki hissəyə — Qərbi və Şərqi Roma imperiyasına bölündü. 410 ildə vestqotlar Roma şəhərini ələ keçirib qarət etdilər. Qalliya və İspaniyanı baqaudların üsyanı bürürdü. 476 ildə Odoakr Qərbi Roma imperiyasının sonuncu imperatoru Romul Avqustulu devirdi və Qərbi Roma imperiyası süqüt etdi.
Mifoloqiya və din[1]
[redaktə | mənbəni redaktə et]Qədim romalıların dünyagörüşünün əsasını politeizm (çoxtanrılıq) təşkil edirdi. Onlar inanırdılar ki hər bir şeyin, eləcə də təbiət hadisələrinin tanrıları və ruhları vardır. Bundan başqa, qədim Romada ölmüş əcdadların ruhlarına pərəstiş kultu və magiya da yayılmışdı. Romalılar ovsun, sehr və cadulara öyrəncəli idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi və başqa adətləri kahinlər icra edirdilər. Avqurlar adlanan kahinlər gələcəkdə nəyin baş verəcəyini quşların uçuşuna görə müəyyənləşdirirdilər. Qaruspik adlanan kahinlər isə bunu qurbanlıq heyvanların daxili orqanları ilə yerinə yetirirdilər.
Kahinlər yaşadıqları cəmiyyətlərdə nüfuzlu təbəqənin üzvləri hesab olunurdular. Ən tanınmış və hörmətli kahinlər pontifekslər (lat. pontifex) heyətini təşkil edirdilər. Bu heyətin başçısı Baş kahin vəzifəsini tuturdu. Günümüzdə də Roma Papasının adlarından biri də məhz pontifeksdir.
İlkin dövrlərdə romalılar tanrıları təsvir etmir, onları yalnız xüsusi rəmzlərlə (simvollarla) ifadə edirdilər. Məsələn, savaş tanrısı Marsın simvolu nizə, işıq və ildırımın simvolu olan Yupiterin rəmzi isə ox idi. Sonrakı dövrlərdə yunan mədəniyyətinin təsiri ilə Romada tanrıların panteonu (tanrılar toplumu) yaranmışdır. Yunan baş tanrısı Zeus’la eyniləşdirilən Yupiter panteonun başında dururdu. Başqa Roma tanrıları da yunan tanrıları ilə: Hera Yuno (Yunona) ilə, Minerva Afina ilə, Venus (Venera) isə Afrodita ilə eyniləşdirilmişdir. Roma Tanrıları və mifologiyası ayrıca məqalələrdə verilmişdir:
M. ö. IV yüzillikdən başlayaraq Romada yunan dili, adətləri və mədəniyyəti yayılmağa başlamışdır. Bununla da inkişaf etmiş yunan dili, mədəniyyəti, elmi, fəlsəfəsi Romanın ənənəvi latın dili və mədəniyyəti ilə qarışmışdır.
Digər tərəfdən romalıların istila siyasəti genişləndikcə Romada digər mədəniyyətlərin, xüsusi ilə Şərq mədəniyyətinin və dinlərinin də təsiri güclənmişdir. Məsələn, orada iranlıların Mitra, misirlilərin İsis (İsida) və Serapis, finikiyalıların Astarta tanrılarına ibadət edilirdi. Eyni zamanda, Fələstinin istilasından sonra romalılar yəhudi monoteizmi ilə də tanış olmuşdurlar.
Müxtəlif dinlərin axını ilə birlikdə Doğudan Romaya çoxlu ovsunçular, sehrbazlar, cadugərlər gəlmiş və orada fəaliyyət göstərmişdirlər. Bunun da nəticəsində əhali arasında müxtəlif dinlər, inanclar, mövhumatlar, mistik təlimlər daha geniş miqyasda yayılmışdır. Bu durumla əlaqədar zamanla Roma imperiyasında həm siyasi-iqtisadi, həm də mənəvi böhran dərinləşmişdir. Belə ki, dinlərin və inancların çoxluğu cəmiyyəti parçalamışdır.
Roma imperiyasında yayılmış dinlər:
Fəlsəfə
[redaktə | mənbəni redaktə et]Qədim Roma fəlsəfəsi qədim yunan bə ellinizm dövrünün fəlsəfi ənənələlərini davam etdirmişdir.
Əsas fəlsəfi məktəblər nə onların nümayəndələri:
Roma məktəbi
Apameya məktəbi
- Yamblik
- Apameyalı Sopater
Perqama məktəbi
Afina məktəbi
İskəndəriyyə məktəbi
Erkən Xristian fəlsəfəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Aydın Əlizadə. Antik fəlsəfə tarixi Arxivləşdirilib 2016-08-16 at the Wayback Machine. Bakı: 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 229–230.