Bibliya antropologiyası — Vikipediya
Erkən Dövr Tarix və Ənənələr Məzhəblər və Hərəkatlar Əsas mövzular |
Bibliya antropologiyası, teoloji antropologiya yaxud xristian antropologiyası – xristian teologiyasının bir hissəsi, Bibliya əsasında insanın təbiətini tədqiq edən elm.
Ümumi antropologiyada Bibliya antropologiyasının yeri
[redaktə | mənbəni redaktə et]Antropologiya nisbətən yeni elmdir. ХIХ əsrin ortalarında bəşəriyyət və cəmiyyətdən daha çox insan şəxsiyyətinə önəm verilməsi ilə əlaqədar olaraq formalaşdı. Antropologiya təbii və süni mühitdə insan varlığının fundamental problemlərini tədqiq edən elmi idrak sahəsidir. Fəlsəfi, mədəni, sosial, teoloji və s. antropologiya vardır. Psixologiya elmi antropologiyaya daxildir. Antropogenez insanın meydana gəlməsini, inkişafını tədqiq edir. Teoloji antropologiya insanın İlahi varlıqla münasibətləri ilə məşğuldur.[1]
Bibliyada antropogenez
[redaktə | mənbəni redaktə et]Bibliyanın ilk səhifələri kainatın və insanın yaranmasından bəhs edir. Tövratın Yaradılış Kitabının 1-2-ci fəsillərində kosmogenez və antropogenez haqqında yeddi müddəa verilir:
- təbiət qüvvələri İlahi deyildir; yalnız Allah kainatı yaradandır;
- Allah Özünü Şəxsiyyət olaraq zühur etdirir;
- Allah Özünü əməllərində zühur etdirir;
- Allah Öz Sözü ilə dünyanı yaradır və dünyada hərəkət edir;
- Allah yaradarkən birbaşa işlədiyi kimi, dolayı şəkildə, təbiət vasitəsilə də işləyə bilər;
- kainatın yaranması dərhal deyil, mərhələ-mərhələ baş verən proses idi; bu prosesdə bəsit olandan mürəkkəb olana, cansızdan canlıya, heyvandan insana inkişaf baş vermişdir;
- Allah insanı Öz surətində, bənzərinə görə yaratdı, belə ki insan bütün məxluqata hökmran oldu.
Dünyanın yaranmasının bütün mərhələlərində Allah söz söyləyib yaradırdı, lakin insanı yaratmazdan əvvəl əsrarəngiz bir “məşvərət” baş verdi:
“Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin»”.[2]
İnsanın Allahın planında xüsusi, mərkəzi yeri açıq-aşkardır. Məxluqlar arasında təkcə insan Allahın surətində, bənzərinə görə yarandı.
Bibliya insanın Allah tərəfindən yaradıldığını təsdiqləyir, lakin onun necə yarandığını dəqiq bildirmir. Müasir xristianlıqda insanın meydana gəlməsinə məxsus, kreatsionist və təkamülçü olmaq üzrə, iki konsepsiya mövcuddur. Kreatsionist (xəlqə inanan) xristianlar Yaradılış Kitabının 2-ci fəslində insanın yaranması hekayəsini hərfi mənada başa düşürlər; xristian təkamülçüləri (ateist təkamülçülərdən fərqli olaraq) xəlqə inana-inana Allahın Adəmi Öz əlləri ilə düzəltməsi hekayəsini məcazi mənada anlayırlar.
Rus Pravoslav Kilsəsində təkamülçülük konsepsiyası hələ Darvindən əvvəl səsləndirilmişdi. Feofan Govorov belə yazmışdır: "Bir heyvan olub ki, surəti insan surəti, ruhu isə heyvan ruhu idi. Sonra Allah bu heyvana Öz nəfəsini üfürəndə, heyvan insana döndü"; Serafim Sarovskiy də belə demişdir: "Allah Adəmə ruhu üfürənə kimi Adəm heyvana bənzər idi".[3] Hal-hazırda Rus Pravoslav Kilsəsində təkamülçülüyün tərəfdarları arasında biologiya elmləri namizədi keşiş Aleksandr Borisovu[4] qeyd etmək olar.
Katolik kilsəsində hələ XX əsrin əvvəllərindən məşhur fransız xristian mütəfəkkiri, paleontoloq Teyyar de Şarden (Teilhard de Chardin, 1881-1955) təkamül nəzəriyyəsinin xristian təliminə uyğun gəldiyini müdafiə edirdi. 12 avqust 1950-ci ildə Roma Papası XII Piyin "Humani Generis" ensiklikasında təkamül nəzəriyyəsinə qarşı açıqfikirli yanaşmağa icazə verildi: “Kilsənin səlahiyyəti humanitar elmlərdə və müqəddəs teologiyada təcrübəli alimlər tərəfindən təkamül nəzəriyyəsi ilə bağlı olan tədqiqat və müzakirələrin keçirilməsini qadağan etmir; bir şərtlə ki, təkamül yalnız insanın bədəninə aid olaraq nəzərdən keçirilsin, çünki katolik inancı bizi insan ruhlarının birbaşa Allah tərəfindən yaradıldığına inanmağa vadar edir”[5]
Protestantların arasında da həm kreatsionizmin, həm də təkamülçülüyün tərəfdarları vardır. Avqustus Stronqun “Sistematik Teologiya”sı bütün kainatın, o cümlədə insanın da Allah tərəfindən yaranmasını mütləq bir həqiqət olaraq qəbul etməklə yanaşı, bunun nə üsulla gerçəkləşdiyinin Bibliyada aşkar bildirilmədiyini təsdiq edir. Müasir təkamülçü protestantlarından Amerikadakı Point Loma Nazarin universitetinin biologiya professoru, BioLoqos Fondunun[6] presidenti Darrel R. Falkı qeyd etmək olar.
Allahın surəti
[redaktə | mənbəni redaktə et]Bibliyanın ilk antropoloji tezisi insanın Allahın surətində, bənzərinə görə yaranmasıdır. Bu ifadənin mənası Allah-Taalanın qeyri-maddi təbiətinə görə fiziki şəkildə başa düşülməməlidir. Xristian ənənəsində Allahın surəti fiziki, zahiri şəkildə heç vaxt şərh edilməmişdir.
“Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü”[7] sözləri insanın bədən və ruh olaraq yarandığını, nəticə etibari ilə həm təbii, həm də fövqəltəbii məxluq olduğunu təsvir edir. İnsanın bədəni bu dünyadan (yerin torpağından) istifadə olunaraq düzəlir, ruhu isə bu dünyadan deyil, birbaşa Yaradandan verilir. Beləliklə, insanın bütün digər məxluqlardan əhəmiyyətli dərəcədə fərqləndiyi təsdiq olunur.
Lakin insanın “ikili” təbiəti qədim antropologiyaya xas qəti bədən-can dualizmindən uzaqdır. Qədim ibrani dilində "bədən" sözü yoxdur, onun yerində בּשׂר “basar” (müqayisə et: ərəbcə بشر “bəşər”) kəlməsi işlənir ki, bu da canlı varlığın psixofiziki kontinuuma işarə edir (qədim ibrani dilində כל־בשׂר "kol basar" (ərəbcə كل البشر “kullü-l-bəşər”) – hərfən “hər bədən” – Bibliyada “bütün bəşər” mənasında işlənir). "Həyat" və "can" kəlmələri Əhdi-Cədiddə də eyni mənasa işlənir. Beləliklə, בּשׂר “basar” (bədən və can) bütün heyvanlar aləminə məxsusdur və Allahın surəti ola bilməz. Bibliya alimləri Allahın surətini insanın ruhunda (qədim ibrani dilində רוח "ruax") görürlər. İnsanın Allaha bənzər xüsusiyyətlərini da onun ruhunda axtarmaq lazım olur.
Allahın surəti hər şeydən öncə insanın bütün məxluqatın üzərində hökmranlıq etməsində zahir olur. Bibliyada insan bütün kainata hökmran olaraq təsvir olunur. Adəmin bütün heyvanlara ad verməsində insanın bu dünyada hökmranlığı xüsusilə vurğulanır.[8] Şərq adətinə görə, ağalar öz qullarına ad verərdilər. Lakin eyni zamanda Allahın bütün heyvanları Adəmin yanına gətirdiyi yazılıb: “Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün”. Beləliklə, Adəmin hökmranlığının Yaradanın iradəsindən qaynaqlandığını görmək olar.
“Adam” məfhumu
[redaktə | mənbəni redaktə et]Bibliya antropologiyasında korporativ yaxud toplu şəxs konsepsiyasının xüsusi yeri vardır. Əhdi-Ətiqdə bir nəfər çox vaxt qrup, tayfa, xalq mənasında işlənir. Bu yolla xalqların, millətlərin, bütün bəşəriyyətin vəhdətinə iman ifadə olunur.
Adəm (ibranicə אדם “adam”) təkcə tarixi bir şəxsiyyət deyil, bütün bəşəriyyəti təmsil edən “adam” olaraq başa düşülə bilir. İbrani dilində “Adəm” və “adam” eyni sözdür. "Adam" sözü Əhdi-Ətiqdə çox vaxt toplu isim olaraq işlənir. Buna misallar:
“Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı (ibranicə אדם adam) yaradaq. Qoy o (ibranicə əvəzlik yoxdur), dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin (ibranicə וירדו ve-yiredu “hökmranlıq etsinlər” feli cəm formasında işlənmişdir)»”.[2]
“Rəbb adamları (ibranicə את־האדם et-ha-adam “adamı” – tək formasında) çox uzaqlara sürgün edəcək, ölkənin çox yerləri viran qalacaq”.[9]
Kilsə ataları arasında da Adəmi belə obrazlı şəkildə anlayan və şərh edənlər olub. Müqəddəs Nissalı Gregorius «De hominis opificio» risaləsində Adəmi bütün bəşəriyyətin təcəssümü olaraq təsvir etmişdir.[10] Müqəddəs Avqustin Adəmi "bütün bəşəriyyət” (totum genus humanum) adlandırırdı. Nazianzlı Qregorios, Misirli Makarios, Yeni ilahiyyatçı Simeon kimi məşhur və möhtərəm kilsə atalarının əsərlərində də Adəm ilə bəşəriyyətin eyni mənada qəbul edildiyini görmək olar.
Günaha batma olayı
[redaktə | mənbəni redaktə et]Xristian antropologiyasının ən mühüm məsələlərindən biri də insanın günaha batması və günahkar halıdır. Tövratın ilk kitabı olan Yaradılış insanların arasında şərin meydana gəlməsini təsvir edir. Tövrat Allahın şərin mənbəyi olmadığını təsdiq edir; insan öz iradəsi, azad seçimi ilə, şüurlu surətdə günah edib, Allahın yolundan azmağı qərara aldı. Günaha batma hekayəsi belə sözlərlə başlanır:
"Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi".[11]
Bu ilanın qadınla söhbət etdiyinə görə, həqiqi mənada ilan olmadığı bəlli olur. İlanın xarici görkəmi Misirin və Babilin abidələrindəki əjdəhanı xatırladır. Tövratın ilk oxucuları bu hekayəni oxuyanda bütpərəstlərin sürünən heyvanlara pərəstişlərini təsəvvürlərinə gətirə bilirdilər. İlanın başqa heyvanlarla müqayisə edilməsi ilə onun yaradılmış təbiəti vurğulanır. Əhdi-Cədiddə əjdəha açıq şəkildə ilanla müqayisə edilir:
“O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı...”[12]
Həvvanın yoldan çıxarılması Bibliyada belə nəql edilir:
"İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?» Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik. Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”» İlan qadına dedi: «Yox, əsla ölməzsiniz. Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız». Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi. O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər".[13]
İlan Allahın qarşısında insanlara iftira edir, qadın aldanaraq Allahın sözündən çıxır və əri ilə birlikdə qadağan olunan meyvədən yeyir.
Günaha batmanın nəticələri:
- İlk insanların cinsiyyətlərindən utanmaları[14] kişi ilə qadının arasındakı intim əlaqənin günah olduğu mənasını vermir. Çünki Allah Özü təzəcə yaratdığı insana törəyib çoxalmağı buyurdu.[15] Əksər xristian şərhçilər bunda insanın artıq öz bədəninə hakim ola bilmədiyi gerçəkliyini görür.
- İnsan Allaha inamını itirdi. İnsan Allahdan gizlənmək, günahının əsl səbəbini (Allah kimi olmaq istəyi) gizlətmək istədi.
- İnsan öz ürəyində və başqa insanlarla münasibətlərində ahəngi itirdi.[16]
- İnsan ilə təbiət arasında ahəng pozuldu. Təbiət artıq insana tabe olmur.[17]
- Adəm və Həvvanın Edən bağından qovulması ilə insanların Allahla yaxınlığı itirmələri təsvir olunur. İnsan ruhən öldü və bədəninin də öləcəyini bildi.
- Ölümün hökmranlığı.[18] Allahla ünsiyyətdə qalaraq, insan ölümə qalib gələ bilərdi (həyat ağacının meyvəsindən dərib yeməsinin mənası). Yaradanla əlaqəsini itirən Adəm ölümə düçar olur. Fiziki ölüm ruhun Yaradana qayıtması olduğu halda, ruhun ölümü əbədi cəza mənasına gəlir.
Əhdi-Cədiddə insan haqqında təlim
[redaktə | mənbəni redaktə et]Əhdi-Cədiddə teoloji antropologiyaya ən çox toxunan Həvari Pauldur. O, insan bədənini Allah tərəfindən yaradılan məbəd (Ruhun məskəni) və möminlərin bədənlərini Məsihin bədəninin üzvləri hesab edirdi:
"Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir?..."[19]
"Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz".[20]
Həvari Platondan fərqli olaraq insanın fiziki təbiətinə mənfi yanaşmır, əksinə, Tövratın da təsdiqlədiyi kimi, müsbət yanaşır. Can və bədən canlı vəhdət təşkil edir; insan öləndə məhv olan və dirilmədə bərpa ediləcəyi gözlənilən bu can-bədən vəhdəti Əhdi-Cədiddə "cismani təbiət" adlandırılır. İnsanın yüksək təbiəti ruhdur. İnsan bütövlükdə ruh və "cismani təbiət"dən (prixofiziki can-bədən vəhdəti) ibarətdir.[21]
Bibliyada bəşəriyyətin gələcəyi
[redaktə | mənbəni redaktə et]Bibliyaya əsasən, ölümə və əzab-əziyyətlərə düçar olan fani bəşərin taleyi çürüməzlik, ölməzlikdir. Bəşərlə birlikdə bütün yaradılış da puçluğa təslim edildi və əziyyətlə doğuş ağrısı çəkir. Lakin yaradılış azad olacağını ümid edir.[22] Bəşəriyyətin və bütün canlı aləmin son düşməni olan ölüm aradan götürüləcək və Allah hər şeydə hər şey olacaqdır. Bibliyada bunlar Həvari Paulun Korinflilərə 1-ci Məktubunda yazılmışdır:
Aradan götürüləcək son düşmən isə ölümdür.
Çünki Allah «hər şeyi Onun ayağının altına qoydu». Amma Məsihə hər şey tabe oldu deyiləndə aydın olur ki, hər şeyi Ona tabe etdirən Allah buraya daxil deyil.
Hər şey Oğula tabe olandan sonra Oğul Özü də Ona hər şeyi tabe etdirən Ataya tabe olacaq ki, Allah hər şeydə hər şey olsun.[23]
Gələcək “qiyamət günü”ndən, yəni “ölülərin diriləcəyi gün”dən İsa Məsih dəfələrlə danışdı:
Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar. Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır.[24]
Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim.[25]
Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.[26]
Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm.[27]
Həvari Paulun Korinflilərə 1-ci məktubunda insanların gələcək dirilməsi haqqında daha ətraflı təlim verilir:
Lakin bir nəfər belə deyə bilər: «Ölülər necə diriləcək? Onlar nə cür bədənlə gələcəklər?»
Ey ağılsız insan! Sənin əkdiyin toxum ölməsə, həyata qovuşmaz!
Əkərkən hasil olacaq bədəni deyil, yalnız toxumu – bəlkə buğdanın ya digər bitkinin toxumunu əkirsən.
Amma Allah o toxuma istədiyi quruluşu verir. O hər bir bitən toxuma özünə məxsus quruluş verir.
Hər canlı məxluqun əti eyni deyil. İnsan əti başqa, heyvan əti başqa, quş əti başqa, balıq əti başqadır.
Səma cisimləri var, dünya cisimləri də var. Amma səmavi olanların ehtişamı başqa, dünyəvi olanların da başqadır.
Günəşin ehtişamı başqa, ayın ehtişamı başqa, ulduzların ehtişamı başqadır. Ulduz da digər ulduzdan ehtişamına görə fərqlənir.
Ölülərin dirilməsi də belədir. Əkilən toxum çürüyər, ondan əmələ gəlib dirilən bədən çürüməz;
əkilən toxum hörmətsiz, dirilən bədən izzətlidir; əkilən toxum zəif, dirilən bədən qüvvətlidir;
əkilən toxum təbii, dirilən bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də var.
Necə ki yazılıb: ilk insan Adəm «canlı bir varlıq oldu». Sonuncu Adəm isə həyat verən ruh oldu.
Amma ilkin ruhani deyil, təbii bədəndir. Ruhani isə sonra gəlir.
İlk insan yerin torpağından, ikinci İnsan göydən yarandı.
Torpaqdan yaranan adam necədirsə, torpaqdan yarananlar da elədir; səmavi Adam necədirsə, səmavilər də elədir.
Biz torpaqdan yarananın surətini necə gəzdiririksə, səmavi Olanın surətini də elə gəzdirəcəyik.
Ey qardaşlar, bunu demək istəyirəm ki, ət və qan Allahın Padşahlığını irs olaraq ala bilməz, eləcə də çürüyən bədən çürüməzliyi irs olaraq almaz.
Baxın sizə bir sirr açmaq istəyirəm: hamımız vəfat etməyəcəyik,
amma son şeypur çalınanda bir andaca, bir göz qırpımındaca hamımız dəyişiləcəyik. Çünki şeypur çalınacaq, ölülər çürüməzliklə diriləcək, bizsə dəyişiləcəyik.
Çünki bu çürüyən bədən çürüməzliyə, bu ölümə düçar olan bədən ölməzliyə bürünməlidir.
Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə
«Ölüm yox edildi, onun üzərində qələbə çalındı!» deyə yazılmış söz yerinə yetəcək.[28]
Beləliklə, Bibliyada insanların cismən diriləcəkləri və artıq ölümə düçar olmadan, bədəndə əbədi yaşayacaqları təsdiq olunur. Bununla bərabər, insanlara veriləcək yeni bədənlərin bizim indi bildiyimiz təbii insan bədənindən daha üstün, əbədi yaşamağa qabil, çürüməkdən və həyatın “heyvani” cəhətlərindən (məs.: cinsi həvəs, xəstəlik, göz yaşı) azad səmavi və ruhani həyat yaşamağa qabil olan “ruhani” bədənlər olacağına etiqad edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bax: http://alizadeh.narod.ru/kitablar/Xristianliq/1.2.html Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine
- ↑ 1 2 Yaradılış Kitabı 1:26
- ↑ Bax: Свящ. Александр Мень, Исагогика., §18. Создание человека согласно 2 главе Книги Бытия. http://www.bible-center.ru/book/isagogika/001/002/001 Arxivləşdirilib 2017-01-08 at the Wayback Machine
- ↑ Bax: http://ru.wikipedia.org/wiki/ Arxivləşdirilib 2011-11-12 at the Wayback Machine Борисов,_Александр_Ильич
- ↑ Humani Generis. Bax: №36 http://www.ewtn.com/library/ENCYC/P12HUMAN.HTM Arxivləşdirilib 2012-05-09 at the Wayback Machine
- ↑ Bax: http://biologos.org/ Arxivləşdirilib 2007-11-29 at the Wayback Machine
- ↑ Yaradılış Kitabı 2:7
- ↑ Bax: Yaradılış Kitabı 2:19
- ↑ Yeşaya 6:12
- ↑ Bax: Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). Nissalı Qreqorios (Gregorios Nysses); Cв. Григорий Нисский. Об устроении человека, гл. ХVI http://www.vehi.net/nissky/nissky.html Arxivləşdirilib 2022-06-24 at the Wayback Machine
- ↑ Yaradılış Kitabı 3:1
- ↑ Vəhy Kitabı 12:9
- ↑ Yaradılış Kitabı 3:1-7
- ↑ Yaradılış Kitabı 3:1-7: "O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər".
- ↑ Bax: Yaradılış Kitabı 1:28: "Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun"; 2:24: "Buna görə də kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaq".
- ↑ Bax: Yaradılış Kitabı 3:16: "Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə çox əziyyət verəcəyəm, uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, o sənə ağalıq edəcək».
- ↑ Bax: Yaradılış Kitabı 3:17-19: "Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, qadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdan yediyin üçün sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot-ələfi yeyəcəksən. Alın tərinlə çörək yeyəcəksən...».
- ↑ Bax: Yaradılış Kitabı 3:19: "Ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan".
- ↑ 1 Korinflilərə Məktub 6:15
- ↑ 1 Korinflilərə Məktub 6:19
- ↑ Bax: 1 Saloniklilərə Məktub 5:23: "Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun".
- ↑ Bax: Romalılara Məktub 8:18-30
- ↑ 1 Korinflilərə Məktub 15:26-28
- ↑ Matta Müjdəsi 22:30-31
- ↑ Yəhya Müjdəsi 6:40
- ↑ Yəhya Müjdəsi 6:44
- ↑ Yəhya Müjdəsi 6:54
- ↑ 1 Korinflilərə 15:35-54
Mənbə
[redaktə | mənbəni redaktə et]- Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009
- Словарь библейского богословия. Под редакцией Ксавье Леон-Дюфура и Жана Люпласи, Августина Жоржа, Пьера Грело, Жака Гийе, Марка-Франсуа Лакана. Перевод со второго французского издания. Брюссель: Жизнь с Богом, 1990. Статья «Человек». http://krotov.info/spravki/essays_bible/comments/23ch.htm#ch3 Arxivləşdirilib 2012-05-15 at the Wayback Machine
- Мень А. протоиерей «Библиологический словарь в 3-х т.». Москва: Фонд имени Александра Меня, 2002. «Антропология библейская»
- Александр Мень. Человек в библейской аксиологии. http://krotov.info/library/13_m/myen/2_trud_19.html Arxivləşdirilib 2012-05-15 at the Wayback Machine
- Systematic Theology, by Augustus Hopkins Strong. Philadelphia American Baptist Publication Society, 1907. Volume II, Part V. Anthropology, or the Doctrine of Man.