Xristologiya — Vikipediya

Xristianlıq


Xristianlıq

Xristologiya (yunan. Χριστός, xristos, "Məsih", + yunan. λογος, logos, "elm") yaxud Bibliya xristologiyası – xristian teologiyasının bir sahəsi, Nazaretli İsanın şəxsiyyəti, təbiəti və işləri haqqında Bibliya əsasında qurulan təlim.

Xristianların Müqəddəs Yazılarında İsanın şəxsiyyəti dünyanın Xilaskarı olaraq təqdim olunduğuna görə, Bibliya xristologiyası soteriologiya (xilas haqqında təlim) ilə sıx əlaqəlidir.

Bibliya xristologiyası "Əhdi-Ətiq xristologiyası" və "Əhdi-Cədid xristologiyası" olmaq üzrə iki böyük bölməyə ayrılır. İsadan əvvəlki Müqəddəs Yazılarda (Əhdi-Ətiqdə) dünyaya gələcək olan Xilaskar-Messiyadan (Məsihdən) bəhs edən parçaları tədqiq edən Əhdi-Ətiq xristologiyası həmçinin messianizm adlanır. Əhdi-Cədid xristologiyası artıq İsanın şəxsində dünyaya gəlmiş olan Məsihi tədqiq edir.

Məsih (yaxud Messiya) və Məsihin Padşahlığı haqqında təlim başlanğıcdan sabit və dəyişməz şəkildə əmələ gəlməyib, tədricən formalaşmışdır. Bibliyada messianizmin bir neçə mərhələsini görmək olar:

  • İlk nişanəsi. Adəm ilə Həvva günaha batanda, Allah-Taala onları yoldan çıxardan ilana belə deyib: "Mən səninlə qadın arasına, sənin balanla onun övladı arasına düşmənçilik salıram. Bu övlad sənin başından vuracaq, sən də onu dabanından sancacaqsan".[1] Yustin, İriney, Kiprian, İoann Xrizostom, İyeronim kimi qədim kilsə ataları bu sözlərin Həvvanın özünə deyil, İsanı dünyaya gətirən Məryəmə aid etmişlər[2]
  • Allah-Taalanın İbrahimə verdiyi vəd. "Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq".[3] Əhdi-Cədiddə həvari Paul bu kəlamın İsa Məsihə aid olduğunu şərh etmişdir: "Müqəddəs Yazı Allahın başqa millətləri imanları ilə saleh sayacağını qabaqcadan görüb İbrahimə "bütün millətlər sənin vasitənlə xeyir-dua alacaq" deyərək Müjdəni qabaqcadan bildirdi… Belə ki İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alaq"[4]
  • "İkinci Musa" haqqında peyğəmbərlik. Musa Peyğəmbər İsrail övladlarına demişdir: "Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın"[5]
  • Davud Oğlunun əbədi hökmranlığı haqqında peyğəmbərlik. Allah peyğəmbərin dili ilə Davud Peyğəmbərə bu sözləri deyib: "Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam. Onu Öz evimin və padşahlığımın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq".[6]
  • 2-ci Məzmur. Burada gələcək Xilaskar məsh olunmuş padşah (Məsih) və "Oğul" adlandırılır. "Nə üçün millətlər belə vurnuxmaya düşür, ümmətlər boş şeylər düşünür? Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir… Göylərin sakini gülür, Xudavənd onlara istehza edir… O deyir: "Mən padşahımı Müqəddəs dağım Sionda əyləşdirmişəm". Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: "Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum…"[7]
  • Yeşaya peyğəmbər ilk dəfə Məsihdən konkret tarixi şəxsiyyət kimi bəhs etmişdir: "Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq… Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək… Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək. Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu Onun üzərində olacaq… sular dənizi bürüdüyü kimi dünya Rəbbin biliyi ilə dolacaq. O gün Yesseyin kökü xalqlara bayraq olacaq, millətlər ona tərəf yönələcək, məskunlaşdığı yer izzətlə dolacaq…"[8]
  • Yeremya peyğəmbər gələcək Məsihin Padşahlığını "Yeni Əhd" adlandırmışdır: "Rəbb bəyan edir: "İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır… "O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq" Rəbb belə bəyan edir. "Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını "Rəbbi tanıyın" deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam" Rəbb belə bəyan edir".[9]
  • Yezekel Peyğəmbər Məsihin bağladığı əhdi "Əbədi əhd" adlandırmışdır: "Mən onlarla sülh əhdi bağlayacağam. Bu onlarla əbədi bir əhd olacaq".[10]
  • Yeşaya Peyğəmbərin Kitabı 53-cü fəsildə Məsih əzab çəkərək dünyanın günahlarını Öz üzərinə götürən Rəbbin Qulu kimi təsvir olunur: "Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi öz üzərinə götürdü. Biz isə onun Allah tərəfindən cəzalandırıldığını, vurulub iztirab çəkdiyini zənn etdik. Bizim üsyankarlığımıza görə onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm etdilər, O iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qırxımçıların qabağında dilsiz qoyun kimi ağzını açmadı. Ədalətsizliklə məhkum olunaraq ölümə aparıldı. Onun nəsli haqqında kim düşünə bilərdi? Axı xalqımın üsyankarlığına görə O edam olundu, dirilər arasından atıldı".[11]
  • Daniel Peyğəmbərin Kitabında Məsih və Onun Padşahlığı Bəşər Oğlu obrazında göstərilir: "Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi".[12]

Ümumiyyətlə, Əhdi-Ətiq xristologiyasının iki cəhətini qeyd etmək olar: Allahın insanlara zühur edəcəyi inancı və məsh olunmuş Padşahın dünyaya gələcəyi inancı. Xristian əqidəsində bu iki inanc Məsihin ilahi və bəşəri təbiətlərinə malik olması təlimində öz əksini tapmışdır.

Xristian təfəkkürü tarixində Bibliya xristologiyasının inkişafı

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Arianlıq

Əsas məqalə: Xristoloji mübahisələr

İsanın Məsih və Xilaskar, Allahın Oğlu olduğu inancı Əhdi-Cədid yazılmamışdan əvvəl meydana gəlmişdir. Əhdi-Cədiddə, ondan qabaq yaranmış kilsənin inancı öz əksini tapmışdır. Xristianlığın təzəcə yarandığı dövrdə Məsihin təbiəti ilə bağlı məsələlər diqqət mərkəzində deyil idi; Məsihin möminlərə bəxş etdiyi xilas və günahların bağışlanması haqqında Müjdəyə ən çox əhəmiyyət verilirdi. Bununla belə, qeyd etmək lazımdır ki, o dövrdə Məsihin ilahi-bəşəri təbiətinə malik olması inancı hələ bir ehkama çevrilməsə da, artıq xristian kilsəsinin mühüm bir əsası olmuşdur.[13] Xristian kilsəsi İsaya iman etməyən yəhudi, bütpərəst və bidətçilərlə mübarizə edə-edə tədricən Məsihin ilahi-bəşəri təbiətini qavrayaraq kilsə məclislərində qəbul olunan bir sıra formulalarda ifadə etmişdir. Bidətçilərə qarşı mübarizəni Əhdi-Cədidin ayrı-ayrı yerlərində də görmək olar.[14] Daha sonra kilsənin xristologiyası qnostisizm kimi böyük bidətlər ilə mübarizədə inkişaf etmişdir. Xristian kilsəsi ardıcıl olaraq Məsihin ilahi-bəşəri təbiətinə malik olduğu inancını müdafiə etmiş, qoruyub saxlamışdır. Doketlər İsanın bəşəri təbiətini rədd etdikləri kimi, presviter Arius Onun ilahi təbiətini rədd etmiş, arxiyepiskop Nestor isə ilahi ilə bəşəri təbiətlərini bir-birindən ayırmışdır. Bu kimi məsələlər kilsə məclislərində həll olunurdu. Atanın Oğul ilə mahiyyətcə eyni olması inancı təsdiq olunmuşdur (Birinci ümumdünya kilsə məclisində — Birinci Nikeya Kilsə Məclisi, eramızın 325-ci ili). Bundan sonrakı ümumdünya kilsə məclislərində İsanın təbiəti ilə əlaqədar olan bir sıra başqa inanclar qərarlaşdırılmışdır. Nəticə etibarilə, xristian məzhəblərinin böyük əksəriyyəti indiyə kimi, ümumiyyətlə, vahid xristologiya əsasında inkişaf etmişdir.

İsanın adlarının semantik təhlili

[redaktə | mənbəni redaktə et]

Bibliya xristologiyasının məqsədi Məsihin şəxsiyyətini, təlim və işlərini Bibliyaya əsasən tədqiq edərək müvafiq qərarlar çıxarmaqdır. Xristologiyada istifadə olunan üsullardan biri İsanın Əhdi-Cədiddəki adlarının semantik təhlilidir. Əhdi-Cədiddə İsaya verilən adlardan ən mühüm olanlar "Bəşər Oğlu", "Məsih", "Allahın Oğlu"dur.

Müjdələrdə nəql edilənlərə görə, İsa Məsih Özünü əksərən "Bəşər Oğlu" deyə adlandırmışdır. Bu ad bir neçə mənada şərh oluna bilər. Bir yandan, bəşər oğlu ifadəsi insanın fani və aciz olmasını vurğulayır[15]; digər yandan isə "Bəşər Oğlu" ifadəsinin imanlılar cəmiyyəti ilə bunun Başçısı olan Səmavi İnsanı özündə birləşdirən toplu bir obraz kimi işlənmə ehtimalı vardır[16]. Nəhayət, yəhudi ilahiyyatının İsgəndəriyyə məktəbində "Səmavi Adəm" olan Tanrının Oğlu-Loqos (Kəlam) fikri mövcud idi.[17] Beləliklə, "Bəşər Oğlu" çoxmənalı bir ifadədir. Bəşər Oğlu dedikdə, həm Xilaskar Məsih, həm də fani insan nəzərdə tutula bilər. İsanın Özünü məhz bu ad ilə adlandırmağa üstünlük verməsi də təsadüfi deyildir. Güman etmək olar ki, bunun səbəbi İsa Məsihin insanın azad iradəsinə zor gəlmək istəməməsidir. İsanın Məsih olub-olmadığını hər insan özü üçün qərarlaşdırmalı idi.

İsa bircə dəfə Özünün Məsih olduğunu açıqca söyləmişdir.[18] Şagirdlərinə Onun Məsih olduğunu yaymalarını qadağan etmişdir.[19] Güman etmək olar ki, İsanın Məsih olduğunu sirr saxlamasının əsas səbəbi, xalqın arasında geniş yayılmış olan yanlış Məsih obrazı ilə bağlıdır. Yəhudilər Məsihin qüvvətli siyasi rəhbər olacağını umurdular.[20] Lakin həvari Peter İsaya "Sən Məsihsən" deyəndə, İsa onun sözləri ilə razılaşmışdır. Bundan elə nəticə çıxır ki, İsa "Məsih" sözünü başqa bir mənada, ruhani şəkildə anlayırdı. Xristian kilsəsi də İsa Məsihi siyasi rəhbər olaraq deyil, Xilaskar və səmavi Hökmdar olaraq qəbul etmişdir.

Qədim Şərq semantikasında bu ifadə ya səmavi varlıqlara, ya da Allahın qərarı ilə hökm sürən padşahlara işarə edirdi.[21] Baş kahinin İsaya verdiyi sual yəhudilərin Məsihi Allahın Oğlu adlandırdıqlarını təsdiq edir: "İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: "Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?""[22] Lakin İsanın dediyindən bəlli olur ki, O, "Allahın Oğlu" dedikdə təkcə Məsih olduğunu nəzərdə tutmayıb, bundan üstün bir əlaqədən bəhs etmişdir.[23] İsa Allah-Taalanı bütün bəşəriyyətin qayğıkeş atasına bənzətməklə yanaşı, Özü Allaha tez-tez "Atam" deyərək, Allahla sirli bir əlaqəsindən bəhs edirdi. Yəhyanın İsanı İlahi Kəlam[24], İbrahimdən əvvəl var Olan[25] adlandırması daha üstün bir mənada "Allahın Oğlu" olduğuna işarə edir. Xristian kilsəsinin İsanı ilahi-bəşəri Şəxs kimi qəbul etməsinə səbəb olan amillərdər biri də budur.

  • Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Христология библейская", "Мессианизм".
  • Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
  • "Christology." Encyclopædia Britannica. Encyclopædia Britannica Online. Encyclopædia Britannica Inc., 2012. Web. 22 Feb. 2012. <http://www.britannica.com/EBchecked/topic/115761/Christology>.


  1. Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009. Yaradılış 3:15
  2. Bax: Толковая Библия Лопухина, http://lopbible.narod.ru/gen/txtgen03.htm Arxivləşdirilib 2022-08-06 at the Wayback Machine
  3. Müqəddəs Kitab. Yaradılış 12:3
  4. Müqəddəs Kitab. Qalatiyalılara Məktub 3:8,14
  5. Müqəddəs Kitab. Qanunun Təkrarı 18:15
  6. Müqəddəs Kitab. 1-ci Salnamələr 17:11–14
  7. Müqəddəs Kitab. Zəbur 2
  8. Müqəddəs Kitab. Yeşaya Peyğəmbərin Kitabı 7,9,11
  9. Müqəddəs Kitab. Yeremya Peyğəmbərin Kitabı 31:31–34
  10. Müqəddəs Kitab. Yezekel Peyğəmbərin Kitabı 37:26
  11. Müqəddəs Kitab. Yeşaya Peyğəmbərin Kitabı 53:3–8
  12. Müqəddəs Kitab. Daniel Peyğəmbərin Kitabı 7:13
  13. Bax, məsələn, Romalılara Məktub 1:2–4: "Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu"
  14. Bax, məsələn, 1-ci Yəhya 4:1–3: "Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb. Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil". Bu sözlərin doketlərin təriqətinə qarşı yazıldığı bəllidir. Doketlər hesab edirdilər ki, İsa, əslində, bu dünyada cismani şəkildə mövcud olmamışdır. Doketlər haqqında: Мень А. протоиерей "Библиологический словарь в 3-х т.". Москва: Фонд имени Александра Меня, 2002. "Докетизм"
  15. Bax: Zəbur 8:5; Yezekel 2:1
  16. Bax: Daniel 7:13–14
  17. Bax: Aydın Əlizadə. Xristianlıq: Tarix və fəlfəsə (ilk çağlar). İsgəndəriyyəli Filonun fəlsəfəsi. http://alizadeh.narod.ru/kitablar/Xristianliq/2.2.html Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine
  18. Mark Müjdəsi 14:61–62: Baş kahin yenə Ondan soruşdu: "Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?" İsa ona dedi: "Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz"
  19. Bax: Matta 16:20; Mark 8:30
  20. Bax: Yəhya 6:15: "İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi"
  21. Bax: Allahın Davuda sözləri: "Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. Mən ona Ata, o isə Mənə oğul olacaq…" 1-ci Salnamələr 17:11–13; Həmçinin bax: 2-ci Məzmur. "Rəbb mənə dedi: "Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum". Zəbur 2:7
  22. Mark 14:61
  23. Matta 11:27–30-da yazılmışdır: "Atam tərəfindən hər şey Mənim ixtiyarıma verildi. Oğulu Atadan başqa heç kəs tanımaz. Atanı da Oğuldan və Oğulun agah etmək istədiyi şəxsdən başqa heç kəs tanımaz. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm…"
  24. Yəhya 1:1
  25. Yəhya 8:58