Tanrının padşahlığı — Vikipediya

Xristianlıq


Xristianlıq

Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu[1]; lat. Regnum Dei[2]) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilinİsa Məsihin Müjdəsinin baş mövzusu.

İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər.

Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi:

"Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil".[3]

Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".[4] Rəbb insanların ürəklərində hökmran olanda Səmavi Padşahlıq onların daxilində və aralarında mövcud olur. İsa, bu Padşahlığın dünyada heç bir zövq, heç bir həzz ilə müqayisə edilməz səmavi sevinc verdiyindən bəhs etmişdir:

Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.[5]

Allahın Padşahlığı hal-hazırda möminlərin daxilində və aralarında olduğu halda, hələ tam kamil şəkildə gəlməmişdir. İsa məsəllərində birmənalı olaraq Səmavi Padşahlığın tədricən, uzun proses nəticəsində gələcəyini öyrətmişdir:

Sonra İsa dedi: "Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir".[6]

İsa onlara başqa bir məsəl də danışaraq dedi: "Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur". İsa onlara başqa bir məsəl də söylədi: "Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır".[7]

Məsihin öyrətdiyi "Atamız" duasında ikinci xahiş "Padşahlığın gəlsin"[8] sözləri ilə ifadə olunur. İndi möminlərin daxilində və aralarında gizli olan Səmavi Padşahlıq bu dünyanın sonunda — qiyamət günündə tam kamil şəkildə aşkara çıxacaqdır:

Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi:

"Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu!

O əbədi olaraq padşahlıq edəcək!"[9]

Vəhy Kitabı əbədi Padşahlığı bu şəkildə təsvir edir:

Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək. Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar. Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.[10]

  1. Strong’s Greek Dictionary Arxivləşdirilib 2007-12-13 at the Wayback Machine, webpage, retrieved June 24, 2006
  2. "Kingdom of God#Regnum Dei". 2016-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-05.
  3. Yəhya Müjdəsi 18:36
  4. Luka Müjdəsi 17:20–21
  5. Matta Müjdəsi 13:44
  6. Mark Müjdəsi 4:26–29
  7. Matta Müjdəsi 13:31–33
  8. Matta Müjdəsi 6:10
  9. Vəhy Kitabı 11:15
  10. Vəhy Kitabı 22:3–5