AŞPA-nın 1416 saylı qətnaməsi — Vikipediya

Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsi
ing. Council of Europe Parliamentary Assembly (PACE) Resolution 1416 (2005)
İmzalanma tarixi 25 yanvar 2005
Orijinal dil ingilis dili
Məqsədi ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə münasibət

Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsi — Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı AŞPA tərəfindən 25 yanvar 2005-ci ildə qəbul edilmiş "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə" adlı qətnamə.[1]

Qətnamə layihəsi AŞPA-nın Siyasi Məsələlər Komitəsi tərəfindən hazırlanıb. Avropa Demokratlar Qrupunun üzvü, Böyük Britaniyadan olan Devid Atkinsonun hazırladığı izahat memorandumunda bildirilirdi ki, 1991-ci ildə ölkənin müstəqil dövlət kimi tanındığı dövrdə Azərbaycanın sərhədləri beynəlxalq səviyyədə tanınmışdır və Azərbaycanın həmin ərazisinə Dağlıq Qarabağ da daxil idi.

Qətnamənin mətni[redaktə | mənbəni redaktə et]

Bu qətnamədə AŞPA-nın həmtəsisçiləri bir daha vurğulayırlar ki, "Azərbaycan ərazisinin xeyli hissəsi hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altındadır və Dağlıq Qarabağ bölgəsinə hələ də separatçı qüvvələr nəzarət edir".[2] Eyni zamanda AŞPA "hərbi əməliyyatların və bundan əvvəl başlamış və kütləvi xarakter almış etnik düşmənçiliyin qorxunc etnik təmizləmə məfhumunu xatırladan genişmiqyaslı etnik qovulmaya və monoetnik ərazilərin yaranmasına gətirib çıxarması" ilə bağlı öz narahatlığını ifadə edir.[3] "Bir dövlətin ərazisindən regional ərazinin ayrılmasının və müstəqilliyinin etnik qovulmaya və bu cür ərazinin digər dövlətə de-fakto birləşdirilməsinə gətirib çıxaran silahlı münaqişə yolu ilə deyil, yalnız bu ərazinin əhalisinin demokratik dəstəyinə əsaslanan qanunauyğun və dinc proses vasitəsilə əldə oluna biləcəyini" qeyd etməklə AŞPA azlıqların yaşadığı regional ərazilərin mütləq ayrılmaq hüququna malik olduğuna dair iddiaları rədd edir.

AŞPA "Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini xatırladır və əlaqədar tərəfləri, xüsusən də hərbi qüvvələrini istənilən işğal olunmuş ərazilərdən çıxarmaqla, bu qətnamələrə əməl etməyə çağırır". Bu sənəd Ermənistanın hərbi qüvvələrinin Azərbaycan torpaqlarının işğalında iştirakını təsdiq edən mühüm beynəlxalq sənəddir.[4] AŞPA-nın qətnaməsi, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə qəbul edilmiş sənəddir. Qətnamə tərəfləri münaqişənin həlli üçün yalnız dinc vasitələrdən istifadə etməyə çağırır.

Dağlıq Qarabağ üzrə Alt Komitə[redaktə | mənbəni redaktə et]

1416 saylı qətnamədə AŞPA öz Bürosuna inter alia Minsk Qrupu ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin də iştirak etdiyi xüsusi ad hoc komitə yaratmağı tapşırmışdı. Buna uyğun olaraq AŞPA-nın keçmiş sədri, Britaniyalı parlament üzvü Rassel Constonun(en) rəhbərlik etdiyi Dağlıq Qarabağ üzrə Alt Komitə yaradılır. Komitənin yaradılmasında məqsəd münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün səyləri artırmaq idi. Lakin qısa müddət sonra — 2008-ci ildə Rassel Constonun vəfatı ilə komitə fəaliyyətini dayandırır.[5]

Constonun sədrliyi zamanı hazırlanan hesabatlarda qeyd edilirdi ki, münaqişə tərəflərinin heç biri öz əhalisini kompromis ehtimalına hazırlamaq üçün heç bir iş görməyib; icmaların heç biri güzəştə getməyə və ya cari dövrdə tərəflərin nümayəndələrinin müzakirə etdiyi tədbirləri qəbul etməyə hazır görünmür.[6]

2011-ci ildə Dağlıq Qarabağ üzrə Alt Komitənin sədri seçilmiş Cordi Şukla Kosta

Komitənin fəaliyyətini bərpa etmək üçün səylər 2010-cu ilin əvvəlində başlamışdır. 2011-ci il yanvarın 28-də AŞPA Bürosu alt komitə məsələsinə yenidən baxılması ilə bağlı razılığa gəldi və Ermənistan nümayəndə heyəti istisna olmaqla, digər parlament üzvlərinin yekdil səsverməsi ilə[7][8] ispan parlamentari Cordi Şukla Kostanı(en) alt komitənin sədri seçildi. Cənab Kosta həmin ilin aprelində alt komitənin fəaliyyətinə rəsmi başlamazdan əvvəl Ermənistan və Azərbaycanda "siyasətçilər, səfirlər və akademik dairələrlə əməkdaşlıq qurmaq" niyyətində olduğunu bildirmişdi.[9]

Alt komitənin bərpa edilməsinə münaqişə tərəflərinin münasibəti fərqli olmuşdu. İspan parlamentari Kosta Ermənistan nümayəndə heyətinin bu məsələdən məmnun olmadıqlarını xüsusi vurğulamışdı.[9] Belə ki, Ermənistanın iddialarına görə komitə AŞPA-nın o zamankı sədri Mövlud Çavuşoğlunun rəhbərliyi altında bərpa olunduğundan "sülh prosesinə mane ola" və Azərbaycanın xeyrinə "qərəzli mövqe sərgiləyə bilər".[10] Çavuşoğlu bu iddialara cavab olaraq alt komitənin fəaliyyətini bərpa etmək barədə qərarın onun sədr seçilməsindən aylar əvvəl AŞPA tərəfindən verildiyini və bu təşəbbüsdə heç bir türkün iştirak etmədiyini qeyd etmişdi.[10]

Ermənistan rəsmiləri, həmçinin, AŞPA-nın danışıqlar zamanı, eləcə də alt komitənin fəaliyyətində qondarma Dağlıq Qarabağ Respublikasını müstəqil tərəf kimi tanımaqdan imtina etməsi ilə bağlı öz narazılıqlarını bildirmişdilər.[10]

ATƏT-in Minsk qrupu isə alt komitənin fəaliyyətinin bərpası ilə bağlı rəsmi açıqlama verməyib.[11]

Avropa Parlamentinin qətnaməsi[redaktə | mənbəni redaktə et]

AŞPA-nın 1416 saylı qətnaməsindəki eyni narahatlıqlar Avropa Parlamentinin 20 may 2010-cu il tarixli "Avropa İttifaqının Cənubi Qafqaz strategiyasına dair tələblər" adlı qətnaməsində də irəli sürülüb. Burada ən çox narahatlıq doğuran məsələ "yüz minlərlə insanın öz yurd-yuvalarından didərgin salınması" və "Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı" olub.[12]

2010-cu il qətnaməsinin mətnində qeyd edildiyi kimi Avropa İttifaqı "Dağlıq Qarabağ münaqişəsi zamanı və ya onunla əlaqədar öz yurd-yuvalarından didərgin düşmüş yüz minlərlə qaçqın və məcburi köçkünün həmin vəziyyətdə qalmasından, öz evlərinə qayıtmaq, mülkiyyət və şəxsi təhlükəsizlik hüquqları da daxil olmaqla bütün hüquqlardan məhrum edilmələrindən ciddi narahatdır; ... bununla əlaqədar olaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir".[13]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

Azərbaycan[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikasının Milli Məclisi 17 iyun 2005-ci ildə Avropa Şurasının Parlament Assambleyasına müraciətində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması məsələsində Avropa Şurasının obyektiv mövqeyini yüksək qiymətləndirərək 1416 saylı qətnamənin qəbul edilməsini "münaqişənin tənzimlənməsi üçün göstərilən beynəlxalq səylərə sanballı töhfə" adlandırmışdır.[14]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Resolution 1416 (2005) The conflict over the Nagorno-Karabakh region dealt with by the OSCE Minsk Conference". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-10.
  2. "Ibid (retrieved on 21.09.2011)". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-10.
  3. "Ibid. See paragraph 2 of the Resolution". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-10.
  4. Buffa, Francesco. At Russian borders // A journey trough countries and history: A century of historical events as seen by the European Court of Human Rights (ingilis). Key Editore. 2017. səh. 304. ISBN 978-88-6959-822-7.
  5. "AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin sədri vəzifəsinə namizədlər avqustda müəyyənləşəcək". trend.az (az.). 29 iyul 2008. 03 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2022. (#apostrophe_markup)
  6. PACE. "Honouring of obligations and commitments by Armenia (Report)" (ingilis). 20 dekabr 2006. 13 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2022.
  7. "New chairman of PACE sub-committee on Nagorno-Karabakh appointed". trend.az (ingilis). 28 yanvar 2011. 14 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2022. (#apostrophe_markup)
  8. "Relations between Azerbaijan and the Council of Europe (CoE)" (ingilis). 08 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2022.
  9. 1 2 "Jordi Xuclà i Costa to thoroughly study Nagorno-Karabakh conflict". news.am (ingilis). 03 fevral 2011. 03 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2022. (#apostrophe_markup)
  10. 1 2 3 "PACE subcommittee on Nagorno-Karabakh not PACE President`s initiative?". news.am (ingilis). 21 fevral 2011. 26 fevral 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2022. (#apostrophe_markup)
  11. "PACE Subcommittee on Nagorno-Karabakh: An Opportunity for Multi-track Diplomacy" (ingilis). Caucasus Edition — Journal of Conflict Transformation. 15 mart 2011. 23 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2022. (#apostrophe_markup)
  12. "European Parliament resolution of 20 May 2010 on the need for an EU strategy for the South Caucasus (2009/2216(INI))" (ingilis). 01 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2022.
  13. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi. Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri) (PDF). Bakı. 2011. ISBN 978-9952-8134-7-7. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-10-14.
  14. "Avropa Şurasının Parlament Assambleyasına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti" (az.). 14 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2022.