Xocalı rayonu — Vikipediya

Bu məqalə Xocalı rayonu haqqındadır. Şəhər üçün Xocalı səhifəsinə baxın.
Rayon
Xocalı rayonu

39°54′ şm. e. 46°47′ ş. u.HGYO


Ölkə
Daxildir Qarabağ
İnzibati mərkəz Xocalı
Tarixi və coğrafiyası
Yaradılıb 26 noyabr 1991
Sahəsi
  • 970 km²
Hündürlük
796 m
Əhalisi
Əhalisi
  • 25.332 nəf. (2005)
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-XCI
Telefon kodu 994 26
Poçt indeksi AZ2600
Avtomobil nömrəsi 26
Rəsmi sayt
Xocalı rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xocalı rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Xocalı şəhəridir.

Rayonda 1 tibb müəssisəsi, 54 mədəniyyət ocağı fəaliyyət göstərmişdir.

Qonşu rayonlar

[redaktə | mənbəni redaktə et]

Laçın, Kəlbəcər, Ağdam, XocavəndŞuşa.

Tunc dövrünə aid Xocalı kurqanlarından aşkarlanmış üzərində mixi yazılarla Assuriya kralı III Adad-nirarinin adı yazılmış muncuq.

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 24417 nəfər (1991-ci il). Azərbaycanlılar 12194 nəfər (2004-cü il), qeyriləri 12223 nəfər. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir. Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 km-liyində, Qarabağ silsiləsində yerləşir.

1992-ci ilin 26 fevral tarixində Ermənistan tərəfindən işğal olunub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci ilin noyabr ayının 7-də rayonun Baharlı, Qarabulaq, noyabrın 9-da Çanaqçı, Dəmirçilər, Mədətkənd, Sığnaq, 10 noyabrda Yuxarı Yemişcan kəndi işğaldan azad edilmişdir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq qalan ərazilər Rusiya Sülhməramlı kontingentinin nəzarəti altına keçmişdir. 26 mart tarixində Azərbaycan ordusunun həyata keçirdiyi Fərrux əməliyyatı nəticəsində Fərrux kəndi və Fərrux dağı azad olunmuşdur. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları'ndan sonra Xocalı şəhəri, Əsgəran qəsəbəsi, Ağbulaq, Ağgədik, Almalı, Aranzəmin, Aşağı Qılıçbağ, Aşağı Yemişcan, Badara, Ballıca, Başkənd, Canhəsən, Cavadlar, Cəmilli, Dağdağan, Dağyurd, Daşbaşı, Daşbulaq, Daşkənd, Dəhrəz, Harov, Xaçmaç, Xanabad, Xanyeri, Xanyurdu, Kosalar, Qarakötük, Qayabaşı, Qışlaq, Qızıloba, Mehdibəyli, Meşəli, Muxtar, Naxçıvanlı, Pircamal, Pirlər, Seyidbəyli, Sərdarkənd, Suncinka, Şəlvə, Şuşikənd, Təzəbinə, Ulubaba, Yalobakənd, Aşağıkənd, Berkadzor, Beşdəllər, Bəhlul, Böyük Dəmyə, Dağ Qışlaq, Dağbulaq, Dərələyəz, Ərminavan, Xanbağı, Xanəgah, Xəlilli, Kiçik Dəmyə, Küng, Qaragav, Qızılqaya, Qozludərə, Mikayıllı, Mirzəkəndin, Umudlu, Vardacur, Yuxarı Qılıncbağ kəndləri Azərbaycanın suverenliyinə keçmişdir.

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənlərdir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fıstıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir.

2009-cu il, 15–22 aprel ümumölkə siyahıya almasına əsasən Xocalı rayonunun 26.047[1] (12.751[1] nəfər kişi, 13.296[1] nəfər qadın) nəfər əhalisinin 7.711[1] (3.794[1] nəfər kişi, 3.917[1] nəfər qadın) nəfəri şəhərdə, 18.336[1] (8.957[1] nəfəri kişi, 9.379[1] nəfəri qadın) nəfəri iə kəndlərdə yaşamışdır .

Milli tərkib : 2009[1] s.a.
Etnik qruplar Cəmi Kişi Qadın
Cəmi 26 047 12 751 13 296
azərbaycanlı 13 028 6 454 6 574
erməni 12 929 6 255 6 674
türk 81 39 42
ləzgi 5 2 3
rus 4 1 3

Tarixi və mədəniyyət abidələri

[redaktə | mənbəni redaktə et]

Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356–1357-ci illər), ətafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var.

XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar- Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var.

Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. Qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Qala iki istehkamdan ibarətdir. Sağ sahildəki qala bürcü ikiqat daş divarlardan ibarətdir. Sol sahildəki qala dördkünc bürclüdür. Divarların qalınlığı 2–3 m-dir. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır.

Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var.

Rayonun Kosalar kəndi ərazisində "Məhəmməd ağanın otağı" tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları və daş qəbirlər var.

Rayonun Meşəli kəndi ərazisndə – Meydan yaylağında – müqəddəs ziyarətgah "seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.

Xocalının tarixi-mədəni abidələrinin siyahısı

[redaktə | mənbəni redaktə et]
  • Daş qutu nekropolu – tunc dövrü ( Xocalı şəhəri Əsgəran dağı)
  • Nekropol – ilk tunc və orta tunc dövrü (Xankəndidən cənubda)
  • Xocalı kurqanları — ilk tunc və dəmir dövrü (Xocalı rayonu)
  • Küp qəbirləri nekropolu – ilk orta əsrlər (Xankəndinin ərazisində)
  • Kurqan — dəmir dövrü (Xankəndi yaxınlığında)
  • Xankəndi kurqanları — tunc dövrü (Xankəndidən şimalda)
  • Xaçıncay nekropolu — ilk tunc və orta tunc dövrü (Seyidşən kəndindən şimal-şərqdə)
  • Küp qəbirləri nekropolu — tung dövrü (Armudlu kəndindən 2 km. İlis kəndinə tərəf)
  • Kurqan — tung dövrü (Armudlu kəndindən 15 km aralı, İlis çayının sahilində)
  • Daş qutu nekropolu – dəmir dövrü (Armudlu kəndi, qəbristanlığın yaxınlığında)
  • Köhnə qəbristanlıq — tung dövrü (çanaqçı kəndi)
  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi)
  • Daş qutu nekropolu – dəmir dövrü (Saruşen kəndi , dağın ətəyində)
  • Dairəvi məbəd — 1356–1357-ci il (Xocalı şəhəri)
  • Türbə – XlV əsr (Xocalı şəhəri)
  • Alban məbədi — 905-ci il (Şuşa kəndi)
  • Alban məbədi — 1122-ci il (Xansıx kəndi)
  • Alban məbədi — 1202-ci il (Armudlu kəndi)
  • Qala – X əsr (Maşxmaat kəndi)
  • Qırxlar qalası – orta əsrlər (Badara kəndi)
  • Qala — IX əsr ( Daşbaşı kəndi)

Ermənilər tərəfindən dağıdılmış abidələr haqqında

[redaktə | mənbəni redaktə et]
Xocalı şəhərində 28 may, 1991-ci ildə keçirilmiş tədbirdə Xocalı rayonunun rəhbər işçiləri və fəalları (Onlardan çoxu Xocalı soyqırımı zamanı həlak olmuşlar).

Ermənistanın işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılmışdır. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, CəmilliMeşəli kəndlərindəki qəbristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki "Seyid qəbri" və s. , 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi. 56 mədəniyyət, 5 rabitə obyekti və s. dağıdılmışdır.

Görkəmli şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın dövlətçiliyi, müstəqilliyi, siyasi-iqtisadi inkişafı uğrunda ləyaqətlə çalışan görkəmli şəxsiyyətlər – xocalılar çoxdur.

  • Ramil İdris oğlu Usubov – 1948-ci ildə Xocalıda anadan olmuşdur. O, Şuşa rayon Polis şöbəsi, Dağlıq Qarabağ Daxili işlər idarəsi rəisinin müavini, Əlibayramlı şəhər Polis idarəsinin rəisi, Naxçıvan Respublikası Daxili İşlər Naziri (2 dəfə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış idarəsinin rəisi, Respublika Pasport-viza idarəsinin rəisi işləmişdir. General-polkovnik rütbəsinə qədər ucalan R.İ.Usubov 1994-cü ildən Azərbaycan Respublikası daxili işlər naziridir.
  • Elman Camal oğlu Məmmədov – 1950-ci ildə Xocalıda anadan olmuşdur. Uzun müddət Xocalı rayon İcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. O, 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir.

Erməni işğalçılarına qarşı fədəkarcasına mübarizə aparan 10 nəfər Xocalı rayon sakini Respublikanın ən yüksək fəxri adına – Milli Qəhrəman adına layiq görülmüşdür (9 nəfər ölümündən sonra):

  1. Mayor Əlif Lətif oğlu Hacıyev (ölümündən sonra) – 1953-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər hava limanın komendantı – rəisi işləmişdir.
  2. Tofiq Mirsiyab oğlu Hüseynov (ölümündən sonra) – 1954-cü ildə Xocalıda anadan olmuşdur. Xocalı şəhər Özünümüdafiə taborunun komandiri idi.
  3. Ələsgər Xanlar oğlu Novruzov (ölümündən sonra) – 1949-cu ildə anadan olub. Müəllim idi.
  4. Rüstəmov Füzuli Salah oğlu (ölümündən sonra) – 1959-cu ildə Xocalıda anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.
  5. Səlimov Araz Bahadur oğlu (ölümündən sonra) – 1963-cü ildə Xocalıda anadan olmuşdur. Taborun üzvü idi.
  6. Həsənov Tabil Qasım oğlu (ölümündən sonra) – 1960-cı ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Kosalar kənd Özünümüdafiə taborunun üzvü idi.
  7. İsmayılov İnqilab Ələkbər oğlu (ölümündən sonra) – 1962-ci ildə Xocalıda anadan olmuşdur. Xocalı Özünümüdafiə taborunun üzvü idi.
  8. Salahov Şakir Şamil oğlu (ölümündən sonra) – 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
  9. Əhmədov Natiq İlyas oğlu (ölümündən sonra) – 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Polis əməkdaşı idi.
  10. Məmmədov Möhsüm Şahin oğlu – 1967-ci ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Hazırda Şuşa rayon Polis şöbəsinin rəis müavini işləyir.
  11. Məmmədov Sərvər Yelmar oğlu (ölümündən sonra) - 1970-ci ildə Xocalı rayon Kosalar kəndində anadan olmuşdur.İgidliyə görə ordenlə təltif olunmuşdur.
  1. 1 2 3 4 5 6 7 8 9 10 Azərbaycan Dövlət Statistika Komitəsi :Xocalı rayonu Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]