İqlim — Vikipediya
İqlim (yun. κλίμα (klimatos) — havanın çoxillik rejimi. Hava şəraitinin bir-birini əvəz edən bütün müxtəlifliklərinin məcmusu. Planetar miqyasda, zonalar daxilində iqlim makroiqlim adlanır.
Müəyyən coğrafi landşaft üçün xarakterik olub bir və ya bir neçə meteoroloji stansiyanın məlumatı ilə səciyyələndirilə bilən iqlim -məhəlli iqlim (mezoiqlim də adlanır), kiçik sahələrdə (tarla, yamac, təbii və süni göllər, sahil, şəhər və s.) havanın yer səthinə yaxın təbəqəsinin iqliminə isə mikroiqlim deyilir. İqlimyaradıcı amillər günəş radiasiyası, hava axınları, ərazinin mövqeyi, səth örtüyünün vəziyyəti və sairədir.
Əsas iqlimyaradıcı proseslər isə atmosferin ümumi dövranı və rütubət dövranıdır. İqlim təsir göstərən coğrafi amillər-coğrafi en dairələri, relyef, dəniz səviyyəsindən hündürlük, quru və su səthinin paylanması, dəniz və okean axınları, bitki və torpaq örtüyünün xarakteri, qar örtüyü və havanın tərkibidir.
İqlim amilləri
[redaktə | mənbəni redaktə et]İqlimin əsas elementləri: günəş radiasiyası (işıq, istilik), atmosfer çöküntüləri və atmosfer təzyiqi, havanın rütubətliyi, torpağın rütubətliyi, havanın sirkulyasiyası (külək), atmosfer təzyiqi. İqlim amilləri biosenozun inkişafı üçün şərait yaradır. İstilik və rütubətin yağıntıları klimatoqramlarda göstərilməsi qəbul olunmuşdur.[1]
Müəyyən ərazi üçün xas olan və ildən ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir.
İqlim yaradan amillər
[redaktə | mənbəni redaktə et]- Coğrafi enlik. Günəş ekvator və tropiklərdə böyük bucaq altında düşdüyündən, buranın havası isti, qütb ərazilərində isə Günəş şüaları çox kiçik bucaq altında düşdüyündən buranın havası çox soyuq olur;
- Hava kütlələrinin hərəkəti (və ya atmosfer sirkulyasiyası). Dünyada mövcud olan yüksək təzyiq sahələrindən alçaq təzyiq sahələrinə doğru hava kütlələri daima hərəkət edir ki, bu da həmin ərazilərin havasının dəyişməsinə səbəb olur;
- Səth örtüyü — Yəni ərazinin sudan və ya qurudan ibarət olması. Okeanlardan uzaqlaşdıqca, ərazidə sutkalıq temperatur amplitudu artır, yağıntı azalır və iqlim kontinentallaşır.
Əsas iqlim göstəriciləri temperatur, yağıntı və hakim küləklərdir. İqlimin 2 yarımtipi var:
- Dəniz — okeanlar üzərində formalaşdığından qış, yumşaq, yay mülayim, bol yağıntı, temperatur amplitudu kiçik olur.
- Kontinental — materiklər üzərində formalaşdığından yay isti, qış sərt soyuq, yağıntı az, temperatur amplitudu böyük olur. Rus iqlimşünası Alisov Yer səthinin Günəş tərəfindən qeyri-bərabər qızması faktına əsaslanaraq dünyanı 13 iqlim qurşağına ayırıb. Bunların 7-si əsas, 6-sı isə keçid iqlim qurşaqlarıdır. Əsas iqlim qurşaqlarında ilboyu yalnız bir hava kütləsi hakim olur. Keçid iqlim qurşaqları əsas iqlim qurşaqları arasında yerləşirlər və onların öz hava kütlələri olmur. Keçid iqlim qurşaqlarında yayda özündən cənubdakı, qışda isə özündən şimaldakı əsas iqlim qurşağında mövcud olan hava kütləsi hakim olur. İqlim qurşaqları bir-birindən öz temperatur şəraiti, atmosfer təzyiqi və hava kütlələri ilə fərqlənirlər.
İqlim qurşaqları
[redaktə | mənbəni redaktə et]Əsas iqlim qurşaqları
[redaktə | mənbəni redaktə et]1. Ekvatorial iqlim qurşağı tam zolaq yaratmır. İlboyu ekvatorial hava kütləsi hakimdir. Güneş radiasiyasının miqdarı az dəyişdiyindən fəsillər bilinmir, daima yaydır. Günəşin düşmə bucağı böyük, hava qalxan hərəkətlidir. Ilboyu temperatur +26 və 28 °C-dir. Təzyiq alçaqdır. Hər gün hava buludlu və yağıntılı olur. Sıx çay şəbəkəsi mövcuddur. Yağıntıların çox olmasının əsas səbəbi bu zonada okeanların çox geniş sahə tutmasıdır. Yüksək temperatur var. Hava ilboyu isti və rütubətli olur.
2–3 Tropik (2). İlboyu tropik hava kütlələri hakimdir. Burada təzyq yüksək, hava enən hərəkətli olduğundan buludsuzluq, az yağıntı, yüksək temperatur şəraiti mövcuddur. Sutkalıq temperatur amplitudu böyükdür, isti və quru küləklər (passatlar) əsir. Tropiklərdə yalnız materiklərin şərq sahillərində yağıntıların miqdarı bir qədər artır. Buna səbəb isti cərəyanlar, musson və passat küləklərinin təsiridir. Şimal yarımkürəsində mussonların təsiri ilə Cənubi və Cənubi-Şərqi Asiyada tropik iqlim qurşağı tam zolaq yarada bilmir. Tropik iqlim qurşağı 2 tipə ayrılır:
2.1. Rütubətli (dəniz);
2.2. Səhra (kontinental).
4–5. Mülayim (2) 40-lik enliklərdən qütb dairəsinə qədər uzanır. Mülayim hava kütlələri və Qərb küləkləri hakimdir. Alçaq təzyiq, hava qalxan hərəkətlidir. Fəsillər aydın seçilir. Illik temperatur amplitudu böyükdür. Ən böyük sutkalıq temperatur amplitudu yazda və payızda aydın, buludsuz havada müşahidə olunur. Mülayim enliklərdə materiklərin qərb sahillərində isti cərəyanların və qərb küləklərinin təsiri nəticəsində yağıntıların miqdarı artır. Geniş ərazidə yayıldığından (xüsusilə Avrasiyada) 4 tipə ayrılır: a) dəniz-qış yumşaq, yay sərin, ilboyu rütubətli; b) mülayim-kontinental- qış rütubətli soyuq, yay quru sərin (Urala qədər); c) kəskin kontinental—yayı isti, qışı sərt soyuq, illik temperatur amplitudu yüksək, yağıntı (əsasən yay aylarında düşür) az (Sibir, Tibet dağlıq yaylası); d) musson -yay rütubətli mülayim, qış quru mülayim (Şərqi Asiya).
6–7. Arktik (Antarktik) — Arktik hava kütlələri hakimdir. Günəşin düşmə bucağı və temperatur amplitudası kiçikdir. Hava enən hərəkətli, təzyiq yüksək, ilboyu quru, soyuq, az yağıntılıdır. Fəsillər bilinmir.
Keçid iqlim qurşaqları
[redaktə | mənbəni redaktə et]8–9. Subekvatorial (2 dənə). 2 fəsil var. Yayda ekvatorial hava kütlələri hakim olduğundan hava isti və rütubətli, qışda topik hava kütlələri hakim olduğundan hava isti və quru olur. Çayları yayda bol sulu olur (yağıntı bol olduğundan). Bitki və heyvanlar aləmi zəngindir.
10–11. Subtropik (2 dənə). Yayda tropik hava kütlələri hakim olduğundan hava isti və quru, qışda mülayim hava kütlələri hakim olduğundan hava rütubətli və sərin olur. Fəsillər aydın seçilir. Temperatur amplitudu yüksəkdir. Avrasiya materikində bir-birindən fərqlənən 4 tipə ayrılır: a) Aralıq dənizi iqlim tipi — materikin qərbini əhatə edir. Yay isti quru, qış mülayim və rütubətli keçir. Azərbaycanda bu iqlim tipi daxilindədir: b) Kontinental- materikin mərkəzi hissəsini əhatə edir. Yay quru və isti, qış quru və soyuq olur. Temperatur amplitudu böyükdür: c) Musson — materikin şərqini əhatə edir. Yay rütubətli və sərin, qış quru və sərin olur. d) Cənub yarımkürəsində musson iqliminin əvəzində ilboyu bərabər rütubətli iqlim tipi geniş yayılıb.
12–13, Subarktik və subantarktik. Yayda mülayim hava kütlələri hakim olduğundan hava mülayim və rütubətli, qışda arktik hava kütlələri hakim olduğundan hava quru və soyuq olur. Bu qursaqda bataqlıqların yaranmasının başlıca səbəbləri — buxarlanmanın az, ifrat rütubətlənmə və daimi donuşluğun mövcud olmasıdır. Fəsillər arktik və ekvatorial qurşaqda bilinmir, mülayim və subtropik qurşaqlarda isə aydın seçilir. Subekvatorial, subarktik və tropik iqlim qurşaqlarında isə ilboyu yalnız 2 fəsil — yay və qış müşahidə olunur. Insanın yaşayıb, fəaliyyət göstərməsi üçün mülayim, subtropik və subekvatorial iqlim qurşaqları daha əlverişlidir. Dünya əhalisi subtropik və şimal mülayim qurşaqlarında daha sıx məskunlaşıb. [2]
Qeyd edək ki, dünyada mövcud olan 13 iqlim qurşağından 2-si (subtropik və mülayim) Azərbaycandadır.
İqlimin kontinentallığı
[redaktə | mənbəni redaktə et]Kontinentallığın dərəcəsini qiymətləndirmək üçün bir çox düsturlar təklif edilib. Azərbaycanda bu istiqamətdə tədqiqatlar Ə. C. Əyyubov tərəfindən aparılmışdır. Öz tədqiqatlarında o Senker və N. N. İvanov tərəfindən təklif edilmiş düsturlardan istifadə etmişdir.
(К=6(А/ф -20)/5) Senker düsturu (К=(А-100)/0.33ф) N.N.İvanov düsturu
Burada: k — kontinentallıq dərəcəsi, A – hava temperaturunun illik amplitudu, ф – məhəllin en dairəsidir. Hər iki düsturun əsasını eyni göstəricilər təşkil etdiyindən onların arasında sıx korrelyasiya əlaqəsi vardır. Azərbaycanda tipik okean iqlimi yoxdur. Yalnız yüksək dağlıq zonanın bəzi kiçik ərazilərində kontinentallıq indeksi 100-ə yaxınlaşır. İqlimin kəskin kontinentallığı ilə Naxçıvan MR-nın Arazboyu əraziləri seçilir. Burada kontinentallıq indeksi 250-dən artıqdır və yalnız yüksək dağlıq ərazilərdə zəif kontinental iqlim müşahidə edilir. Ölkənin orta dağlıq və dənizsahili ərazilərinin iqlimi zəif kontinentaldır. Kür-Araz ovalığı və dağətəyi ərazilərin iqlimi orta kontinentaldır.
Yerli iqlim
[redaktə | mənbəni redaktə et]Eyni iqlim tipinə malik olan müəyyən coğrafi ərazinin müxtəlif yerlərində özünəməxsus iqlim şəraiti formalaşa bilər. Məsələn, yamacların müxtəlif ekspozisiyasında, şəhərlərdə və onun yaxın ətrafında, meşədə və yaxın çəmənlikdə , şum və bataqlıq üzərində, göl yaxınlığında və ondan aralı atmosfer şəraiti bu və ya digər dərəcədə fərqlənir. Bu, o deməkdir ki, adları çəkilən coğrafi məkanlarda lokal iqlim şəraiti yaranacaqdır.[3] Coğrafi vəziyyətdən asılı olaraq, müəyyən ərazi üçün xas olan atmosfer şəraitinin çoxillik təkrarlanan rejimi yerli (Lokal) iqlim adlanır.[4] Belə mikroiqlim fərqləri səth prtüyünün quruluşundan və xassələrindən də asılıdır. Onların təsiri irimiqyaslı coğrafi amillərə nisbətən zəifdir. Özünəməxsus lokal iqlim şəraiti yaradan amillərdən müxtəlif ekspozisiyaya malik səth örtüyünü, mikrorelyefin qeyri- bərabərliyini, torpağın rütubətinin çox və ya az olmasını, bitki örtüyünün xüsusiyyətini və s. göstərmək olar. Yerli şəraitin belə müxtəlifliyi temperatur və rütubət rejimində, eləcə də buxarlanmada qeyri- bərabərliyə gətirib çıxarır. Eləcə də külək, buludluluq və yağıntı rejimində bəzi lokal fərqlər müşahidə oluna bilər. Məsələn, dənizlərin düzən sahillərində bulud və yağıntı azalır. Soyuq vaxtlarda isə aşıq su səthi üzərində konvektiv buludlar yarana bilər. Böyük şəhərlərdə dumanın təkrarlanması ətraf ərazi ilə müqayisədə daha tez- tez olur. Bəzən sahil zonası və şəhərlər və digər iri obyektlər barədə söhbət getdikdə buranın iqlimini yerli iqlim kimi təqdim edirlər. Lakin, iqlim parametrlərinin kəmiyyətinə görə bu sərhəd dəqiq deyildir.[5]
Paleoiqlim
[redaktə | mənbəni redaktə et]Ümumiyyətlə, planetar iqlim prosesləri çox mürəkkəb, uzundövrlü və müxtəlif variantlıdır. Onlar zəif öyrənildiyindən prosesin hansı variantda inkişaf edəcəyi haqqında fikir söyləmək çətindir. Bununla birlikdə xüsusi qeyd etmək lazımdır ki, 1960–1998-ci illər ərzində SSRİ-ı və ABŞ –nın birgə fəaliyyəti nəticəsində Qrenlandiya və Antarktida buzlaqların dibinə qədər gedən onlarla quyu qazıldı və nəticədə iqlimin son 450 min ildə dəyişməsi haqqında etibarlı material əldə olundu. Buz kernlərində bir çox parametrlər öyrənildi, oksigen və deyteriumun iztotopları əsasında paleotemperatur bərpa olundu. Axırıncılar XX əsrin məlumatları, meteostansiyaların müşahidələri ilə müqayisə olundu və buz kernlərindən alınan nəticələr ilə müşahidə materialları arasında yaxşı oxşarlıq olduğu aşkarlandı. Əldə olunan məlumatlara görə son 450 min ildə istiləşmə və soyuqlaşma epoxaları qanunauyğun şəkildə bir-birini əvəz etmişlər. Bizim yaşadığımız dövrdə təzəcə başlamış sikldə (geoloqlar onu holosen adlandırır) daxil olmaqla, bu dövrdə 6 iqlim sikli baş vermişdir.[6]
İqlimin proqnoz metodları
[redaktə | mənbəni redaktə et]İqlimin dəyişməsi və proqnozu probleminə həsr olunmuş çoxlu sayda tədqiqatları, bizim fikrimizcə üç istiqamətə ayırmaq olar:
- hidrodinamik
- fizika-statistik
- statistik
Hidrodinamik metodlar
[redaktə | mənbəni redaktə et]Hidrodinamik metodlar atmosfer proseslərinə tətbiq oluna bilən fizikanın əsas qanunlarının riyazi təsvirinə əsaslanır. Bu istiqamətin inkişafında Rossbinin, Blinovanın, Marçukun və s. rolu böyükdür. Hidrodinamika tənliklərinin həllinə əsasən ümumi atmosfer sirkulyasiyası modelləri iqlim nəzəriyyəsinin və hava proqnozunun riyazi metodlarının təkmilləşdirilməsi və böyük miqyaslı proseslərin öyrənilməsi üçün vasitələrdən biri oldu. Atmosferin ümumi sirkulyasiyasının riyazi modelləşdirilməsi nisbətən məhdud xarici parametrlər bazasında Yer qrupu planetlərinin iqlim rejimlərini bərpa etməyə imkan verir. Son zamanlar atmosferin ümumi dövranının modelləri ətraf mühitə aid olan tətbiqi sualların həllinə daha çox cəlb edilir. Onların iqlim dəyişmələrinin tətbiqi və qabaqcadan xəbər verilməsi, iqlimə antropogen və digər təsirlərin təhlili, meteoroloji elementlərin riyazi yolla proqnozunun həlli məsələlərinə tətbiqini göstərmək olar. Ümumi sirkulyasiyanın modelləşməsi gələcəkdə daha məhsuldar EHM-in yaradılmasından asılıdır. Müasir modellər 105 dərəcədə gücə malikdir. Bu rəqəmi 106 və 107-yə çatdırmaq daha yaxşı olardı.
Fiziki-statistik metodla
[redaktə | mənbəni redaktə et]Adətən bu həll olunmamış məsələlərdən yan keçirlər. Proqnoz spektral, statistik əlaqələr əsasında verilir. Bu isə təbiətdə baş verən prosesləri dolayı yolla nəzərə alır. Hər bir üsulun fiziki mahiyyəti mülahizələrlə müəyyən edilir. Bunlara əsasən gələcək iqlimin hamarlama əlamətləri seçilir. Məsələn, işlərdə Yerin öz oxu ətrafında sürətinin dəyişməsinin iqlimə təsir yolları göstərilir. Son zamanlar fiziki-statistik istiqamət riyazi statistikanın müasir nailiyyətləri, informasiya nəzəriyyəsinin və sürətlə işləyən EHM-nin tətbiqi əsasında daha geniş inkişaf etmişdir. Bununla əlaqədar əldə olunmuş statistik nəticələrin fiziki əsaslandırılması və obyektiv yoxlanılması zamanı çoxlu suallar yaranır.
Statistik metodlar
[redaktə | mənbəni redaktə et]İqlim proqnozu probleminin həllinin ən effektiv yoxlamalarından biri müasir statistik metodların tətbiqidir. Statistik müşahidə məlumatlarının müfəssəl təhlili mürəkkəb meteoroloji proseslərin qanunauyğunluqlarını açmağa imkan verir. Ehtimal etmək olar ki, statistik informasiyanın istifadə edilməsi atmosfer prosesləri dinamikasının tənliklərini sadələşdirməyə və bununla da iqlim proqnozu həllinin səmərəli alqoritmini işləyib hazırlamağa imkan yaradır. Bu istiqamətdə kifayət qədər elmi əsərlər yazılmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
- ↑ "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-13.
- ↑ Матвеев Л.Т. Основы общей метеорологии. Физика атмосферы. Л. 1965.
- ↑ Meteorologiya və iqlimşünaslıq. Ağayev T. D., Eldarov N. Ş. Bakı 2015. səh 16
- ↑ С.П.Хромов Метеорология и климатология. Ленинград. 1968, стр. 342
- ↑ Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. Bakı, 2014, 528 səh.134