Dağ — Vikipediya

Dağ

Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni — Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi — Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır.

Mənşəyinə görə

[redaktə | mənbəni redaktə et]

Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür:

1. Tektonik dağlar

[redaktə | mənbəni redaktə et]

Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir. Tektonik dağlar 3 qrupa bölünür bunlar aşağıdakılardır

Tanzaniyadakı Kilimancaro dağı, Afrikanın ən yüksək dağı
  • Qırışıq dağlar seysmik zonalarda, süxur laylarının sıxılması nəticəsində yaranır. Dünyanın ən uzun qırışıq dağ sistemi Şimali və Cənubi Amerikanın qərbində yerləşən Kordilyer-And dağlarıdır. Alp-Himalay dağ sistemində yerləşən – Alp, Qafqaz, Kopetdağ, Pamir, Hinduquş, Himalay və Afrikadakı Atlas dağları da qırışıq dağlardır. Qırışıq dağların süxur laylarının çökən hissəsi-sinklinal, qalxan hissəsi-antiklinal adlanır
  • Faylı dağlar seysmik zonalardan kənarda yerləşən, zəif parçalanmış ərazilərdəki qədim dağlardır. Onlara Kap, Əjdaha, Ural, Appalaç, Skandinaviya, Böyük Suayrıcı və s. misal ola bilər.
  • Qırışıq-faylı dağlar Yer kürəsində seysmik fəallığını tamamilə itirməyən ərazilərdə yaranır. Belə dağlar (Tyan-Şan, Altay, Sayan) yenidən tektonik proseslərə məruz qalmışdır.

2. Vulkanik dağlar

[redaktə | mənbəni redaktə et]

Vulkanizm prosesi zamanı lavanın yer üzünə çıxaraq soyuması nəticəsində yaranır. Belə dağlar silsilə yaratmır və əsasən konus şəklində olur. Nisbi hündürlüyünə görə dünyada ən yüksək vulkanik dağ Havay adalarındakı Mauna-Kea dağıdır (10040 m). Elbrus, Kazbek, Savalan, Etna, Vezuvi, Kamerun, Kotopaxi və s. vulkanların fəaliyyəti nəticəsində yaranan dağlardır.

Yaşına görə

[redaktə | mənbəni redaktə et]

Yaşına görə dağlar cavan və qədim olur. Cavan dağların zirvələri kəskin parçalanmış olur. Qırışıq dağlar cavan dağlardır. Belə dağların hündürlüyü çox olur. Qədim dağların zirvələri az parçalanmış, hündürlükləri az olur. Faylı və qırışıq-faylı dağlar qədim dağlardır.

İndoneziyadakı Puncak Jaya, Okeaniyanın ən yüksək dağı

Zirvələrinə görə

[redaktə | mənbəni redaktə et]

Dağın zirvələri dik və parçalanmış olarsa, belə zirvələrə pik, hamar olarsa massiv deyilir.

Hündürlüyünə görə

[redaktə | mənbəni redaktə et]

Hündürlüyünə görə dağlar 3 qrupa bölünür:

  • Alçaq dağlar — dəniz səviyyəsindən 1000m-ə qədər
  • Orta dağlar — dəniz səviyyəsindən 1000–2000m-dək
  • Yüksək dağlar — dəniz səviyyəsindən 2000m-dən yüksək

Dağın elementləri

[redaktə | mənbəni redaktə et]

Dağın ən yüksək hissəsi onun zirvəsidir. Tektonik dağlarda zirvələr sıralanaraq silsilə əmələ gətirir. Dağın düzənə qovuşduğu yer onun ətəyi adlanır. Dağın yamacı onun zirvəsi ilə ətəyini birləşdirir.

Ön silsilə dağlıq ölkənin kənarında, ona bitişik düzənlik boyu uzanan dağ silsiləsi. Əsas silsiləyə paralel uzanıb, ondan bəzən uzununa tektonik çökəkliklə ayrılır və daha cavan çokmə süxurkardan təşkil olunması, yüksəkliyinin az olması və suayrıcının hamar olması ilə fərqlənir. Adətən antesedent dərələrlə kəsilir. Uzun müddət qalxmaqda davam edən dağlıq ölkənin bir neçə Ön silsiləsi ola bilər.[1]

Dağlarda temperatur

[redaktə | mənbəni redaktə et]

Günəşə nə qədər yaxındırsa, bir o qədər soyuqdur.

Fizikanın qanunları belə işləyir, isti hava qalxır, soyuq aşağı enir. Onda nə üçün dağlarda belə soyuqdur və nə qədər hündürdürsə, bir o qədər soyuq olur? Axı digər hər şeylə yanaşı dağ zirvəsinə qalxarkən biz başlıca qızdırıcımız olan günəşə yaxın oluruq. Fizikanın qanunları əlbəttə, dağlarda da fəaliyyətdədir, amma burada düzənlikdə olmayan digər faktorlar işə başlayır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hava istiliyi pis keçirir və pis saxlayır, dağlarda, hündürlükdə isə seyrək hava daha da pis saxlayır. Bizim planetimizin səthində nisbətən isti temperatur günəşin qızdırdığı isti havadan deyil, bu ondandır ki, torpaq (o cümlədən meşələr, çöllər və düzənliklər) və su yuxarıdan gələn istiliyi udur, sonra onu atmosferə verir. Verilən istilikdən yaranan isti odeyal yeri 10–15 kilometr hündürlüyə qədər örtür, amma nə qədər yüksəkdirsə, bu qızdırma bir o qədər azdır. İstilik tədricən səpələnir.

Seyrəkləşmiş havanı unutmayaq – vahid sahədə molekullar nə qədər azdırsa, hərəkət və istilik də bir o qədər azdır. Bir sadə misal göstərək: sıx toplumda həmişə isti olur. Hesablanmışdır ki, hər bir min metr qalxdıqda havanın temperaturu 5–6 dərəcə azalır.

Sual vermək olar: nə üçün dağlar istiliyi udmur və vermir? Səbəb əks etdirən səthdədir. Dağlar konus formasındadır və şüalar onların üzərinə düzənlikdə olduğu kimi perpendikulyar yox, bucaq altında düşür ki, bu da istilik keçirməni azaldır. Dağlarda ən isti yerlər yastı yaylada olur. Gündüz onlar günəş şüaları altında qızır, doğrudur, gecə sürətlə soyuyur, çünki seyrək hava istiliyi saxlamır. İkinci səbəb, qar papaqlarıdır. Onlar ağdırlar və onlar şüanı udmaq əvəzinə əks etdirirlər.[2]

  1. Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı, "Elm"- 2012 s.218
  2. "Arxivlənmiş surət". 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.