Şahzadə Mehmed (II Bəyazidin oğlu) — Vikipediya

Şahzadə Mehmed (d. 9 avqust 1487 — ö. dekabr 1507) — II Bəyazidin Fərahşad Xatundan doğulan oğludur. 1489-cu ildə Kəfə sancaqbəyi təyin edilmişdir.

Krım xanı Məngli Gəray həm səltənətini gücləndirmək, həm də Osmanlıda davam edən taxt mübarizəsində yer almaq məqsədilə şahzadələrdən birinə yaxınlaşmaq niyyətində idi. İlk seçimi Sultan Bəyazidin ən kiçik oğlu və Krım yaxınlığındakı Kəfədə sancaqbəyi olan Şahzadə Mehmed oldu. Gəlinən qarşılıqlı razılığa əsasən, Ayşə Xatun 1504-cü ildə Şahzadə Mehmedlə nigahlandı. Bəzi mənbələrə görə, şahzadənin Fatma xanım Sultan (ö. 1566) adlı yeganə övladı məhz bu nigahdan dünyaya gəlmişdir. Ancaq taxt mübarizəsinin qızğın ərəfəsində ikən Şahzadə Mehmed 1507-ci ildə anidən vəfat etdi. Üstəlik onun taxt mübarizəsini davam etdirəcək bir oğlu da yox idi. Bu səbəblə yeni evlilik sazişi bağlananadək Ayşə Xatun Krıma geri qaytarıldı. Şahzadə Mehmedin cənazəsi Bursaya aparıldı və Sultan Murad Hüdavəndigarın türbəsinə dəfn edildi.

Bu səbəblə, Məngli Gəray qurulan bu ittifaqı davam etdirmək məqsədilə, qızını bu dəfə də Sultan Bəyazidin Trabzonda sancaqbəyi olan oğlu Şahzadə Səlimlə evləndirmək istədi. Üstəlik Şahzadə Səlimin bir varisi və taxt iddiasını dəstəkləyən güclü müttəfiqləri vardı. Ancaq bu müttəfiqlərinin dəstəyinə baxmayaraq, Şahzadə Səlim 1511-ci ilin avqustunda Çorlu yaxınlığında atasına məğlub oldu və az sayda adamıyla birlikdə Kəfəyə, ordan isə Krıma qaçdı. Burada ikən Məngli Gərayın ittifaq təklifini qəbul etdi və atasının etirazlarına baxmayaraq xanın qızı Ayşə Xatunla nigahlandı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Doğan Yavaş, Muradiye KülliyesiTürk Diyanet Vakfı İslam Ansiklopedisi
  • Sicil-i Osmani I cild, səh. 27