Qoca Mustafa Paşa — Vikipediya

Qoca Mustafa Paşa
كوكا مصطفى باشا
6 yanvar 1512 – 23 noyabr 1512
ƏvvəlkiHerseqli Əhməd Paşa
SonrakıHerseqli Əhməd Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Qəmərşah Sultan
Dini islam

Qoca Mustafa Paşa (v. 1512, Bursa) — II BəyazidI Səlim dönəmində 6 yanvar 1512 - 23 noyabr 1512 tarixlərində ümumilikdə 10 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Həyatının ilk illəri və saraya necə alındığı haqqında məlumat yoxdur. II Mehmed dönəmində Şahzadə Bəyazidin xidmətinə alınmış, Şahzadə Bəyazid taxta çıxdıqdan sonra isə xəzinədarlığa gətirilmişdir. 1487-ci ildə qapıçılar kəndxudası, iki il sonra isə qapıçıbaşı təyin olunmuşdur. Bu vəzifədə ikən Fransadan Romaya göndərilən Cem Sultan üçün ödəniləcək məbləği Papa VIII İnnokentə çatdırmaq üçün vəzifələndirilmişdir. Rodos cəngavərlərinin də köməkliyi ilə 30 noyabr 1490 tarixində İtaliyaya çatan Mustafa ağa II Bəyazidin PapayaCem Sultana yazdığı məktubları çatdırdıqdan sonra geri döndü. 1492-ci ildə Ohri sancaqbəyi seçilən Mustafa bəy bu vəzifəsində ikən Sultan Bəyazidin qızlarından Qəmərşah Sultanla nigahlandı. Cem Sultan məsələsi ilə maraqlandı. Hətta kiçik bir donanma ilə İtaliya sahillərinə hücum etdiyi və 80 nəfər əsirlə geri döndüyü bilinir. 1498-ci ildə Rumeli bəylərbəyi təyin olunan Mustafa Paşa bu vəzifədə ikən Moreya səfərinə qatıldı.[2]

10 iyun 1499 tarixində Rumeli ordu qüvvələri ilə öndən irəliləyən Mustafa Paşa İnəbaxdı qalasının təslim edilməsi ilə vəzifələndirildi. 28 avqustda qala təslim edildi. Qalanın bərpası və mühafizəsi ilə məşğul olan Mustafa Paşa ardından 5 iyul 1500 tarixində Modon mühasirəsinə qatıldı. Moreya səfərinin ardından 22 yanvar 1502 tarixində qübbə vəziri oldu. Bir il sonra isə ikinci vəzirliyə yüksəldi. Mustafa Paşa II Bəyazidin yanından ayrılmamış, onun son illərindəki taxt mübarizəsində önəmli rol oynamışdır. Belə ki, Mustafa Paşa padşahın böyük oğlu Şahzadə Əhmədi dəstəkləyirdi. Hətta 1511-ci ilin sentyabrında toplanan divan məclislərinin birində II Bəyazidin oğlu Şahzadə Əhmədin lehinə taxtdan əl çəkməsi barədə müzakirələr aparmışdır. Ancaq bu vəziyyət Şahzadə Səlimi dəstəkləyən yeniçəriləri narazı saldı və 21 sentyabr 1511 tarixində yeniçərilər ayaqlanaraq Şahzadə Əhməd tərəfdarlarının evlərinə hücum etdilər. Bu əsnada Mustafa Paşanın da evinə hücum edildi. Özü qaça bildi ancaq xanımı və ailəsi üsyançıların əlinə keçdi. Yeniçərilər Mustafa Paşa başda olmaqla, Anadolu başqazısı Əbdürrəhman Əfəndi, Rumeli bəylərbəyi Həsən Paşa, Nişançı Cəfər Çələbi kimi şəxslərin paytaxtdan uzaqlaşdırılmalarını tələb etdi. Ancaq II Bəyazid Mustafa Paşanı vəzifədə saxladı, hətta 6 yanvar 1512 tarixində sədrəzəmliyə gətirildi. Bütün bu hadisələr əsnasında Mustafa Paşa Şahzadə Əhməddən üz döndərərək Şahzadə Səlimi dəstəkləməyə başlamışdır. Hətta divan məclisindəki digər paşaların da dəstəyilə II Bəyazidi taxtdan çəkilməyə razı salmışdır. Buna görə də Sultan Səlim səltənətinin əvvəllərində vəzifəsini qoruya bilmişdir. Ancaq yeni qurulan divan məclisi heyətində hələ də Anadoluda taxt üçün mübarizə aparan Şahzadə Əhmədin keçmiş dəstəkçisi olan Mustafa Paşaya yer yox idi. Buna görə də Şahzadə Əhmədin üzərinə gedərkən Mustafa Paşa Bursada gözlənilmədən edam edildi və dəfn olundu. 120 min axcalıq mal-mülkü ələ keçirilərək xəzinəyə təhvil verildi.[3]

Bir çox yerdə xeyriyyə işləri olan Mustafa Paşa İstanbulda məscid, mədrəsə, məktəb və imarətdən ibarət bir külliyə, bir məscid, Rumelidə imarət, indiki Bolqarıstan ərazisində məscidməktəb inşa etdirmişdir. Külliyənin kitabələrində Hundi Xatun adlı bir qızı olduğu qeyd olunur.[4]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. http://www.islamansiklopedisi.info/dia/ayrmetin.php?idno=260131
  2. II. Bâyezid Dönemine Ait 906/1501 Tarihli Ahkâm Defteri (haz.İlhan Şahin - Feridun Emecen), İstanbul 1994, s.72-73
  3. Anonim Tevârîh-i Âl-i Osmân (nşr. F. Giese, haz. Nihat Azamat), İstanbul 1992, s. 135-136
  4. Âşıkpaşazâde, Tarih (Atsız), s. 243