Zəlimxan Hüseynov — Vikipediya

Zəlimxan Hüseynov
Şəxsi məlumatlar
Tam adı Zəlimxan Teci oğlu Hüseynov
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (42 yaş)
Doğum yeri Xasavyurt, Rusiya SFSR
Boyu 174 sm. (5 ft 6 in)
Çəkisi 60 kq
İdman növü Güləş
Karyera illəri 2002—2013
Məşqçisi Teci Hüseynov
Komandası Atasport İdman Klubu

Zəlimxan Teci oğlu Hüseynov (13 iyul 1981; Xasavyurt, Rusiya SFSR) — 1999–2001-ci illərdə Rusiyanı, 2008–2013-cü illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2009-cu il Avropa Çempionatının qalibi.[1]

Karyerası[redaktə | mənbəni redaktə et]

Zəlimxan Hüseynov 1999-cu ilin fevralında Rusiya Çempionatının qalibi olub.[2] Həmin ilin aprelində Belarusda baş tutan Avropa Çempionatında mübarizə aparsa da, turniri 16 idmançı sırasında 15-ci pillədə başa vurdu.[2] İyunda isə Zəlimxan Hüseynov Riqa şəhərində (Latviya) baş tutan gənclər arasında Dünya Çempionatının qızıl medalına sahib oldu.[2]

Daha sonra Zəlimxan Hüseynov 2000-ci ildə Rusiya Çempionatını gümüş medalla başa vurdu.[2] 2001-ci ildə isə Zəlimxan Hüseynov gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.[2] Noyabrda isə o, Dünya Çempionatlarında debüt elədi və turniri 33 idmançı sırasında 8-ci pillədə başa vurdu.[2]

Həmin illərdə Rusiya yığmasının lideri Afina Olimpiadasının qalibi Mavlet Batirov idi və Zəlimxan Hüseynov nüfuzlu beynəlxal turnirlərdə mübarizə apara bilmirdi.[2] 2008-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) Zəlimxan Hüseynovu Azərbaycan yığmasına dəvət elədi[2]. Nəticədə Zəlimxan Hüseynov həmin dəvəti qəbul elədi və 2008-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı.[2]

Zəlimxan Hüseynov 2008-ci ildə İsveçrədə Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurdu və olimpiya lisenziyasına sahib oldu.[2] Olimpiadadan əvvəl o, Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vurdu.[2]

Zəlimxan Hüseynov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Zəlimxan Hüseynov olimpiadanın təsnifat mərhələsində 2007-ci il Dünya və Avropa Çempionatlarının qalibi, 2004-cü il Afina Olimpiadasının çempionu Rusiya nümayəndəsi Mövlud Batirov ilə üz-üzə gəldi.[3] Həmin görüşün birinci hissəsində rəqibinə 0:1 hesabı ilə məğlub olan Zəlimxan Hüseynov növbəti hissədə də rəqibinə minimal fərqlə məğlub oldu (0:1).[3] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Zəlimxan Hüseynov təsəlliverici qrupda mübarizə apardı.[3] Bu qrupun birinci görüşündə Zəlimxan Hüseynovun rəqibi 2004-cü il Afina Olimpiadasının qalibi Kuba nümayəndəsi Yandro Kintana oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Zəlimxan Hüseynov rəqibinə minimal fərqlə məğlub oldu (0:1).[3] Görüşün növbəti hissəsi 1:1 hesabı ilə başa çatsa da, son xalı Zəlimxan Hüseynov qazandığına görə hissədə qalib gəldi.[3] Görüşün həlledici hissəsində isə Zəlimxan Hüseynov rəqibi üzərində 5:4 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda mübarizəsinə davam elədi.[3] Növbəti görüşdə onun rəqibi KYRM nümayəndəsi Murad Ramazanov oldu.[3] Həmin görüşdə Zəlimxan Hüseynov rəqibinə 2:0 (1:0, 4:1) hesabı ilə qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[3] Həlledici görüşdə onun rəqibi 2006-cı il Dünya Çempionatının İran nümayəndəsi Murad Məhəmmədi oldu.[3] Həmin görüşdə Zəlimxan Hüseynov rəqibinə 0:2 (0:2, 1:4) hesabı ilə məğlub oldu və olimpiadanı beşinci pillədə başa vurdu.[3]

Olimpiadadan sonra Zəlimxan Hüseynov 2009-cu ilin yanvarında Rusiyada İvan Yarıginin xatirəsinə həsr olunan beynəlxalq turnirin bürünc medalına sahib oldu.[2] Həmin ilin martında isə Zəlimxan Hüseynov Litvanın Vilnüs şəhərində Avropa Çempionatının qızıl medalına sahib oldu.[2] Avropa çempionluğundan sonra Zəlimxan Hüseynov həmin ilin iyulunda Qızıl Qran-Pri beynəlxalq turnirinin də qalibi oldu, sentyabrda isə Dünya Çempionatını gümüş medalla başa vurdu.[2]

2010-cu ildə Zəlimxan Hüseynov Rusiyada Dünya Çempionatının bürünc medalına sahib oldu.[2] 2011-ci ilin fevralda İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi olan Zəlimxan Hüseynov həmin ilin iyulunda Qızıl Qran-Pri beynəlxalq turnirinin də qalibi olsa da, sentyabrda İstanbul şəhərində Dünya Çempionatını 8-ci pillədə başa vurdu və olimpiya lisenziyasına sahib ola bilmədi.[2] 2012-ci ilin fevralında Kiyev şəhərində beynəlxalq turnirdə uğursuz çıxış edən Zəlimxan Hüseynov bir il sonra idmanla vidalaşdı.[2]

Nəticələri[redaktə | mənbəni redaktə et]

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
Rusiya Rusiya
1
1999
Avropa Çempionatı Belarus Belarus
15.
2
Gənclərin Avropa Çempionatı Latviya Latviya
1.
3
2001
Gənclərin Dünya Çempionatı Özbəkistan Özbəkistan
3.
4
Dünya Çempionatı Bolqarıstan Bolqarıstan
8.
Azərbaycan Azərbaycan
5
2008
Avropa Olimpiya Təsnifat Turniri İsveçrə İsveçrə
2.
6
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
5.
7
Olimpiya Oyunları Çin Çin
5.
8
2009
İvan Yarıgin Turniri Rusiya Rusiya
3.
9
Avropa Çempionatı Litva Litva
1.
10
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
11
Dünya Çempionatı Danimarka Danimarka
2.
12
2010
Dünya Çempionatı Rusiya Rusiya
3.
13
2011
Yaşar Doğu Turniri Türkiyə Türkiyə
1.
14
G. Kartozia & V. Balavadze Turniri Gürcüstan Gürcüstan
7.
15
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
1.
16
Dünya Çempionatı Türkiyə Türkiyə
8.
17
2012
Kiyev Turniri Ukrayna Ukrayna
17.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia.org. "Zəlimxan HÜSEYNOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 International Wrestling Database. "ZELIMKHAN HUSEYNOV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Lightweight / Freestyle (60 Kilograms) / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.