Cülus — Vikipediya

III Səlimin cülus mərasimi

CülusOsmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir.

Cülus sistemi[redaktə | mənbəni redaktə et]

Ərəblərdə cülus anlayışı[redaktə | mənbəni redaktə et]

Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir.[1][2] Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz. Əbubəkrin vasitəsiylə xəlifə olmuş, onun xəlifəliyi bütün müsəlmanlar tərəfindən qəbul edilmişdir. İslamiyyətin ilk illərində xəlifə biatla, yəni bir növ seçim yoluyla seçilsə də, Əməvilərdən etibarən (Hz. Muaviyə oğlu Yezidi vəliəhd etmişdir) xilafət səltənətə və sülaləyə məxsus olmuş, əsrlər boyunca belə davam etmişdir. Əməvilərdən Muaviyə ibn Əbusüfyan, Mərvan ibn Həkəm, Yezid ibn VəlidMərvan ibn Məhəmməd istisna olmaqla digər bütün xəlifələr vəliəhd təyin edilərək xilafətə yüksəlmişdir.

Abbasilər isə dönəmin şərtlərinə uyğun olaraq, Sasanilər imperiyasının dövlətçilik üsul və qaydalarını İslami qanunlarla birləşdirərək yeni bir xilafət təşkilatı qurmuşdur. Belə ki, Abbasilər dönəmində vəliəhdlik sisteminə önəm verilməmiş, sülalənin üzvləri tez-tez xəlifəlik uğrunda qanlı mübarizələrə girmişdir.

Orta Asiyada cülus anlayışı[redaktə | mənbəni redaktə et]

Orta Asiyadakı türk dövlətlərində hakimiyyətin birbaşa Göydən, yəni Tanrıdan gəldiyinə inanılsa da, səltənətin bir başqasına ötürülməsində söz sahibi qurultay idi. Qaraxanilərdə ən böyük qardaş hökmdar namizədi hesab edilsə də, adətən ailə üzvlərindən ən nüfuzlu olanı qurultay tərəfindən xan seçilirdi. Monqollarda da bütün şahzadələr eyni taxt haqqına sahib olduqları üçün, şəxsi keyfiyyətlər və qazanılan hərbi uğurlar taxta gedən yolda önəm kəsb edirdi. Belə ki, Çingiz xan hələ həyatda ikən digər oğullarınn da razılığını alaraq ortancıl oğlu Ögedeyi vəliəhd təyin etmişdir. Abaqa xan, istəmədiyi halda qurultay tərəfindən atası Hülakü xanın yerinə taxta çıxarılmışdı. İran monqolları olan Elxanilər böyük monqol xaqanına tabe olduqları üçün, yeni hökmdarın cülusu mütləq şəkildə xaqan tərəfindən göndərilən yazılı əmr, xələt və tacla təsdiq edilməli idi. Ancaq bu ənənə Qazan xanın cülusuna qədər davam etmiş, İslamı qəbul edərək müsəlman olan bu hökmdar monqol xaqanının tabeliyindən çıxmışdır. Yeni hökmdarın cülusu münəccimbaşı tərəfindən təyin edilən saatda baş tuturdu. Abaqa xanın cülus vaxtını məşhur Azərbaycanlı alim və astronomu Nəsirəddin Tusi təyin etmişdir.

İslam öncəsi türk dövlətlərində ailə üzvlərinin taxtda bərabər haqq sahibi olması halı bəzi hallarda taxt mübarizələrinə və dövlətin zəifləməsinə səbəb olmuşdur. Eyni üsul müsəlman türk dövlətlərinə də keçmiş, ölkə torpaqları taxtdakı ailənin ortaq malı hesab edilmişdir. Türklərin İslamdan sonra qurduqları dövlətlərdən biri olan Böyük Səlcuq imperiyasında da taxta keçişlə bağlı qəti bir qayda olmamışdır. Bunun nəticəsində sultanların sağlığında və ya ölümlərindən dərhal sonra taxt mübarizələri başlamışdır. Ailənin taxtda haqq iddia edən hər bir üzvü canı bahasına da olsa, bu mübarizədə iştirak edə bilərdi. Hökmdar tərəfindən bir vəliəhd təyin edilsə də, onun ölümündən sonra bu təyinat hüquqi baxımdan keçərli sayılmırdı. Belə ki, hökmdarın ölümündən sonra bütün qanun və hüquqi sənədlər yeni hökmdarın təsdiqinə qədər keçərsiz sayılmaqda idi. Buna nümunə olaraq, Böyük Səlcuq imperiyasının ilk hökmdarı Sultan Toğrul, qardaşı Çağrı bəyin oğlu Süleymanı vəliəhd elan etsə də, Süleyman qardaşı Alparslan tərəfindən taxtdan uzaqlaşdırıldı. Eyni şəkildə Börkiyaruq da Sultan Məlikşah tərəfindən taxta namizəd göstərilmiş, ancaq Türkan Xatunun müdaxiləsiylə öz oğlu Nəsrəddin Mahmud sultan elan edilmişdir. Yenə Börkiyaruqun oğlu Məlikşahı Sultan Məhəmməd Təpər, onun vəliəhd olan oğlu Mahmudu isə əmisi Sultan Səncər taxtdan endirmişdir.

Böyük Səlcuq imperiyasının davamı olan Anadolu səlcuqlularında da vəziyyət fərqli deyildi. Qılınc Arslanın ölümündən sonra oğulları MəlikşahMəsud, Sultan Məsudun ölümündən sonra isə onun oğulları Şahənşahla Qılınc Arslan arasında qanlı taxt mübarizələri davam etmişdir.

Böyük Səlcuqlularda taxt üçün üsyan etməyən bir ailə üzvünün, ehtimal üzərinə edam edilməsi görülməmiş bir hadisədir. Buna baxmayaraq Anadolu səlcuqlularında cülus məsələsi səbəbilə qardaş qətilləri baş vermişdir. Məsələn, II Qılınc Arslan 1155-ci ildə taxta çıxdıqdan sonra özünə rəqib olaraq gördüyü ortancıl qardaşını boğdurmuş, II Qiyasəddin Keyxosrov isə oğlunun doğumundan sonra Uluborlu qalasında həbs etdiyi 2 qardaşını edam etdirmişdir.

Xarəzmşahlarda isə adətən vəliəhdin öncədən təyini yolu seçilmişdir. Belə ki, Əlaəddin Məhəmməd öncə ən kiçik oğlu Qütbəddini, ardından isə daha qabiliyyətli gördüyü böyük oğlu Cəlaləddini vəliəhd elan etmişdir.

Anadolu Səlcuqlu dövlətinin çöküşündən sonra qurulan Anadolu bəyliklərində də dövlət hökmdar ailəsinin ortaq malı olaraq qəbul edildi. Ailənin “Ulu bəy” adlanan rəhbərindən başqa digər bütün üzvləri mərkəzdən uzaqda vali olaraq xidmət edirdilər.[3] Belə ki, Aydınoğlu Mehmed bəyin ölümündən sonra qəhrəmanlığıyla məşhurlaşan oğlu Umur bəy dövlət xadimləri tərəfindən hökmdar seçilmiş və bu seçimi qardaşları tərəfindən də təsdiq edilmişdir. QaraqoyunluAğqoyunlu dövlətlərində də cülus məsələsi Anadolu bəyliklərindən fərqli deyildi. Yeni hökmdar ailə və sülalə rəsiləri tərəfindən seçilir, digər şahzadələr isə əyalətlərə vali olaraq göndərilirdi.

Məmlüklərdə isə hökmdar seçimi bir qədər fərqli idi. Səltənət tək bir ailənin əlində olmadığı üçün, sultanın ölmədən öncə vəliəhd elan etdiyi şahzadə qədər əmirlərin də taxta çıxma ehtimalları vardı. Hökmdar seçimlərində zəka və qabiliyyət qədər yaş da önəmli faktor hesab edilirdi. Məmlüklərdə şahzadələr qətlə yetirilməmiş, bunlar adətən Suriya və ya İsgəndəriyyədəki qalaların birində həbs edilmişdir.

Osmanlılarda cülus anlayışı[redaktə | mənbəni redaktə et]

I Muradın cülus mərasimi, Bursa (1360)

Osmanlılarda isə cülus sözü daha çox şahzadələrin taxta çıxışıyla bağlı istifadə edilımiş, bununla bağlı cülus bəxşişi, cülus tərəqqisi, cülusiyyə və başqa terminlər də meydana çıxmışdır. Osmanlılarda da öncədən təyin edilmiş ortaq bir cülus sistemi olmamışdır. Bu vəziyyət ailə üzvləri və xüsusilə də şahzadələr arasında qanlı mübarizələrə səbəb olmuşdur. Quruluş dönəmində (1299-1453) taxta çıxma, öncəki Türk-İslam dövlətlərində olduğu kimi dövlət xadimlərinin bir şahzadə üzərində qərar qılmaları ilə baş tutmuşdur. Bu şahzadənin bəzən vəsiyyət təyin edildiyinə də rast gəlinmişdir.

Dövlətə adını verən Osman Qaziyə, atası Ərtoğrul bəyin ölümündən sonra Bizansa qarşı mübarizədəki qətiyyəti səbəbilə Anadolu səlcuqlu sultanı III Əlaəddin Keyqubad tərəfindən muxtariyyət verilmiş, ardından dövlətin quruluşunda mühüm rol oynayan ahilərin (ağsaqqallar) dəstəyilə bəyliyə seçilmişdir. Osman bəyin cülusu səbəbilə qədim türk ənənəsinə uyğun kiçik bir mərasim keçirilmişdir. Ərtoğrul bəyin qardaşı Dündar bəy isə ilk illərdə onun bəyliyini təsdiq etsə də, sonrakı illərdə ona qarşı çıxmış və ehtimal ki, Osman bəy tərəfindən öldürülmüşdür. Osmanlılarda taxt uğrunda ilk şahzadə qətli də, əsasən bu hadisə olaraq qəbul edilir.

İldırım Bəyazidin cülus mərasimi (1389)

Orxan bəy isə atasının sağlığında ikən ona vəkil olmuş, atasının məşhur vəsiyyətinə əsasən bəyliyə namizəd göstərilərək ağsaqqallar şurası önündə taxta çıxmışdır. Dəqiq bilinən ilk qardaş qətli hadisəsi isə I Murad səltənətində baş tutmuşdur. Belə ki, Sultan Murad öncə taxt uğrunda onunla mübarizə aparan qardaşları Şahzadə İbrahim və Şahzadə Xəlili[4], ardından Bizans imperatorunun oğlu Andronikosla birləşərək üsyan çıxaran oğlu Savcı bəyi dövlətin gələcəyini təhlükəyə atmaması məqsədilə edam etdirmişdir.

İldırım Bəyazid Kosova döyüşü əsnasında atasının şəhid edilməsinin ardından ordudakı bəylər tərəfindən padşah elan edilmiş, daha sonra ordunun sol qanadına rəhbərlik edən qardaşı Yaqub bəy, yenə dövlət xadimlərinin də rəyi alınaraq edam edilmişdir. Beləcə, davam edən döyüşün sonuna təsir edə biləcək hansısa bir üsyanın qarşısı alınmışdır.[5] Bu hadisə isə hələ mübarizəyə başlamayan bir şahzadənin ehtimal üzərinə öldürülməsi baxımından Osmanlı tarixində bir ilk olaraq qəbul edilir.[6]

İldırım Bəyazidin Ankara döyüşündən sonra əsir alınması və ölümündən sonra oğulları arasında başlayan uzun mübarizənin nəticəsində Çələbi Mehmed qardaşlarını məğlub edərək Ədirnədə taxta çıxmışdır. Onun ölmədən öncə böyük oğlu Şahzadə Muradı Amasyadan çağırması ilə II Murad vəsiyyətə uyğun olaraq, ancaq dövlət xadimlərinin və yeniçərilərin də təsdiqi ilə taxta cülus etmişdir.[7] Ardından öncə özünü İldırım Bəyazidin oğlu elan edən və tarixə Düzməcə Mustafa olaraq düşən əmisini, daha sonra isə ona qarşı üsyan çıxaran qardaşı Mustafa Çələbini edam etdirmişdir.[8]

II Mehmedin ikinci cülus mərasimi, Ədirnə (1451)

Fateh Sultan Mehmedin cülusu isə daha fərqli olmuşdur. Belə ki, atası Sultan Muradın öz istəyilə taxtdan çəkilməsinin ardından 1444-cü ildə 12 yaşında ikən taxta çıxmışdır. Onun bu ilk səltənəti cəmi 2 il davam etmiş, yerinə atası Sultan Murad yenidən cülus etmişdir. Taxtın yeganə namizədi olan II Mehmedin ikinci və qəti cülusu isə atasının 1451-ci ildə ölümü ilə baş tutdu. İstanbulun fəthindən sonra Fateh Sultan Mehmed hakimiyyətin bölünməzliyi qaydasını qanuniləşdirmişdir. Ancaq dövlətin təşkilat sistemini nizamlasa da, bu qanunnamədə cülus məsələsi açıq şəkildə izah edilməmişdir. Bu məsələdəki yeganə rəy isə “Her kimesneye evlâdımdan saltanat müyesser ola, karındaşların nizâm-ı âlem için katletmek münasiptir. Ekser-i ulemâ dahi tecviz etmiştir. Anınla âmil olalar (Övladlarımdan hər kimə səltənət nəib olsa, qardaşlarını aləmin nizamı pozulmasın deyə öldürməsi münasibdir. Əksər alimlər də təsdiq etmişdir. Bu yolla davam edələr)” olaraq qeyd edilib.[9] Fateh Sultan Mehmed bu maddə ilə bütün övladlarının taxt üzərində bərabər hüququ olduğunu bir daha təsdiqləmişdir. Hətta ölümündən sonra oğulları Şahzadə BəyazidŞahzadə Cemin girişdiyi taxt mübarizəsi onun bu sözlərini təsdiqləmişdir. Bununla yanaşı Sultan Bəyazidin böyük oğlu Şahzadə Əhmədi özünə xələf seçməsi, hələ o sağ ikən taxt mübarizəsinin başlamasına səbəb olmuşdur. Nəticədə atasının Səfəvilərə qarşı apardığı siyasəti də bəyənməyən kiçik oğlu Şahzadə Səlim ona qarşı üsyan çıxardı və yeniçərilərin də dəstəyilə atasını taxtdan devirərək taxta cülus etmişdir. Ancaq Yavuz Sultan Səlimin qardaşlarıyla yanaşı, onların oğullarını da qətlə yetirməsi babasının bu barədə verdiyi qanunun aspektini daha da genişləndirmişdir.

Qanuni Sultan Süleyman rəqibsiz olaraq taxta çıxdığı üçün cülusu əsnasında hansısa hadisə çıxmamışdır. Eləcə də, oğlu II Səlim də hələ atasının səltənətində qardaşlarının qətlə yetirilməsi nəticəsində taxt mübarizəsi aparmadan cülus etmişdir.

Başlanğıcdan bəri atadan oğula - bir neçə istisna olmaqla, daha çox böyük oğula keçən səltənət I Əhməddən etibarən “əkbəriyyət” və “ərşədiyyət”, yəni ailənin ən böyük fərdinin cülusu üsuluna əsasən ötürülmüşdür. Qalan digər şahzadələr isə sarayın xüsusi bir yerində nəzarət altında saxlanılmışdır. Belə ki, Sultan Əhmədin vaxtsız ölümündən sonra vərəsəlik sistemində dəyişiklik edilmiş, yerinə əqli cəhətdən zəif olan qardaşı Şahzadə Mustafa taxta çıxarılmışdır. Ancaq Sultan Mustafa 3 ay sonra taxtdan endirilmiş, yerinə Sultan Əhmədin 15 yaşlı böyük oğlu Şahzadə Osman cülus etmişdir. Sultan Osman taxta çıxdıqdan sonra orduya göndərdiyi bir fərmanla, atasının ölümündən sonra vərasət sistemində edilən dəyişikliyə qarşı çıxmış, buna baxmayaraq daha sonrakı cüluslarda bu üsul tədbiq edilməyə davam etmişdir.

Yeniçəri üsyanı ilə Sultan Osmanın öldürülməsinin ardından ikinci dəfə taxta çıxarılan Sultan Mustafa bir müddət sonra yenidən devrilmiş və yerinə Sultan Əhmədin digər oğlu Şahzadə Murad Osmanlı taxtına çıxarılmışdır. Sultan Murad başlanğıcda qardaşlarına toxunmamış, ancaq çıxdığı İrəvan səfəri (1635) ərəfəsində bunlardan Şahzadə BəyazidŞahzadə Süleymanı, Bağdad səfəri (1638) ərəfəsində isə Şahzadə Qasımı edam etdirmişdir.

II Osmanın cülus mərasimi, İstanbul (1618)

Sultan Muradın vəfatından sonra qardaşı Şahzadə İbrahim, ondan sonra isə Sultan İbrahimin böyük oğlu Şahzadə Mehmed taxta cülus etmişdir. 7 yaşında taxta çıxarılan Sultan Mehmed cülus münasibətiylə yazdığı fərmanda Allahın izniylə və qabiliyyəti sayəsində sltan olduğunu, vəzirlər, üləma və xalqın rəyiylə taxta çıxdığını qeyd etmişdir. Bundan sonrakı tarixdə bəzi istisna hallar olsa da, qardaş qətli üsuluna keçilməmişdir. Hətta taxtdan endirilən Sultan Mehmedin yerinə cülus edən qardaşı II Süleyman onu öldürməmişdir. II ƏhmədI Mahmudun cüluslarından sonra yazdıqları fərmanlarda isə şahzadələrdən biri üzərində yaşı nəzərə alınmadan qərar qılınmalı, digərlərinin isə aradan qaldırılması qeyd edilmişdir. Buna baxmayaraq Sultan Mahmuddan sonrakı cüluslarda “əkbəriyyət”, yəni yaşca böyük olma şərti nəzərə alınaraq ailənin yaşca ən böyük şahzadəsi taxta çıxarılmış, digər şahzadələrə isə toxunulmamışdır. III Əhməd Patrona Xəlil üsyanı nəticəsində taxtdan endirilmiş, ardından ailənin ən yaşlı şahzadəsi olan qardaşı oğlu Şahzadə Mahmudu çağıraraq ona öncə özü biat etmişdir.[10] Eyni şəkildə III SəlimQabaqçı Mustafa üsyanında özünün yerinə böyük şahzadə olan əmisi oğlu Şahzadə Mustafanın istənildiyini anlamış, yanına gedərək səltənəti ona təslim etmişdir.

Əkbəriyyət üsulu 1876-cı ildə qəbul edilən ilk Osmanlı konstitusiyasında da yazılı qanun halını aldı. Sultan Mehmed Rəşad və son padşah Sultan Mehmed Vahidəddin məhz bu qanun əsasında taxta cülus etmişdir.

Cülus mərasimi[redaktə | mənbəni redaktə et]

Türk-İslam dövlətlərində[redaktə | mənbəni redaktə et]

VI Mehmed Vahidəddinin cülus mərasimi, İstanbul (1918)

İslam və müsəlman türk dövlətlərində şahzadələrin taxta çıxması münasibətiylə mərasim tərtib edilirdi. Bu mərasim hansısa saray çevrilişinin qarşısını almaq məqsədilə ölən hökmdarın cənazə mərasimindən öncə baş tuturdu. Qədim türk və monqol dövlətlərində cülus üçün uğurlu gün və saat seçilir, yeni hökmdar yüksək rütbəli 2 noyonla birlikdə taxta oturur, bu əsnada hər 2 yandan ətrafa pul saçılırdı. Səlcuqlularda isə cülusun ardından yeni hökmdarın şərəfinə ziyafət verilir, əcdadların türbələri ziyartə olunur, yoxsullara sədəqə paylanılır, rütblərinə görə dövlət xadimlərinə xələt hədiyyə edilirdi. Elxanilərdə hökmdarın cülusunda xatunlara, şahzadələrə, noyonlara və digər əmirlərə xələtlər və bəxşişlər verilirdi. Yeni hökmdarın sağında əyləşmiş xatunlar, solunda isə ayaqda dayanan şahzadə və noyonlar olurdu. Cülusun ardından içkili ziyafət tərtib edilirdi.

Məmlüklərdə yeni hökmdar səltənət alayı ilə, xidmətindəki vəzir və əsgərlərlə birlikdə cülus edirdi. Arxadan gələn çavuşlar isə öndəkiləri alqışlayırdı. Cülusun ardından əmirlər ətək öpüb, yeni hökmdara sadiq qalacaqlarına dair Quran-i kərim üzərinə and içirdilər. ardından yeni hökmdarın səltənəti hər yerə duyurulur, beləcə xütbənin onun adına oxunması təmin edilirdi. Yeni sultanın cülusu xəlifə tərəfindən göndərilən qara atlasdan hazırlanmış xələtlə təsdiq edilir və ona əhdnamə təqdim edilirdi.

Osmanlılarda[redaktə | mənbəni redaktə et]

Bəzi kiçik fərqliliklər olmaqla birlikdə, bütün bu cülus ənənəsinə Osmanlılarda da rast gəlinir. Osmanlılarda hökmdar vəfat etdiyi zaman Darüssəadə ağası dərhal sədrəzəmə məlumat verir, sədrəzəm isə ətrafına topladığı vəzirləri, kaptan-ı dəryanı, şeyxülislamqazəsgərləri, dəftərdarı, nişançını, naqibüləşrəfi, İstanbul qazısını, yeniçəri ağasını və sekbanbaşını alaraq birlikdə saraya gedirdi. Burada Qübbəaltında və ya Sünnət otağı önündə yeni sultanın çıxmasını gözləyirdilər. Ancaq I ƏhmədII Mustafa nümunəsində olduğu kimi, bəzən yuxarıda adı çəkilən dövlət xadimlərini gözləmədən sarayda cülus mərasimi keçirilmişdir. XVII əsrin əvvəllərindən etibarən taxta çıxarılacaq olan şahzadə hərəm ağası və silahdar ağa tərəfindən tutulduğu Şimşirlik bölümündən alınır, padşahın vəfat etdiyi və səltənətin ona keçdiyi müjdəsi verilirdi. Səlcuqlularda olduğu kimi Osmanlılarda da bəzən taxta çıxan yeni hökmdara vəfat edən hökmdarın cənazəsi göstərilirdi. Yeni padşah bir yanda Darüssəadə ağası, digər yanda silahdar ağa olmaqla öncə Hırka-i şərif otağına aparılır. Burada sədrəzəmşeyxülislamın biatından sonra başına geydiyi xüsusi əmmamə və samur kürklə, münəccimbaşının təyin etdiyi saatda Babüssəadə qapısı önünə çıxarılırdı.[11] Babüssəadə qapısı önündə qoyulan taxtına əyləşən yeni padşaha digər dövlət xadimləri və saray əyanları sırayla biat edirdilər. bir yandan yeni padşah üçün cülus mərasimi tərtib edilərkən, digər yandan vəfat etmiş padşahın cənazə mərasiminə hazırlıq görülürdü. Belə ki, III Mehmedə matəm geyimində biat edilmişdir.[12]

Sədrəzəmşeyxülislam yeni padşaha ilk biat etdikləri üçün əsasən mərasimdə hökmdara öncə naqibüləşrəf biat və dua edərdi. Ardından bayram təbriklərində olduğu kimi Krım xanzadəsi, riqabdar və baş qapıçı ağalar biat edərdi. Yeni hökmdar taxtından qalxıb mərasimdəkiləri salamladıqdan sonra sələfi olan hökmdarın cənazə namazını qılar və Əndəruna qayıdardı. Yeni padşahın cülusdan sonra saqqal saxlaması isə adət halını almışdı. Padşah bir neçə gün sonra onun üçün hazırlanan yeni möhürlə fərman yazıb sədrəzəmə vəzifədə qalması barədə məlumat və bir neçə məsləhətlər verərdi. Bu fərman rəisül-küttab tərəfindən dövlət xadimlərinin qarşısında mərasimlə oxunurdu. Sədrəzəm isə cavab olaraq bir təşəkkürnamə yazıb, fərmanı gətirən saray vəzifəlisiylə göndərirdi. Bu əsnada həmin saray vəzifəlisinə kürk, xidmətçilərinə isə xələt hədiyyə edilirdi. Bir neçə gün sonra sədrəzəmşeyxülislamın təşəkkür üçün sarayı ziyarət etməsi qayda halını almışdı. Ardından yeni padşahın Əyyub Sultan məscidinə aparılaraq burada qılınc qurşanması da, son illərə qədər davam etdirilən ənənələrdən biridir. Qılınc qurşanma mərasiminin ardından padşah türbələri ziyarət edilir, cülusun 15-ci günü yeni padşahın Müqəddəs Əmanətlər otağına getməsi və burada tutulan dəftərləri yoxlaması da adət idi.[13]

Sultan Əbdülməcidin cülus mərasimi, İstanbul (1839)

XVIIXVIII əsrlərdə cülus mərasimləri əsnasında bəzi padşahlar başına yusifi deyilən xüsusi bir əmmamə taxırdılar. Rəvayətə görə, Hz. Yusifə aid olan bu əmmamə Yavuz Sultan Səlim tərəfindən Misirdən gətirilmişdi. IV Murad qılınc alayının ardından hırka-i şərifə üz sürmüş və Hz. Yusifə ithaf edilən əmmaməni geyərək 2 rükət namaz qılmışdır.[14] IV Mehmed cülusu əsnasında hələ 7 yaşında olduğu üçün başına daha sadə bir əmmamə geymiş, Ədirnədə cülus edən qardaşı II Əhməd isə yusifi əmmamənin paytaxtda qalması səbəbilə mərasim əsnasında 2 böyük zümrüd iynəylə bəzəli kiçik bir əmmamə taxmışdır.[15] III Əhməd cülusu əsnasında padşahlara xas olan qolsuz geniş yaxalı kürk və 3 dəyərli iynəylə bəzəli yusifi əmmamə geymişdir.[16]

Biat mərasiminə ilk konstitusiyanın elanından (1876) sonra da davam edilmişdir. Ancaq V MuradSultan Mehmed Rəşad üçün tərtiblənən mərasim ənənəvi olaraq Babüssəadə önündə deyil, Bab-ı Əlidə keçirilmişdir. Sultan Mehmed Rəşadın vəzirlər və üləma tərəfindən əlinin öpülməsiylə, bir növ keçmiş cülus mərasimləri yenidən təkrar edilmiş, sözügedən padşaha telqraflarla da biat edilmişdir. II Mahmudun cülus mərasimindən sonra isə dövlət adamları padşahın ətəyini yox, yanında sərilən parçanı öpməyə başladılar. II Əbdülhəmid dövründən sonra isə heç kim sultanın ətəyini öpməmiş, bunun əvəzinə sultanın önünə gələrək öz dörd barmağını öpüb, əvvəlcə ürəyinin, daha sonra isə alnının üzərinə qoymağa başladı. Bu əsnada yeni validə sultanhasəki sultanlar Ədalət qülləsindən mərasimi izləməli idi. Bütün mərasim boyunca yeni padşahın danışmağı uyğun görülmürdü. Mərasim bitdikdən sonra isə Səadət qapısı açılır, yeni padşah saraya daxil olurdu və beləliklə, yeni padşah taxta çıxmış elan olunurdu.

Yeni padşahın cülusu İstanbulda top atəşiylə elan edilir, dövlətin hər yanına göndərilən fərmanlarla bütün təbəələrə bildirilirdi. Şənliklər keçirilir, xütbənin yeni hökmdarın adına oxunması və sikkənin onun adına kəsilməsi əmr edilir.

Cülusun elçilər vasitəsilə dost və düşəmn dövlət hökmdarlarına bildirilməsi də adət idi. Bu əsnada əcnəbi dövlətlərdən cülus təbriki üçün elçilər gəlir, bunlar üçün ayrı-ayrılıqda qəbul mərasimləri keçirilirdi. Yeni padşahın cülusu Osmanlı tabeliyində olan Krım xanına, Valaxiya və Boğdan çarlarına, Ərdəl kralına da bildirilirdi.[17]

II Bəyazidin cülus mərasimi, İstanbul (1481)

Cülus Bəxşişi[redaktə | mənbəni redaktə et]

Türk-İslam dövlətlərində[redaktə | mənbəni redaktə et]

Yeni padşahın cülusu münasibətilə dövlət və saray əyanlarına, üləmaya və qapıqulu əsgərlərinə bəxşişlər paylanılırdı. XVII əsrdən etibarən “cülus ənamı” olaraq adlandırılan bu adət Osmanlılardan öncəki Samanilərdə, Qəznəvilərdə, Səlcuqlularda, Xarəzmşahlarda, Elxanilərdə və digər Türk-İslam dövlətlərində də tədbiq edilmişdir. Abbasilərdə “haqqül-bəya” adlanan bu bəxşiş, bəzən dövlət xəzinəsini sarsacaq dərəcədə olurdu. Məmlüklərdə isə bu bəxşiş “nəfakatül-bəya” adlanırdı. Son Məmlük sultanlarından Kansu Qavrinin cülusunda məmlük adlanan kölə əsgərlərin hər birinə 100, cülban adı verilən Həbəşi əsgərlərin hər birinə 50 və qaranisə adlanan dəniz qulduru birliklərinə isə 30 düka bəxşiş paylanmışdır. Xəzinədə yetərli məbləğin olmaması səbəbilə cülus bəxşişinin verilmədiyi hallarda əsgərlər hökümətə qarşı üsyan çıxarır və iğtişaşlar törədirdilər.

Osmanlılarda[redaktə | mənbəni redaktə et]

I Səlimin cülus mərasimi, İstanbul (1512)

Osmanlılarda ilk cülus bəxşişini İldırım Bəyazid vermiş, bu adət Fateh Sultan Mehmed və ya oğlu II Bəyazid dönəmində qanuni hal almışdır. Osmanlılarda bəzən cülus bəxşişi ilə səfər bəxşişi qarışdırılır. Əgər bir padşah cülusunun ardından dərhal səfərə çıxarsa, cülus bəxşişiylə birlikdə əlavə olaraq səfər bəxşişi də ödəyirdi. Bu bəxşişi ilk dəfə II Mehmedin Qaraman səfəri dönüşündə (1451) yeniçərilər zorla tələb etmişdir. II Mehmedin verdiyi bu 10 kisə axca bəxşiş sonrakı illərdə də tədbiq edilmiş, bu isə həm hərbi nizamın pozulmasına, həm də xəzinə məsrəflərinin 2 qat artmasına səbəb olmuşdur.

II Bəyazid hələ cülusdan öncə - Amasyadan İstanbula gələrkən əsgərin bəxşiş tələbiylə üzləşmiş, rdından yolda ikən əsgərin cülus bəxşişi paylanmış, əlavə olaraq ülufələri (3 aylıq halında alınan maaş) də artırılmışdır. Bu adətin genişləyərək vəzir və dövlət adamlarını əhatə etməsi də, yenə bu padşahın səltənətində baş tutmuşdur. Beləcə Osmanlılarda cülus bəxşişi, birdəfəlik ödənilən və qapıqulu əsgərlərinin ülufələrinə əlavə olunan (“cülus tərəqqisi” də adlanır) olmaqla 2 yerə ayrılır. Taxta çıxan padşahın, “Kullarımın bahşiş ve terakkîleri makbulümdür, verilsin” deməsi, ardından baş çavuşun ölən padşaha və yeniçərilərə dua etməsi, çavuşların amin deməsi və bütün bunları əsgərləin eşitməsi adət halını almışdı. Yavuz Sultan Səlimə qədər hərbi birliklərin hər birinə fərqli miqdarda bəxşişlər verilirdi. Bu padşahın səltənətində hər bir yeniçəriyə 50 qızıl (3 min axca dəyərində) bəxşiş verilmiş, əlavə olaraq yeniçərilərin ülufələrinə 2 axca artım olunmuşdur ki, bu da ondan sonrakı padşahlar tərəfindən təkrar edilmişdir. Ənənəyə görə, acəmi yeniçərilərə 2000, cəbəci və topçulara isə 1000 axca bəxşiş paylanılırdı.

Cülus bəxşişi məsələsi bəzən dövlət rəhbərlərini çıxılmaz vəziyyətlərə salmış və üsyanların çıxmasına səbəb olmuşdur. Bu səbəblə çıxan ilk üsyan, ənənəyə zidd olması bəhanə göstərilərək II Səlimin taxta çıxması zamanı baş vermişdir. Belqradda cülus edən Sultan Səlim, bəzi yaxın adamlarının təlkiniylə mərasimdə söylənməli olan sözləri deməmiş, əsgərlər bunu bəhanə edərək orduda qaışıqlıq yaratmışdır. Nəhayət, sədrəzəm Sokollu Mehmed Paşanın müdaxiləsiylə əsgərlərə 3000 axca cülus bəxşişi, 1000 axca isə səfər bəxşişi verilərək üsyan böyümədən qarşısı alınmışdır. II Səlimin cülusunda vəzir və dövlət adamlarından başqa üləmaya da bəxşiş verilmiş, bu bəxşiş Sahn-ı səman mədrəsələrinin ən aşağı dərəcəli müdərrislərini də ehtiva etmişdir. II Səlimin cülus bəxşişi, o əsnada fəth olunan Saqqız adasından gətirilmiş qənimətlə qarşılanmışdır.

II Səlimin cülus mərasimi, Belqrad (1566)

III Muradın cülusunda Əndərun xəzinəsindən hər birində 10 min qızıl olmaqla 75 kisə qızıl çıxarılmış, bunun 70 kisəsi başda yeniçərilər olmaqla qapıqulu əsgərlərinə paylanmışdır. III Mehmedin cülusu münasibətiylə sədrəzəmşeyxülislama 30 min, vəzirqazəsgərlərə 20 min, yüksək rütbəli qazılara 15 min, yüksək dərəcəli müdərrislərə 5 min, aşağı dərəcəli müdərrislərə 3 min, təriqət şeyxlərindən bəzilərinə min, dəftərdarlara 20 min, nişançıya 30 min, baş çavuşla qapıçılar kənxudasına 15 min, riqabdar ağalara 10 min, rəisül-küttaba 7 min qızıl bəxşiş verilmiş, bunlardan bəzilərinə əlavə olaraq dəyərli parçalar və xələt hədiyyə edilmişdir.[18]

Başlanğıcda padşah tərəfindən hədiyyə olaraq verilən bu bəxşişlər, sonralar zorla alınmağa başlanmış və bu yolda bir çox qanlı hadisələr baş vermişdir. Tez-tez baş tutan cülus mərasimləri səbəbilə verilən bəxşişlər xəzinə məsrəflərini artırmışdır. Məsələn, I Əhmədin vəfatından sonra (1617) I Mustafanın, 3 ay sonra II Osmanın, 4 il sonra yenidən I Mustafanın, 4 ay sonra isə IV Muradın taxta çıxması nəticəsində 5 ildə 4 dəfə cülus bəxşişi paylanmış, dövlət xəzinəsi tükənmişdir. Hətta IV Muradın cülus bəxşişi saraydakı qızıl və gümüş qab-qacaqlar əridilərək kəsilən sikkələr hesabına ödənmişdir. Hər cülus mərasimi xəzinəyə təxminən 300 milyon axcaya başa gəlirdi.

I Əbdülhəmidin cülus mərasimi, İstanbul (1774)

1648-ci ildə taxta çıxarılan IV Mehmedin cülusu münasibətiylə yeniçəri ağası başda olmaqla, bütün qapıqulu əsgərlərinə ümumilikdə 660 min axca bəxşiş paylanmışdır.[19] Eyni şəkildə 1687-ci ildə taxta çıxan II Süleymanın cülus bəxşişi 4557 kisə, yəni 100 milyon axcaya yaxın məbləğ tutmuşdur. Ancaq bu məbləğin hamısı birdəfəlik ödənməmiş, 1256 kisəsi daxili xəzinədən, qalan 3301 kisəsi isə Misir, Bağdad, BəsrəƏrzurum əyalətindən göndərilən illik məbləğlə təmin olunmuşdur. 4 il sonra cülus edən II Əhmədin bəxşişi də davam edən müharibələr səbəbilə dövləti çətin vəziyyətə salmışdır. III Əhmədin cülusunda isə dövlət xəzinəsi tamamilə boş olduğu üçün dəftərdar Sarı Mehmed Paşa çətin vəziyyətə düşmüş, o əsnada qətlə yetirilən şeyxülislam Seyid Feyzullah Əfəndinin müsadirə edilən şəxsi mülkləri hesabına bu məbləğ təmin edilmişdir. I Mahmudun cülus bəxşişi də yenə qətlə yetirilən sədrəzəm Nevşəhərli İbrahim Paşa və qohumlarından müsadirə edilən mülklərin hesabına ödənmişdir.[20] II Süleymanın cülusu əsnasında təqaüdə ayrılmış yeniçərilərə də cülus bəxşişi paylanmış, bu tədbiq daha sonra III Osmanın cülusunda da təkrarlanmışdır.

Müharibə dönəminə təsadüf etdiyi üçün I ƏbdülhəmidIII Səlimin cülusları əsnasında bəxşiş paylanmamışdır. IV Mustafa da atasını və əmisi oğlunu nümunə götürərək bu bəxşişdən yayınmaq istəmiş, ancaq onu taxta çıxaran Qabaqçı Mustafa və digər yeniçəri ağalarının təzyiqi ilə cülus bəxşişi paylamağa məcbur olmuşdur. Yeniçəri ocağının ləğvindən sonra (1826) bu adət aradan qalxsa da, cülus məsrəfləri davam etmiş, II Əbdülhəmid 60 min qızıl dəyərindəki bu məbləği öz şəxsi sərvətindən qarşılamışdır.[21]

Osmanlılarda cülus bəxşişinin paylanması münasibətiylə divan məclisi toplanır və bu məbləğ ülufə tərtibatında olduğu qaydada paylanılırdı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • BA, Defter-i Teşrîfât, mükerrer, nr. 676, s. 2-3.
  • BA, Cevdet-Askerî, nr. 50601.
  • BA, İbnülemin-Maliye, nr. 5394.
  • İbn Bîbî, el-Evâmirü’l-ʿAlâʾiyye, I, 30-50, 82, 87, 109, 159-163.
  • İbn Battûta, Seyahatnâme, I, 311-356.
  • İbn Kemal, Tevârîh-i Âl-i Osmân, I, 65-66; II, 3-4; VII, 6, 8-9.
  • Rûhî, Târih, Süleymaniye Ktp., Mikrofilm merkezi, nr. 1919, vr. 25a.
  • Lutfî Paşa, Âsafnâme (nşr. Ahmet Uğur), AÜ İlâhiyat Fakültesi İslâm İlimleri Enstitüsü Dergisi, sy. 4, Ankara 1980, s. 245, 249.
  • Bostan Çelebi, Cülûsnâme-i Sultan Süleyman Han, TSMK, Revan Köşkü, nr. 1283.
  • Feridun Bey, Münşeât, I, 455-459.
  • Hoca Sâdeddin, Tâcü’t-tevârîh, I, 315-316, 408; II, 208-209, 416.
  • Koçi Bey, Risâle (Aksüt), s. 30.
  • Atâî, Zeyl-i Şekāik, s. 766-768.
  • Peçuylu İbrâhim, Târih, I, 137; II, 290-291, 375.
  • Naîmâ, Târih, I, 105-108, 114, 357-358.
  • Moğolların Gizli Tarihi (trc. Ahmet Temir), Ankara 1986, s. 190-191.
  • Teşrîfât-ı Kadîme, s. 110-117.
  • Âkif Mehmed, Târîh-i Cülûs-i Sultan Mustafâ-yı Sâlis, Süleymaniye Ktp., Esad Efendi, nr. 2108.
  • Zîver, Cülûs Kasîdesi, İÜ Ktp., TY, nr. 4189.
  • Destârî Sâlih Tarihi (nşr. Bekir Sıtkı Baykal), Ankara 1962, s. 18-21.
  • D’Ohsson, Tableau général, VII, 104 vd.
  • Cevad Paşa, Târîh-i Askerî-i Osmânî, İstanbul 1299, I, 93, 97, 218 vd.
  • C. Zeydân, Medeniyyet-i İslâmiyye, II, 175.
  • Sultan Selim’in Hal‘i, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 333, vr. 11a-b.
  • Mehmed Memduh [Paşa], Hal‘ler ve İclâslar, İstanbul 1913.
  • Tevârîh-i Cülûs-i Âl-i Osmân, Arkeoloji Ktp., Diyarbakırlı Said Paşa Kitapları, nr. 260.
  • M. Fuad Köprülü, Bizans Müesseselerinin Osmanlı Müesseselerine Tesiri (nşr. Orhan F. Köprülü), İstanbul 1931 ⟶ İstanbul 1981, s. 5, 179-180.
  • Marsigli, Osmanlı İmparatorluğunun Askeri Vaziyeti, s. 100.
  • Uzunçarşılı, Medhal, s. 55-56, 132 vd., 175, 179-184, 191, 274, 296-303, 420-421.
  • a.mlf., Saray Teşkilâtı, s. 45-49, 52-59, 184-188.
  • a.mlf., Kapukulu Ocakları, I, 337 vd.; II, 139-144, 200.
  • Spuler, İran Moğolları, s. 266-267, 280-281.
  • Ayşe Osmanoğlu, Babam Sultan Abdülhamid: Hatıralarım, İstanbul 1986, s. 82-85.
  • Selâhattin Karatamu, Türk Silâhlı Kuvvetleri Tarihi, III/6 (1908-1920), Ankara 1971, s. 490.
  • Halil İnalcık, The Ottoman Empire: The Classical Age 1300-1600 (trc. Norman Itzkowitz – Colin Imber), London 1973, s. 59-64.
  • a.mlf., “Osmanlı Padişahı”, SBFD, XIII/4 (1958), s. 68-79.
  • a.mlf., “Osmanlılarda Saltanat Veraseti Usulü ve Türk Hakimiyet Telâkkisiyle İlgisi”, a.e., XIV/1 (1959), s. 69-94.
  • Ahmet Tabakoğlu, Gerileme Dönemine Girerken Osmanlı Mâliyesi, İstanbul 1985, s. 20, 184, 205-207, 266.
  • Necib Âsım, “Müverrih Âsım Efendi’nin Metrûkât-ı Târîhiyyesinden Birkaç Parça”, TOEM, sene: 7, s. 182.
  • Abdurrahman Şeref, “Biat ve Taklîd-i Seyf Merasimi”, Sabah, nr. 10334, İstanbul 17 Zilkade 1336.
  • a.mlf., “Defterdar Sarı Mehmed Paşa’nın Mâlî Bazı Görüş ve Faaliyetleri”, GDAAD, sy. 10-11 (1981-82), s. 239-248.
  • a.mlf. – İlhan Şahin, “II. Abdülhamid’in Hususi Mektup ve Telgrafları”, TD, sy. 34 (1984), s. 417-474.
  • Ahmet Ağırakça, “Osmanlılarda İlk Cülûs Merâsimi”, TK, sy. 282 (1986), s. 35-41.
  • Pakalın, I, 230-231, 312-316.
  • Osman Turan, “Keykâvus I”, İA, VI, 632 vd.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bəqərə surəsi 30
  2. Sad surəsi, 26
  3. Enverî, Düstûrnâme, s. 26, 31, 33.
  4. Ahmedî, Dâstân ve Tevârîh-i Mülûk-i Âl-i Osmân (haz. Çiftçioğlu N. Atsız, Osmanlı Tarihleri I içinde), İstanbul 1925-49, s. 15.
  5. Karamânî Mehmed Paşa, Tevârîhu’s-selâtîni’l-Osmâniyye (trc. İ. Hakkı Konyalı, Osmanlı Tarihleri I içinde), İstanbul 1925-49, s. 347.
  6. D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1979, I, 43.
  7. Âşıkpaşazâde, Târih, s. 94-96, 107, 132, 140, 220-221.
  8. Neşrî, Cihannümâ (Unat), I, 34, 36, 106-107; II, 557.
  9. Abdülkadir Özcan, “Fâtih’in Teşkilât Kanunnâmesi ve Nizam-ı Âlem İçin Kardeş Katli Meselesi”, TD, sy. 33 (1982), s. 7-56.
  10. Subhî, Târih, vr. 9b.
  11. Cevdet, Târih, IV, 236-237.
  12. Selânikî, Târih (İpşirli), I, 39, 48-51, 99-108; II, 433-439, 468-473.
  13. Atâ Bey, Târih, I, 254-257.
  14. Evliya Çelebi, Seyahatnâme, I, 227.
  15. Silâhdar, Târih, I, 580; II, 297-298, 302, 572-573, 583.
  16. Râşid, Târih, II, 2-3, 20-21, 29-33, 117, 156-157, 293-294; III, 70.
  17. BA, Cevdet-Saray, nr. 1781, 2630, 2635, 5934.
  18. Ayn Ali, Risâle-i Vazîfehorân, s. 108-112.
  19. Eyyûbî Efendi Kānûnnâmesi, İÜ Ktp., TY, nr. 734, vr. 25b-26b.
  20. Şem‘dânîzâde, Müri’t-tevârîh, I, 13.
  21. Tahsin Paşa, Sultan Abdülhamid: Tahsin Paşa’nın Yıldız Hatıraları, İstanbul 1990, s. 10-11.