Leopold Rostropoviç — Vikipediya

Leopold Rostropoviç
rus. Леопо́льд Ростропо́вич
Ümumi məlumatlar
Doğum adı Leopold Rostropoviç
Doğum tarixi
Doğum yeri Voronej, Rusiya imperiyası
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Orenburq, SSRİ
Vətəndaşlığı
Uşağı
Atası Vitold Rostropoviç
Musiqiçi məlumatları
Fəaliyyəti violonçelist, pedaqoq
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leopold Rostropoviç (rus. Леопо́льд Ростропо́вич; 26 fevral 1892, Voronej, Rusiya imperiyası31 iyul 1942, Orenburq, SSRİ) — sovet violonçelisti, pedaqoqu və dirijoru, Saratov və Azərbaycan konservatoriyalarının professoru. Mstislav Rostropoviçin atası.

Erkən illəri və təhsili[redaktə | mənbəni redaktə et]

Leopold Rostropoviç Voronej şəhərində pianoçu və pedaqoq Vitold Rostropoviçin ailəsində anadan olub. Atası Voronejə 1870-ci illərin sonunda gəlmişdi. Anası — Matilda Aleksandrovna Pule.

Leopold hələ kiçik yaşlarından atasından fortepianoda çalmağın, bəstələməyin yollarını öyrənirdi, lakin onun peşəkar gələcəyini violonçelist Aleksandr Lukiniçlə görüşü təyin etdi.[1] Milliyyətcə çex olan Lukiniç Vitold Rostropoviçlə ansamblda çalırdı. Məşqlərdə iştirak edən kiçik Leopold violonçel alətinə vurulur. Lukiniç Leopoldla ciddi məşğul olur. Və 1904-cü ildən artıq 12 yaşlı Leopold konsertlərdə çıxış etməyə başlayır. Leopoldun yükcək eşitmə qabiliyyəti, gözəl yaddaşı və nəsildən nəslə keçən artistizmi, estradaya məhəbbəti var idi. Əgər zalda tamaşaçılar çox olurdusa, o daha da yaxşı çalırdı. 1905-cı ildə Leopoldun 13 yaşı tamam olur və atası onu Peterburq Konservatoriyasına imtahanları verməyə aparır.[2]

Leopoldun ifasına Peterburq violonçel məktəbinin o vaxtkı baş rəhbəri A. Verjbiloviç qulaq asır, və o saat onu öz sinfinə götürür. Fortepianonu atmaq istəməyən Leopold fortepiano ilə paralel məşğul olmağı qərara alır və A. Yesipovanın sinfinə qəbul olunur. Yesipova ilə məşqlər çox davam etmirdi, lakin bu qısa zamanda Leopoldun ifa etmə texnikası möhkəmləndi. O, bütün ömrünü fortepiano ilə bağladı və öz tələbələrini müşayət edərkən hesab edir və deyirdi ki, fortepiano hər bir peşəkar musiqiçinin təkmilləşməsi üçün əsasdır.[2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Leopold Rostropoviç həyat yoldaşı Sofya Fedotova ilə.

Maddi vəziyyətə görə Leopold 18 yaşından dərs deməyə başladı. O, 1910-cu ildən N. Bıstrov adına Peterburq musiqi məktəbində müəllimlik edirdi. Uşaqlara violonçeldə çalmağı öyrədirdi.[2]

Erkən pedaqoji səriştəsi sonralar ona çox kömək elədi. 1910-cu ildə konservatoriyanın qızıl medalla bitirən Leopold qastrol səfərlərinə çıxır. Bir çox ölkələrdə, o cümlədən də Parisdə müvəffəqiyyətilə çıxışı haqda nəinki fransız mətbuatında, həmçinin amerika və ingilis mətbuatında da məlumat verilir. Leopold Rostropoviç üçün "Violonçelist solist L. Rostropoviç" adlanan xüsusi reklam prospekti buraxılır. Orada resenziyalar yazılır və onun artistlik məharəti xüsusi qeyd edilirdi. Yazırdılar ki, Leopold Rostropoviç nadir texnikası ilə, ahənkgdarlığı, melodikliyi, ifaçılıq temperamenti və virtuozluğu ilə dinləyiciləri valeh etmişdir. Onu "musiqi sənətində yeni bir hadisə hesab edirdilər" və bu isə, 18 yaşlı musiqiçinin parlaq gələcəyindən xəbər verirdi. Leopold Rastropoviç bir qədər pul yığıb məşhur ispan violonçelisti Pablo Kazalsdan" master-klass "dərsləri alır. 1911-ci ilin yayında o, Rusiyaya qayıdır və payızdan konsert verməyə başlayır. Rostropoviç Voronejdə olarkən konsert sifarişləri alır . Sevastopolda o, Aleksandr Qlazunovun rəhbərlik etdiyi orkestrlə bərabər Karl Davidovun 1-ci konsertini ifa edir, Rostov-na-DonuKazan şəhərlərində isə gələçəkdə sovet bəstəkarı kimi tanınan Sergey Vasilenko ilə qastrol səfərlərində olur. 20-yaşında ikən artıq onun gələcəyi parlaq və müvəffəqiyyətli görünürdü.[2]

Peterburq həyatı çox dolğundu, iş təkcə orkestrlə tamamlanmırdı. Rostropoviç çox zaman Rusiyanın bir sıra şəhərlərində, Tbilisidə, Bakıda qastrol səfərlərində olurdu. Onun daimi repertuarında Sen-Sansın konserti, Baxın süitaları, Çaykovskinin pyesləri, Anton Arenskinin, Jül Massnenin əsərləri vardı. Rostropoviç hamı tərəfindən ansamblçı kimi də qiymətləndirilirdi.[2]

1918-ci ildə oktyabr çevrilişindən sonra o işsiz qalır. Petroqradda aclıq başlayır və Rostropoviç məcburiyyət qarşısında Saratova köçür, orada ona Volqaboyu şəhərlərin violonçel lideri rolu hazırlanırdı. Saratovda 4-il çalışır. Onun tələbələri arasında gələcəkdə tanınmış violonçelist Raya Qarbuzova da var idi.[2]

Konsert turnelərindən biri Leopoldu Orenburqla bağlayır. Burada konsertdə onu istedadlı musiqiçi Sofya Fedotova muşayiət edirdi. S. Fedotova şəhərin musiqi həyatının inkişafında misilsiz xidmətləri olan pianoçu Olqa Fedotovanın kiçik qızı idi.[3] S. Fedotova Moskva Konservatoriyasında professor Konstantin İqumnovun sinfində məşğul olurdu. İki gənc arasında bir-birinə qarşı olan məhəbbət tezliklə Sofya və Leopoldun ailə qurmasına səbəb olur.[2]

Azərbaycan dövrü və ölümü[redaktə | mənbəni redaktə et]

Rostropoviçlər ailəsinin Bakı şəhərində yaşadıqları ev.

1925-illərin ortalarında Leopold Rastropoviç azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun dəvəti ilə Bakıya gəlir və Azərbaycan Dövlət Konservatoriyasına işləməyə dəvət olunur. Rostropoviç bu dövrü həyatının ən maraqlı səhifəsi hesab edir. Azərbaycan Dövlət Konservatoriyası nəzdində ilk simli kvarteti yaradanlardan biri kimi Rostropoviçin Azərbaycan peşəkar violonçel məktəbinin inkişafında əvəzsiz xidmətləri olmuşdur. O, həyatının Bakıda keçən dövründə ifaçı, bəstəkar və pedaqoji fəaliyyətlərini birləşdirmişdir. Rostropoviçin bəstəkarlıq fəaliyyəti romantik xarakter daşıyırdı. O, 4 violonçel konsertinin, fortepiano və violonçel üçün pyeslərin, fortepiano əsərlərinin müəllifi kimi sözsüz ki, öz tələbələrinə təsir göstərib. Bakıda olarkən çox mahnılar bəstələyib. Rostropoviçin şagirdləri arasında Asəf Zeynallının adını çəkmək lazımdır. O, Rostropoviçin sinfində violonçel dərsi alır və onun ən yaxşı tələbələrindən biri sayılırdı. Həyat yoldaşı Sofya Rostropoviç də Azərbaycan Dövlət Konservatoriyasında fortepiano fakultəsi üzrə çalışırdı. Rostropoviçlərin mənzilində daim görkəmli incəsənət xadimləri toplaşır, musiqi axşamları keçirirdilər.[2]

Uşaqlarının daha da yaxşı musiqi təhsili almaq fikri ilə Rostropoviç ailəsi 1931-ci ilin yaz aylarında Bakıdan Moskvaya köçür, burada Leopold tez-tez konsert verir və Qnesinlər adına Musiqi Liseyində dərs deyir. 1935-ci ildə Leopold Rostropoviç Rusiyanın əməkdar artist titulunu alır.[1]

İkinci Dünya müharibəsinin əvvəlində Rostropoviçlər Orenburqa gedirlər. Orada həyat yoldaşı ilə musiqi məktəbində dərs deyir. 31 iyul 1942-ci ildə Leopold Rostropoviç qəflətən baş verən ürək tutmasından Orenburqda vəfat etmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 "Ростропович Леопольд Витольдович - виолончелист, профессор Бакинской консерватории". ourbaku.com. 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.
  2. 1 2 3 4 5 6 7 8 "ROSTROPOVIÇLƏRIN NƏSL ŞƏCƏRƏSI". Musigi-dunya.az. 10 Aprel 2017 tarixində arxivləşdirilib.
  3. "Татьяна Судоргина. «Известен не только в России» // «Вечерний Оренбург», № 30 от 20 июля 2002". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-09.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]