Geofizika — Vikipediya

GeofizikaYerin qatları və nüvəsində gedən fiziki proseslər və hadisələri öyrənən elm.

Haqqında[redaktə | mənbəni redaktə et]

Geofiziki (qravi-maqnitometrik) metodla müxtəlif geoloji quruluşlu əyalətləri ayırmaq, onların tektonik rayonlaşdırılması, Yerin forması, qalınlığı, daxili quruluşu, öz oxu ətrafında fırlanması, AyGünəşin cazibə təsirindən qabıqda baş verən qabarma-çəkilmə proseslərinin qeyd olunması ilə paralel geomaqnit sahə gərginliyinin və qravitasiya potensialının zaman-məkan dəyişmələri öyrənilir. Geosferlərin strukturu, tərkibi, fiziki xassələri və inkişafı baxımından spesefik xüsusiyyətlərini nəzərə alınmaqla, geofizika atmosferin fizikası, dənizin fizikası və bərk Yerin fizikası kimi elm sahələrinə ayırılır. Geoloji təyinatlı geofizika (kəşfiyyat geofizikası) əsas obyekti bərk Yerin ən üst hissələri olub, yer qabığının öyrənilməsi, faydalı qazıntıların axtarışı və kəşfiyatı, hidrogeoloji və mühəndisi-geoloji məsələlərin öyrənilməsində geologiya elmi ilə qovuşur.

Geofiziki amil[redaktə | mənbəni redaktə et]

Müəyyən sahənin səthinin və ya Yerin dərinliyinin fiziki xüsusiyyətləri ilə bağlı amil (məs. maqnit sahəsi).[1]

Geofiziki xidmət[redaktə | mənbəni redaktə et]

Təbii mühit elementlərinin (iqlim, hidrosfer, ionosfer, günəş şüalanması, Yer qabığının dinamikası və s.) vəziyyətinin dəyişməsinə müşahidə və nəzarət sistemi.

Geofiziki müharibə[redaktə | mənbəni redaktə et]

Düşmənə iqtisadi zərər yetirmək və onun hərbi əməliyyatlarını çətinləşdirmək məqsədilə atmosfer hadisələrinə fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən quraqlıq törətmək və s.).

Geofiziki mühit[redaktə | mənbəni redaktə et]

Bu və ya digər orqanizmlərin yer sahəsinin fiziki prosesləri və xassələrinin məcmusu.

Geomaqnit tədqiqatlar[redaktə | mənbəni redaktə et]

Geomaqnit tədqiqatlar iki istiqamətdə aparılır:

1.Seysmomaqnit effekti aşkar etmək məqsədilə geomaqnit sahə gərginliyinin fasiləsiz variasiyalarının monitorinqi.

  • Güclü zəlzələlər zamanı (ml≥4.5) seysmomaqnit effektin aşkarlanması
  • Aşkarlanan seysmomaqnit effektin zəlzələ ocaqlarının mexanizm və parametrlərindən asılılıq kriteriyalarının müəyyən edilməsi

2.Güclü zəlzələ ocaqlarının gərginlik-deformasiya vəziyyətini qiymətləndirmək məqsədilə geodinamik poliqonlarda diskret addımla geomaqnit sahə gərginliyinin məkan-zaman dəyişmələrinin monitorinqi.

Müşahidələr ABŞ istehsalı olan müasir G-856 markalı proton tipli maqnitometrlərlə aparılır.

Tədqiqatlar Azərbaycanın Şəki-Şamaxı-Balakən, Kürətrafı-Talış, Quba-Xəzəryanı və Gəncə-Qazax geodinamik poliqonlarında aparılır. Nəticədə qeyd olunan poliqonlarda geomaqnit sahəsinin gərginlik-deformasiya vəziyyətini əks etdirən 2D formatında sxematik xəritəsi və 3D modeli tərtib olunur.

Yerinə yetirilmiş tədqiqatlar nəticəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində məlumatların elektron informasiya bankı yaradılmışdır.Geofizika

Qravimetrik tədqiqatlar[redaktə | mənbəni redaktə et]

Qravimetrik tədqiqatlarla Yerin daxili quruluşunda və onun səthində ağırlıq qüvvəsinin dəyişmə xüsusiyyətləri öyrənilir. Bu metodla Yerin daxilində müxtəlif sıxlıqlı kütlələrin paylanması, geodinamik poliqonların dərinlik tektonik quruluşunun öyrənilməsi, seysmoaktiv zonaların tektonik rayonlaşdırılması, regional və lokal anomaliyaların aşkarlanması işləri yerinə yetirilir. Aşkarlanan anomaliyaların baş verən güclü zəlzələlərlə və dərinlik qırılmalarla əlaqəsi araşdırılır.

Stasionar qravimetrik rejim müşahidə işləri[redaktə | mənbəni redaktə et]

Stasionar tədqiqatlar Şəki, Qazax, Lənkəran və Bakı şəhərində 4 ədəd son modifikasiyalı Kanada istehsalı olan CG-5 AutoGrav tipli qravimetrlərlə fasiləsiz aparılır. Məqsəd seysmoaktiv zonalarda Ay və Günəşin cazibə təsirindən ağırlıq qüvvəsinin zaman-məkandan asılı Yer qabığında baş verən qabarma-çəkilmə variasiyalarının dəyişmə qanunauyğunluğunun öyrənilməsidir.

Geodinamik poliqonlarda aparılan diskret qravimetrik tədqiqatlar[redaktə | mənbəni redaktə et]

Yüksəkdəqiqlikli diskret qravimetrik müşahidələr Respublika Seysmoloji Xidmət Mərkəzinin yaratdığı geodinamik poliqonlarda il ərzində mütəmadi yerinə yetirilir. Nəticədə yuxarıda qeyd olunan geodinamik poliqonlar üçün hər ay qravimetrik sahə gərginliyini əks etdirən 2D formatında sxematik xəritəsi və 3D modeli qurulur. Tərtib olunmuş xəritələr ərazinin geodinamikası ilə, həm də, geomaqnit sahə gərginliyinin dəyişmə xəritə və sxemlərlə kompleks interpretasiya olunaraq il ərzində seysmoaktiv zonalar aşkarlanır. Nəticədə belə zonalar üçün qravitasiya potensialının 2-ci tərtib törəmə metodu tətbiq olunaraq ərazinin dərinlik-tektonik quruluşu və gərginlik- deformasiya vəziyyəti yenidən dəqiqləşdirilir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]