Ermənistanda din — Vikipediya

ERMƏNİLƏRİN “DİN” STRATEGİYASİ[redaktə | mənbəni redaktə et]

Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu sayədə din siyasi müstəviyə oturdulmaqda və dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılmaqda, mövzu ilə əlaqəli konfranslar təşkil olunmaqda, sərgilər nümayiş etdirilməkdədir. Təşkil olunan bütün konfranslarda və nümayiş etdirilən hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox “Nuhun xəzinələri”, “Nuh peyğəmbər və Ermənistan”, “dünyanın ilk xristian etnosu və dövləti, eyni zamanda xristianlığın ilk şəhid milləti” məsələləridir (18, s. 114-115). Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir. Tarixi həqiqətlər də təsdiq edir ki, erməni millətçiliyi din üzərində qurulmuşdur. Dünyada bu cür millətçiliyin bənzərini tapmaq çox çətindir. Ümumiyyətlə, erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida qaynağı rolunu erməni kilsəsi böyük məharətlə oynamış və oynamaqdadır. Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək, erməni kilsəsi ilə erməni milləti o qədər iç-içədir ki, biri olmadan digərini təsəvvür etmək mümkün deyil (23, s. 57). Erməni fəaliyyətlərinin hər pilləsində erməni kilsəsinin rolu ilə bağlı erməni tarixçisi H.Basdırmacıyan “erməni kilsəsi, erməni millətinin kilsə tərəfindən can verilən ruhunun təkrar dünyaya gəlmək üçün yaşadığı vücuddur”, deyərək bu həqiqəti doğrulamışdır (8, s. 17). Kilsə ənənələrinə görə, Hz. İsa Eçmiədzinə (ermənilər Eçmiədzinin mənasını Allahın yeganə oğlunun yer üzünə endiyi məkan olaraq izah etməkdədirlər – E.Ş.) enərək, erməni kilsəsini inşa etmiş və onu digər böyük məzhəblərin kilsələrindən fərqli olaraq müstəqil və daha ehtişamlı bir mövqeyə gətirmişdir (29, s. 126). Erməni iddialarına görə, bunun səbəbi ermənilərin Tanrı tərəfindən “seçilmiş millət” olmasıdır (19, s. 57). Onlar eyni zamanda Şərqi Anadolu, Azərbaycan və ümumiyyətlə, bütün Qafqazın bir zamanlar məhz Hz. Nuh tərəfindən nəvəsinin nəvəsi olan Haya vəd edildiyini də önə sürməkdədirlər. Məhz bu baxımdan erməni ideologiyası “ermənilərin seçilmiş millət, Nuh peyğəmbərin erməni mənşəli olması və onun nəvəsinin nəvəsi Haya vəd edilən torpaqlar” iddiaları üzərində yaranıb möh¬kəm¬lənmişdir. Həmin ideologiyaya əsaslanaraq belə bir iddia ortaya atılır ki, Tanrı daim erməniləri sevdiyi və seçdiyi üçün kilsəni də məhz onların torpaqlarında qurmuşdur. Vatikan isə bu nəzəriyyəni rədd edərək, kilsənin ilk dəfə Romada inşa edildiyini və bu işin icrası üçün Hz. İsa tərəfindən müqəddəs St. Pierreyə tapşırıldığını irəli sürməkdədir. Katoliklərə görə, İsanın vəkili məhz bu şəxsdir (29, s. 126). Bu məsələ üzərində dayanmaq niyyətində deyilik və eyni zamanda məqsədimiz xristianlıqdakı məzhəblər arasında cərəyan edən ziddiyyətləri də aşkara çıxarmaq deyil. Şübhəsiz ki, bunlar dini-siyasi oyunlar müstəvisində baş verən məsələlərdir. Sadəcə olaraq bir cəhəti qeyd etmək kifayətdir ki, aralarındakı ziddiyyətlərə baxmayaraq, müəyyən məsələlərdə məqsəd eynidir. Ermənilər tarixdə ilk dəfə xristianlığın rəsmi dövlət səviyyəsində Ermənistanda elan olunduğunu və bu hadisənin 301-ci ildə gerçəkləşdiyini iddia edirlər. 301-ci il tarixinin ilk xristian dövlətinin quruluş ili olaraq göstərilməsinin və eyni zamanda “dünyanın ilk xristian etnosu və dövləti” şəklində önə sürülən iddiaların səbəbi tamamilə dini, siyasi mahiyyətdədir və qonşu ölkələr üzərində dini və mədəni üstünlüklər əldə etmək üçün aparılan təbliğatdır. Erməni yurdunun tarixi və erməni etnosunun mənşəyi məsə¬ləsi kimi, onların xristianlıq tarixi də mübahisələrə və müx¬təlif iddiaların ortaya çıxmasına səbəb olmuşdur. Xristianlığın er¬mənilər arasında yayılması məsələsi, “ilk xristian etnos və dövlət” iddiası müxtəlif rəvayətlərə əsaslandırılmaqdadır. Erməni və fransız tarixçiləri (M.Ormanian. L’Eglise Armenienne. Antelias-Livan, 1954; S. Kaloustian. Saints and sacraments of the Armenian Church. New York, 1969; J.Sandalgian. Histoire documantaire de l’Armenie des ages du paganisme. Roma, 1917; H.Pasdermadjian. Histoire de l’Armenie. Paris, 1971; L.d’Edesse. Histoire d’Abgar. Paris, 1880; F.Tournebizne. Histoire politique et religieuse de l’Armenie. Paris, 1900; A.Houtin. Courte histoire du Chrisianisme. Paris, 1924 və s.) bu rəvayətlərdən birini bizim eranın əvvəllərində yaşamış Urfa (Edesse) kralı olan Abkarla (və ya Avkar), digərini isə müqəddəs Qriqorla əlaqələndirməkdədirlər. Həmin tədqiqatçıların göstərilən mənbələrinə istinadən qeyd olunan hər iki rəvayət Esat Uras, Əbdürrəhman Kiçik, Ərdal İltər, Fəxrəddin Kırzıoğlu kimi məşhur türk tarixçilərinin əsərlərində də yer almaqdadır (29, s. 51-52; 16, s. 36-37; 8, s. 18).

“Dünyanın ilk xristian etnosu və dövləti” iddiası ilə bağlı birinci rəvayət

Birinci rəvayətə görə, Urfa (Edesse) kralı Abkar cüzam xəstəliyinə tutulmuşdu. Yeddi il idi ki, bu xəstəlikdən əziyyət çəkirdi. Hz. İsanın varlığından və onun xəstələrə şəfa verməsindən xəbərdar olan kral mübtəla olduğu bu xəstəlikdən xilas olmaq üçün Anan (və ya Hananya) adlı adamı ilə bu şəxsə bir məktub göndərir. O, məktubunda İsanın “Tanrı və ya Tanrının Oğlu” olduğuna inanacağını bildirir və gəlib onu sağaltmasını xahiş edir. İsa da cavab məktubunda son dərəcə vacib bir vəzifəni yerinə yetirməklə mükəlləf olduğu üçün gələ bilməyəcəyini və tezliklə “Yaradan”ın yanına qayıdacağını yazaraq, ona şəfa vermək və xristianlığı yaymaq üçün öz həvarilərindən birini göndərəcəyini bildirir, üzünü sildiyi və üzünün izinin həkk olunduğu dəsmalı Tatios adlı həvariyə verərək onu Abkara göndərir. Göndərilən bu həvari dəsmal vasitəsi ilə Abkarı sağaldır, eyni zamanda İsanın adından şəhərdəki bütün xəstələrə və şikəstlərə şəfa verir. Bu möcüzədən olduqca həyəcanlanan kral Abkar və xalqı xristianlığı qəbul edir (16, s. 36-37; 29, s. 52). Burada çox önəmli bir məqam diqqəti çəkməkdədir. Əvvəla, bu rəvayətdə Urfa (Edesse) krallığı erməni krallığı olaraq göstərilir. İkincisi, kral Abkar və onun xalqı erməni mənşəli və İsanın müasiri kimi göstərilməklə ermənilərin xristianlığı qəbul etmələrinin tarixi bizim eranın əvvəllərinə, yəni 30-cu illərə qədər aparılır. Halbuki mənbələr kral Abkarın erməni mənşəli olması ilə bağlı iddiaları təkzib edir (29, s. 119). Digər bir tərəfdən, əgər bu rəvayət reallığı özündə əks etdirirsə, o zaman hal-hazırda erməniləri xristianlığı qəbul etmələrinin 301-ci ildən etibarən başlanması ilə bağlı iddialar önə sürməyə nə vadar edir? Bu sualın cavabını erməni tədqiqatçısı, eyni zamanda rahib olan Malaçiya Ormanyanın “L’Eglise Armenienne” adlı kitabının 6-cı səhifəsində (istinad edən: Əbdürrəhman Kiçik, Erməni kilsəsi və türkler) tapmaq mümkündür. Müəllif 301-ci il tarixindən əvvəl, yəni 300 il içərisində xristianlığın ermənilər arasında yayıldığını isbat edən heç bir tarixi sənədin olmadığını qeyd etmişdir (16, s. 39). Belə bir vəziyyətdə, 301-ci il tarixi birinci rəvayətdəki iddiaların əsassız olduğuna dəlalət edir.

“Dünyanın ilk xristian etnosu və dövləti” iddiası ilə bağlı ikinci rəvayət


İkinci rəvayətdə isə Qriqorianlığın banisi müqəddəs Qriqorla kral Tridat arasında cərəyan edən hadisələrdən və ermənilərin kütləvi olaraq xristianlığı qəbul etmələrindən bəhs olunur. Bu rəvayətə görə, Arşaki şahzadəsi Anağ öz yaxın qohumu kral Xosrovu öldürür və törətdiyi cinayətdən qaçarkən kralın mühafizəçiləri tərəfindən təqib edilir. O, ailəsi ilə birlikdə Araz çayından keçərkən boğulur, ailəsinin bütün üzvləri isə ələ keçirilərək öldürülür. Bu ölümdən yalnız süd analarının yanında olan iki uşağı xilas olur. Anağın uşaqlarının süd anası Kayseridən gəlmiş Sofiya adındakı xristian bir qadın idi. Xosrov ilə Anağ öldüklərində hər ikisinin övladları Tridat və Qriqor çox kiçik yaşlarda idilər. Kayseriyə aparılan Anağın oğlu Qriqor xristian olaraq, Xosrovun oğlu Tridat isə əcdadlarının dini olan bütpərəst kimi yetişdirilirlər. Tridat bütpərəst mədəniyyəti ilə böyüdüyü üçün xristianlığa nifrət bəsləyirdi. Lakin bu iki şəxs bir-birinin kim olduğunu bilmirlər. Sonralar Qriqor Tridatın ordusunda xidmət etməyə başlayır və qısa bir müddət içərisində də kralın sevgisini və hörmətini qazanır. Lakin bu hörmət uzun sürmür. Çünki bütpərəst olan Tridat əldə etdiyi bütün nailiyyətlərin və qələbələrin ilahə Anahita və digər tanrıların sayəsində olduğuna inanırdı. O, müəyyən günlərdə Eriza (Ərzincan) məbədində Anahitaya qurbanlar kəsərdi. Qriqora da Anahitaya qurban kəsməsi əmr edilir. Lakin o, bu əmri rədd edərək xristian dininə sitayiş etdiyini bildirir və insanların xilasının Tanrının yeganə oğlu İsaya inanmaqla mümkün ola biləcəyini açıqlayır. Qriqor eyni zamanda bütün kafirləri Tanrının əbədi cəzası ilə təhdid edir. Kral Tridat isə “mənim inanmadığım bir Tanrıya sitayiş etməyə necə cəsarətin çatır?” deyərək, Qriqora ağır işgəncələr verir. Bu əsnada Artavazd adlı bir əsilzadə krala xəbər verir ki, Qriqorun yaşamağa və günəşi görməyə haqqı yoxdur. İndiyə qədər xristian olduğunu bizdən gizlədirdi. Artıq onu tanıyırıq. Bu adam sizin atanızı öldürən, Ermənistanın süqutuna və əsir olaraq yaşamasına səbəb olan Anağın oğludur. Bu xəbərdən sonra kral Tridat müqəddəs Qriqoru “Xor-Virab” adıyla bilinən Artaşat qəsrinin dərin quyusuna atdırır. Qriqor bu quyuda 15 il qalır. Bu müddət içərisində Anna adlı bir qadın ona gizlin yemək-içmək verir. Qriqorun quyuda qaldığı müddətdə Roma imperiyasında xristianlara qarşı tətbiq olunan işgəncələrdən xilas olan müqəddəs Qayanenin rəhbərliyi altında “bakirə icması” Eçmiədzinə pənah gətirir. Bakirə icmasının içində misilsiz gözəlliyə sahib olan Ripsime adlı bir qız da var idi. Eçmiədzinə gəlməzdən əvvəl Roma imperatoru Diokletian Ripsimeyə aşiq olmuş və onunla evlənmək istəmişdi. Bu və ya digər səbəblərdən bakirə icması şərqə qaçaraq Eçmiədzinə gəlir. Ripsimenin gözəlliyi kral Tridatı da valeh edir. O da Diokletian kimi bu qızla evlənmək istəyir, ancaq Ripsime kralın təklifini rədd edincə, Tridat onu və 32 rahibəni öldürtdürür. Bu faciəli hadisədən sonra kral Allahın qəzəbinə uğrayır və ruhi xəstəliyə düçar olaraq özünü heyvan kimi hiss etməyə başlayır. Ən yaxşı həkimlərə müraciət edilsə də və eyni zamanda əcdadlarının tanrılarından mədəd umulsa da heç bir nəticəsi olmur. Tridatın xəstəliyi onun bacısına son dərəcə pis təsir edir. O vaxtdan qəm-qüssə içərisində olan kralın bacısına bir gün yuxusunda mələk tərəfindən Tridatın xəstəliyinin çarəsinin yalnız Qriqorda olduğu deyilir. Şahzadə oyanaraq yuxusunu danışır, lakin heç kim ona inanmır. Çünki hər kəs Qriqorun çoxdan öldüyünü fikirləşirdi. İkinci və üçüncü dəfə eyni yuxudan sonra şahzadənin təkidi ilə Qriqorun atıldığı quyuya gedirlər və sağ olduğunu görüncə, böyük sevinc içərisində onu saraya gə¬tirirlər. Qriqor kralın və onun kimi xəstəliyə tutulan digər şəx¬s¬lə¬rin də sağalması üçün Tanrıya dua edir və onlar bu xəstəlikdən xi¬las olurlar. Bu hadisədən sonra kral Tridat xristianlığı qəbul edir və 301-ci ildə krallığın rəsmi dininin xristianlıq olduğunu elan edir. Kral Tridatın ona verdiyi bütün səlahiyyətlərdən istifadə edən müqəddəs Qriqor xristianlığı yaymağa nail olur. Kralın bu yar¬dımı ermənilər tərəfindən təqdirlə xatırlanmış və Tridat “bö¬yük nurlandırıcıya canla başla xidmət edən kral” adıyla anıl¬mışdır. Xalqı İncilin işığı ilə aydınlandırdığı üçün Qriqora Lusa¬voriç, yəni “nurlandırıcı” ləqəbi verilir (8, s. 18; 16, s. 44). O, xris¬tianlığı yaymaq məqsədilə keçmiş məbədləri də yıxır və er¬mənilər tərəfindən Allahın yeganə oğlunun yer üzünə endiyi məkan olaraq qəbul edilən Eçmiədzinə gələrək burada kilsə qurur (16, s. 45). Müqəddəs əmanətlərin də saxlanıldığı yer olaraq qəbul edilən Eçmiədzin günümüzdə ermənilərin dini olmaqla birlikdə eyni zamanda siyasi mərkəzidir.

301-ci il tarixinin mahiyyəti və pərdə arxası

Ermənilər xristianlığı 301-ci il tarixində kütləvi olaraq qəbul etdiklərini önə sürsələr də, tədqiqatlar nəticəsində bu tarixin ermənilərin xristianlığı qəbul və erməni kilsəsinin quruluş ili olmadığı ortaya çıxmışdır. Onların iddia etdiklərinin əksinə 301-ci ildə xristianlıq “Yuxarı ölkə” mənasına gələn və Hay qövmü ilə heç bir əlaqəsi olmayan Ermənistanda rəsmi din olmamışdır (bu barədə bax: 3, s. 70-72). Eyni zamanda heç bir siyasi müstəqilliyə malik olmayan erməni çarlığının xristianlığı rəsmi din olaraq qəbul etməsi və vassalı olduğu Roma imperiyasının icazəsi olmadan sərbəst fəaliyyət göstərməsi də mümkün deyildi. Bu da bir həqiqətdir ki, mənbələr müqəddəs Qriqorun 298-ci ildə həbsə atıldığını və 15 il həbsdə qaldığını sübut etməkdədir (9, s. 18). Bu baxımdan onun 301-ci ildə həbsdən çıxmış olması məntiqi cəhətdən imkansızdır. Adi riyazi hesablama ilə Qriqor 313-cü ildə həbsdən çıxmış və bu tarixdən etibarən xristianlığı yaymağa başlamışdır. Əslində onun sərbəst buraxılması tarixi heç də təsadüfi deyildi. Qriqorun həbsdən çıxarılması və Ermənistanda xristianlığı geniş şəkildə yayması Roma imperatoru Konstantinin Milan fərmanını elan etdiyi tarixə, yəni 313-cü ilə təsadüf edir. Bilindiyi kimi, xristianlıq bu fərmanla Roma tərəfindən rəsmən tanınmışdı (10, s. 32). Belə bir vəziyyətdə ilk ağla gələn sual bu olar: 1700 ildən çox davam edən bu fikir kifayət qədər güclü və köklü deyilmi? Eyni zamanda bir neçə il az və ya çox olması ermənilərə nə kimi mənfəətlər gətirə bilər? Üzərində durmaq istədiyimiz məsələ ermənilərin xristianlığı qəbul etmələri və ya hansı səbəblərə görə xristian olduqları deyil. Əsl məsələ onların məhz 301-ci il tarixi üzərində bu qədər təkidlə dayanmalarının səbəbini araşdırmaqdır. Yuxarıda da qeyd edildiyi kimi, ilk xristian dövlətini ortaya atmaqda əsl məqsəd qonşu ölkələr üzərində siyasi, dini və mədəni üstünlüklər əldə etmək, bu ölkələri psixoloji təsir altına almaqdır. Halbuki ermənilər onların iddia etdikləri kimi dünyanın ilk xristian etnosu və dövləti deyillər. Diqqət yetirilməsi vacib olan məsələlərdən biri də budur ki, Qriqorianlıq və bu məzhəbin qurucusu Qriqor da hay qövmünə - ermənilərə mənsub deyil. Görkəmli türk tarixçilərindən Əbdürrəhman Kiçik, Fəxrəddin Kırzıoğlu, tanınmış albanşünas alim Fəridə Məmmədova, məşhur avstriyalı alim Erik Fayql müqəddəs Qriqorun parfiyalı olduğu barəsində həmfikirdirlər (16, s. 9; 14, s. 49; 22, s. 217; 4, s. 34). Mənbələrdə parfiyalıların türk olduqları və İranda Parfiya dövlətinin sakların soyundan olan Arsak türkləri tərəfindən qurulduğu göstərilməkdədir (bu barədə ətraflı bax: 29, s. 91; 15, s. 19-23). Digər məşhur türk tarixçisi Zəki Vəlidi Toqan part sülaləsinin Xorasanda meydana çıxdığını (26, s. 39) və türk qəbilələrindən olduğunu qeyd etməkdədir (26, s. 47). Ermənilərin “dünyanın ilk xristian etnosu və dövləti”, “xristianlığın Qafqazdakı varisləri” kimi ortaya atdıqları iddialar tamamilə əsassızdır. Heç təsadüfi deyildir ki, ermənilər bu iddialarını əsaslandırmaq üçün albanların meydana gətirdiyi xristianlıq mədəniyyətinə də sahib çıxmağa çalışırlar. Erməni iddialarına görə, Albaniya “Böyük Ermənistan”ın ayrıl¬maz hissəsidir, Şərqi Ermənistan olaraq adlandırılır (30, s. 47-48, 67; 31, s. 40). Bu iddialar “dənizdən-dənizə Böyük Ermənistan” ideologiyasının gerçəkləşməsi üçün qonşu ölkələrin torpaqları üzərində yoxdan var edilən uydurma ərazi iddialarıdır. Erməni iddialarını təkzib edən, eyni zamanda xristianlığın Albaniyada daha erkən yayılmasını sübut edən çox sayda faktlar mövcuddur. Moisey Kalankatuklunun əsərində dəlil kimi göstərilən erməni katolikosu Avraamın albanlara məktubunda bu sətirlər yer alır: “...Bizdən (ermənilərdən) qabaq mövcud olan alban kilsəsi bizimlə (ermənilərlə) razılaşırdı...” (11, s. 82)[1]. Digər bir yerdə də müəllif Albaniyanın xristianlığı ermənilərdən 270 il əvvəl qəbul etdiyini göstərir (11, s. 81-82). Bu məlumat son dərəcə qiymətlidir. 313-cü ildə xristianlığın Milan fərmanı ilə təsdiq olunduğunu və ermənilərin də məhz bu fərmandan sonra rəsmi din olaraq qəbul etdiklərini nəzərə alsaq, Albaniyada xristianlıq 43-cü ildə mənimsənmişdir. Belə bir vəziyyətdə ermənilərin “dünyanın ilk xristian etnosu” iddiası təkzib edilmiş olur. Bundan başqa, heç bir siyasi müstəqilliyə sahib olmayan erməni çarlığının Roma imperiyasının icazəsi olmadan sərbəst fəaliyyət göstərməsinin mümkün ola bilməyəcəyini də yuxarıda qeyd etmişdik. Bu həqiqət də ermənilərin “dünyanın ilk xristian dövləti” iddiasını puç edir. Aparılan təhlillərdən belə bir nəticəyə gəlmək mümkündür ki, Er¬mənistanın özünü xristianlığı mənimsəyən ilk dövlət adlandır¬ma¬sının heç bir əsası yoxdur. Albaniyada isə xristianlıq apostollar (hə¬varilər) dövrü qədər qədimlərə gedib çıxır. Xristianlığın hələ er¬mənilər arasında bilinmədiyi zamanlarda Albaniyada və alban¬lar arasında bu barədə ictimai rəy artıq formalaşmışdı. Xaçpərəstliyi Hz. İsanın həvariləri olan Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün Albaniya kilsəsi ilk apostol kilsəsidir. Ermənilər isə xristianlığı 313-cü ildə qəbul etdiklərinə görə həvariyə (apostola) heç bir tərəfdən bağlılığı yoxdur. Erməni mənbələrində Qafqaz Albaniyası erməni yurdu olaraq göstərilmiş, alban tarixinə aid hadisələr erməni tarixinə şamil edilmişdir. Bununla birlikdə ermənilər alban abidələrini silib üzərinə ermənicə mətnlər yazmış və xaç işarələri çəkmişlər (3, s. 88). Şübhə yoxdur ki, alban abidələrində də xaç işarələri olmuşdur, amma bu işarələr erməni kilsəsindəki xaç işarələrindən olduqca fərqlənir. Günümüzdə qədim dövr alban tarixçisi ola¬raq bilinən tarixçilərin əksəriyyəti ermənilər tərəfindən mənim¬sən¬mişdir. Erməni və alban kilsələrindəki memarlıq abidələri bir-birin-dən olduqca fərqlənirlər. Alban kilsələrində erməni müqəddəslərinin heykəlləri yoxdur, bu heykəllər ermənilər tərəfin¬dən sonradan əlavə edilmişdir (9, s. 22).

“Xristianlığın ilk şəhid milləti” iddiası və onun beynəlxalq siyasətdə yeri

“Dünyanın ilk xristian etnosu və dövləti” iddiaları ilə kifayətlənməyən ermənilərin digər dini strategiyalarından biri də “xristianlığın ilk şəhid milləti” iddiasıdır. Bu iddia bilavasitə 1915-ci ildə baş vermiş hadisələrlə bağlıdır ki, həmin iddiaların arxasında erməni kilsəsi dayanır. Kilsə “qondarma erməni soyqırımı hekayəsi”ni əfsanələşdirmiş, uydurulan soyqırımı ilə Nuh Tufanı arasında məntiqsiz bir əlaqə quraraq, erməni-türk düşmənçiliyini daha da gərginləşdirmişdir. Bu əfsanəyə görə, guya Tanrı tərəfindən “seçilmiş bir millət” olan ermənilərin Tufan hadisəsindən sonra nə qədər dözümlü və əzmli bir xalq olduğu ortaya çıxmışdır. Yəni Tanrı onları Nuh Tufanı ilə sınağa çəkmiş, ermənilər də bu sınaqdan uğurla çıxmışlar. İddiaya görə, birinci imtahandan müvəffəqiyyətlə çıxan erməniləri Tanrı ikinci dəfə də imtahana çəkib ki, bu imtahan da əfsanələşdirilən “erməni soyqırımı” iddiasıdır. Guya ermənilər kütləvi surətdə məhv edilmək istənilmiş, amma bütün bunlara baxmayaraq öz iradəsi, dözümü və əzmi sayəsində millət olaraq tarix səhnəsindən silinməmişlər. Ermənilər arasında yayılan inanca görə, birinci fəlakət Tufandırsa, ikinci fəlakət də türklərdir. Buna görə də türklər ermənilər tərəfindən insan kimi deyil, simvolik olaraq təbii fəlakətlərin meydana gətirdiyi hadisələrin sinonimidir (17, s. 41). Erməni kilsəsi tərəfindən şüuraltına belə düşüncələr yerləşdirilmişdir ki, guya ermənilər Allahın lütfü ilə necə ki, Tufanda məhv olmamış və ardından bütün dünyaya yayılaraq ana vətənlərinə qayıtmaq gücünü özlərində tapa bilmişdilərsə, 1915-ci il hadisələrindən sonra da həyatda qalmağı bacarmışlar (20, s. 103). Amerikan tədqiqatçısı Səmyuel Uimz bu barədə yazır: “Ermənilər xristian dünyasının içində dönə-dönə nağıllar söyləyərək, özlərinin İisus Xrist yolunda əzabkeş millət olması haqqında xristian dünyasında ictimai fikir yaratmaq istəmişlər. Ermənilər xristian olmayan hər şeyin xristianlığa qarşı ziyan, qorxu və nifrət olması təsəvvürünü formalaşdırırlar. Bu günlər ermənilərin danışdığı ən böyük nağıl isə bundan ibarətdir ki, guya 1915-ci ildə onların 1.5 milyon nəfər ulu babası türklər tərəfindən qətlə yetirilmişdir və bu, iyirminci əsrin ilk genosid nağılıdır...” (27, s. 62). Daha sonra o, yazır: “...Ermənilər iddia edirlər ki, onlar əvvəlcə öldürülmüş və sonra – onlar bu cür yaxşı xristian olduğundan – 1.5 milyon nəfəri İisus kimi zühur etmişdir. Hər şey bir yana, erməni liderləri xəyali genosidi “çarmıxa çəkilmə”, yeni diktator ölkənin yaradılmasını isə İisus kimi “zühur etmək”lə müqayisə edirlər. Bu saxtakarlıqdır!...” (27, s. 177). Bu soyqırımı əfsanəsindən bir amil olaraq istifadə edib millətin beynini zəhərləyən erməni kilsəsi terror təşkilatlarını da hər vəchlə dəstəkləmişdir. Ermənilərin milli psixologiyasına görə, dünyanın bütün xristian ölkələrinin ermənilərin haqq səsinə cavab və dəstək vermələri zəruridir. Hər şeydən əvvəl ona görə ki, ermənilər “xristianlığın ilk şəhid milləti”dir. Bu metod da ermənilərin “din” strategiyasının əsas istiqamətlərindən biridir. “Xristianlığın ilk şəhid milləti” iddiası ilə ermənilər 1915-ci il hadisələri ilə yəhudi soyqırımı arasında əlaqə qurmağa çalışaraq, həmin metodla torpaq və təzminat almaq niyyətindədirlər. Məlum olduğu kimi, faşistlərin idarəsi altında alman yəhudilərinin vətəndaşlıqları əllərindən alınmış və müxtəlif vəzifələrə gəlmələri qadağan edilmişdi. İkinci Dünya müharibəsinin başlanması ilə yəhudilərin kütləvi surətdə öldürülmələrinə hökm verilmiş və bu hökm dövlət siyasəti olaraq həyata keçirilmişdi (2, s. 381). Kütləvi soyqırımı yəhudiləri vahid mərkəzdə birləşməyə aparıb çıxardı. Nəticədə onlar öz milli və dini birliklərini qorumaq üçün Yaxın Şərqdə bir dövlət qurdular. Bu dövlətin yaradılması eyni zamanda Qərb dövlətlərinin də maraqlarına uyğun idi. Yəhudilərin bu sayədə qazanclar əldə etdiyini fürsət bilən ermənilər 1990-cı illərdə “soyqırımı” kəlməsi ilə birlikdə “xolokost” kəlməsindən də istifadə etməyə başladılar. Onlar eyni zamanda beynəlxalq siyasətdə bu vəziyyətdən istifadə etməyi planlaşdıraraq tarixdə soyqırımına məruz qaldıqlarını iddia etməklə və tarixi ərazilər önə sürməklə heç bir zaman olmayan “Böyük Ermənistan” dövlətini bərpa etmək, həmçinin “məzlum və zavallı” xalq kimi müxtəlif imtiyazlar, güzəştlər və eyni zamanda təzminat almaq niyyətinə düşdülər. Bugünkü siyasət də o istiqamətdə aparılmaqdadır. Hər il dünya ölkələrinin parlamentlərinin müzakirəsinə çıxarılan “soyqırımı” iddialarının pərdə arxasında həmin niyyətlər dayanır. Diqqəti çəkən bir məsələ də ondan ibarətdir ki, ermənilər 1915-ci il hadisələri ilə yəhudi soyqırımı arasında paralellik aparmaq niyyətində olsalar da, tarixi həqiqətlər ermənilərin yəhudilərdən fərqli olaraq soyqırımına məruz qalmadığını, əksinə törətdiklərini isbat edir. Bu isə “qondarma erməni soyqırımı” ilə “yəhudi xolokostu” arasındakı oxşarlığı tamamilə təkzib edir. İkinci bir tərəfdən, ermənilərdən fərqli olaraq yəhudi xolokostunda silahlı bir üsyan olmamış, yəhudilər ilə toplum içərisin¬dəki qruplar arasında silahlı münaqişələr cərəyan etməmişdir. Bütün cinayətlər Faşist Almaniyasının təktərəfli şiddət siyasəti şəklində həyata keçirilmişdir. Eyni zamanda ermənilərdən fərqli olaraq yəhudilərə heç bir dövlət tərəfindən siyasi və hərbi baxımdan dəstək də verilməmişdir. Üçüncüsü, yəhudilər bir bölgədən digər bir bölgəyə kö¬çü¬rül¬¬¬məyə də məruz qalmamış, sırf məhv edilmələri planlaş¬dırı¬l¬mışd¬ır. Dördüncüsü, yenə də ermənilərdən fərqli olaraq yəhudilər ilə alman dövləti arasında olduqca güc fərqi də vardı. Yəhudilər giz¬li yerlərdə silahlanaraq qruplar meydana gətirməmişdilər. Bütün bunlar həqiqət olsa da, ermənilərin yeritdiyi siyasət dünya ictimaiyyətinə haqq-ədalətin öz yerini tapması şəklində təqdim olunur. Bəzi nüfuzlu elitalar guya Hitler tərəfindən söylənən “kim erməni soyqırımını xatırlayır ki?” sözlərindən hər fürsətdə istifadə etməkdə (32, s. 115) və Hitlerin bu soyqırımı fikrini türklərdən mənimsədiyini önə sürməkdə, eyni zamanda dünya ictimaiyyətinə faşistlər tərəfindən törədilən yəhudi soyqırımı ilə qondarma erməni soyqırımı arasında əlaqə qurmaq məqsədilə “türklərin gizli yazışmaları” adı altında ermənilərin vəhşicəsinə öldürülmələrini əmr edən saxta sənədlər təqdim etməkdədirlər (13, s. 62). Həqiqətdə isə bu sənədlərin və Hitlerə aid edilən sözlərin heç bir əsası yoxdur. Əsas məqsəd “soyqırımı” iddialarını dünyanın aparıcı dövlətlərinin müzakirəsinə çıxarmaqla bu dövlətlərin dəstəyini qazanmaq və onların vasitəsilə Türkiyə üzərində təzyiq qura bilmək, nəticədə Türkiyəni üzr istəməyə məcbur etməklə torpaq və təzminat almaqdır. Ümumiyyətlə, ermənilərin “din” strategiyasının qaranlıq pərdəsi altında ərazi iddiaları və “dənizdən-dənizə Böyük Ermənistan” dövləti yatır. Bəs yaxşı, bu strategiyanın beynəlxalq siyasətdəki yeri nədir? Dünyanın aparıcı dövlətlərinin “soyqırımı” iddialarını gündəmə gətirmələrindəki əsas məqsədləri və hədəfləri nədən ibarətdir? Qənaətimizcə, bu iddiaların Qərb dünyasında dəstəklənməsi antitürk və antiislam münasibətlər çərçivəsində dəyərləndirilə bilər ki, bunun da səbəblərindən birini Qərb-Türk sivilizasiyalarının toqquşmasında axtarmaq lazımdır. Əvvəlki tədqiqatlarımızda bu məsələyə toxunduğumuzdan təkrar üzərində durmayacağıq (bu barədə bax: 24; 25, s. 43-56). Digər bir səbəb Qərb-xristian dünyasının şüuraltında gizlənən “günahlardan arınma (təmizlənmə) psixologiyası”dır. Bu psixologiyanın pərdə arxasında gizlənən məqamlar nələrdir? Məlum olduğu kimi, xristian Avropa ölkələri yəhudiləri Hz. İsanın, dolayısı ilə Tanrının qatilləri (Godkiller) olaraq görmüş və bu səbəbdən ilk günah inancında olduğu kimi, bütün yəhudi nəslini məsul tutmuşlar (2, s. 381). Beləliklə, Tanrının öldürülməsi günahından təmizlənməsi mümkün olmayan “qanı kirli ikinci dərəcəli insanlar sinfi” kimi adlandırılan yəhudilər ən aşağı millət olaraq qəbul edilmişlər. Qeyd edək ki, eramızdan əvvəlki dövrlərdə də Assuriya, Babil və Roma tərəfindən sürgünə məruz qalan yəhudilər 1290-cı ildə İngiltərədən, 1394-cü ildə Fransadan, 1492-ci ildə də İspaniyadan deportasiya olunmuşdular. Yəhudilərin adı çəkilən ölkələrdən sürgün edilmələri xristianlar tərəfindən bu millətin dini səbəblərdən qovulması şəklində xarakterizə olunmuş və xristian dünyasının ən qaranlıq dövrlərindən biri kimi qəbul edilmişdir. Nəticədə antisemitizm ideologiyası formalaşmışdır. XX əsrin əvvəllərində də nasistlərin idarəsi altında alman yəhudilərinin vətəndaşlıqları əllərindən alınmış və müxtəlif vəzifələrə gəlmələri qadağan edilmişdir. İkinci Dünya müharibəsinin başlanması ilə yəhudilərin kütləvi surətdə öldürülmələrinə hökm verilmiş, bu hökm dövlət siyasəti olaraq mənimsənmiş və həyata keçirilmişdir (21, s 13-31; 28, s. 13-40; 12, s. 236). Beləliklə, yəhudilərin Nasist Almaniyası tərəfindən soyqırımı gerçəkləşdirilmişdir. Yəhudi soyqırımında məsuliyyət bilavasitə Almaniyanın üzərinə düşsə də, xristian olmaları səbəbi ilə ümumilikdə Qərb-xristian dünyası günahkarlıq duyğusuna qapılmışdır. Yəhudilərə qarşı nifrətin müəyyən mənada digər səbəblərlə birlikdə dini antisemitizm – “antijudaizm”, yəni xristian-yəhudi düşmənçiliyi üzərində qurulduğunu etiraf edən Adolf Hitler “Mənim mübarizəm” (almanca adı “Mein Kampf” olan bu kitab Türkiyədə “Kavgam” adıyla nəşr edilmişdir) adlı kitabında yazırdı: “...İsa yəhudi milləti haqqında bəslədiyi düşüncələrini heç bir zaman gizlətməmişdir. Hətta lazım gəldiyi vaxt bəşəriyyətin düşməni olan bu yəhudiləri Allahın ibadətgahından qamçı ilə qovmuşdur... Yəhudilər bu gün olduğu kimi, keçmişdə də dindən vasitə kimi istifadə etmişlər. Məhz bu səbəbdəndir ki, İsa çarmıxa çəkilmişdir. Hər yəhudinin ruhu öz məzhəblərinin qurucusuna nə qədər yaddırsa, xristianlığa da o qədər yaddır...” (7, s. 314-315). “Müqəddəs dəhşət: dini cinayətlər tarixi” kitabının müəllifi Ceyms A.Haut təkzibedilməz materiallar əsasında göstərir ki, insanlıq tarixinin ən bağışlanılmaz ləkələrindən olan nasistlər tərəfindən yəhudilərə qarşı tətbiq edilən soyqırımı cinayəti eyni zamanda dini zəmində də gerçəkləşdirilmişdir. Bu cinayət əsrlərdir xristianlığın musəvilik haqqındakı təlimlərinin acı meyvəsi idi. Əgər Tanrının adından musəvilərə qarşı nifrət aşılanmamış olsaydı, bu cinayətlər baş verməzdi. Nasistlər eyni xristian ənənələrinə görə hərəkət etdilər. Hitlerin törətdiyi soyqırımı musəvilərə qarşı uzun illərdən bəri qidalanan nifrətin ən yüksək həddi idi (6, s. 105-106). Müəllif digər bir yerdə də qeyd edir ki, nasistlərin törətdikləri cinayətlər yeni bir canilik deyildi. Onlar sadəcə olaraq 2 min illik tarixi olan musəvi əleyhdarlığına əsaslanan xristian ənənələrini davam etdirdilər. Faşistlərin ölüm düşərgələrinin kökləri xristianlığın tarixi strukturunda axtarılmalıdır. Musəvilərin şeytani rolları ilə əlaqəli əfsanələr əsrlər boyunca xristianlığı onlara qarşı hücuma sövq etmişdir (6, s. 108). Müəllif eyni zamanda vaxtilə rahib olan ilahiyyatçı alim Peter de Rosanın 1988-ci ildə nəşr olunan “Məsihin kəndli keşişləri” adlı kitabından sitat gətirərək yazır ki, Müqəddəs Papanın qəbul etdiyi qərarlarla qətliamlar, qaz otaqları və nasistlərin ölüm düşərgələrindəki insan sobaları arasındakı faciəvi əlaqələr inkar edilə bilməz (6, s. 108). Xristian rahibləri və ümumilikdə kilsə tərəfindən insanların beyinlərinin musəvi düşmənçiliyi ilə doldurulduğunu da qeyd edən Ceyms A.Haut onu da göstərir ki, din xadimləri sizə kimi öldürəcəyinizi söyləməz, sadəcə kimdən nifrət edəcəyinizi deyərlər. Kilsə daim gənclərə onların ən həssas dövrlərində musəvilərin İsanı öldürdüyünü və bu səbəblə Tanrının yəhudiləri əbədiyyətə qədər lənətlədiyini öyrətmişdir. 2 min il boyunca musəvilərə qarşı törədilən bütün cinayətlərdə kilsənin barmağı vardır. Harada xristian kilsəsi varsa, orada musəvi düşmənçiliyi vardır. Nasistlər də hakimiyyətə gəldiklərində öz cinayətlərini məhz bu reallıq üzərində qurdular (6, s. 109-110). Fikirlərimizi bir daha əsaslandırmaq üçün valideynləri İkinci Dünya müharibəsi dövründə nasistlər tərəfindən öldürülən yəhudi mənşəli amerikalı tarixçi Daqobert Ranesin sözlərinə müraciət etməyi məqsədəuyğun sayırıq. O, yəhudi soyqırımı barəsində xristian kilsəsini ittiham edərək deyirdi: “Hitlerin musəvilərə qarşı törətdiyi vəhşi cinayətlər onsuz da daha əvvəllər xristian kilsəsi tərəfindən yəhudilərə tətbiq edilirdi. Bu ilk zərbə deyildi... Musəvi kitablarının və yəhudilərin yandırılması... Hitler bunların hamısını kilsədən öyrəndi. Keçmiş dövrlərdə kilsə yəhudi uşaqlarını və qadınları diri-diri yandırarkən, Hitler onlara daha sürətli ölüm bağışladı. Əvvəlcə qaz otaqlarında öldürdü, sonra da yandırdı” (6, s. 109). Göründüyü kimi, yəhudi soyqırımında məsuliyyət bilavasitə Almaniyanın üzərinə düşmür. Bütün yəhudilərin düşüncəsinə görə, kilsə aşılamış olduğu fikirlərdən dolayı yəhudi soyqırımından ötrü məsuliyyət daşımaqdadır. Məhz bu baxımdan Qərb-xristian dünyası günahkarlıq duyğusuna qapılmışdır. Yəhudilərə qarşı törədilən xolokostun (yəhudi soyqırımının) Qərb-xristian şüuru üzərindəki təsirləri o qədər dərindir ki, onun səbəb olduğu dərin psixoloji gərginlik xristianların heysiyyətinə toxunmuş və bu təsir üstündən illər keçsə də, özlərini günahkar hiss etmələrinə yol açmışdır. Onların erməni məsələsinə baxışı daha çox bu şüurun bilavasitə tarixdən miras qalmış hadisələri ilə əlaqəlidir. Bu günahlardan tamamilə silkinib arınmaq üçün guya türklər tərəfindən törədilən qondarma “erməni soyqırımı”nın yəhudi soyqırımına öncülük təşkil etdiyi iddiası ortaya atılmış, hətta musəvilərin məhv edildiyi qaz otaqlarının türklər tərəfindən icad edildiyi və Hitlerin belə bir addım atmasında türklərin başlıca rol oynadığı da iddia edilmişdir (34). Almaniya Parlamentinin nəzdində fəaliyyət göstərən “Elmi Tədqiqat Xidməti” adlı təşkilatın 3 aprel 2000-ci il tarixli raportunda göstərilməkdədir: “Alman Nasional-Sosialistlərinin gerçəkləşdirdikləri kütləvi yox etmə metodları əslində 1915-ci ildə ermənilərə qarşı türklər tərəfindən həyata keçirilmişdir. Ermənilər ağır şərtlər altında işlədilərək məhv edilmiş, insanlar heyvan vaqonlarına doldurulmuş və onların üzərində vəhşicəsinə tibbi təcrübələr aparılmışdır. Erməni əsgərləri və sivillər müxtəlif viruslara yoluxduruldular. Trabzonda erməni uşaqları hamama aparılmaq bəhanəsiylə onlar üçün təşkil edilmiş otaqlarda zəhərli qazla öldürülmüşdülər. Gəldiyimiz nəticə bundan ibarətdir ki, Adolf Hitler türklər tərəfindən törədilən soyqırımı barəsində mükəmməl məlumatlara sahib olmuş və bunu özü üçün nümunə kimi mənimsəmişdir” (1, s. 184-185). Halbuki yuxarıda da sitat gətirdiyimiz yəhudi mənşəli amerikalı tarixçi Daqobert Ranesin sözləri bu iddiaları kökündən təkzib etməkdədir. Əgər Hitler həqiqətən türklərdən nümunə götürsəydi, o zaman Daqobert Ranes kilsəni deyil, türkləri ittiham edər ya da ən azından bu barədə məlumat verərdi. “Hitler soyqırımını türklərdən öyrəndi” şüarı əsl həqiqətdə “biz əslində belə cinayətlərə yol vermərik, bu işdə müsəlman türklərin barmağı var” məntiqi ilə işləyən bir mexanizmlə günahlardan arınma metoduna baş vurulmuşdur (33). Yəni burada musəvilərin düşməni olaraq xristianlar deyil, guya xristianlara yol göstərən və onları kütləvi cinayətlərə sövq edən müsəlman türklər göstərilir. Yuxarıda da qeyd edildiyi kimi, yəhudilərlə xristianlar arasında keçmişdən miras qalan düşmənçiliyin hökm sürdüyü tarixi həqiqətdir. Lakin İsrailin milli dövlət olaraq ortaya çıxması “yəhudi məsələsi”nin fərqli yöndə aktuallaşmasına yol açmışdır. Qərb yüzillərlə Avropa məkanında yəhudi-xristian qarşıdurması olaraq xarakterizə olunan yəhudi məsələsini müsəlman-yəhudi münaqişəsinə çevirərək Yaxın Şərqə ixrac etmişdir (2, s. 380). Halbuki Avropada əsrlərlə davam edən yəhudi məsələsi xristian teologiyasından qaynaqlanan antisemit hərəkət olsa da, İkinci Dünya müharibəsindən sonra Yaxın Şərqə ixrac edilən İsrail məsələsinə qarşı bölgədəki müsəlman ictimaiyyətin göstərdiyi reaksiya antisemit deyil, siyasi əsası olan antisionist bir reaksiyadır (2, s. 381). Yəni burada əsas məqsəd xristian-yəhudi düşmənçiliyinin tədricən unutdurulması və öz yerini yəhudi-müsəlman münaqişəsinə verməkdən ibarət olmuşdur. İsrail ilə Ərəb dövlətləri arasında yəhudi-müsəlman düşmənçiliyi yaradıldığı kimi, ermənilərlə türklər arasında da belə bir problem meydana gətirilmişdir. Erməni məsələsi bilavasitə türklərə qarşı tarixdən miras qalan səlibçilik zehniyyətindən qaynaqlanır ki, Qərb xristian dövlətlərinin bu məsələdə tutduğu mövqe həmin zehniyyətin bariz təcəssümüdür. Qondarma erməni soyqırımı qərar layihələrinin nəyə görə hər il gündəmə gəlməsinin açıqlanmasında Qərb-xristian dövlətlərinin şüuraltında gizlənən günah duyğularının və səlibçi zehniyyətin payı olduqca böyükdür. Ancaq burada vacib bir sual ortaya çıxır: İkinci Dünya müharibəsindən sonra Qərb-xristian dünyasında “günahkarlıq, məzlumluq psixologiyası” atmosferinin yarandığı həqiqətdir, ancaq günahkarların və zərər çəkənlərin kimlər olduğuna hansı dövlətlər qərar vermişlər? Türk tədqiqatçısı Erol Göka haqlı olaraq yazır ki, həqiqi mənada məzlumluq psixologiyasından yararlananlar və yararlandıranlar bu psixologiyanın arxasında gizlənən Qərb-xristian dövlətləridir. Onlar istər Birinci Dünya müharibəsindən, istərsə də İkinci Dünya müharibəsindən, eyni zamanda milyonlarla insanın ölümündən məsuliyyət daşıyırlar. Məsələ burasındadır ki, əsl günahkarlar işlədikləri cinayətləri təmizə çıxarmaq üçün belə bir “məzlumluq” oyununu oynamaqdadırlar (5, s. 133). Çox önəmli bir məsələni də vurğulamaq lazımdır ki, Birinci Dünya müharibəsinin baş verməsindən heç bir formada məsuliyyət daşımayan xalqlar arasına nifaq salanlar hal-hazırda hakimlik kürsüsünə əyləşərək, türkləri ittiham etməkdədirlər. Heç kim “iki böyük dünya müharibəsinin başlanmasının əsl səbəbləri nə idi?”, “dünyadakı güc mübarizələri və rəqabətləri nə deməkdir?” kimi imperialist əməlləri və mövqeləri ortaya çıxaracaq suallar verməməkdə, bunun yerinə “ermənilər türklər tərəfindən soyqırımına məruz qaldılar” şəklində ittihamlar yağdırmaqdadırlar. Məzlumluq psixologiyasının altında gizlənən həqiqət hər iki dünya müharibəsinin cavabdehlərinin günah və cinayət psixologiyasıdır. Ümumilikdə yəhudilərin tarix boyu başına gətirilənlərdən məsuliyyət daşıdıqları halda baş vermiş cinayətlərə bəraət qazandırmaq üçün Qərb-xristian dünyası “biz əslində belə cinayətlərə yol vermərik, bu işin arxasında müsəlman türklərin barmağı vardır” tezisini ortaya ataraq, gülünc yolla günahlarından təmizlənməyi ümid edirlər.

Ortaya çıxan məqam budur: müəyyən mənada Qərb-xristian dünyası günahlardan arınmaq və özlərinə bəraət qazandırmaq üçün tarixdə ilk soyqırımı törədənlərin xristianlar deyil, ilk dəfə məhz xristian erməniləri soyqırımına məruz qoyan müsəlman türklər olduğunu önə sürürlər. Bu baxımdan Qərb-xristian ictimaiyyətinin nəzərində öz dini və siyasi mənafelərinə uyğun olaraq ermənilərə xüsusi rəğbət yaratmaq məqsədi ilə “xristianlığı rəsmən qəbul edən ilk dövlət və millət Ermənistan və ermənilərdir. Tarixdə ilk dəfə xristian ermənilər müsəlman türklər tərəfindən soyqırımına məruz qalmışlar” şəklində təbliğatlara geniş yer ayırmaqdadırlar Ermənilərin “Böyük Ermənistan”ın alt strukturunu təşkil edəcəyini düşündükləri “Böyük Erməni Tarixi”ni yaratmaq üçün “yer üzünün ilk xristian etnosu və dövləti”, “xristianlığın ilk şəhid milləti” kimi ortaya atdıqları iddialar və göstərdikləri cəhdlər tarixi reallıqların saxtalaşdırılmasına yol açmışdır. Bu cəhdlər öz növbəsində ermənilərin tarixini əfsanə və mifologiyalarla sıx surətdə birləşdirmişdir. Onlar “Tanrı tərəfindən seçilmiş üstün millət” olduqlarını önə sürərək bu vasitə ilə qonşu ölkələr üzərindəki ekspansionist əməllərini gerçəkləşdirmək niyyətindədirlər. Ermənilərin “din” strategiyasının qaranlıq pərdəsi altında müəyyən gizli planlar yatır. Qədim sivilizasiya, inzibati-ərazi, dini iddiaları özündə ehtiva edən bu strategiya ilə yola çıxan erməni kilsəsinin, millətçi ideoloqların qarşısında duran başlıca məqsəd və hədəf “Böyük Ermənistan” ideologiyasının reallaşmasıdır. “Din” strategiyası ermənilərlə Azərbaycan-Türkiyə ikilisi arasındakı qarşıdurmada Ermənistanın üstünlüyünü təmin edən amillərin başında gəlir və beynəlxalq arenada ermənilərin mövqeyini haqsız yerə gücləndirməsinə səbəb olur. Hər şeydən əvvəl ona görə ki, bu strategiya öz növbəsində Qərb dövlətlərinin də dini, siyasi maraqlarına xidmət edir ki, bu da bilavasitə tarixdən miras qalan səlibçilik zehniyyətindən və “günahlardan arınma psixologiyası”ndan qaynaqlanır. Azərbaycanın və Türkiyənin “erməni məsələsi” ilə bağlı beynəlxalq münasibətlər sistemində qarşılaşdıqları problemlər açıqca ortaya qoymuşdur ki, yeni strategiyaların müəyyən edilməsi və gücləndirilməsi qaçılmazdır. Bu mübarizədə uğurlar əldə etməyin başlıca yolu isə psixoloji müharibəyə daha yaxşı hazırlaşmaq və bunu qarşı tərəfə qəbul etdirə bilməkdir

  1. Kalankatuklu Moisey. Albaniya tarixi. Bakı: Elm, 1993, 235 s.