Azərbaycan Milli Ensiklopediyası — Vikipediya

Azərbaycan Milli Ensiklopediyası
Janr ensiklopediya
Orijinalın dili Azərbaycan dili
Nəşriyyat Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli EnsiklopediyasıAzərbaycan Prezidentinin 2004-cü il sərəncamına əsasən 25 cild nəşr olunması planlaşdırılmış, 2007-ci ildən çap olunan çoxcildli ensiklopediya.

XX əsrin 30-cu illərində Azərbaycan Şura Ensiklopediyasının (AŞE) yaradılması ilə əlaqədar bir sıra tədbirlər görülsə də, AŞE-nin nəşri mümkün olmamışdı.[1]

1965-ci il dekabrın 30-da Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti "Azərbaycan Sovet Ensiklopediyasının nəşr edilməsi haqqında" qərar qəbul etdi və AzSSR EA-nın Rəyasət Heyəti yanında ASE-nin Baş Redaksiyası yaradıldı. Qərarda 10 cildlik ASE və "Azərbaycan SSR" xüsusi cildinin (Azərb. və rus dillərində) buraxılması nəzərdə tutulmuşdu. 1970-ci ildə ASE-nin “Azəri Sovet Ensiklopediyası” adı ilə 1-ci cildi çapdan çıxdı, lakin sovet rejiminin tələblərinə cavab vermədiyinə görə kitabın kütləvi nəşri dayandırıldı.

AzKP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə ASE-nin nəşrinə yenidən başlanıldı və 1976–87 illərdə ASE-nin 10 cildinin nəşri başa çatdırıldı. "Azərbaycan SSR" xüsusi cildi isə müəyyən səbəblərə görə çap olunmadı.[1]

Azərbaycan Respublikasının " Nəşriyyat işi haqqında" Qanunu (2000) müstəqil Azərbaycanın yeni universal milli ensiklopediyasının nəşri üçün zəmin yaratdı. AR Prezidentinin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamında deyildiyi kimi Azərbaycan xalqının həyatında baş vermiş mühüm ictimai-siyasi, tarixi, elmi və mədəni hadisələri əks etdirən yeni ensiklopediyanın hazırlanıb latın qrafikasında nəşr edilməsi zərurəti meydana çıxdı.[1]

Azərbaycan Milli Ensiklopediyasının hazırlanıb nəşr olunmasını təmin etmək üçün AR Prezidentinin 2004-cü il 5 may tarixli sərəncamı ilə AMEA-nın "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi yaradıldı. 2007-ci ildə AME-nin "Azərbaycan" xüsusi cildi, 2009-cu ildə isə AME-nin 1-ci cildi çap edildi.[1]

25 may 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti "Azərbaycan Milli Ensiklopediyası"nın veb-portalının yaradılması haqqında qərar verir.[2]

  1. 1 2 3 4 "HAQQINDA" (az.). ensiklopediya.gov.az. 2016-12-05. 2016-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-05.
  2. "Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti QƏRAR" (PDF). 2022-12-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]