Zəkəriyyə Balaxlinski — Vikipediya

Zəkəriyyə Balaxlinski
bayraq
Azərbaycan SSR xalq yerli sənaye komissarı
bayraq2
10 iyun 1937 – dekabr 1937
ƏvvəlkiHüseynbala Ağaverdiyev
SonrakıSəlim Qasımov
bayraq
Zaqatala Qəza İnqilab Komitəsinin sədri
bayraq2
may 1920 – sentyabr 1920
Əvvəlkikomitə təsis edilib
SonrakıXəlil Ağamirov
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyun 1898(1898-06-07)
Doğum yeri
Vəfat tarixi 3 iyul 1938(1938-07-03) (40 yaşında)
Vəfat yeri
Təhsili
  • Şərq Zəhmətkeşlərinin Kommunist Universiteti[d] (19201921)

Zəkəriyyə Ramazan oğlu Balaxlinski və ya Zaxar Roman oğlu Balaxinski (7 iyun 1898, Zaqatala3 iyul 1938, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi. Azərbaycan SSR xalq yerli sənaye komissarı (1937), ZSFSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini, Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurasının sədri kimi vəzifələrdə çalışmış, Zaqatala qəzasının rəhbərlərindən və burada kommunizmin qurucularından olmuşdur. Siyasi repressiyaya uğramışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Zəkəriyyə Ramazan oğlu Balaxlinski 1898-ci ildə Zaqatala mahalının Caro-Muxax nahiyəsinin Tala kəndində, kəndli ailəsində anadan olmuşdur. Zaqatala sənət məktəbini bitirmişdir.[1]

1914-cü ildə Bakıya gəldikdən sonra mexaniki zavodda çilingər işləmiş və inqilabi fəaliyyətə qoşularaq 1917-ci ilin mart ayında bolşeviklər partiyasına daxil olmuşdur. 1918-ci ilin mart qırğınları zamanı müsavatçılara qarşı vuruşmuş, Bakı Kommunası qurulduqdan sonra Fəhlə-Kəndli Qırmızı Ordusunda səfərbərliyə alınmışdır. Kommunanın süqutundan sonra Bakıda qalaraq gizli partiya işi aparmış, Mir Bəşir Qasımov və digər bolşeviklərlə birlikdə baş dəmiryol emalatxanasında kommunist özəyini yaratmışdır.[1]

1919-cu ilin may ayında partiya tərəfindən Nuxa qəzasına göndərilən Zəkəriyyə Balaxlinski burada gənclər arasında təşviqat və təbliğat işləri görmüş, 1919-cu ilin ortalarına yaxın Zaqatala mahalının Qax, BalakənƏliabad nahiyələrində partiya özəklərinin yaradılmasına rəhbərlik etmişdir. Gizli çağırılan Zaqatala partiya konfransında o, bolşeviklərin mahal komitəsinə sədr seçilmişdir.[1]

Zəkəriyyə Balaxlinski Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Zaqatala Qəza İnqilab Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi 1920-ci ilin sentyabr ayında onu Moskvaya, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinə təhsil almağa göndərmiş və o, 1921-ci ilin may ayınadək burada oxumuşdur. Təhsilini başa vurduqdan sonra Azərbaycan K(b)P Zaqatala Qəza Komitəsinin məsul katibi, Bakı Xalq Təsərrüfatı Şurasının sədri, Azərbaycan SSR Ali Xalq Təsərrüfatı Şurası sədrinin müavini, sonra isə sədri, ZSFSR xalq fəhlə-kəndli müfəttişliyi komissarının müavini və Azərbaycan SSR xalq yerli sənaye komissarı vəzifələrində çalışmışdır. Dəfələrlə Azərbaycan və Zaqafqaziya partiya qurultaylarına və sovetlər qurultaylarında nümayəndə seçilmişdir.[1][2]

Ailəsi[redaktə | mənbəni redaktə et]

Zəkəriyyə Balaxlinski 1912-ci il təvəllüdlü Humay Əhməd qızı Balaxlinskaya ilə ailəli olmuş, bu evlilikdən 1932-ci ildə Elmira adlı qızları doğulmuşdur.[3]

Həbsi və ölümü[redaktə | mənbəni redaktə et]

Zəkəriyyə Balaxlinski Stalin repressiyalarının qurbanı olmuşdur. O, 11 dekabr 1937-ci ildə millətçilik ittihamları ilə həbs edilmiş və Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası üzvlüyündən çıxarılmışdır. 3 iyul 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən barəsində güllələnmə hökmü çıxarılmış və qərar həmin gün icra edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 8 dekabr 1956-cı il tarixli qərarı ilə ona ölümündən sonra bəraət verilmiş, 5 mart 1957-ci ildə isə partiya üzvlüyü bərpa edilmişdir.[4]

Zəkəriyyə Balaxlinskinin güllələnməsindən bir neçə gün sonra, 10 iyul 1938-ci ildə həyat yoldaşı Humay Balaxlinskaya vətən xaininin həyat yoldaşı kimi həbs edilmiş, SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin 23 avqust 1938-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxıstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14 mart 1990-cı il tarixli rəyinə əsasən Humay Balaxlinskayaya bəraət verilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 З. Р. Балахлински // Азәрбайҹанда Совет һакимиййәти уғрунда фәал мүбаризләр. Бакы: Азәрбайҹан Дөвләт Нәшрийяаты. 1958. səh. 210–211.
  2. Балахлински Зәкәријјә Рамазан оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 582–583.
  3. 1 2 Şəfiqə Məmmədova. Balaxinskaya Humay Əhməd qızı // Anaların fəryadı. Bakı: "Gənclik" nəşriyyatı. 2006. səh. 69. ISBN 5-8020-1719-8.
  4. Балахинский Закария Рамазанович // Открытый список (rus). İstifadə tarixi: 2023-04-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]