Xoşbəxt Yusifzadə — Vikipediya

Xoşbəxt Yusifzadə
18 aprel 2016 – 3 oktyabr 2023
bayraq
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti
bayraq2
18 sentyabr 2004 – 18 aprel 2016
26 yanvar 1994 – 18 sentyabr 2004
bayraq
"Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti
bayraq2
1992 – 1994
Şəxsi məlumatlar
Doğum tarixi 14 yanvar 1930(1930-01-14)
Doğum yeri
Vəfat tarixi 3 oktyabr 2023(2023-10-03)[1] (93 yaşında)
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, neftçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Heydər Əliyev" ordeni — 2020 "İstiqlal" ordeni — 2000 "Şərəf" ordeni — 2010 "Şöhrət" ordeni — 2004 1-ci dərəcəli "Əmək" ordeni — 2017 "Heydər Əliyev" mükafatı — 2019 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019 "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı — 2018 "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı — 2018 "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı — 2014 "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı — 2015 "Dostluq" ordeni (Vyetnam) — 2011
"Qırmızı əmək bayrağı" ordeni — 1976 "Qırmızı əmək bayrağı" ordeni — 1963 "Şərəf nişanı" ordeni — 1971 "Əmək igidliyinə görə" medalı — 1966 "Əmək veteranı" medalı — 1986 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 1964 "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı — 2005 SSRİ-nin fəxri neftçisi — 1970 "Yer təkinin fəxri kəşfiyyatçısı" fəxri adı (SSRİ) "SSRİ ixtiraçısı" döş nişanı
Azərbaycan SSR Dövlət mükafatı — 1991 Azərbaycan SSR Dövlət mükafatı — 1982 Nizami Gəncəvi adına Qızıl medal — 2018 XTNS qızıl medalı — 1973 XTNS bürünc medalı — 1982 XTNS bürünc medalı — 1985 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xoşbəxt Bağı oğlu Yusifzadə (14 yanvar 1930, Pirşağı, ZSFSR, SSRİ3 oktyabr 2023[1]) — Azərbaycanın mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" üzrə bitirərək "dağ mühəndisi-geoloq" ixtisasına yiyələnmişdir.

1957-ci ildə ailə qurmuşdur. Üç övladı olub. Kişik oğlu uşaq ikən 8 yaşında, böyük oğlu Bağı 60 yaşında dünyasını dəyişib. Qızı Eltac neft mühəndisidir və London şəhərində yaşayır.[3]

2015-ci ildə anadan olmasının 85 illiyi münasibətilə Xoşbəxt Yusifzadənin həyatına və fəaliyyətinə həsr olunan 2 hissəli Fədakar bədii-səndəli filmi çəkilib.

14yanvar 2015 ci ildə Nizami kino mərkəzində filmin təqdimat mərasimi keçirilmiş, ölkə mətbuatı bu bhadisəni ətraflı işıqlandırmışdır.

  1. Fədakar (2 hissəli bədii-sənədli film, Ihissə; 2015) "SOCAR-MEDİA" İctimai Birliyi;[4]
  2. Fədakar (2 hissəli bədii-sənədli film, IIhissə; 2015) "SOCAR-MEDİA" İctimai Birliyi;[5]

[6]

Görkəmli alim 3 oktyabr 2023-cü ildə dünyasını dəyişmişdir.[7] Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.[8]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı "Dövlətxüsusineftlayihə" kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş "Dənizneft" Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında "Gürganneft" trestinin (indiki "Neft Daşları" NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır. X. B. Yusifzadə 1958–1959-cu illərdə "Neft Daşları" Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959–1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.

1960-cı ilin sentyabrında o, Sov. İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş "Gurganneft") rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır. 1963-cü ildən 1970-ci ilədək "Başdənizneft" İdarəsində baş geoloqun müavini — şöbə rəisi, "Dənizneft" İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi — baş geoloqun müavini olmuşdur.

1970–1992-ci illərdə "Xəzərdənizneft" Birliyinin, "Xəzərdənizneft" İstehsalat Birliyinin, Ümumittifaq "Xəzərdənizneftqazsənaye" Birliyinin, "Xəzərdənizneftqaz" İstehsalat Birliyinin və "Xəzərdənizneft" İstehsalat Birliyinin baş direktorunun müavini — baş geoloq vəzifələrində işləmişdir.

1992–1994-cü illərdə "Azərineft" Dövlət Konserninin birinci vitse-prezidenti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentinin müşaviri, 1994–2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-cü ildən geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, 2016-cı ildən isə 2023-cü ildə vəfat edənə qədər SOCAR-ın birinci vitse-prezidenti olub.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1960-cı ildə "Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda "Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə ona "Professor" elmi adı verilmişdir. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən "Azəri-Çıraq-Günəşli" (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, "Əşrəfi" (1998-ci il), "Qarabağ" (1998-ci il), nəhəng "Şahdəniz" (1999-cu il), iri "Abşeron" (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı "Ümid" yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.

X. B. Yusifzadənin elmi araşdırmaları neftqaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır.

X. B. Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir.

X. B. Yusifzadə AMEA-nın Neft Ekspedisiyasında, Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda da fəaliyyət göstərmiş, dəniz neft və qaz yataqları ehtiyatlarının hesablanmasına, onların işlənilmə layihələrinin tərtib edilib həyata keçirilməsinə rəhbərlik etmiş, yataqların işlənilməsi ilə əlaqədar bir sıra elmi-metodiki və nəzəri məsələlərin həllində bilavasitə iştirak etmişdir.

X. B. Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, "Azərbaycan Neft Təsərrüfatı" və "Azərbaycanın geofizika yenilikləri" jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının, Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür.

Xoşbəxt Yusifzadə 2015 Avropa Oyunlarının məşəlçilərindən biri olmuşdur.[9]

Neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Xəzər dənizində neft-qaz ehtiyatlarının elmi cəhətdən əsaslandırılmış proqnozu verilmiş, axtarış-kəşfiyyat işlərinin kompleks layihələri tərtib edilib həyata keçirilmiş, onun redaktorluğu altında Azərbaycanın neftliliyinə və qazlılığına aid bir sıra xəritə və atlaslar — "Azərbaycanın neft və qaz yataqları və perspektivli strukturları" (miqyası: 1:500 000 , 1985-ci il) xəritəsi, "Azərbaycanın geoloji xəritəsi" (dəniz və quru; miqyası: 1:500 000, Azərbaycan, rus və ingilis dillərində, 2007-ci il) və s. nəşr edilmişdir;
  • Dəniz neft və qaz yataqlarında sürətləndirilmiş kəşfiyyat üsulu və metodikası, Xəzərin Azərbaycan sektorunda Məhsuldar Qat (MQ) çöküntülərində böyük dərinlikdə çoxmərtəbəli neftqazlılığa və böyük stratiqrafik diapazona malik perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasının üçmərtəbəli ("Fasilə", "Qirməkialtı" və "Qala" lay dəstələri) üsulunun elmi əsasları işlənib hazırlanmış və tətbiq edilmişdir;
  • X. B. Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20 neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Bunlardan Xəzərin Azərbaycan sektorunda "Bahar", "Səngəçal-dəniz", "Duvannı-dəniz", "Xərə-Zirə adası", "Xərə-Zirə-dəniz", "Günəşli", "Çıraq", "Azəri, "Kəpəz", "Şahdəniz", Xəzərin Rusiya sektorunda "İnçxe-dəniz", Qazaxıstan sektorunda "Rakuşeçnaya" və Türkmənistan sektorunda "LAM", "Qubkin", "Livanov", "Barinov" və s. yataqları göstərmək olar;
  • Kəşfiyyatda ilk quyu ilə yatağın aşkar edilməsinin dəniz şəraitində xüsusilə böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, X. B. Yusifzadə Xəzərin Azərbaycan sektorundakı perspektivli strukturlarda ilk quyunun yerinin seçilməsi prinsiplərini (tağdan uzaqlaşma prinsipi) işləyib hazırlamış və bu prinsipin "Günəşli", "Azəri", "Çiraq" (bunlar ilk quyu ilə aşkar edilmişdir) yataqlarında həyata keçirilməsinə nail olmuşdur;
  • X. B. Yusifzadənin rəhbərliyi və iştirakı ilə hidrotexniki-mədən qurğularının istismar müddəti nəzərə alınaraq, Xəzərin Azərbaycan sektorunda aşkar edilmiş neft-qaz yataqlarında hər mərtəbənin istinad horizontu eyni zamanda yatağın işlənilməsində də istinad horizontu kimi qəbul edilməklə, kəşfiyyat və sınaq-sənaye istismarı mərhələlərinin birləşdirilməsi metodikası işlənilmişdir. Beləliklə, aşkar edilmiş neftli-qazlı layların kəşfiyyatı qabaqlayıcı istismar qazması ilə aparılmış, yataqların qısa müddətdə işlənilməyə hazırlanması və istismara daxil olması təmin edilmişdir;
  • Alimlərin bir qrupu ilə birlikdə (M. T. Abbasov, F. H. Orucəliyev və b.) o, qaz kondensat yataqları ehtiyatlarının qiymətləndirilməsinin və yataqların işlənilməsinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlamışdır. Bu dəyərli iş 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür;
  • Onun bilavasitə rəhbərliyi altında Cənubi Xəzər hövzəsindəki əsas neft və qaz yataqlarının geoloji-fiziki və istismar parametrlərinin təyin edilməsi məqsədilə neft və qaz-kondensat yataqlarının işlənmə vəziyyəti öyrənilmiş və sistemli şəkildə təhlil edilmişdir. Yataqların parametrlərindən asılı olaraq, lay təzyiqinin saxlanılması məqsədilə müxtəlif sulaşma sistemlərinin seçilməsi və konkret yataqlarda tətbiq edilməsi məsələləri həll olunmuş və bunun nəticəsi kimi, dünya təcrübəsində birincilər sırasında Neft Daşları yatağında ümumi neftvermə əmsalının 0,5 olmasına baxmayaraq, yatağın bəzi sahələrində bu əmsal 0,8-ə çatdırılmışdır;
  • X. B. Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə xarici şirkətlərlə birlikdə geoloji-geofiziki, elmi-tədqiqat işləri aparılmış və saziş sahələri üçün geoloji-kəşfiyyat işlərinin proqramı və işlənilmənin layihələri hazırlanmışdır;
  • Xəzərin neft və qaz-kondensat yataqlarının kəşfiyyatında perspektivli strukturların tektonik-struktur quruluşlarının mürəkkəbləşmə dərəcəsindən asılı olaraq, axtarış-kəşfiyyat quyularının sayının təyin edilməsi üçün empirik düsturlar verilmişdir;
  • "Azəri-Çiraq-Günəşli" və "Şahdəniz" neft və qaz-kondensat yataqlarında axtarış-kəşfiyyat işlərinin xarici neft şirkətləri tərəfindən tətbiq edilən metodikası X. B. Yusifzadənin əvvəl Xəzər dənizindəki neft-qaz yataqları üçün işləyib hazırladığı və uzun illər tətbiq edilmiş axtarış-kəşfiyyat işlərinin metodikası ilə üst-üstə düşmüşdür. Bu metodikalar arasında əsas fərq birincinin kommersiya faktoruna söykənməsindən ibarət olmuş, lakin indiki zamanda dünyada neftin və qazın qiymətinin artması nəticəsində bu fərq aradan qaldırılmışdır. X. B. Yusifzadəyə görə, əsas məsələ əvvəlcə yatağın kəşf edilməsi və yalnız bundan sonra onun kommersiya faktorunun hesablanmasıdır;
  • Dəniz yataqlarının işlənilməsində geoloji-istismar göstəricilərinə əsaslanaraq, quyuların yerləşmə şəbəkələrinin sıxlığının artırılmasının həm nəzəri, həm də təcrübi cəhətdən işlənib hazırlanması məqsədilə, hələ sovet dövründə bir qrup tədqiqatçı alimlə birlikdə istismar quyularının arasındakı məsafəni optimallaşdırmaq və işlənilmədə olan yataqlarda şəbəkənin sıxlığını artırmaq ideyasının düzgünlüyünü sübut etmişdir.

Fotoşəkil[redaktə | mənbəni redaktə et]

Xoşbəxt Yusifzadə,Əli Əliyev,Vəli Ələkbərov,Şəfaət Mehdiyev Elmi Bilikləri Yayan Cəmiyyətin Ümumittifaq plenumunda akad.Yusif Məmmədəliyevlə birlikdə.Moskva,Kreml 1953-ci il.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Ordenlər və medallar[redaktə | mənbəni redaktə et]

Azərbaycan

SSRİ

Digər dövlətlər və təşkilatlar

  • "Dostluq" ordeni (Vyetnam) — 2011[17]
  • "Avropa xidmət" ordeni (UN Council for Public Awards (UNCOPA)) — 2019[19]
  • "Akademik Azad Mirzəcanzadə" beynəlxalq gümüş medalı (Rusiya Təbiət Elmləri Akademiyası) — 3 mart 2016[20]
  • YUNESKO-nun xüsusi medalı — 2010
  • "Qızıl ulduz" beynəlxalq medalı (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası) — 2008

Fəxri adlar[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR əməkdar mühəndisi — 1964
  • Azərbaycan Respublikasının əməkdar mühəndisi — 2005
  • SSRİ-nin fəxri neftçisi — 1970
  • Yer təkinin fəxri kəşfiyyatçısı (SSRİ) — 1985
  • Yatağı birinci kəşf edən (SSRİ) — 1988
  • İlin alimi (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası) — 2008
  • Türk dünyasının fəxri alimi (Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası) — 2011

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Diplom və fəxri fərmanlar[redaktə | mənbəni redaktə et]

Elmi əsərləri[redaktə | mənbəni redaktə et]

2004-cü ildə onun "Ömrümün illəri və izləri" kitabı, 2007-ci ildə isə "Akademik Xoşbəxt Yusifzadə" biblioqrafiyası çapdan çıxmışdır. 2009-cu ildə "Akademik Xoşbəxt Yusifzadə" biblioqrafiyası Türkiyədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən dörd dildə (türk, ingilis, rus, Azərbaycan) nəşr edilmişdir. Alimin "Ömrümün illəri və izləri" kitabının yenidən işlənmiş ikinci nəşri 2010-cu ildə işıq üzü görmüşdür.

İrsi[redaktə | mənbəni redaktə et]

Xoşbəxt Yusifzadənin 85 illik yubileyi münasibətilə 2015-ci ildə Fədakar adlı 2 hissəli bədii-sənədli film çəkilmişdir. Film Xoşbəxt Yusifzadənin "Ömrümün illəri və izləri" kitabının əsasında ekranlaşdırılıb. Filmin təqdimat mərasimi 9 yanvar 2015-ci il tarixində Nizami Kino Mərkəzində keçirilib. Film xalq artisti İlham Əsgərovun kinoda son işidir.

90 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidenti tərəfindən sərəncam verilmişdir.[23] Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 15 yanvar 2020-ci ildə təhsil aldığı Bakı şəhəri, Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki yerləşən 112 nömrəli tam orta məktəbə və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin gəmisinə Xoşbəxt Yusifzadənin adı verilmişdir.[24][25][26]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 https://report.az/daxili-siyaset/xosbext-yusifzade-vefat-edib/.
  2. "Xoşbəxt Yusifzadə - Birinci vitse-prezident". 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-07.
  3. "Xoşbəxt Yusifzadə:"Pis günlərim də olub, iki oğlumu itirmişəm"". 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-07.
  4. "FƏDAKAR I hissə". 2015-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
  5. "FƏDAKAR II hissə". 2015-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-17.
  6. "FƏDAKAR II hissə". 2023-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-17.
  7. "SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə VƏFAT ETDİ". Oxu.Az (az.). 2023-10-03. 2023-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  8. "Xoşbəxt Yusifzadə dəfn olunub". 2023-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-04.
  9. [1] Arxivləşdirilib 2015-06-09 at the Wayback Machine. trend.az. "Bakı-2015" birinci Avropa Oyunlarının məşəli Neft daşlarında
  10. "X.B.Yusifzadənin "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-13.
  11. "X. B. Yusifzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-20.
  12. "X.B.Yusifzadənin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-20.
  13. "Azərbaycanın neft və qaz sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-20.
  14. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
  15. "Xoşbəxt Yusifzadəyə "Azərbaycan Xalq Cümhiriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı təqdim olunub". 2020-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-15.
  16. "Akademik Xoşbəxt Yusifzadə "Azərbaycan polisinin 100 illiyi" yubiley medalı ilə təltif olunub". 2018-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-16.
  17. 1 2 3 4 Dünya şöhrətli alim, akademik Xoşbəxt Yusifzadənin biblioqrafiyası nəşr olunub [ölü keçid]
  18. "Xoşbəxt Yusifzadə və Roald Saqdeyev "Nizami Gəncəvi adına Qızıl medal"a layiq görülüblər". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-20.
  19. "UNCOPA təşkilatı akademik Xoşbəxt Yusifzadəni ordenlə təltif edib". 2019-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
  20. "Xoşbəxt Yusifzadə "Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı" ilə təltif olunub". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-20.
  21. "X.B.Yusifzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  22. "Arxivlənmiş surət". 2015-01-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
  23. "Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-20.
  24. "X.B.Yusifzadənin 90 illik yubileyi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-20.
  25. ATV. "Xoşbəxt Yusifzadənin adını daşıyan məktəb" (az.). Youtube.com. 17.01.2020. 2023-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-17.
  26. "İlham Əliyev "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsi mərasimində". 2022-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-07.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]