Vyetnam mədəniyyəti — Vikipediya

Vyetnam mədəniyyətiHind-Çin yarımadasında Cənub-Şərqi Asiyada yerləşən Vyetnam Sosialist Respublikasının mədəniyyəti.

Xalqları[redaktə | mənbəni redaktə et]

Milli geyimli gənc xanımlar
Nişan mərasimi zamanı gəlinin ailəsinin bəy ilə görüşü

Vyetnamlılar çox zəngin və unikal mədəniyyətə malik sülhsevər bir xalqdır.[1] Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqa xalqlardır.[1]

Arxeoloji qazıntılar[redaktə | mənbəni redaktə et]

Aparılmış arxeoloji qazıntılar göstərir ki, vyetnamlıların çox qədim tarixi vardır.[1] XX əsrdə artıq bütün dünyada tanınmış Xoabin mədəniyyəti mezolit dövrünə, Bakşon mədəniyyəti neolit dövrünə aid edilmişdir.[1] Vyetnam ərazisində Alt paleolit dövrünə aid də arxeoloji mədəniyyət aşkar olunmuşdur.[1]

Qədim əfsanə[redaktə | mənbəni redaktə et]

Vyetnam haqqında əksər təsəvvürlər isə e.ə. 2000-ci ilə təsadüf edir.[1]

Qədim bir əfsanəyə görə ölkənin hökmdarı əjdaha – imperator Lak Lonq dağlara gəzintiyə çıxaraq orada pəri quşu Aukoya rast gəlmiş, sevib ailə qurmuşlar. Əjdaha və pəri quşunun 100 uşağı dünyaya gəlmişdi. Onların yarısı əjdaha ata ilə düzənliyə, yarısı isə anası ilə dağlara getmişlər. Hər il harada olmağından asılı olmayaraq Aukonun əcdadları ruhlara sitayiş etmək üçün vətənlərinə dönürlər. Əfsanəyə görə vyetnamlılar bir anadan olan qardaşların əcdadlarıdır.[1]

Dövlətçilik ənənəsi[redaktə | mənbəni redaktə et]

Ən qədim Vyetnam dövləti Vanlanq vyetnamlıların tayfa birliyi əsasında e.ə. I minillkdə yaranmışdır.[1] E.ə. 257-ci ildə ölkənin şimalında Aulak dövləti formalaşmışdır.[1] Aulak dövləti e.ə. IV-III əsrlərdə yaranmış Vanlanq dövlətinin, e.ə. 207-ci ildə auvet tayfalarının birləşməsindən sonra yaranmışdır. Aulak dövlətindən başqa e.ə. III əsrin II yarısında Nambyet adlı dövlət də mövcud olmuşdur. Nambyet dövləti daha sonralar Aulak dövləti ilə birləşir.[1] Nambyet dövlətinin sərhədləri indiki Şimali Vyetnamın, qismən də Cənubi Çinin ərazilərini əhatə etmişdir. E.ə. 111-ci ildə dövlətin ərazisini Qərbi Xan imperiyası kimi tanınan Çin işğal etmişdi. Çin feodallarının çoxəsrlik istismarına baxmayaraq vyetnamlılar dillərini qoruyub saxlamışlar.[1]

İncəsənət[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Vyetnam incəsənəti

Vyetnam ərazisindəki qədim sənət nümunələri e.ə. I əsrə aiddir.[1] Vyetnam incəsənətinin çiçəklənmə dövrü Puatra dövlətinin yaranması ilə əlaqədardır. Bu, I minilliyin ortalarına təsadüf edir. Puatra kimi tanınan Mərkəzi Vyetnam incəsənətinə Hindistan, müəyyən dərəcədə isə Kxmer mədəniyyətinin təsiri olmuşdur.[1]

Din[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalə: Vyetnamda din

E.ə. III-II əsrlərdə dini-mifoloji görüşlərdən politeist sistem formalaşmışdı.

Vyetnamda konfusi məbədi

Eramızın ilk əsrlərindən Vyetnama Hindistandan buddizm fəlsəfəsi və Çindən konfusiçilik yayılmağa başlamışdır. Bunların birləşməsindən Çin daosizmindən kəskin surətdə fərqlənən daosizmin mistik görüşlər kompleksi yarandı.

Hazırda Vyetnamda müxtəlif dini inanclar mövcuddur. Burada əsasən buddizm, konfusiçilikdaosizm geniş yayılıb. Bu dinlər vyetnamlılar və burada yaşayan çinlilər arasında daha geniş vüsət alıb.

Buddist məbədi

Vyetnamda buddizmdən bir sıra təriqətlər yaranıb. Sinkreq sektalar arasında kao-day sektası yeni - 1926-cı ildə yaranıb. Bu təriqət özündə buddizmi, konfusiçiliyi, daosizmi və xristianlığı sintez edir. Bu təriqətin ardıcılları 2 milyon nəfərdir və əsasən ölkənin cənub rayonlarında məskunlaşıblar. Ölkənin cənubunda yerləşən digər bir sektanın – xoa-xaonun tərəfdarları 1,5 milyon nəfərdir.

XVI əsrdən başlayaraq missionerlərin fəaliyyəti nəticəsində ölkəyə xristianlıq daxil olmağa başlamışdır. Hazırda Vyetnamda əksəriyyəti katolik – 3 milyon nəfərdən çox olmaqla xeyli sayda xristian yaşayır. Ölkədə bir sıra protestant təşkilatlar, o cümlədən, 50 min nəfər tərəfdarı olan Vyetnam Yevangelist Kilsəsi, Xristian və Missioner Alyansı, Yeddinci Günün adventistləri və baptistlər fəaliyyət göstərir.

Vyetnamda məscid

Tyamların bir hissəsi və malaylar İslam dininin sünni məzhəbinə mənsubdurlar.

Tyamların üçdə iki hissəsi özlərinin qədim brahman inanclarını günümüzədək qoruyub saxlamışlar.

Ölkənin daxili rayonlarındakı bəzi xalqlar arasında qəbilə kultu hələ də qalmaqda davam edir.

Vyetnamdakı ateistlərin sayı isə son illərdə sürətlə artır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Mədəniyyət tarixi və nəzəriyyəsi" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Ali məktəblər üçün dərslik. Bakı, "Sabah" nəşriyyatı, 2010, səh. 131-132. ISBN 5-86106-104-1  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]