Volqa-Don kanalı — Vikipediya

Volqa-Don kanalı
Volqa-Don kanalı
Axdığı yerlər Rusiya Federasiyası, Volqoqrad
Mənsəb Volqa çayı
Uzunluğu 101 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volqa-Don kanalıVolqaDon çaylarını birləşdirən gəmiçilik kanalı. Rusiyanın Avropa hissəsində vahid dərinsulu nəqliyyat sistemi.[1]

Kanalın çəkilməsi ilə bağlı ilk təşəbbüs[redaktə | mənbəni redaktə et]

Hələ qədim zamanlardan gəmilərin bu iki çay arası ən qısa məsafədən birindən o birinə keçmələri söylənilməkdədir. Bunu Xəzərdə cövlan edən kazak soyğunçularının və 943 – 944-cü illərdə basqınçı rusların Azərbaycana yürüşü zamanı Xəzərə, Xəzərdən Kürə keçərək Bərdəni işğal etmələri barədə də demək olar. Şübhəsiz, yerli əhali tatarlar, noqaylar da Volqa-Don suayrıcının üstünlüklərindən istifadə edə bilirdilər. Çox-çox əvvəllərdən isə tarixin köksündə "Türk Or" yəni Türk Xəndəyi deyə yarımnəşəli, yarımpeşman bir xatirə vardı. Or "xəndək, qanov deməkdir. (müqayisə edək Or Kapı Perekopun əvvəlki adı – qala dərin, enli xəndəklə əhatələndiyindən Or Kapı adlandırılmışdı. Daha doğrusu, Krımın başlanğıcında – qapısında dayanan xəndəklə əhatələnmiş Or Kapı qalası; bir də Or çayı və üzərində Orsk şəhərinin adındakı "or"sözü dediklərimizə sübutdur). Osmanlı dövləti Rusların KazanAstarxanı istila etməsi və güclənib Volqaboyu torpaqlarda möhkəmlənməsi ilə böyük türk ölkələrinin itirilməsini qəbul edə bilmirdi. Çünki məhz Kazanın istilasından sonra Qafqazın da qapıları rusların üzünə açılmış olurdu, odur ki, İvan Qroznı qüvvələrinin Şimali Qafqaza yiyələnmələri təsadüfi hal deyildi. Odur ki, gözlənilən təhlükələrdən narahat olan Krım xanı 1565-ci ildə İvan Qroznıya (Qroznı bu qələbəsi ilə artıq çar titulu daşıyırdı) yazırdı ki, Astarxan və Kazandan əlini çək, yoxsa biz daha dostluq saxlaya bilmərik. Osmanlı dövləti də bu "əliuzunluq" qarşısında əlbəttə, narahat olmaya bilməzdi. Sultan Süleymanın varisi II Səlim 1569-cu ildə xüsusi yürüş planı hazırladı. Astarxanı azad etmək üçün Qasım paşanın rəhbərliyi altında türk ordusu hərəkətə keçməkdə idi. Məqsəd aydın idi: Don çayı ilə Volqanı birləşdirən xəndək qazmaq, bununla Volqa boyunda itirilmiş hüquqları qaytarmaq… Daha vaxt gözləmək olmazdı, Qasım paşanın rəhbərliyi altında 17 minlik türk ordusu Kəfə limanına çıxdı. Krım xanı Dövlət Gəray da çoxminli atlı dəstələri ilə türk qoşununa qoşuldu. KrımTamandan işçi qüvvəsi toplandı; Qasım paşa bu qüvvələr vasitəsilə çaylararası torpaqda xəndək qazdırmalı, bu yolla Astarxanla güclü əlaqə yaratmalı idi. Avqustun 15-də kanalın qazılmasına başlandı. Sentyabrın 15-də artıq kanalın qazılmasında 30 min işçi çalışırdı, deyə "Osmanlı dövləti və Qafqazya" əsərində Sadiq Bilgə yazırdı. Qasım paşanın muzdlu işə cəlb etdiyi əmələlər Volqa ilə Don çayını birləşdirən bu kanalı 3 aya qazmışdı, lakin narazılıq artırdı, özünü göstərməkdə olan qış soyuğu əsil xof yaratmış, həm də qazmaçılar kazakların arasıkəsilməz basqınlarından da bezmişdilər. Bir yandan Astarxanı mühasirəyə alan Osmanlı əsgərləri üzücü mühasirə vəziyyətindən ruhdan düşməklə bərabər üzbəüz vuruşduqları Moskva qüvvələri ilə bərabər kazakların arxadan həmlələri də qoşunda hərcmərcliyi artırırdı. Bu baxımdan əsir rus Semyon Maltsovun qeydləri çox maraqlıdır. Cəzana gələn işçilər deyinərək: bütün məmləkəti gətirib bura çıxarsanız belə bu işi bitirmək olmaz, deyə əllərini işdən soyutdular. Get-gedə qoşunda da qarışıqlıq düşür, Krım xanı da yeni rus çarı ilə münasibəti pozmamaq məqsədilə çəkilib gedir. İşçilər bir yandan da maaşlarını vaxtında ala bilmədiklərindən üsyan alovları hər yanı bürüyür. Kazaklara da elə bu lazım idi; hər tərəfdən indi bu hala düşən başıpozuq guruhun üstünə tökülürlər. Qoşunun komandanri Qasım Paşa hövlündən düz Tamana qədər çəkilib getməli olur. Odur ki, bəlkə də 5–10 günlük işi qalan kanalın çəkilişi bitmədən yarımçıq qalır. Rus tarixi bu Türk Xəndəyini inkar edə bilməsə də həqiqəti şübhələrə bürüməkdədir, lakin əslində tarixdən gələn həqiqət işartıları çox güclüydü, heç də sönən deyildi. Rus dövlətinin səlahiyyətli səfiri məşhur Novosiltsov türklərin çəkilib getməsindən az sonra İstanbula yollanarkən bu yerlərdən keçmiş, hətta torpaq qazmaq üçün gətirilmiş minlərlə atılıb qalmış bel, külüng, balta görmüşdü. Səfir bu yürüş haqqında qiymətli məlumatlar verir.[1]

I Pytorun kanalla bağlı nəticəsiz qalan istəyi[redaktə | mənbəni redaktə et]

Osmanlı dövləti və Qafqazlar hesabına, Rusiyanı cənuba doğru da genişləndirmək istəyən Pyotr bu torpaqları gəzərkən yarımçıq buraxılmış kanal onu bərk düşüncəyə çəkir. Coşqun temperamentli, dəlisov gənc çar göründüyü üzrə bu işə girişməkdədir. Türklərin 100–130 il bundan əvvəl qazdığı bu xəndək onu vəcdə gətirir: İşi bitirmək lazımdır. Azak dənizinə yürüşlərin uğurlu gedişində o xarici mütəxəssisləri bura cəlb etdi. 1697-ci ildə ingilislərin rəhbərliyi ilə işə başlandı. İşçi qüvvəsini Azov yürüşündə əsir düşən türklər (istər əsgəri qüvvə, istərsə də Azov boyu türk əhali) və sənədlərdən məlum olduğu kimi bura qovulan işçilər – İnsar, Arzamas, Kasım, Nijni –Novqorod (əsil adı Çul kala) və Aşağı Volqa şəhərlərindən olan 20–35 min tatarlar təşkil edirdi. Onlar həqarətlə "lopatniki" (bellə işləyənlər) adlanırdı. Çox-çox sonra rusların bitib-tükənməyən istila yürüşlərində daim yeni qazanılan topraqlarda qala, körpü, liman, qışla və s. işlərdə istifadə edilən belə əsir-yesir zümrələr bu adla qeyd olunurdu. İş ağır idi, işçilər qırılır, onların yerinə dərhal Aşağı Volqa tatarlarını sürüb gətirirdilər. Təsadüfi deyil ki, XIX əsrin lap axırlarında belə həmin xəndəkdən insan skeleti çıxırdı, amma tələsgən, dəlisov Pyotr budur, artıq Baltik sahilləri üstündə davaya girişmişdi. İndi hələlik kanal məsələsi ona önəmli nəsə vəd etmirdi; çünki qədim bulqar-türk topraqları olan Azak və ətraf diyarlar əlinə keçmiş, həm də çar xəzinəsi onun arasıkəsilməz müharibələrinə ağır xərci ancaq çatdıra bilirdi. Odur ki, çar 1701-ci ildə Volqa-Don kanalında işi dayandırmaq əmrini verdi. Ardınca 1711-ci ildə isə məğlub olub Prut sülhü nəticəsində Azov və Don ağzı torpaqları itirən Rusiyanın bu yerlərdən əli çıxdı.[1]

XIX–XX əsrin I yarısında kanalın taleyi[redaktə | mənbəni redaktə et]

Yarımçıq buraxılmış kanallar hər zaman səyyahların, tarixçilərin marağına səbəb olmuşdur; 1826-cı ildə kanalın qalıqlarına baxan yol mühəndisi general Nikolay Kraft burada iki böyük kanal gördüyünü yazırdı: yuxarı xəndək Türk kanalı adlanır; onun eni 22 m dərinliyi 8 metrdir. Aşağı xəndək isə Pyotrun başlatdığı kanaldır, dərinliyi 7 metrdir. Türk kanalı düzgün çəkilmiş, aşağıdakı Pyotr xəndəyinə nisbətən yaxşı qalmışdır. Ondan 130 il əvvəl çəkilsə də XX əsrin başlanğıcında Yol-nəqliyyat nazirliyinin baş mühəndisi Moquçiy kanallara baxdığında Türk xəndəyini 8 m dərinlikdə, Pyotr xəndəyinin isə uçurulduğunu, yamaclarının sürüşdüyünü, dibinin də dayazlaşdığını xəbər verməkdədir.[1]

Volqa-Don kanalının tikintisinin başa çatdırılması[redaktə | mənbəni redaktə et]

Kanal yalnız böyük işçi qüvvəsinin və 100 mindən artıq alman əsirlərinin iştirakı ilə 1948–1952-ci illərdə çəkildi. O, birbaşa Sarı Su çayı vadisindən keçib Ergenek təpələrinin ətəyi ilə uzanıb gedir. Volqanın suları nəhayət ki, Kalaç şəhərində (kalaç-kalaca "qalaca, kiçik qala" türk sözündəndir) Don çayına qovuşur. Kanalın ümumi uzunluğu 101 km-dir. Onun 45 km-i, təxminən yarısı çaylardan və su ambarlarından keçir.[1]

Kanalın tikintisində iştirak edənlər və onların mükafatlandırılması[redaktə | mənbəni redaktə et]

1948-ci ildə hökumət bütün ölkə üzrə işçi qüvvəsi yığdı, ali məktəb, texnikum məzunlarını, səfərbərlikdən azad edilmiş hərbi qulluqçuları kanalın çəkilməsinə dəvət etdi. Könüllü işçilərin sayı təqribən 700 min nəfər idi. Tikintidə 100 minə yaxın alman hərbi əsir, 100 mindən çox sovet məhbusu da iştirak edirdi. Dustaqların əksəriyyəti daha çox xırda oğurluğa, dələduzluğa və fırıldaqçılığa görə həbs edilənlər idi, lakin onlar arasında siyasi məhbuslar. təkrar cinayət törədənlər də vardı. Məhbuslar da adi işçilərin işini görürdülər və bəzən briqadalar qarışıq olurdu. Bu işdə göstərilən xidmət bəzi məhbuslara müvəqqəti azad olunmaq hüququ vermişdi. Məsələn, Tsimlyansk hidrosistemində işləyənlərdən 26000 nəfər azad edilmişdir. Müvəqqəti azad edilənlərdən 3000-ə qədəri mükafatlarla təltif edilmişdi. Onlardan 15-i "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlandırılmışdı.[2] Bütövlükdə tikintidə iştirak edənlərdən 964 nəfəri "Şərəf nişanı" ordeni, 661 nəfəri "Qırmızı əmək bayrağı" ordeni, 295 nəfəri "Qırmızı Ulduz", 122 nəfəri Lenin ordenləri ilə təltif edilmişdi. Leni ordeni və "Oraq və Çəkic" qızıl medalı ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı adına 12 nəfər layiq görülmüşdü[3].

Volqa-Don kanalı

Filateliyada Volqa-Don kanalı[redaktə | mənbəni redaktə et]

Poçt markalarının, markalı zərflərin kolleksiyasını yığmaq, toplamaq və öyrənmək Filateliya adlanır. Aşağıda təqdim edilən poçt markaları üzərində Volqa-Don kanalının təsviri öz əksini tapıb:

Kanalın fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2006-cı ilin yekununa görə kanalla 8,053 milyon ton yük daşınmışdır ki, onun da 4,137 milyon tonu neft məhsulları olub. Kanalla yük daşınma göstəricisinin bu qədər aşağı olması Volqa-don su yolu ilə gəmi yüklərinə qoyulan məhdudiyyətdir. 2009-cu ildə kanalla 13,2 milyon ton yük daşınmış və 11 692 gəminin keçidinə icazə verilmişdir.[4]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Okeana yol: V. İ. Lenin adına Volqa-Don gəmiçilik kanalı haqqında /V. Qalaktionov ; tərc. ed. B. A. Həsənov ; red. M. Süleymanov. Bakı: Uşaqgəncnəşr, 1954, 79 s.
  2. С. В. Бернштейн-Коган. Волго-Дон. Историко-географический очерк. Издательство АН СССР: Москва, 1954.
  3. Н. И. Бусленко. Волго-Дон: слияние вод. Историко-экономические, социально-политические очерки строительства Волго-Донского канала, Цимлянского гидроузла и ирригационных систем Юго-Востока России. Документы. Комментарии. Мемуары. Беллетристика. В 5 кн. Ростов-на-Дону, 2011.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Tarixdə TÜRK-OR, bu gün VOLQA-DON kanalı [ölü keçid]
  2. Sveçnikova Y. Y. Kommunizmin böyük quruculuğu Arxivləşdirilib 2014-12-14 at the Wayback Machine // Don vremenniki. 2010-cu il — Rostov-na-Don, 2009.
  3. Volqa-Don kanalının tarixi (rusca) [ölü keçid]
  4.  Volqa-Don gəmiçilik kanalı ilə yük daşınmalarının həcmi 2009-cu ildə 16,8 % artmışdır. (rusca) [ölü keçid]