Vivian Mayer — Vikipediya

Vivian Mayer
ing. Vivian Maier
Avtoportreti, Nyu-York, 1950-ci illər.
Avtoportreti, Nyu-York, 1950-ci illər.
Doğum tarixi
Doğum yeri Nyu-York, ABŞ ABŞ
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Çikaqo, İllinoys, ABŞ ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Janr küçə fotoqrafiyası
Sayt vivianmaier.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vivian Doroti Mayer (1 fevral 1926[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]21 aprel 2009[4][5][…], Çikaqo, İllinoys[6]) – ABŞ küçə fotoqrafı. Peşəcə uşaq dayəsi olan və fotoqrafiya ilə bağlı heç bir təhsil almayan Mayer həyatı boyunca 150.000-dən çox şəkil çəkmiş və onları bir nəfərə də göstərməmişdir. Yalnız 2009-cu ildə əşyalarını saxladığı depo borcları səbəbilə əşyalarını hərraca çıxardıqdan sonra tanınmışdır.[7]

Nyu-York qalereyasında açılan sərgisi və yaradıcılığından bəhs edən kitabı sayəsində Mayer ölümündən sonra dünya şöhrətli bir fotoqrafa çevrilmişdir.[7]

Həyatı[redaktə | mənbəni redaktə et]

Vivian Mayer 1 fevral 1926-cı ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur.[8] Çətin uşaqlıq keçirən Mayer atasını erkən yaşda itirmiş, fransız əsilli anası ilə yaşamağa davam etmişdir. Anasının ölümündən sonra parça fabrikində işə düzəlsə də, daha sonra dayəlik etməyə başlayır. Bu dövrdə Rolleiflex marka kamerası ilə küçələrdə fotoqraflıq etməyə başlayır. Küçə ilə yanaşı mədəni tədbirlərə də tez-tez qatılaraq şəkillər çəkməyə çalışır.[8]

Heç vaxt evlənməmiş və uşaq sahibi olmamışdır.[8] Sevgilisinin olub-olmadığı da məlum deyil.[8] 21 aprel 2009-cu ildə buzda yıxılmış və başından zədə alaraq vəfat etmişdir.[7]

Tanınması[redaktə | mənbəni redaktə et]

2007-ci ilin qışında yazdığı bir kitab üçün şəkillər axtaran Con Maluf içi neqativlərlə dolu qutu alır. Qutunun içindəki şəkillərin qiymətli olduğunu anlayan Maluf qutu üzərindəki adı Google-da axtarışa versə də, bir nəticə əldə edə bilmir. İki il sonra Maluf şəkilləri öz hesabı ilə buraxmağa, daha sonra Flickr və bloqu vasitəsilə yayımlamağa qərar verir. Nəticədə, gözlənilmədən şəkilləri böyük marağa səbəb olur.[8]

Artan maraqdan sonra Maluf yenə qutudakı adı Google-da axtarışa verir və bu dəfə bir ölüm elanı ilə qarşılaşır. O, fotoqrafın Vivian Mayer olduğunu aşkara çıxarır və onun bütün şəkillərini toplamağa başlayır, dayəlik etdiyi ailərlə bir-bir görüşür. Maluf daha sonra onun şəkillərinin sərgilənməsi üçün mübarizə aparır.[8]

Şəxsiyyət və üslub[redaktə | mənbəni redaktə et]

Sosialistfeminist qadın olan Vivian dayəlik etdiyi uşaqları sadəcə parklara deyil, ara küçələrə – sadə vətəndaşların həyatlarını keçirdikləri yerlərə aparırdı. Çünki o, varlıların həyatını yox, işləyən uşaqların, zəhmət çəkən təbəqənin, evsizlərin, qocaların şəkillərini çəkmək istəyirdi.[7]

Sadəcə ara məhəllələri deyil, memarlıq nümunələrini, gözəl qadınları və göz oxşayan geyimləri də fotoaparatına həkk edirdi. Mayer tez-tez müxtəlif üsullarla selfi çəkməyi də yoxlayırdı.[7]

Vivian xidmət etdiyi heç bir ailədə özü, yaxud həyatı haqqında danışmır, hətta bəzən özünü agent kimi tanıdırdı. Ölümündən sonra dayəlik etdiyi ailələr onu qəribə və sakit, öz içinə qapalı biri kimi xatırlayırdı.[7]

Qəribə görünüşü ilə də seçilən Mayer kişisayağı geyinməyə üstünlük verirdi.[8] Maluf onun haqqında deyilənlərdən yola çıxaraq onun fotoqrafiyaya həddən çox bağlandığı nəticəsinə gəlmişdi. Bir dəfə dayəlik etdiyi Robbi adlı uşağı küçədə maşın vursa da, etdiyi ilk iş ona tərəf qaçmaq yox, kamerası ilə onun şəkillərini çəkmək olmuşdur.[8]

Vivian heç vaxt bir şəxsiyyətə bağlı qalmamışdı. Onu tanıyanların hərəsi bir başqa adla müraciət edirdi. Fransız aksentində danışdığından bəzən onu fransız hesab edirdilər.[7]

İrs[redaktə | mənbəni redaktə et]

Vivian Mayer haqqında 2013-cü ildə "Vivian Mayeri tapmaq" adlı sənədli film çəkilmişdir. Sənədli film Ən yaxşı sənədli film nominasiyasında Oskar namizədi olmuşdur.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Delarge J. Vivian MAIER // Le Delarge (fr.). Paris: Gründ, Jean-Pierre Delarge, 2001. ISBN 978-2-7000-3055-6
  2. Sheehan T. Vivian Maier // Maier, Vivian (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. ISBN 978-1-884446-05-4 doi:10.1093/GAO/9781884446054.ARTICLE.T2254096
  3. Blumberg N., Bell A. Vivian Maier // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
  4. http://articles.chicagotribune.com/2009-04-23/news/0904221452_1_photographer-extraordinaire-special-person-critic.
  5. Vivian Maier // Luminous-Lint (ing.). 2005.
  6. Union List of Artist Names (ing.). 2014.
  7. 1 2 3 4 5 6 7 8 "Kadrların arxasına gizlənənlərdən – Vivian Maier". Rezonans (az.). 28 may 2018. 29 July 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2018.
  8. 1 2 3 4 5 6 7 8 "Keşfedilmemiş Bir Dadı: Vivian Maier". Medium (türkçe). 2018-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 avqust 2018.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]