Vidadi Nərimanbəyov — Vikipediya

Vidadi Nərimanbəyov
Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov
Doğum tarixi
Doğum yeri Kann, Fransa
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Fransa Fransa
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili
Janr portret
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1977
"Şöhrət" ordeni — 2001 "Şərəf nişanı" ordeni

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov (13 iyul 1926, Kann13 dekabr 2001, Bakı) — Azərbaycan SSR xalq rəssamı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Vidadi Yaqub-Fərman oğlu 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açmışdı. İlk addımlarını da qürbət ölkədə atmışdı. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıtdılar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir etdi. Qorxu, səksəkə yeniyetmə Vidadinin dincliyini, rahatlığını aldı. Dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində "Nədir günahımız?" adlı ilk əsərində təsvir etdi. İllər ötüb keçdi. Müharibə əzabları tədricən unuduldu. Vidadi də yaradıcılıq həvəsi ilə düşündü, axtarışlar apardı, eskizlər etdi. Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirib V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil aldı.

Vidadi bəy 2001-ci ildə vəfat edib.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

V. Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə şöhrət qazandı. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir etmişdi.

Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxır, müəllifin fikrini asanlıqla dərk edirlər. Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu ilə şöhrət qazandı. Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi eksponatıdır.

Sənətşünaslıq doktoru, professor Mürsəl Nəcəfov görkəmli fırça ustasının yaradıcılığına həsr etdiyi məqalədə vurğulayıb: "Vidadi olduqca səmimi insan, mehriban, qayğıkeş dostdur. Onun sevilməsinin, tanınmasının iki əsas cəhəti var: həddindən artıq zəhmətkeş və işinə məsuliyyətlidir. Bir dəfə də olsun molbert önündə könülsüz dayanmayıb, əlinə fırça almayıb. Axtarıb, arayıb, hələ işıq üzü görməyən əsərini xəyalında canlandırıb. Bəyənibsə, onu kətan üzərində əbədiləşdirib. Rəssamın bütün əsərlərinin mövzusu halal əmək, vətənsevərlik, sadəlik və səmimiyyətdir. Doğrudur, Vidadi Nərimanbəyov təbiəti sevir, ilin fəsillərinə həsr etdiyi mənzərələri var. Lakin insan qüruru, gələcəyə inam onun əsərlərinin əsas qayəsini təşkil edir". 1977-ci ilin payızında V.Səmədova adına sərgi salonunda Vidadinin fərdi sərgisi açılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev sərgiyə baxmağa gəlmişdi. Səhəri gün qəzetlərdə Vidadi Nərimanbəyovun əməkdar rəssam fəxri adına layiq görülməsi barədə məlumat dərc olundu.

V.Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. "Xatirələr" əsərində tamaşaçıda gərginlik, həyəcan oyadan elementlər yetərincədir... Ömür-gün yoldaşını cəbhəyə yola salan qadın intizardan incəlib. Küskün, incik günlər yaşayır. Tez-tez atasının nə vaxt qayıdacağını soruşan balasına nə cavab versin, bilmir. Ananın gözləri, baxışları həyat yoldaşının getdiyi yollara zillənib. Rəssam bu nisgili olduqca inandırıcı, bədii, yaddaqalan nüanslarla işləyib, müharibələrə nifrət oyada bilib. Əsər yarandığı gündən dünyanın 107 ölkəsinin sərgi salonlarında uğurla nümayiş etdirilib.

Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi olmuşdur. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.

Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi "Qatillər" tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Respublikanın təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 5 dekabr 1977-cü il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  2. Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekаbr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
  3. "V. Y. Nərimanbəyovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı". e-qanun.az (az.). mail.e-qanun.az. 10 avqust 2000. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]